manera.az
manera.az

Vahidin “Olmadım bir ləhzə şad...” müxəmməsi

Vahidin “Olmadım bir ləhzə şad...” müxəmməsi
(Şairin yeganə səsyazması əsasında)

Azərbaycan klassik şeirinin XX əsrdə yaşamış görkəmli və istedadlı nümayəndələrindən biri olan Əliağa Vahidin ədəbi yaradıcılığı Azərbaycan bədii fikrinin tarixində çox əhəmiyyətli bir yer tutur.

Vahid Azərbaycan dilində yaranan klassik şeirin, xüsusilə də qəzəlin yeni bir mərhələyə qədəm qoymasında çox böyük rol oynamışdır. “Böyük Füzulimizin yadigarı mən özüməm” deyən şairin XX əsrdə yaranan klassik Azərbaycan şeirinin ən ümdə nümayəndəsi olduğu şübhəsizdir. Əliağa Vahidin poetik irsi hər zaman özünəməxsus cəhətləri ilə seçilmişdir.

Onun bədii yaradıcılığına nəzər saldıqda istər məzmun, istərsə də forma-sənətkarlıq baxımından, çox təbii və axıcı bir poeziya nümunəsi olduğu açıq-aydın şəkildə özünü göstərir. Hər bir söz sənətkarının özünəməxsus poetik ruhu olur. Vahid poeziyası isə öz yenilikçi ruhu ilə seçilir. Əliağa Vahid yaradıcılığının ən əsas novator xüsusiyyətlərindən biri onun ana dilimizin zəngin imkanlarından istifadə etməklə, ərəb şeir janrı olan qəzəli Azərbaycan qəzəlinə çevirməsidir. Vahid klassik üslubun tələblərinə aydınlıq və sadəlik gətirən bəlkə də yeganə şair olmuşdur.

Müasir Azərbaycan poeziyasında daha çox özünəməxsus qəzəlləriylə seçilən Əliağa Vahid XX əsrdə həm lirikanın, həm də satiranın ən mahir ustalarından biri olub. Əliağa Vahid poeziyasının əsasını qəzəl janrı təşkil etsə də, o, ilk dəfə dövrü mətbuata qəzəllə gəlməmişdir. Klassik üslubun XX yüzillikdə yaşamış ən nəhəng söz ustadlarından olan Vahid ilk dəfə dövrü mətbuata “müxəmməs” janrında yazdığı bir şeirlə qədəm qoymuşdur.

Bu qədəm qoymanın da əsasında özünə hər zaman ustad bildiyi Buzovnalı Məşədi Azər (İmaməliyev) dayanırdı. Vahid ilk dəfə 4 may 1914-cü ildə mətbuata ayaq açmış, “Olmadım bir ləhzə şad” başlıqlı şeiri “İqbal” qəzetində nəşr olunmuşdur. Bununla da Vahid Məşədi Azərin sayəsində mətbuata gəlmişdir. Azərbaycan radiosunun arxivində şairin yorğun və xırıltılı yeganə səsyazması qorunub saxlanır. Həmin səsyazmada şair özü bildirir ki, bu şeiri qələmə almağında da Məşədi Azərin böyük təsiri olmuşdur. Həmçinin səsyazmadan yola çıxaraq demək olar ki, Vahid Məşədi Azərlə 3 may 1914-cü ildə dostu Seyyid Zərgərin evində tanış olub.
Vahidin “Olmadım bir ləhzə şad...” müxəmməsi
Bir məqama xüsusi toxunmaq lazımdır ki, Əliağa Vahidin ədəbiyyata rəsmi şəkildə gəlişi Məşədi Azərlə bağlı olsa da, onun ustadları sırasına bir nəfərin də adını artırmaq lazım gəlir. Həmin şəxs Mirzə Əbdülxaliq Yusifdir. Əslində bu siyahını xeyli qabartmaq da olar, lakin Vahidin görüşdüyü və ən çox bəhrələndiyi şəxslər Mirzə Əbdülxaliq Yusif və Buzovnalı Məşədi Azər olmuşdur. Şair öz əsərlərində (qəzəllərində) bu iki şəxsin adını tez-tez çəkir. Təbii ki, bu siyahıya Ağadadaş Müniri, Mirzə Əbdülxaliq Cənnəti və.b şairlərin də adlarını əlavə etmək olar. Vahid onları da çox yaxşı tanıyırdı.

Ancaq burada bir məsələ var ki, Vahid onları sadəcə olaraq “Məcməüş-şüəra” (Şairlər yığıncağı) ədəbi məclisindən tanıyırdı. Belə demək mümkündürsə onları özünə rəsmi şəkildə ustad qəbul etmirdi. Vahid bir qəzəlində yazırdı:

Mənə təxəllüsü Yusif verib dedi: Vahid,
Gərək də fərqlənəsən sən buxudnimalar ilə.


