Ötür məni özüməcən.. - Mahir Mehdinin şeirləri

MANERA.AZ Mahir Mehdinin şeirlərini təqdim edir:
***
... Dava onu da
xaraba qoymuşdu
güllə - güllə,
kəsib, montaj eləmişdi
onu da.
Sözü çəpləşəndə,
rəqibindən
əskik gəlirdi
bir yumruq, bir şillə.
Qolunun boşluğunu
gəzdirirdi hələ də
bahalı pencəyinin cibində...
Bir dəfə ayaqqabısı
onsuz qayıtdı evə,
qonşu uşağının qucağında -
xəbər gətirmişdi
saçlarını
təzəcə rəngləmiş
hamilə qadınına
küçəyə dağılmış adamdan...
***
… Yaranışından əvvələ
bir qayıdışdı bu gediş.
Sənə yoluxmaq
çox asan,
səndən sağalmaq
çətin iş.
Təmizlədin
küçə – küçə
öz içindən bu şəhəri.
Çıxarıb dərini,
keçdin
addımlarından içəri.
Tək – tək gedib duruşundan,
geriyə döndün bir sürü.
Girib yaşamadın
heç vaxt,
yola verdin bu boş ömrü.
Ayrılıqda əzbərləyib,
danışdın
hamını birdən.
Yazdıqların
cümlə – cümlə
dirildi öldüyün yerdən.
Birləşmək
çətindən çətin,
yumrudu Yerin
hər küncü.
Düşməyən
yerisən şəklin –
boşluğun sağdan üçüncü.
***
...Səni anladığım günə
söyə - söyə
darıxıram.
Olmasaydın darıxmazdım,
varsan deyə,
darıxıram.
Evdə, eşikdə, yuxuda
darıxıram
səhər, axşam.
Darıxmaqdı
işim - peşəm,
bircə bazar günü boşam.
... Saatın səsi - yoxluğun,
bir qələməm,
bir də varaq.
Bezmişəm tək darıxmaqdan,
dur gəl,
bir yerdə darıxaq...
***
... Çöldəki deyil,
hər kəsin
içində var gizli qat.
Şəhər duasız monastır,
qarğalar suçlu abbat...
Küçələr tətilə çıxıb,
dincəlir
səhərimiz.
Avtobus sükut tıxacı,
boş gedir yerlərimiz.
Keçir dizindən
sürücü,
söz verə - verə qaza.
Boşluğum qalxıb
yer verir
səsi maskalı qıza...
Yaşayır öz yoxluğunu,
burdaca çıxır ili.
Kiminsə
ən köhnə eşqi
ona yeni sevgili.
Salıb itirir bir nəfər,
bu qızı
tapır hamı.
İtirilən sayda imiş
tapılanın anlamı.
... Enir fikri
duracaqda
kədərə minə - minə.
Özündən də düşür
bu qız,
hamının əvəzinə...
***
... Sevmək
zaman içində
vaxtsız yaşaya bilməkdi.
Cəm şəkilçisi qəbul eləməkdi,
hallanmaqdı
bilinməyən, adsız
hallarda belə.
Hamının gözünə
görükə - görükə
ayrı bir məkanda olmaqdı.
Sevmək bir az da
heç kəsi zora salmadan,
əkilib - doğulmadan
doğulmaqdı...
***
... Qabaqca
gözləri uzanır gördüyünə,
sonra ayaqları,
əlləri.
Sonra tutuğunu
gödəldir
ən uzun yerindən.
Salır öz biçiminə,
çoxalır,
yenilənir
doğulan hər körpədə.
Rənginə düşür hamının,
yaraşır geyib gedənlərə.
Ölümün ölçüsü yox,
fərq eləmir ona
uşaq,
gənc,
qoca,
olur bütün bədənlərə...
***
... Qalmadı
səndən özünə,
nə varsa,
çıxdı DƏRİndən.
Bəs eləmədi eşiyin,
soyundun öz içərindən.
Köklədin
oyaq nöqtəyə
majorunun minorunu.
