manera.az
manera.az

Əliağa Vahidin xatirə beytləri - Eltac Elmanoğlu yazır

Əliağa Vahidin xatirə beytləri - Eltac Elmanoğlu yazır
(1989-cu il “Qəzəllər” kitabı əsasında)

Qəzəl janrı Azərbaycan yazılı ədəbiyyatı tarixində həm aparıcı, həm də ən uzunömürlü janrlardan biri olmuşdur.

Azərbaycan yazılı ədəbiyyatı tarixinə nəzər saldıqda qəzəl janrı kimi uzunömürlü ikinci bir janr tapmaq qeyri-mümkündür. Müxtəlif dövrlərdə bu janrdan böyük məharətlə istifadə edən söz sənətkarları olub. Məsələn, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Cahanşah Həqiqi, Hamidi, Kişvəri, Həbibi, Şah İsmayıl Xətai və xüsusilə Məhəmməd Füzuli. Bu məqamda dahi Füzulinin adını xüsusi ehtiramla yad etmək lazım gəlir. Çünki Azərbaycan ədəbiyyatında, bəlkə də bütün Şərq ölkələrində qəzəli əlçatmaz bir zirvəyə qaldıran yeganə söz sənətkarı dahi mütəfəkkir Məhəmməd Füzuli olmuşdur.

Sonrakı dönəmlərdə də qəzəli əvvəlki ədəbi səviyyəyə yüksəltmək istəyənlər az olmamışdır. Bunlar sırasında: Saib Təbrizi, Qövsi Təbrizi, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Seyid Əbülqasim Nəbati, Seyid Əzim Şirvani kimi söz ustalarının adını çəkmək olar. XX yüzillikdə isə qəzəlçilik ənənəsini yaşatmaq vəzifəsini öz öhdəsinə götürən və bunun öhdəsindən layiqincə gəlməyi bacaran şəxs Əliağa Vahid (1895-1965) oldu. Şeirlərində (qəzəllərində) özünü hər zaman Füzuli yadigarı adlandıran Vahid həqiqətən də XX əsrdə Füzuli ədəbi məktəbinin ən görkəmli davamçısı oldu.
Əliağa Vahidin xatirə beytləri - Eltac Elmanoğlu yazır
Əliağa Vahid XX əsrdə yaşayan yeganə qəzəl şairi olmasa da, XX əsr dönəmində qəzəl adı çəkiləndə ilk olaraq şübhəsiz ki, Vahid yada düşür. Həmin vaxtlarda Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim və xüsusilə Mirmehdi Seyidzadə kimi sənətkarlar da qəzəl yaradıcılığı ilə məşğul idilər. Lakin heç biri bu sahədə Vahid qədər ad qazana bilmədi. XX əsrdəki qəzəl yaradıcılığı əsasən Əliağa Vahidin adı ilə bağlıdır.

Təqribən 1916-cı ildən Əliağa Vahidin müxtəlif əsərləri çap olunmağa başlayır. İlk işıq üzü görən “Təməhin nəticəsi” əsərindən sonra şairin həm sağlığında, həm də vəfatından bugünə qədər dəfələrlə əsərləri çap olunub. Vahidin əsərləri müəyyən vaxtlarda, müxtəlif tərtibat əsasında təkrar-təkrar nəşr olsa da, şairin hələ də akademik nəşri işıq üzü görməyib. Doğrudur, 1975-ci ildə və həmin nəşr əsasında 2005-ci ildə şairin “Seçilmiş əsərləri” yüksək səviyyədə çap olunub, lakin həmin əsərləri də akademik nəşr adlandırmaq olmaz. Çünki Əliağa Vahidin bəzi şeirləri bu nəşrlərə də düşməyib.