Beytdən də aydın şəkildə göründüyü kimi Mirzə Əbdülxaliq Yusif Vahidin həm ustadı olmuş, həm də ona məhz Vahid təxəllüsünü vermişdir. Bütün bunlara əsaslanaraq demək olar ki, Əliağa Vahidin ustadlarından biri də elə məhz Mirzə Əbdülxaliq Yusifdir. Digər bir şeirində Vahid yazır:

Bakı şairlərindən, Vahida, Yusifdi rəhmətlik,
O getdisə, onun indi yerində Azər əyləşmiş.


Əliağa Vahid Mirzə Əbdülxaliqi bütün Bakı şairlərdən üstün hesab edirdi. Verilən şeir parçası bunu aydın şəkildə göstərir. “Məcməüş-şüəra” (Şairlər yığıncağı) ədəbi məclisinin XX əsrdə ən qocaman üzvü məhz Mirzə Əbdülxaliq Yusif olmuşdur. Buna görə o, yuxarıda verilən beytdə demək istəmişdir ki, Bakı şairlərinin ən uca taxtında rəhmətlik Yusif oturardı, indi o yoxdu, orda Azər əyləşir. Bu beytin açılışından da belə nəticəyə gəlmək olur ki, Vahid Mirzə Əbdülxaliq Yusifi ondan sonra isə Məşədi Azəri ən böyük Bakı şairləri hesab edirdi.

Mirzə Əbdülxaliq Yusif Vahidin ədəbi kimliyində xüsusi rol oynayanlardan biri olsa da, Məşədi Azər qədər güclü rol oynamamışdır. Bunu Əliağa Vahidin qəzəllərində də görmək olur. Vahid şeirlərinin çoxunda Məşədi Azəri xüsusi ehtiramla yad edir və onu yada salır. Təbii ki, o, şeirlərində Mirzə Əbdülxaliq Yusifi də yad edirdi. Ancaq Azər qədər tez-tez xatırlamırdı. Əliağa Vahidin Buzovnalı Məşədi Azərlə bağlı müxtəlif qəzəllərində yer alan beytlərə nəzər salaq:

Ey Müniri! Yanıram eşq oduna, Azərə de,
Azər olsa, yanacaq şöləfəşan olmağıma.

Vahid, Azər xoş demiş: oddur vücudu aşiqin:
“Azəri-eşqəm, güman etmə, şərərdən düşmüşəm”.

Əgər ustadımız Azər kimi bir həmdəm ola,
Həmdəmi olmaz idim bir para əyyarlərin.

Şerdən bəhs etmə, Vahid, biz də dünya görmüşük,
Şerdə Azər kimi ustadi-əzəm başqadır!


Verilən beytlərdən də bunu demək olur ki, Əliağa Vahid poeziyasının formalaşmasında və inkişafında Məşədi Azərin rolu daha çox olmuşdur. O, bir çox şairlərdən şeir-sənət sirlərini öyrənmiş olsa da, ən çox Məşədi Azərdən bəhrələnmiş və onu özünə daha yaxın bilmişdir.

Yuxarıda qeyd olundu ki, şair Əliağa Vahidin yeganə səsyazması Azərbaycan radiosunun arxivinda qorunub saxlanır. Həmin səsyazma Vahid poeziyasının araşdırılması baxımından iki cəhətinə görə xüsusi əhəmiyyət kəsb edir. Birinci cəhət odur ki, səsyazmanın əsasında müəyyən etmək olur ki, Vahid Məşədi Azərlə ilk dəfə nə zaman və harada tanış olub. İkinci mühüm cəhət isə şairin “Olmadım bir ləhzə şad” müxəmməsini öz səsiylə oxumasıdır ki, bu zaman çap olunmuş nəşrlərdəki çoxvariantlılıq üzə çıxır. Bir məqama diqqət yetirmək lazım gəlir ki, həmin səsyazma sadəcə olaraq Vahidin mətbuata ilk qədəm qoyduğu tarixi müəyyənləşdirmək baxımından deyil, həm də ustadı Buzovnalı Məşədi Azərlə ilk dəfə tanış oduğu vaxtı müəyyən etmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Səsyazmada şair “Olmadım bir ləhzə, yarəb, bu vətən küncündə şad” misrasıyla başlayan şeirinin ilk üç misrasını öz səsiylə oxuyur və bu şeirin yazılma tarixi haqqında məlumat verir. Səsyazmada Vahid bu haqda deyir:

“- Seyid Zərgərgilin evindəydim mən. Girdim içəri. Salaməleyküm - əleyküməssəlam. Gördüm bir zorba, hündür kişidi. Lap dağıstanlıya oxşayır elə. Seyid Zərgər mənə dedi: "Tanış ol Azər əfəndiynən". Mən adın eşitmişdim, üzün görməmişdim. Azərə dedi ki, tanış olun, bu da milli şairlərdəndir. Azər ona dedi: "Necə olur, milsiz də var?" O, cavab verə bilmədi. Özü deyən kimi, Azər orda məni saymırmış, ələ salan kimiymiş.

Ürəyində, ibtidada. Mənə şeir oxutdurdu ki, qoçaq, oxu şeirlərindən. Mən ona dedim ki, sizin hüzurunuzda mən nə oxuya biləcəyəm? Özü dedi: "Oxu, bu özü elə böyük şeydi mənimçün ki, belə deyirsən".