Neçə səsi əvəzləyib,
oxudun
təkin xorunu.
Sən yetənəcən
qalxdı lift,
tutuldu yeddinci məqam.
Sevdikcə,
yekəldi həcmin,
tərkibin dəyişdi tamam.
Dövrə vurub
söz göyündə,
dönə bilmədin yanına.
Qəza enişi elədin
Mahir Mehdi limanına.
***
...Gecikmiş
adamlıqdan da
gəldi çıxmağın sırası.
Üçcümləlik
sözardıma
yazdım səni sözarası.
Düşdü
işarə - işarə
varağa fikrin ləkəsi.
Dağıldı bir toxunuşla
beynimin
söz şəbəkəsi.
Kəsişməyib
bir nöqtəylə
gecəyə qaldıq paralel.
Üzləyib bütün sözləri
quraşdırdım
roman - hotel.
Yox oldu
əvvəlki anlam,
baxış dəyişdi təsviri.
Göndərildim dışın içə
səlahiyyətli səfiri.
Rəngləyib
iç tərəfimi
oxşatdım üz qabığına.
Qarşılayanım olmadı,
özüm çıxdım
qabağıma...
***
... Dönə bilmir geri
yarım addımda,
içə qayıdır
üzündən gedən.
Tək adama çoxuymuş
ikiqollu bir bədən.
Qadını
sevdiyi kişi öldürür
ən çox,
əzizlədiyi
və qoruduğu yerdən.
Sevdiyi qadın gətirir
dünyaya kişini
ikinci dəfə
doğub - eləmədən...
***
... Burda qoyub səni, köçər
ayrı küçəyə ünvanın.
Tullayar 3 - cü qatdan
yerə
özünü eyvanın.
Azalar sözün sürəti,
mənasızlaşar
feil də.
Özünü yüz dildə yazıb,
bulammazsan
heç bir dildə.
Bəs eləməzsən
bir kəsə,
doğularsan hər gələndə.
Heçdən
bir qadın yaradıb,
bir qız öldürərəm səndə.
Düşüb
qayıdaram səni
yerdə qalmış izində də.
Axtararam üst - başını,
tapılmazsan
özündə də...
***
... Sən gələndə,
üzərindən
tapıldı itmiş tayım.
Durdum,
uzatdım sıranı,
mən endə artdı sayın.
Enib özümdən,
bu başı
dizlərimdə yürüdüm.
Oxuyub, öz dilimdəcə
səni əzbər kiridim.
Sıfırlanıb mənsizləşdi,
birim paylandı minə.
Sən gələndə,
yoxa çıxıb,
düşdüm sənin şəklinə.
Sən gələndə,
dildən aşıb
sözlər dağılmasaydı...
Özüm yaradardım səni,
əgər doğulmasaydın.
***
...Bir kitab açıb, baxdıraq
bizdə itənin falına.
Ölüb,
çıxaq canımızdan,
keçək ömrün yox halına.
Qapadılsın yol - yolağa,
gedənlər
bizdən keçməsin.
Üst gözə yığaq keçmişi,
əli çatmasın
heç kəsin.
Təzə roman quraşdırıb,
sözləri enək
ard - arda.
Dur,
bir foto da yapdıraq,
üzümüz düşməsin orda.
Dəvət alaq son mənzilə,
bir nəfərə iki yerlik.
Şeir yaz yerimə,
məni
əvəz elə bir şeirlik...
***
... Söhbətimiz
çətin tuta,
sən ayıqsan,
mənsə dəm.
Milyon
məqamdayam indi,
sözəgəlməz bir tikəm.
Olanım qalxdığın səsdə,
davamım
bir zəngdədi.
Söndürmüsən eynəyimi,
hər şey eyni rəngdədi.
Anlamaq istəsən, məni
görmədiyində axtar.
İşlədib
qurtarmamışam,
dibimdə bir azca var.
Bərabərəm hər üzünə,
sayıldığın
saydayam.
Yazıldıqca, görünəcək,
yazmadığım boydayam.
***
... Bir deyildin özünlə,
dolaşırdın
min donda.
