Müasir gürcü poeziyası: Davit Şemokmedeli

Davit Şemokmedeli - müasir gürcü poeziyasının sayılıb-seçilən nümayəndələrindəndir; bir neçə ədəbi mükafat laureatıdır; şeirləri dünyanın bir çox dilinə tərcümə edilib.
***
Mənim yuxusuz gecələrimdən
Sənin əbədi yuxuna qədər
Neçə bahar, neçə qış var,
Ay ana!
***
Heç vaxt analığım olmayıb deyə,
Anam bu dünyadan elə getdi ki,
Mən onun qədrini bilə bilmədim.
***
Kəndimin cığırı,
Aparırsansa,
Apar, apar məni uşaqlığıma,
Məzarlığa tərəf niyə dönürsən!...
***
Ey uca asiman,
Sən də təhlükəsiz deyilsən demək, --
Dünən qırğı keçdi göyün üzündən...
***
(Sair)
Xeyli xəbərdarlıq etdilər sənə,
Dinozavrların iziylə getmə!--
Sən qəti vecinə almırsan bunu,
Yenə gedirsən...
***
Gül-çiçək içində
Gördüm mən səni,
Cəh-cəh vuran quş,
Amma biləmmədim
Kimin üçün oxuyurdun sən o nəğməni...
***
Özümdən çıxanda sən küsmə məndən,
Bahar gecikəndə günün də üzünə
Ağ olmuşam mən.
***
Qonşunun bağından oğurladığımız
Meyvə qədər şirin və dadlı idi
O gecə, gülüm...
***
Evə qayıtdım,
Məlum oldu ki,
Heç vaxt, heç yana
Getməmişəmmiş.
***
Bar gətiribsə,
Hər şey bəllidir.
Yarpaqlarının xışıltısıyla
Tanınmaz ağac...
***
Yad –
Şair varlığının açarıdır
Bu söz əzəldən…
***
Həyat
Sənin doğrudan da haqlılığına
Həm özünü, həm də özgələrini
Inandırmaqdır…
***
Günəş batsa da
Mənim evimin qənşərində
İşıq saçırdı qarçiçəkləri.
***
Nifrəti dəf edib, dəfn elədin sən,
İndi əndişə bürüyüb səni,
Deyirsən nifrətsiz
Məhəbbətim yaşayacaqmı.
***
Eh, adın bahardı,
Amma gəlişin
Soldurur bağımın çiçəklərimi...
***
Bəlkə də, əzizim,
Köhnə niqablarla vidalaşmaq faciə deyil,
Elə bil, bezdiyin oyuncaqları
Atdın ki, gedib təzələrini
Alasan sabah…
***
Səmadan vətənin qəmi yağırsa,
Yağışdı demə,
O qəm damlaları içinə damırsa,
Nə xoşdu demə.
***
Torpaq tər çiçək,
Günəş o çiçəyin kölgəsini
Doğdu bu səhər.
***
Sən ki bülbülün cəh-cəhinə də dodaq büzürsən,
Mənim için-için öz içimə ağladığımı
Eşidərsənmi?!....
...
Qəlpələr kimi
Dolub bədənimə
Giley-güzarın...
***
Sevib seviləndə
əlim çatırsa asimanlara,
demək göy heç də uzaq deyilmiş.
***
Mən neçə misra pozmalıyam ki,
Səni bircə sözün içində tapım...
***
Elə bir gecə ver, Allah, bəndənə,
Gündüz etdiyi günahlar onu
Səhərə qədər Pörtələməsin.
Ya da ki elə gün-güzaran ver
Günaha batmasın
Zavallı bir tikə çörəyə görə.
***
Gələcəkdə olacaq şeylər
Keçmişdə olub, --
Uşaqlığımı yaraladılar...
***
Köhnə zirzəmiyə düşən şəfəq tək
Düşdü ürəyimə sənin gözlərin...
Zirzəmi necə də gözəlmiş, gülüm.
***
Sənin həyatında
Qadın çovğun kimi
Hər şeyi alt-üst eləməyibsə,
Demək, bu dünyada yaşamamısan...
***
Bunu yazıram ki,
Özümü sizə xatırladım,
Ey köhnə cığırlar, köhnə cığırlar,
Mən hələ diriyəm, mən hələ varam.