Qəzəl bu idi ki:

Tökmüş o şux məh üzə zülfi-siyahini,
Guya ki, gizlədib fələk əbr içrə mahini.


Bu elə indi kitabda da var. Mirzə mənə deyərdi: "Sağ ol, qoçaq". Mən elə bilirdim məni ələ salır. Demə, bu yazıq elə "qocağı" doğrudan deyirmiş. "Bərəkallah", "Sağ ol". Belə dedi. Müxtəsəri, çox şeylər oxuduq. Bu gedəcəkdi. Dedi: "Mən mətbuata gedirəm". Mən də bilmirəm "mətbuat" nə deməkdir axı. Qərəz, başa düşdüm ki, Orucovun mətbəəsinə getmək istəyir. Dışarı çıxanda mən də Azərlə bərabər çıxdım. Bir az getdik söhbət eləyə-eləyə. Dedi, gedək orda səni tanış eləyim, tapşırım. Sən şeirlər yazginən. Sən yaxşı şair olacaqsan. Nə yaxşı yazmısan!

İndi anlayıram, həm məni həvəsləndirirdi, həm də elə düzgün deyib də kişi...

Getdik ora - mətbəəyə. Sabirin heykəli olan yer mətbəə idi. Girdik içəri, gördük ki, Seyid Hüseyndi, Ruhulla Axundovdu. Var idi neçə adam, onları tanımadım kimlər idi. Azər onlara tapşırdı ki, bu uşaqdan muğayat olun. Şeir yazsa, çap eləyin. Mən də sevindim. Qərəz, bayıra çıxanda qəzet vardı Azərin əlində. Oxudu mənimçün. Qafiyələri "dad", "fəsad", "fəryad" - belə gedirdi. Mən də getdim evə, gecəynən o qafiyədə bir şeir yazdım. Səhərisi gün "İqbal" qəzetində çıxdı:

Olmadım bir ləhzə, ya Rəbb, bu vətən mülkündə şad,
Ömrüm əksildi günü-gündən, qəmim oldu ziyad,
Bivəfa gördüm kimə dünyada etdim etimad”.

Şairin 1975-ci ildə Qulam Məmmədli, Rəşid Quliyev və Ataxan Paşayev tərəfindən tərtib olunmuş iki cildlik akademik nəşrinin birinci cildində həmin şeir parçası bu cür verilmişdir:

Olmadım bir ləhzə, yarəb, bu vətən küncündə şad,
Səbrim əksildi günü-gündən qəmim oldu ziyad.
Bivəfa gördüm, kimə dünyada etdim etimad,
Çərxi-dun sübhü məsa oldu mənimlə kəcinad,
Əlaman, çərxi-sitəmkarın əlindən dad, dad.

1975-ci il nəşriylə aparılan müqayisələr şeirdə olan dəyişiklikləri görmək üçün kifayət edir. Həmin kitabda yer alan şeirlə səsyazmada səsləndirilən şeir arasında çox böyük fərqlər var:

Səsyazma:

Olmadım bir ləhzə, ya Rəbb, bu vətən mülkündə şad,

Kitab:

Olmadım bir ləhzə, yarəb, bu vətən küncündə şad,

Səsyazma:

Ömrüm əksildi günü-gündən, qəmim oldu ziyad,

Kitab:

Səbrim əksildi günü-gündən qəmim oldu ziyad.

Bu çoxvariantlılığın dəqiq səbəbi bəlli olmasa da, çox güman ki, şair bu şeiri ya redaksiyaya təqdim edən zaman dəyişdirmiş, ya da radioda səsləndirən vaxt sözləri unutduğuna görə bədahətən başqasıyla əvəzləmişdir.

Bu il dahi qəzəlxanın anadan olmasından 125 il ötür. Vahid ədəbi məktəbi və Vahid poeziyası ölməzdir. Dahi şair dünyaya XIX əsrin sonunda gəlmiş, XX əsrin 60-cı illərində də dünyadan köçmüşdür. Əslində bu elə də böyük bir zaman kəsiyi adlana bilməz. Əliağa Vahid cəmi 55 ildir ki, aramızdan köçüb. Bu zaman kəsiyində Vahid poeziyası nə köhnəlmiş, nə də qocalmışdır. Əsrimiz kimi cavan olan bir poeziyaya isə biganə yanaşanlarımızın sayı olduqca çoxdur. Doğrudur, 55 il çox kiçik zaman kəsiyidir. Ancaq yüzillər sonra belə Əliağa Vahid poeziyası ilk günkü təravətini qoruyub saxlayacaq. Şair özü bir qəzəlində belə yazır:

Vahid vətən yolunda cəsarətlə şeir yaz,
Xəlqin yanında yüksələcəkdir şərafətin.


Sonda qeyd etmək lazımdır ki, nə yaxşı dəyərli xanəndələrimizin ürəkləri, avazları Vahid poeziyasına qırılmaz tellərlə bağlıdır. Yaxşı ki, onlar Vahidin poetik irsindən ayrılmır və onu daim yaşadırlar.

Eltac ELMANOĞLUБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31