Xoşbəxtlik nədir? - Ayxan Hüseynli yazır..

Xoşbəxtlik – gecikən qatar, tələsən gəmi kimidir...
Xoşbəxtlik etimoloji cəhətdən firavanlıq, müvəffəqiyyət, razılıq, sevinc, xoş tale kimi mənaları ifadə edir. Hər dövrdə xoşbəxtlik anlayışı məzmun etibarilə yaxşı, uğurlu və sevinc içərisində yaşamağa əsaslanmışdır. Xoşbəxtliyə minlərcə tərif, izah verilmişdir. Bu da xoşbəxtliyin nə qədər dərin və əhatəli məhfum olduğunun göstəricisidir. Mənalı ömür sürmək şüurlu həyatın ən ilkin məqsədidir.
Bəşəriyyət xoşbəxtliyin, mənalı həyatın nədən ibarət olması və buna necə nail olmaq yolları haqqında fikirlərdə daim mübahisələr yaşamışdır, müxtəlif yanaşmalar olsa da, lakin qəti bir nəticəyə gəlmək mümkün olmamışdır. Ona görə ki, kimisi xoşbəxtliyi fərdi həyatda, kimisi ictimai həyatda axtarmış, kimisi qismətə, taleyə bağlamış, kimisi də xoşbəxtlik deyə bir anlayışın olduğuna inanmamışdır.
Xoşbəxtlik insanda mənəvi (ruhi) və maddi (cismani) tarazlığın qorunması və ortaq bir nöqtədə birləşməsi kimi ifadə oluna bilər. Eyni zamanda mənəvi tərəflə, maddi tərəf bir-birini tamamlaya bilməli, mənəvi tərəf maddi tərəfdən məmnun olmalı, maddi tərəf, mənəvi tərəfi zənginləşdirməyi bacarmalıdır. Məhz bu prosesin gedişində insana məxsus iki özəllik xüsusi rol oynayır.
Düşüncə və sevgi. Bildiyimizlə öyrəndiyimizdən çıxardığımız nəticə və ya yeni fikir düşüncənin məhsulu sayılır. Bir şeyləri düşünüb və onu hiss etmək, ona sevgi bəsləmək, düşüncə ilə sevgi arasında bir bağlılıq yaradır ki, bu da insanın özünü xoşbəxt hiss etməsinə sövq edir. Çünki, sevgi öz-özünə yaranmadığı kimi öz-özünə də məhv olmur. Belə ki, düşündürən sevgidən, sevgi düşüncəsinə gedən yol xoşbəxtliyi öyrənmə və dərketmə prosesi kimi izah oluna bilər.
Xoşbəxtliyə aid yazılan kitablarda obyektiv şərait nəzərə alınmadan xoşbəxtliyə çatmaq üçün hazır düsturlar, nəsihət və öyüdlərdən bəhs olunmuşdur. Müəyyən mənada bunların həqiqi xoşbəxtliyə təsiri və köməyi istənilən səviyyədə olmamışdır. Çünki, hazır ifadələr, öyüd və nəsihətlər son dərəcə mürəkkəb olan həyat hadisələrini tam əhatə edə bilmir.
Nəzəri xoşbəxtliyin hər insanın özündən asılı olan cəhətlərini bir neçə yanaşma ilə belə ifadə etmək olar:
1) Xoşbəxtliyə hədiyyə kimi deyil, fəaliyyətin, çalışmağın, cəhdin, səyin bəhrəsi kimi baxmaq lazımdır.
Həyat – mübarizədir. Həyat uğrunda, hətta həyatı yaxşı yaşamaq uğrunda bezmədən yorulmadan mübarizə aparmaq lazımdır. Axı virus da, bitki də, hər hansı digər canlılar da yaşamaq uğrunda mübarizə aparır. İnsan isə yaşamaq, mövcud olmaq uğrunda mübarizə ilə yetinməməli, sözün ən gözəl mənasında xoşbəxt olmaq uğrunda mübarizə aparmalıdır. Görkəmli rus yazıçısı S.N.Qlinka yazmışdır: “Həyat və fəaliyyət, alov və işıq kimi bir-birləri ilə sıx əlaqəlidir. Nə alovlanırsa, o hökmən işıq saçır, kim yaşayırsa, o heç şübhəsiz fəaliyyət göstərir”.
2) Xoşbəxtliyi şərtləndirmiş olsaq, heç şübhəsiz ilkin şərti sağlamlıq olardı.
Xoşbəxtlik sağlamlıq əsasında öz əksini tapa bilər. Dünyada sağlamlığın qarşılığı olan bir şey tapmaq çətindir və demək olar ki, yoxdur. Ona görə də, sağlam bədən xoşbəxtlik və sevinc mənbəyidir. Sevinc hissi isə insanda üç formada təzahür edir.