***
Anamın insultu!
Mən onda anladım, hiss elədim ki,
Aləm də, dünya da ölə bilər
Bir an içində.
MƏHƏBBƏT
Həyatın mənası elə odur ki,
Boşluqlar
İlahi işıqla dolsun.
SAĞLIQ
İçək o şeyin şərəfinə ki,
Bizim üçün hər şey,
Başqası üçün
heç nədir, heç nə.
GECƏ
Günəş hamı üçün günəşdir, amma
Mən heyran olmuşam işıldaquşa.
***
Gözünün içinə baxdım köpəyin,
Mənim qorxduğumu hiss eləyəndə
Dişlərini qıcıb mırıldadı o.
***
Mən səni axtardım, axtardım, tapdım,
Amma ki tapanda sən tək deyildin,
Yalqızlığın da yanında idi.
***
Yenə çiçək açdı bağda yasəmən,
Sanki müjdələdi yazıq şairi:
Bir ildə beləcə keçdi ömürdən...
***
Ömrümlə ölümün arasındakı
Bu körpü ki var
Zülmətdə titrəyən şəfəq kimidir...
***
Ananın köksünə sığınıb bir an
Bu fani dünyada
Hər gün törətdiyin günahlar haqqda
Düşünmüsənmi?
***
Məktəb partasında qoyub getdiyin
O tər gözəllik
Qar kimi əriyib, xəbərin varmı!
İçimi göynədir inişilki qar...
***
Zaman bizi çəkir keçmişimizə,
Üzü gələcəyə dartınırıq biz.
Həyatsa hər şeyi indi üyüdür...
***
Bilinməyəni bilmək istəyən,
Unanmayanı tapmaq istəyən
Fikrim, xəyalım,
Söylə haçansa tapacaqsanmı
Axtardığını...
***
Məktəbdə aldığın ilk iki indi yadıma düşür.
İnşa yazmışdıq,
Mövzunun adı “xoşbəxtlik” idi.
Yazarkən yadıma düşdü evimiz:
Anam sobaya yarmaça atır,
Atamsa oturub qəzet oxuyur,
İsti sobaya sığınıblar körpə bacılar...
Xeyli düşündüm,
Nəhayət inşam bircə cümlədən ibarət oldu:
“Hamı evdədirsə xoşbəxtsən demək!”
***
Güzgünün önündə
Baş tutmadı köhnə tamaşa.
Güzgüdən kənar yenə tənhasan,
Aç niqabını.
***
Çömbəlib çiçəyi üzmək istədim,
Oyandı uşaqlıq xatirələrim.
Üzmədim, ehmalca çəkdim əlimi.
***
Hərdən bir qab kimi çiliklənirəm,
Amma səsim, sədam çatmır sənədək,
Məni oxam-oxam görsən bir zaman
Heç qəhərlənmə.
***
Ananın gəlişi, ayaq səsləri –
Tanrının ürək döyüntüləri...
***
Məndən üz döndərsə bu külli aləm
Tab gətirərəm.
İlham pərisinin soyuq nəzəri
Öldürər məni...
***
Sən şairsənsə
Asılacağın dar ağacını
Öz əlinlə yon...
***
Danışa biləndə sənin gözlərin
“Sevirəm” sözünü demədi mənə.
İndi hisslərimin məzarlığında
Hər səsə karam...
***
Yağış yağdı, kəsdi, amma nə fayda,
Dağlar damlaları hiss eləsə də,
Bağların xəbəri olmadı bundan.
***
Deyirlər “məhəbbət bir xəstəlikdir”,
Kaş ki doğrudan da belə olaydı,
Bir gün qənşərimə bir xəstəxana
Çıxaydı, üstündə belə bir yazı:
“YER KÜRƏSİ”.
***
Məhəbbət olanda
Suallar olmur.
Sual yarananda
Məhəbbət ölür...
***
Hayana üz tutub gedirsiz, quşlar,
İsti ölkələrə çatana qədər
Mənim soyuq asimanımı dəf etməlisiz.
***
Şair öləndə,
Bir dərd çəkəni ölür dünyanın.
Bax, buna görə də dərd ağırlaşır.
Gürcü dilindən tərcümə edəni: İmir Məmmədli