manera.az
manera.az

Sifətlərlə sevirik, feillərlə ayrılırıq - Fərid Hüseynin şeirləri

📅 10.10.2017 15:38

Sifətlərlə sevirik, feillərlə ayrılırıq - Fərid Hüseynin şeirləri
Manera.az tanınmış gənc şair Fərid Hüseynin şeirlərini təqdim edir:

GƏL QAÇIB GEDƏK DÜNYADAN

Gözümə işığın düşür.
Yarın-yaraşığın düşür.
Gəl qaçıb gedək dünyadan,
Pasportun var, yaşın düşür,

Qapıya elçi gələndə.
Təriflərlə öyüləndə.
Yaxşı oğlan deyiləndə.
Yada ev və maşın düşür.

Davam edir dava-dalaş.
Bu nə taleh, bu nə savaş.
Tələsmə sən, yavaş-yavaş
Hər gün ölüm aşın bişir.

BƏLKƏ

Allah bizi yıxa-yıxa,
Bəlkə də döyüb öldürür.
Allah bəzi qocaların
qəddini əyib öldürür.

Xoş halına ölənlərin,
Vay halına qalanların
Allah bəzən sevənlərin
Xətrinə dəyib öldürür.

SEVMƏDİYİN QADIN

Sevmədiyin qadınla bir damın altında yaşamaq
nə onu aldatmaqdı, nə də özünü.
sevmədiyin qadınla bir damın altında yaşamaq
sevgidə zibillik kimi eşələnməkdi.
yemirsən, amma nəsə axtarırsan orda
Sevmədiyin qadınla bir damın altında yaşayırsansa,
deməli, taleyindən Həmzə Qır atı qaçırıb.
Sevmədiyin qadınla bir damın altında yaşayırsansa,
axşamlar evinin qapısı tabut ağzı tək açırsan.
Və hələ talehin tərs üzü kimi uşaqlarda varsa,
Deməli, içindəki bütün sevincləri yağmalayıblar.
Sevmədiyin qadınla yaşadığı evə gəlmir kişi,
Öyrəşdiyi dərdlərin tüstüsünə gəlir hər axşam
Sevmədiyin qadınının açdığı süfrədə limonadlar da şərab kimidi.
Kişi öz bədbəxtliyindən sərxoş olur.
Sevmədiyin qadınla bir damın altında yaşamaq püşkünə düşübsə,
Evdə uşaqlar,
Həyətdə ağaclar.
Güldanda güllər də
Gec böyüyər.
Sevmədiyin qadınla bir damın altında yaşayırsansa.
Rus bazarlarındakı saxta çeçen dolları kimi olarsan
əldən-ələ, dildən-dilə düşə-düşə xərclənərsən.
Sevmədiyin qadınla bir damın altında yaşayırsansa
Sənə yenidən doğulmaqdan özgə carə görmürəm.

MƏNDƏN DEMƏKDİ
Qılman İmanlıya


Çox da bəxtində küsmə.
Onsuz səndən küsəcəklər.
Bir gün sən lap neyləsən də
Özgəsini seçəcəklər.
çox sevdiyim adamlar.

Gözlərinə qan damacaq.
Çatmayacaq havan da.
Təklik dənizinə atıb
əl edəcəklər limanda,
çox sevdiyin adamlar.

Sonra da uşaq kimi
Arxanca düşəcəklər.
Əllərində boşqab, qaşıq,
kədər yedirdəcəklər.
çox sevdiyin adamlar.

Yıxılanda sıxılacaq
Dizin divar döşünə
Səni dizi bükülü qoyub
Gedəcək iş-gücünə
çox sevdiyin adamlar.

Onda biləcəksən ki,
Aqil başın avammış
Bircə səni sevən elə
əksin olan adammış.

Bəs hara “buxarlandılar”,
çox sevdiyin adamlar?!

