manera.az
manera.az

Dekadentlik və simvolizm - TƏRCÜMƏ | MANERA.AZ

Dekadentlik və simvolizm  - TƏRCÜMƏ | MANERA.AZ

AKİM LVOVİÇ VOLİNSKİY

... Bir az dekadentlik və simvolizm haqqında - bu yeni dövrün incəsənətində baş verən çaxnaşmadan, həyəcandan danışaq. Hətta ən dərin düşmənlik münasibətlərində olsaq belə, ən yeni ədəbiyyat nümayəndələrinin gündəmə tarixi olayların nəticəsində gəldiyini görməmək mümkün deyil. Bütün canlıların səsinə səs verən sənət, materializmlə idealizm arasındakı mübarizəyə laqeyid qala bilməzdi. Dekadentlik sənətin materializmə qarşı reaksiyasıdır.

Özlərini səmimi qəlbdən dekadent adlandıranlar hələ tam aydınlaşmayan əhval-ruhiyyələrinin başqalarına ötürülməsin üçün yeni formulun - mövcud olmayan şifahi söz uyğunluqlarının axtarışına başlayıblar. Çox qısa zaman ərzində - jurnal partiyalarıyla elmi-fəlsəfi idealizmin ən kiçik uğurları arasındakı birinci atışması nəticəsində incəsənət sahəsində bir çox xoşagəlməz səhvlər buraxıldı. Materializm və pozitivizm formullarına qarşı incəsənətin etirazı sayılan dekadentlik –ictimaiyyətin gözündə dəyişik, yeni bir hadisədir. Onun ortalığa çıxara biləsi parlaq ədəbi istedadları yoxdur. Bu dəyişikliyin arxasınca köhnə fəlsəfi və estetik düşüncələri ciddi olaraq yenidən işləyib emal etmək üçün var güclərini toplamış etirazçıların dövrü gəlməlidir. Çünki dünyanı dəqiq və aydın dərk etmədən irəliyə heç bir yeni addım atmaq mümkün deyil. Çünki fikirlərin və düşüncələrin qarışıqlığında insanın yaradıcı qüvvəsi - onun allahla bir tutulan gözəllikdən ötrü çəkdiyi iztirabın yeganə həqiqəti ortaya çıxa bilməz.

İradların izahında bu yaxınlarda gənc yazıçı olan L.Denisovdan aldığım məktubu nəzərinizə çatdırmaq istəyirəm. Dekadentlik və simvolizm haqqında mülahizlərinin sonunda müəllif bir neçə nəticəyə gəlir ki, mən də bu fikirlərində onunla razıyam. Yeni dövr ədəbiyyatına mənsub olan Denisov dekadentlik və simvolizm arasında sərhəd quraraq birinciyə etiraz edir, ikinciyə isə öz rəğbətini bildirir. Görün Denisov nə yazır:

“Mərhəmətli hökmdar!

Bu qısa məktubumla Sizə müraciət etməyə cürət edirəm. Mənə elə gəlir ki, bütün çağdaş ədəbiyyatçılardan məhz Siz sənətdə baş verən bəzi anlaşılmaz hadisələrin müdafiəsi və izahı üçün dediyim sözlərə görə mənimlə həmrəy olacaqsınız. Son zamanlar simvolizm, "yeni cərəyanlar", "yeni formalar" haqqında demkə olar ki həmişə simvolizmlə dekadentliyi bir-birindən ayıra bilmədən, qərəzlə, hiddətlə, lağla danışırlar. İstedadlı fransız dekadent şairlərin almanaxından sitatlar qala-qala, bütün dövrlərdə olan ağılsız və ya lap gənc şairlərdən misal gətirərək birincinin tutarsızlığını sübüu etmək istəyirlər. Və Sizin jurnaldan başqa heç vaxt, heç yerdə simvolizm kimi ciddi bir hadisəyə müsbət rəydə olduğunuzla bağlı işarələr, bu və ya digər şəkildə onu izah edən, yaşamağına haqq verən birbaşa və sadə sözlərlə qarşılaşmadım. Əlbəttə, bu kiçik məktubda mən bu hadisə barəsində hər tərəfli yaza bilmərəm. Bundan ötrü gərək bəşəriyyəti materializmin son həddinə çatdırmaqdansa dinə doğru yaxınlaşdıran mədəniyyət və elm inkişafının yüksək nəticələrinin uzun tarixi yoluna da toxunmalı olardım. Bütün bunlar barədə danışmaq üçün nə həvəsim, nə də imkanım var. Mən sadəcə simvolizmin anlaşılması və ya anlaşılmaması ilə bağlı bir neçə kəlmə deyəcəyəm.