Gəzirdin başqa adla,
özgə biçimlə onda.
Olmamışdan
qabaq da
ayrı şəkildə vardın.
Əgər mən görməsəydim,
sən çətin sən olardın.
Doğulmağın uzun iş,
ölümün
bircə andı.
Hər şey mənim gözümdən,
baxışımdan yarandı.
Qalmışdın aralıqda,
yer tapmırdın
enməyə.
Gördüm, yaratdım səni,
başladın görünməyə.
***
... Min formaya düşdüm
min bir ölçüdə,
gəlib öz üstümə
oturanadək.
Hər üzdə hamını
bütöv oynayıb,
hamıda yaratdım
özümü tək - tək.
Gizlətdim üzümü
yazılarımda,
yerimi duydular
şeir iyindən.
Necə görürəmsə,
görüküb elə,
gecikdim sonuma
tələsdiyimdən.
Çiynimə qaldırıb
təkcə daşıdım
girib gizləndiyim
bu qutunu da.
Susdum öz dilimdə,
anlamadılar,
tərcümə etdirdim
sükutumu da.
Nəyim varsa, bir - bir
çıxarıb atdım,
yerdə məndən qaldı
son söz adamı.
Bir kitaba sığdı
bütün kitablar,
baxdım, bir nəfərdən
görükdü hamı...
***
... Kaş bir canda darıxmağa
bir qadın gəlib çıxaydı.
Özündən gendə dayanıb,
üzünə
məndən baxaydı.
Görəydi
mənim gözümlə
görünməz şeyləri
bir - bir.
Yerli vaxtla gecikəydi
ölümünə
beş - on şeir.
Rənginə düşəni seçib
geyinəydi
ayrı sifət.
Məni sevməyi edəydi
özünə
ən vacib sənət.
Enib özündən
bir addım,
qalxaydı zildən yuxarı.
Gəlişi olaydı kaş ki
qışda
son ərəb baharı...
***
... Ayağın
yola dartılıb,
uzandı qulağın səsə.
Səni birnəfəsə içib,
saxlamadım
heç bir kəsə.
Uzun oldu
bu qafaya
fikirlərin ən qısası.
Yazdığın beş - altı şeir
sözlərin
abort masası.
İşıqlaşdı hər yan gecə,
qaranlıq
açıldı səhər.
Kiriyib bağırtın boyda,
danışdın
sükutun qədər.
... Yığışdır olanlarını,
bir - bir elə özünə cəm.
Ayaqlarımı
geyinib,
ötür məni özüməcən...
***
... Bu gecənin
yağmurunu
damcı - damcı içəsən.
Şəhəri yuxuya verib,
olduğundan
köçəsən.
Səsində
itəsən qəfil,
bir notun da qalmaya.
Dırmaşasan öz qatına,
olacaqlar olmaya.
Vaxt yetməyə yaşamağa,
dönəsən gəldiyinə.
Doğulmağınla ölümün
düşə
eyni bir günə.
Ayılıb görəsən,
yoxsan,
nə azın var, nə çoxun.
Sənin eynəyini
taxıb,
şeir yazır yoxluğun...
***
... Sözümüzdən kənarlaşıb
iki səs çatmadıq xorda.
Gedib elə yerə çıxdıq,
özümüz
olmadı orda.
Bölündük,
artdı sayımız,
şəhər qarışdı şəhərə.
Soyunub, öz sifətindən
min şəkildə
çıxdı hərə.
Olduğumuz gerçək deyil,
Gerçək kimi görünməkdi.
Təkimiz
cüt - cütdü bizim,
cütlüyümüz də
tək - təkdi.
Keçsək də
başqa notlardan,
birdi bizim çəkimiz də.
Çəkdirdiyimiz fotoda
bir düşürük
ikimiz də.
Axtarırıq üzümüzü
gələnlərdə,
gedənlərdə.
Eyni adamlarıq elə
ayrı - ayrı bədənlərdə.
***
.. İşim çoxdu,
çıx yadımdan,
dönmə sola, sağa da.