Maraqlı məqamlardan biri də mərhum vahidşünas alim Məmməd Nuruoğlunun tərtibatı əsasında 1989-cu ildə çap olunmuş şairin “Qəzəllər” kitabında özünü göstərir. Bu kitab onun sonuna əlavə olunmuş “xatirə beytlər”ə görə əvvəlkilərdən seçilir. Bundan sonra çap olunan nəşrlərin heç birində bu beytlərə rast gəlinmir. Hətta 2005-ci ildə şairin akademik nəşri adlana biləcək “Seçilmiş əsərləri”nə də salınmayıb. Təəccüb doğuran məqam odur ki, bu qədər əhəmiyyətli şeirlər nəyə görə sonrakı əsərlərin heç birinə daxil edilməyib?

Kitaba daxil edilmiş otuz doqquz xatirə beytin birincisi şairin yaxın dostu, Azərbaycan yazıçısı və dramaturqu Cəfər Cabbarlıya həsr olunmuşdur:

Gərdünə təbi-şair təzim üçün əgilməz,
Aləm ölürsə bəlkə, Cəfər Cabbarlı ölməz.


Kitabda Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Üzeyir Hacıbəyli, Süleyman Rüstəm, Səməd Vurğun, Məmməd Arif, Mikayıl Rəfili kimi şair və ədiblərə ithaf olunmuş müxtəlif beytlər yer alır:

Cavid əbədidir, qalacaq nami cahanda,
Məhv etdisə cəllad onu xəlqin nəzərindən,
Ölməz o böyük dahi, böyük bir gələcək var,
Övladi-vətən zövq alacaq hər əsərindən.


Şairin böyük sayğı duyduğu dahi Azərbaycan dramaturqu Hüseyn Cavidə həsr etdiyi yuxarıdakı şeir parçası onun Cavidə nə qədər böyük hörmət bəslədiyindən xəbər verir. Şair, dramaturq Mirmehdi Seyidzadə Əliağa Vahidin Hüseyn Cavidlə bağlı bir xatirəsini öz əsərində belə qeyd edir: “...Hüseyn Cavid də Vahidin əruz vəznini çox yaxşı bildiyini və fitrətən şair yarandığını söyləyirdi. Ancaq istedadlı şairin bayağı deyilmiş misralarını tənqid etməkdən də çəkinməzdi. Bir dəfə Vahidin «Yerə sərilləm, xəliyəm mən» misrasından xoşlanmadığını bildirdi”.

Əliağa Vahidin xüsusi ehtiram göstərdiyi şair dostlarından biri də, Azərbaycanın ilk xalq şairi Səməd Vurğun idi. Azərbaycan radiosunun arxivində Əliağa Vahidin yeganə səsyazması var. Həmin səsyazmada şair Cəfər Cabbarlı və bir az da Səməd Vurğun barəsində danışır. Vahid həmin beytlərin birində Səməd Vurğunu belə vəsf edir:

Ey bizim ellərin gözəl Vurğunu,
Qiymətli şairsən, kim bilmir bunu?


Şair Əliağa Vahidin həmin xatirə beytlərində təkcə ədəbiyyat nümayəndələri deyil, həmçinin ədəbiyyatşünas alimlər, incəsənət xadimləri və öz ailəsi haqqında da şeirlər var. Məsələn: ədəbiyyatşünas Məmməd Arif haqqında Vahid demişdir:

Nə zaman Arif ədibin coşacaqdır kərəmi,
Bizi tənqidinə layiq görəcəkdir qələmi.


Və yaxud şair-ədəbiyyatşünas Balaş Azəroğlu barəsində Əliağa Vahid demişdir:

Odlar diyarının övladıyıq biz,
Sənət vadisinin Fərhadıyıq biz.


Yuxarıda qeyd olundu ki, Əliağa Vahidin 1989-cu il nəşrinə daxil edilən xatirə beytlər sadəcə olaraq ədəbiyyat adamlarına və ədəbiyyatşünaslara həsr edilməmişdir. Həmin beytlər içərisində incəsənət xadimlərinə həsr olunmuş şeirlərə də rast gəlinir. Məsələn, Əlisəttar Bəhlulzadə haqqında olan bu bənd olduqca maraqlıdır:

Ey bizim ölkəmizin incə, gözəl rəssamı,
Şairanə qələmin eldən alıb ilhamı.
Əlli yaşda səni qeyd etdi mübarək vətənin,
Sevinir yüksəlişinlə bütün ellər də sənin.