Simvolizm hər şeydən əvvəl dekadentliklə diametral olaraq əks tərəfdə dayanıb. Ola bilər ki, heç dekadentliyin adını simvolizmlə bir yerdə çəkməyə dəyməzdi. Lakin bu iki anlayış, hətta ən hörmətli insanların belə ağlında elə qarışıb ki, istər-istəməz onları həmişəlik ayırmaq istəyirsən.

Dekadentlik Fransada yaranandan bəri incəsənətdə çox möhkəm materailistik və naturalistik ruha qarşı bacarıqsız, gənc və yaralı bir etirazdır. Onun ölümə məhkum edilmiş əzablardan keçən zəif qəlbi ən axırıncı vasitələrə də əl atır ki, təki materializmin lazımsız və kobud gücünə qələbə çala bilsin. Dekadentlər "təmiz" ədəbiyyata (simvollarsız), simvolizmi inkar edən səslərə, individuallığa qaçırlar. Dekadentlik doğuldu, ölümə doğru addımladı, xəstələnib zəiflədi və məhv oldu. Dekadentlik idrakdan, dərketmənin saflığından qorxurdu. Simvolizm isə irdak işığında geniş və aydın rahatlığındadır. Simvolizm doğulmadığına görə ölə də bilməz. O, hər zaman mövcud olmuş, sənətin ilk çağlarında düşüncə şölələrinin düşə bilmədiyi rəssam qəlbinin ən dərinliyində belə var idi. Lakin insan qəlbi böyükdü. İdrak, düşüncə daha parlaq, şölələri daha əhatəli oldu. Və biz əvvəllər sezə bilmədiyimiz zülmət və yuxunu yarıb keçən üfüqləri gördük. İndi təbiət, həyat, bütün dünya bizə başqa cür görünür, bizimlə başqa sözlərlə danışır. Çünki arxasında daha vacib, sirli hadisələr yalnız simvollarla bizim üçün aydın görünməyə başladı.

Deyilənlər görə sənətdə "yeni formalara" ehtiyac var. Çox güman ki, yeni çaxır üçün yeni tuluq, yeni hisslər üçün yeni ifadələr lazım olduğu üçün gərəklidir. Və bu yolla gedən insanlar, qəlbləri böyüyən insanlar daha geniş və parlaq olmağa başlayırlar və yeniliklər üçün yeni sözlər tapmalıdırlar.

Qoy onların səslərini, keçmişdə olan ən güclü və ən gözəllərinin yox, ən zəiflərinin - bizə yaxın və lazım olanların səslərini axtarsınlar, qoy yoxlasınlar. Çünki köhnələri biz artıq bilirik, o, artıq yaşanılıb və deyilib. Burda isə bizi istədiyimiz, lakin ifadə edə bilmədiyimiz, gözlədiyimiz və digər insanların yaradıcılığında axtardığımız, yaşamadığımız hisslərin bilmədiyimiz həyəcanı gözləyir.

Əziz hökmdar, bax elə məhz bunu dekadentlik və simvolizm haqqında demək istəyirəm. Siz özünüz də "Severniy vestnik"də ("Şimal xəbərçisi") bu barədə və mənə elə gəlir ki, həm də bu fikirlərə qarşı daha çox həmrəyliklə bir neçə dəfə yazmısınız. Əgər bizim fikirlərimiz arasında hər hansı bir uyğunluq varsa mən çox şad olaram. Bu mənə insanların müxtəlif yollarla da olsa ruhən yaxın nəticələrə gələ bildiyini sübut edərdi. Əgər məktubum bu maraqlı mövzu ətrafında hər hansı düşüncələr üçün bəhanə olarsa, onu çap üçün bu və ya digər məqsədlərdən ötrü istifadə etməyiniz üçün Sizə həvalə edirəm”.
Hörmətlə, L.Denisov