Vaxtım yoxdu
bir saniyə
səni unutmağa da.
Olmadığım şəhərə get,
al, özünə
cüt bilet.
Orda çək, son günlərini,
mənsiz yeri
montaj et.
Nə mən gördüyün
o mənəm,
nə də il həminki il.
Bu ölkə də burda atıb
getdiyin
yerdə deyil.
Heç nədən nəsə düzəldib,
bir şey
qurub yapırsan.
Səni sevən adamları
itirəndə...tapırsan...
Dərinin
rəngini dəyiş,
itsin əvvəlki üzün.
Yamancana
darıxmışam,
sənsiz darıxmaq üçün...
***
... Üzüqoylu
süründüyü,
dizin - dizin sürdüyüdü.
Adam sözdən göründüyü,
hər bir üzdə gördüyüdü.
Burda üzlər
elə bir üz,
eynidi fərqlinin tamı.
Heç kəs ayrı görə bilmir,
bir - birindən
baxır hamı.
Nə ünvan,
nə yol bilən var,
hərə bir cür köçəridi.
Burda içəri, çöl yoxdu,
çöl də elə içəridi...
***
...Keçə bildiyi yerəcən
min bir adam
keçdi məndən.
Geyinilib bir dəfə də,
əynimə gendi bu bədən.
O dünyadan göndərilmiş
son fotosuyam atamın.
Gəzdirdim
mən olanacan
üzünü neçə adamın.
Varaqlar doldu,
qalmadı
dərimdə bir sətir ağ yer.
Halımı son nöqtəyəcən
şərh elədim
şeir - şeir.
Qırıldı bütün tellərim,
qopdu içimdən
səs simi.
Sükutumun ifasında
dinlədin şeirlərimi.
Ayrı şey gəlmir əlimdən,
işim sözdə
gizlənməkdi.
Mənimki
yazmaq - zad deyil,
canımdan təmizlənməkdi...
***
... Yaxşı yadımdadı,
doğulmamışdan qabaq
necə məşq eləyirdik
yaşamağın
çeşidli şəklini,
cürbəcür pozasını
bir oyunçu həvəsiylə -
bunların
doğulandan sonra
bir işə yaramayacağını,
oyun qaydalarının
dəyişəcəyini
ağlımızdan belə
keçirmədən.
Yaxşı yadımdadı,
doğulmamışdan qabaq
necə seçib ayırırdıq
sevinə - sevinə,
geyinib gedəcəyimiz,
rəngimizə düşən
ən qalın dərini...
***
.. Açılıb taybatay,
göründü hərf - hərf,
dibdəki anlamı
üzü bu adın.
Soyunub özümü
sonuncu dəbdə,
ölçümü eninə
uzun yaşadım.
Enib, səndə çıxdım
birinci yerə,
Oldum hər tərəfdən
sıranın ilki.
Atəşə tutuldu
şeir postlarım,
verdim misra - misra
çoxqatlı itki.
Dəyişib sözbəsöz
mənim olanı,
girdim ayrı notda
rəngsiz yozuma.
İxtisar eləyib
son hərfinəcən,
mahnı bəstələdim
alın yazıma.
Rəqəmsiz - fılansız
düşdüm tarixə,
yazıldı gəlişim
min addan qabaq...
Hər şeyi ölçürsən
İsa yaşıyla,
biz ki doğulmuşuq
miladdan qabaq.
***
... Bura
heç bir kəsin deyil,
həm də hər kəsin evidi.
Hisləri sözə çevirmək
eşqin
köhnəlmiş növüdü.
Yüyürüb çatana qədər
giriş bağlandı çıxışa.
Görürəm,
nə çəkdiyini,
duruşun sözsüz afişa...
Bütöv heç nə
yoxdu burda,
parasısan öz tamının.
Tək özü deyil, çölündə
dublyoru var hamının.
Yatmış tərəfini tərpət,
silkələ,
sözündən oyan.
Yaşantıların bir kino -
ikinci dublu olmayan...
Tural Adışirinin təqdimatında