Xanəli Kərimlinin yeni kitabı nəşr olunub
Xanəli Kərimli çağdaş poeziyamızda öz məxsusi yeri olan söz adamlarındandır.
O, bir şair kimi, həm klassik Azərbaycan və dünya poeziyasından bəhrələnib, həm də çağdaş ədəbi prosesin tələblərini, istəklərini duyaraq öz sözünü deyə bilib.
Filologiya üzrə fəlsəfə doktoru Sabir Bəşirovun təbirincə desək, “X. Kərimli haqdan gələn istedadı ilə könüllərdə yuva qurmuş söz adamı, şairidir”.
Xanəli Kərimli ədəbiyyatımızda həm də sevilə-sevilə oxunan, yolu gözlənilən şairdir.
Bu günlərdə onun rus dilində “Dünya mənim ovcumdadır” (Mir v moix ladonyax”) kitabı “Qanun” nəşriyyatında işıq üzü görüb.
Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı, vətən, torpaq, yurd, insanlara sevgi aşılayan şeirlərt daxil edilib. Şeirləri rus dilinə tanınmış tərcüməçilər Səyavuş Məmmədzadə, Rövşən Qafarov, İnessa Lovkova və Nicat Məmmədov çeviriblər.
Kitabı Nəriman Əbdülrəhmanlı çapa hazırlayıb, ön sözün müəllifi tanınmış ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Hüseyn Adıgözəlovdur.
İnanırıq ki, Xanəli növbəti poetik toplusu rusdilli oxucuların da qəlbinə yol tapacaq.