Denisov dəqiq olaraq dekadentliyin simvolizmlə diametrik olaraq əks istiqamətdə yerləşdiyinin fərqinə varmışdır. Çağdaş Avropa ədəbiyyatında isə hər iki hadisə eyni tarixi anda qeyd olunur: birincisi köhnədən qalmış fəlsəfi fikirlərə qarşı etiraz, ikincisi isə yeni dünyada bədii təəssüratların yenidən işlənməsidir. Gənc yazıçı dekadentliyi inkar etməklə yeni ədəbiyyatın hadisələrinə və faktlarına qarşı tənqidi münasibətini göstərir. Əslində isə dekadentlik vaxtından əvvəl solmağa başlayır. Zərif hisslərin dərk edilməsi üçün yeni söz birləşmələri yaratmadan o, simvolizmin içində tez əriyib gedir. Simvolizmsə heç bir xüsusi yollarla addımlamadan bütün həqiqətlər, doğrular üçün sadə və aydın yollar axtarır. Əgər insanların dünyagörüşündə məlum olan istiqamətə dönüş olubsa, aydın olur ki, sənət bu dönüşün canlı gücünü əməlində - yəni yeni fikirlərlə, anlayışlarla həmahəng olaraq insanların və təbiətin təsvirində göstərməlidir. Əgər insanın dünyagörüşü daxili və xarici mübarizə nəticəsində materializmdən idealizmə keçirsə, belə çıxır ki, sənətin təbii gücünə onun şüursuz təşəbbüslərinə yeni idraki güc əlavə olunub. İncəsənət var olduğu andan idealdır. Lakin tarixi inkişaf yolu boyunca o, çoxsaylı əngəllərlə üzləşmişdir. Təsadüfən yaranmağına baxmayaraq, hər bir fikir yaradıcı ruhun yaranmasını can atır, ya da ki, yaranmasına köməklik edir. Əsil güclü qeyri-bədii, zövqsüz tendensiyanı ötən dövrün ədəbiyyatı təqdim edirdi. İdeal instinkti dəf edə bilməyib, özü də dərketmədən yaradıcılığa doğru gedən yolları hamarlayırdı. Lakin o, ən yaxşı ədəbiyyat nümunələrinə belə öz möhürü qoymaya bilməzdi. Dahi istedadlar kəmsavad publisistik deklamasiyanın əhəmiyyətsizliyini dərk edərək, hökmranlıq edən ədəbi rüzgarlardan üz döndərirdilər. Lakin orta və zəif istedadlılar isə dərrakələrində möhkəm dirəklər olmadığından onlara tabe olur, təbiətdən gələn güc və rəğbətin əksinə gedirdilər. İdraki təsəvvürlərlə incəsənət anlayışlarının yerdəyişməsi nəticəsində yeni vasitələr və güc yaranır. İdealizm yaradıcılıq fəaliyyəti üçün yol açır. Köhnə şüursuz maraqlar indi aydın, dərrakəli qanunların xarakterini almalıdır. İndi sənət sözün əsil mənasında simvolik sənət ola bilər.

L.Y.Qureviç - "Severnıy vestnik" ("Şimal xəbərçisi") (1891-1898).

Simvolizm nə deməkdir? Bədii təsvirdə simvolizm hadisələrlə ilahi dünyanın ahəngi, harmoniyasıdır. Bu təyinatda simvolik yaradıcılıq üçün iki başlanğıc var. Hər bir sənət kimi simvolizm də həyatın adi, görünən hadisələrinə, dünyaya, bütün məlum faktlara, təbiət hadisələrinə və insan ruhunun təzahürlərinə ünvanlanıb. Dərketmə nə qədər dəqiq və tez olarsa, o qədər konkret faktların təsvirində romantik tüstü az olar, düşüncə nə qədər soyuq olarsa, sənət bir o qədər yaxşı olar. İstənilən fəlsəfi və ya poetik yaradıcılığın əsasında geniş dünya hadisələri durmalıdır. Beləliklə hər bir sənət kimi simvolik sənət də adi təzahürlərdən başlayır.