*Hər hansı xoş xəbərdən yaranan sevinc – Adi və ya ani sevinc
*İnsanı tərifləməklə və ya ozünü bəyənməklə yaranan sevinc – Egosal sevinc
*Müəyyən işin faydalı nəticəsini əldə edəndə yaranan sevinc – Əsl sevinc
Ola bilsin, kimsə düşünür ki, yeyib-içmək, çalıb-oynamaq, deyib-gülmək əsl sevincdir. Xeyr, bunlar, ani sevincdir. Əsl sevinc ürəkdə yuva qurmuş hisdir, o, xarici faktorlardan asılı deyil, insanın daxilində olur. Məhz əsl sevincin əsasını sağlamlıq təşkil edir. Maddi və mənəvi sağlamlıq isə insana dözümlülük və inkişaf hissi aşılayır.
Təbiətin ən mükəmməl, ən dəyərli, ən kamil əsəri sağlam insandır. Görkəmli rus alimi yazırdı: “İnsan təbiətin ən gözəl məhsuludur. Ancaq təbiətin xəzinəsindən şadlanmaq və ləzzət almaq üçün insan sağlam, qüvvətli və ağıllı olmalıdır”. Sokrat bildirirdi ki, ruhu müalicə etmədən, bədəni müəalicə etmək olmaz. Məhz ruh düşkünlüyü həm sağlamlığın, həm də xoşbəxtliyin qənimidir.
3) Xoşbəxtlik – hər anın, hər dəqiqənin dəyərini anlayıb, xoşbəxt yaşama bacarığıdır.
Təəssüf ki, bəzi insanlar ömrünün əsas hissəsini yaşamağa hazırlaşmağa sərf edir. Sonraya saxlanmış xoşbəxtliyə görə ömrünün əsas hissəsində sadəcə mövcud olmaqla kifayətlənir. Nəticədə ömrünü xoşbəxt yaşamaq yerinə, xoşbəxtliyə hazırlaşmaqla keçirir.
Ömür anlardan, dəqiqələrdən, illərdən ibarətdir. Axı, anı yaşamasaq dəqiqələrin önəmi olmaz, dəqiqələri yaşamasaq, illərin dəyəri qalmaz. Ona görə də, hər andan zövq almaq, hər dəqiqəni xoşbəxt yaşamaq və bunu daxilən bacarmaq lazımdır. Böyük alman yazıçısı E.M.Remark yazmışdır: “Bizim gələcəyimiz, aldığımız növbəti nəfəsə qədərdir”.
Və ya başqa bir ifadə ilə:
Elə yaşa ki, sabah öləcəksən kimi,
Elə düşün ki, heç vaxt ölməyəcəksən kimi.
4) Xoşbəxtlik – qorxuya qalib gəlməklə, qorxunu dəf edə bilməkdir.
İnsan mənəviyyatını dağıtmağa, pozmağa malik ən güclü təsir qorxudur. Mütəfəkkirlər hətta qeyd edirlər ki, həyatda qorxunun özündən qorxulu heç nə yoxdur. Qorxunu çox zaman yoluxucu xəstəliklə müqayisə edirlər. Belə ki, xəstəliyin başlanğıc halında qarşısını almaq lazımdır.
Çünki, ağla, fikrə və ürəyə hakim olmasına icazə vermək olmaz.
Qorxu kölgə kimidir. Üzünü günəşdən çevirdiyin zaman qorxu ilə üz-üzə qalacaqsan, üzü günəşə dönən zaman xoşbəxtliyi tapacaqsan...
5) Xoşbəxtlik - əsəb gərginliyini və psixi yükü mümkün qədər azaltmaqdan ibarətdir.
Müasir dövrdə informasiyanın kifayət qədər bolluğu insan beyninin həddindən artıq yüklənməsinə səbəb olur. Bu da öz növbəsində əsəblərin gərginləşməsinə imkan yaradır. Psixoloji gərginliyi isə xoşbəxtliyin ciddi qənimi hesab etmək olar. Bilməliyik ki, günümüzdə beyin yorğunluğunu və psixoloji gərginliyi azaltmaq hər hansı bir arzu deyil, zərurətdir. Bu dövrün müəyyən mənada bizim üçün tələbidir. Günlük tələbatlarımızın – qidalanmaq, yuxu, geyim və s. qayğısına qaldığımız kimi əsəb sakitliyinin də qeydinə qalmalıyıq, qəlbimizdəki sevinci artırmalıyıq. Sevincimizi artırdıqca görəcəyik ki, bu, bizə xoşbəxtlik hissi yaşadır.
Deməli, xoşbəxtlik eyni zamanda bir sənətdir. Gördüklərini duya bilmə, düşündüklərini isə hiss edəbilmə və bunlardan bəhrələnməyi bacara bilmə sənətidir. Xoşbəxtliyi dərk etmək, onun qədrini bilmək və qorumaq xoşbəxtliyin özü qədər vacibdir. Böyük ispan yazıçısı M. Servantes demişdir: “Kim xoşbəxtlik əldə etdikcə onu duyub ondan bəhrələnmirsə, xoşbəxtliyi itirdikdə onun bundan şikayətlənməyə haqqı yoxdur”.
Xoşbəxtlik sabit, dəyişməz, statik vəziyyət deyildir. O insana məxsus olan daima, davam edən və yenilənən, emosional kamilliklə nəticələnən prosesdir.
Ayxan Hüseynli
Naxçıvan Müəllimlər İnstitutunun psixologiya müəllimi
Tələbə Gənclər Təşkilatının sədri