manera.az
manera.az

Özündən keçən adamın.. - Əli Şirin Şükürlünün şeirləri

Özündən keçən adamın.. - Əli Şirin Şükürlünün şeirləri
əksim və mən

gedirəm.
kölgəm – gah irəlidə,
gah də geridə.
gah da qeyb olur bədənimdə.

dayanmışam qarşısında;
güzgü – əksim hərəkətdə.
çəkilirəm,
əksim gizlənir zülmətdə.

oturmuşam. qarşımda
fotolar – şəkillərdə
düzbucaqlı xatirələr.
baxmıram,
yox olur hadisələr.

kölgə (gedirəm),
güzgüdə əksim (dayanmışam),
fotolar (oturmuşam)

mən(gedirəm. dayanmışam. oturmuşam).

nə sirr var bunlarda,
yəni kölgədə, güzgüdə, fotolarda? –
həm mənəm,
həm də mən deyiləm.

nə sirr var? –
birini deyim:
mən üçölçulu – fəzada hərəkətdə,
onlar müstəvidə – ikiölçülü təsvirim.

nə sirr var məndə,
nə sirr var? –
birini deyim:
mən də təsvirəm,
üçölçülü güzgüyəm, şəkiləm, kölgəyəm.

gələcəyin şəkli

fotoda yeddi nəfər:
atam, anam,
mən, qadınım
və üç uşaq.

atam, anam yaşlıdı,
qadınım və mən cavan,
uşaqlar körpə.

iyirmi beş il əvvəl çəkilib foto.

atam, anam həyatda yoxdu artıq,
mən və qadınım ortayaşlı,
uşaqlar cavan.
keçmiş zamandı şəkillər.

gələcəkdə çəkilsəydi bu şəkil,
təxminən iyirmi beş il sonra:
uşaqlar yaşlanıb,
atam və anam cavan,
mən və qadınım körpə.

fotoda yeddi nəfər:
keçmiş zamandı şəkillər,
xəyallar - zaman maşını.



* * *
yaşımın üstünə yaş gəlib
baxdım ki
ay allah əllərim
hələ də körpə qalıb

bu əllərlə... şeir yazdım
bu əllər səni oxşadı
bu əllər bir az atamın
bir az da
anamın əllərinin oxşarı

içində əyri – üyrü xətlər
içində keçmiş gələcək
qıyma əllərimə allah
deyəsən
bu körpə də öləcək

Tərcümeyi-hal

Adım Əli Şirin
soyadım Şükürlü

Səyədulla müəllimin oğluyam
atasız günlərimi yaşayıram artıq

anam Göyçək adlı bir qadındır
xəstəlik üzür onu

üç uşaq atasıyam
bütün atalar kimi
sevirəm onları mən də

elmlər namizədiyəm
universitetdə dərs deyirəm

bir də
şeir yazıram

əvvəllər yaşamağı sevərdim
“yaşamaq gözəldir” – deyə
son vaxtlar
fərqli düşünürəm nədənsə...

çılğınlığım da var
üzdən bir elə bilinməsə də
içimdə fırtınalar

xaraktercə zəif adamam
biganə qala bilmirəm olub keçənlərə
“hər şey ötəridir” - deyə

çoxlarından fərqli olaraq
həm ölümə inanıram
həm də ölümsüzlüyə
vəssalam...

hə...
bir də utanıram ağlayanda



***
O qədər ucadayam
yıxılmaqdan qorxuram,

o qədər aşağdayam,
Allah,
səndən aşağda,

yıxılmağa
yerim yox



***
Özümü qura bilmədim,
demə,
getdiyim yollar qurulmuş,
ha istədim əyri gedim,
qurulu yollar düz imiş.

Çıxış yolu tapammadım,
mən özümdən çıxdım, Allah,
getməyə yol tapammadım,
mən özümdən keçdim, Allah.

Özündən keçən adamın,
özündən çıxan adamın,
bu qədər sevən adamın
Səndən başqa kimi varmış.

Bütün yolların əvvəli,
bütün yolların sonusan,
hara baxdım səni gördüm,
mən əvvəldən yoxmuşam, Allah.



***
Ya mən məkandayam,
ya mən məkanam,
ya zaman məndədi,
ya mən zamanda.

Dəyişir məkan, dəyişir,
sürüşür zaman, sürüşür,
tükənir hər şey - dəyişir,
dəyişir hər şey - tükənir.

Fırlanır yer üzü;
məndən aşağı,
fırlanır,
göy üzü məndən aşağı.

Bir az yer üzünə,
bir az göy üzünə
oxşayıram mən,
gah bir az məkana,
gah da ki zamana
oxşayıram mən.

Dəyişir yer üzü - kölgəsi üzümdə,
dəyişir göy üzü - işığı gözümdə,
dəyişir gözlərim, dəyişir;
işığı üzümdə,
dəyişir kölgəsi gözümdə.

Nə qədər dəyişmək olar, Allah,
necə tanıyacaq görənlər məni,
necə tanıyacaq zalım qardaşım,
necə tanıyacaq zavallı anam,
üzümdə - gözümdə göyün işığı,
üzümdə - gözümdə yer əlaməti



***
Dəniz qırağındakı
boş yerin sənsizliyi
sızladacaq qəlbimi
bu səhər yenə.

Qağayılar əvvəlki tək
dənizi sevməyində

Sabah sən yenə də
olmayacaqsan bilirəm,
sabah mən yenə də
qayıdacağam dəniz
qırağının sənsizliyinə və
bircə təsəlli:
yolumu gözləyəcək
dəniz qırağındakı
boş yerin sənsizliyi,
bir də
dünənki qağayıların
dəniz sevgisi



***
V.B. Önərə

Yanağında göz yaşı,
ağlama gözəl, ağlama.

Sürüşdüm yer üzündən,
sürüşdüm göz yaşı tək.

Ağ üzündən göz yaşı
sürüşür, gözəl, yıxılır;
yerlə göy arasında.

Sürüşdüm yer üzündən,
yıxıldım
göz yaşı tək,
asıldım göy üzündən.

Ağ üzünə astaca
hopur acı göz yaşı,
sil gözünün yaşını,
ağlama, gözəl, ağlama,

hopuram yer üzünə,
hopuram yavaş - yavaş,
hopuram yer üzünə,
hopuram göz yaşı tək.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930