MİNİMALİST ŞEİRLƏR

Çiçəklər öz rənglərinə
inanmırlar -
Solurlar...


***
Allah bizə ömür
verir,
insanlarsa vaxtımızı alır.


***
Qar üzərində yeriyirəm
ancaq
sol ayağımın izləri qalır.


***
Şəkil çəkdiririk nağıla dönür:
Biri var idi, biri yox.


***
Ezop zəncirini açmağa qorxur,
Bilir ki, itləri bağlayacağıq.


***
Müharibə:
Əsgər ağzında evlərindəki
çörəyin xəyalını çeynəyir.


***
Vaxt ötdükcə,
sənin günahlarını unudub
öz günahlarımı xatırlayıram.


***
Nitq hissələri:
Sifətlərlə sevirik,
fellərlə ayrılırıq.


***
Bəlkə də səadət mən gəlməmişdən öncə
evdə işıqların yanmasıdı ancaq...


***
Səni hər görəndə
qabırğalarımı sayıram
əskik gəlir.

***
Heç nə unudulmur bu yer üzündə -
Hər şey öz adıyla əzaba dönür.

Fikir yorğununun dedikləri

Kilsələrin üstündəki xaçlar
bənzəyir dinə sancılmış qılınca.
Qürbətdə yada düşən dərdlərim
könlümü incidir, bağrımı sökür –
Bakı vaxtıyla – öz saatımızla...

Bu döyüş meydanı dünyada
“İbadət edən silahlar”ın səsindən
tutulub, kardır qulaqlarımız.
Burda kilsə zəngiylə döyülür yerə,
əcələ tələsən "əsgər ayaqları"mız...

İnsafdırmı, görəsən,
faniliyinin haqqını əbədiyyətlə ödəyirik –
cənnətlə, cəhənnəmlə,
əbədi zülmlə, əbədi xoşbəxtliklə.
Ayaq üstə yaşamaqdır sonuncu qələbəmiz –
bizi torpağa çəkən dünyada – çəliklə.



***
Ata,
Vaxtın zəncirindən asılıb yoxluğun,
o zəncirdən asılıb yüyrüyüm...
Yüyrükdən enəndə,
ayağım yer tutanda
görməyəcəyəm səni?

Ata,
təklədilər məni,
söykəyib kürəyimi
anamın təsəllisinə
vuruşdum:
“Allah da təkdi, oğlum”.

Ata,
Qorudum özümü,
Ailəmizin ümid yeri
olduğumu bilən gündən.
Bayramlarda
sənin ağzınla öpürəm
anamın üzündən...


***
Ölüm deyil bir qadının yoxluğu.
Ən uzağı soyuq yemək deməkdi.
Ən ötəsi həvəssizcə əyninə,
Təzə, amma qırış köynək geyməkdi.

Nə var onsuz yaşamağa, asandı.
Cüt yataqda tək yatmaqdı “rahatca”.
Eh-vay onla dil tapmaq da çətindi,
neyləyirsən, danışammır həyatca.

Ondan, onsuz, nə qalacaq? Ötəsi...
bir cütlənmiş çəkməsi var burada.
Onu da ki, gizləyərəm uzağı.
O əldəyməz, kimsəsiz yan odada.

Kitabları dağıdaram özümçün,
yaddan çıxıb yanar xörək sobada.
Unudaram qalın paltar geyməyi:
Rahat-rahat üşüyərəm havada.

Deməz: "Evdə çəkmə bu zəhrimarı,
Siqaretim qabındaca öskürməz.
“Sevgi” sözü hər davada min dəfə,
çiliklənib, yerə-yurda tökülməz.

Gedən getsin, qapım Novruz qapısı –
gedənə də, gələnə də açıqdı.
Bir cüt gözdü onu burda gözləyən.
Onsuz axı yatmaq olar? – Ayıbdı.



Baxış sayı - 2 465 | Yüklənmə tarixi: 10.10.2017 15:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031