Lakin bütün yaradıcılıq prosesləri üçün ümumi olan yolla hərəkət edərək, simvolizmin özündən əvvəlki ədəbi məktəblər və istiqamətlərdən daha çox üstünlükləri var. Müşahidələrinin rəngarəng materiallarını təhlil edərkən yazıçı, öz dövrünün fəlsəfi düşüncələrindən aşağı səviyyədə duran sadə anlayışlarla idarə olunur. O, yalnız bu və ya digər bədii obrazlarda ağlının hədsiz qeyri-mükəmməl nəticələrini ortaya çıxara bilər. Zəif işıq altında o, gözü önündə olan həqiqi xüsusiyyət və əlamətləri görmür. Onların daxili mahiyyətini, sirli mənalarını dərk etmir. Başqa mövzu və faktlarla üst qatlarda bir-birlərinə mexaniki bənd olunduqlarına görə, ona hadisələr kimi - yəni həyatın daxili, bitkin, dəqiq və aydın ifadələrlə formalaşdırılmış sirli əsasları kimi görünmür. Hadisə anlayışının özü yeni dövr fəlsəfənin ən gözəl poetik var-dövlətidir. Yalnız görünən və görünməyən, sonlu və sonsuz, bir bütövə qarışmış, realistik-real və mistik idealistik dünyagörüşündə məntiqi məna daşıyır. Simvolizm sənətin qanuni hüdudlarından bir dəqiqəlik də olsun kənara çıxmır. Öz ideya və düşüncələrinin işığında o, yalnız hadisələri görür və yalnız hadisələri təsvir edir. Simvolizm sənətinin bu əsas əlaməti bizə yazıçının mistik əhval-ruhiyyəsinin bu və ya digər poetik mənzərələrin və obrazların yaradılmasına necə təsir etdiyini göstərir. Lakin sənət heç vaxt ilahiyyata və ya mücərrəd fəlsəfəyə çevrilməməlidir. Bu hadisələr dünyasını dərk və qəbul etmək üçün olan vasitələrimiz hər nə olursa olsun, bu bir dəfə öyrənilmiş dünya hər şeyin qabağını kəsərək rəssamın yaradıcılığında irəliləyir. Rəssamın bizə verdiyi cansız faktların, mübarizə və əzab dünyasının dəqiq formalarının təsvir olunduğu rəsmdən sonra, səhnədə hiss edilməməsi mümkün olmayan, altında tragik uçurum gizlənən hadisələrdən başqa heç nə qalmır. Üstdə yalnız və yalnız hadisələr olmalıdır. Cisimlər, kostyumlar, canlı insan yerişi, üz və göz cizgiləri, hamıya aydın olan, lakin hər zaman dərinləşən hiss və düşüncələr idealizmin şüurlu yolu ilə gedən sənətin əsil mühitidir.

Hadisələr dünyası ilə ilahi dünyanın əsil bədii vəhdəti sənətin özüdür. Bu cür yaradıcı iş isə rəssam Allahı hiss edərək onunla yaxın təmasdaykən, qeyri-ixtiyari olaraq öz təəssüratlarını dini hissləri ilə birləşdəndə baş verir.

Denisov yazır ki, mədəniyyət və elm insanı materializmin son həddinə gətirib çıxartmaqdansa, ilahi istəklərə gətirdi. Elmin mübarizə apardığı tənqidi fəlsəfədən süzülən bu dini istəklər sənətdə simvolizm adlanan yeni bir istiqaməti yaratdı. Gənc yazıçılar şüurlu şəkildə sənətin əsil nümayəndələrinin hərəkət etdiyi yolla getmək istəyirlər.

Dekadentlik üzərində qələbə çalaraq mənasız, bayağı fantaziyaları və məkrli boşboğazlığı ilə sənət yeni gözəllilərə doğru irəliləyir.
İlahiyyatla münasibətlərini yenidən yaxşılaşdırandan sonra poetik yaradıcılıq Elladada olduğu kimi nə vaxtsa insan üçün ən yaxşı əmələ çevriləcək.


"İdealizm uğrunda mübarizə". Dekabr. 1896-cı il.

Dekadentlik və simvolizm  - TƏRCÜMƏ | MANERA.AZ
Rus dilindən tərcümə edən: XANIM AYDIN



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031