Əliağa Vahidin ədəbiyyatşünas alimlər haqqında dediyi şeirlər içərisində mərhum akademik Həmid Araslı barəsindəki bu iki misra olduqca maraqlıdır:

Xaki-rəhim insanlığa, fəxrimdir həmişə,
Yüksəlməz ağac salmasa torpaqlara rişə.


Bundan başqa şair öz ailə üzvlərinə – qızına və oğluna da belə beytlər həsr etmişdir. Şairin oğlu Ramizə və qızı Firəngizə həsr etdiyi bu misralar olduqca təsirlidir:

Oğlu Ramizə:

Həmişə olsa müyəssər ümumə xidmət elə,
Nə millət olsa, qoy olsun ona məhəbbət elə.
Məsləkin, vicdanın olarsa təmiz,
El hamı, saxlayar xətrini əziz.


Qızı Firəngizə:

Qızın səadəti zənn eyləmə ki, ziynətidir,
Qızın səadəti öz elmidir, məhəbbətidir.


Kitabda bir çox dəyərli ziyalılarımız haqqında şeirlər yer alır. Bu beytlər olduqca mühüm əhəmiyyətlidir:

Üzeyir Hacıbəyliyə:

Ey böyük, qiymətli, mahir sənətkar,
Bu kiçik töhfəni saxla yadigar.


Bülbülə:

Kitab bir bağçadır, hər sətri bir gül,
Oxu ilhamə gəl, sevdalı Bülbül.


Əziz Şərifə:

Xəlq içində nə olar, qardaşım, hörmətli Əziz,
Məni tənqid ilə bir dəfə şərəfləndirəsiz.


Mir Cəlala:
Xəlqin səni sevməz bunu sən tut nəzərində,
El duyğusu olmazsa əgər hər əsərində.

Məmməd Cəfərə:

Kitabım qalsa da, sizdə yadigar,
Sizə xüsusi öz məhəbbətim var.

Sabit Rəhmana:

Sabit istərsə əgər qəlbi onun sakit ola,
Gərək asudə bir evdə oturub, sabit ola.


Nigar Rəfibəyliyə:

Ayrılmaz günəşdən nə ay, nə ulduz,
Bir günün keçməsin Rəsul Rzasız.


Mirmehdi Seyidzadəyə:

Xəyyami çevirmişdir düzgün, bu qədər sadə,
Qiymətli mütərcimdir, Mirmehdi Seyidzadə.


Əliağa Vahid poeziyası məzmun və forma baxımından olduqca rəngarəngdir. Bu rəngarəng poeziya nümunəsinin isə hələ də qaranlıq məqamları kifayət qədər çoxdur. Verilən xatirə beytləri ümumilikdə beytlərin hamısını təşkil etməsə də, böyük bir qismini əhatə edir. Əliağa Vahidin poetik irsi həm forma-məzmun, həm dil-üslub, həm də ənənə və novatorluq baxımından çox maraqlı araşdırma mövzusudur. Əfsuslar olsun ki, bu cür dəyərli bir sənət əsərinə laqeyd yanaşanların sayı çoxdur. Lakin bütün bunlara baxmayaraq, əminliklə demək olar ki, Vahid şeiri yarandığı vaxtdan, bugünə kimi daim öz təravətini qoruyub saxlaya bilmiş və heç vaxt da öz aktuallığını itirməmişdir. Vahidsevərlər isə həmişə olub, olacaq da...

Eltac ELMANOĞLU
Əliağa Vahidin xatirə beytləri - Eltac Elmanoğlu yazırБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31