manera.az
manera.az

Dilənçi məhəbbət sərhədlər aşar... - Məmməd Araz | MANERA.AZ

Dilənçi məhəbbət sərhədlər aşar... - Məmməd Araz | MANERA.AZ
Oktyabrın 14-ü xalq şairi Məmməd Arazın doğum günüdür. “MANERA.AZ” saytı mərhum şairin sevgi şeirlərini oxuculara təqdim edir.

Unut məni

Dilim dinməz, kirpiklərim səs elər,
Necə xoşdu - ürəyimi kəs elə...
Qalan ömrə yarım ürək bəs elər,
Unut məni, aldat məni, at məni.

Enişi qar, yoxuşu qar bu yolun,
Yad nəfəsdən buz qayası su olu...
Yalan yolu beş addımlıq su yolu,
Aldat məni, unut məni, at məni.

Sən ömrünün atəşində yananda,
Kölgəndən də gərəksizdim yanında.
Qiymətli bir itik saxla yadında,
Unut məni, aldat məni, at məni.

Gözdən gözə körpü salmaq nər işdi,
Baxışların meylini tez dəyişdi.
Təzə addım özü təzə döyüşdü,
Aldat məni, unut məni, at məni.

Bu sevdadan nə yetirdik, nə üzdük?!
Dalğasına nə qərq olduq, nə üzdük.
Axır səni düzdə qoydu bu düzlük...
Unut məni, aldat məni, at məni.

Sevgi sərhədi

Boyumdan yuxarı ucalığım yox,
Gözüm üfüqəcən görməyə qadir,
Dağın o üzündən umacağım yox,
Dağın bu üzündə bulaq mənimdir.

Sevən həm qayğılı, həm də qayğısız,
Sevin - səninkidir bu boyda aləm.
Qəlbinə bulanıq fikirlər sızır:
"Səninlə olsam da, sənin deyiləm".

"Elə öz yerində sayır vədlərim,
Elə həmişəki, həmənki adam...
Qırıb sərhədləri, qırıb sədləri
Eşqini dünyaya tanıtdırmıram..."

Tapaq məhəbbəti çəkən tərəzi,
Bəlkə qəlbimizdə inamı çəkək?
Sənin min şübhəni yığsaq bir gözə,
Mənim bir inamım ağır gələcək.

Ürək də qəribə xilqətdir deyən,
Bəzən öz istəyi özünə yükdür.
Dünən sevdiyini bu gün sevməyən
Sevginin özündən şərti böyükdür.

Demirəm əmr etsən, gözümü yumub
Göyün yaxasını bağlatdıraram.
Demirəm bir gecə kəsilsə yuxun
Sübhün gəlişini saxlatdıraram.

Yox Şirin şərtlərin,
Yox buna şübhəm!
Mən nə hökmdaram, nə qulam sənə,
Yox Fərhad külüngü hökmündə rütbəm,
Dəniz qucağında ev quram sənə.

İndi dəb deyildir Məcnun göz yaşı,
Leyli tələbinə nə tədbir tapaq?
Borcundan çıxarıq, Nofəl qardaşın,
Leyli nə istəyir? - Daş-qaş - bir tabaq!

Dilənçi məhəbbət sərhədlər aşar;
Sən mənim eşqimin sərhəd dirəyi.
Səndən o tərəfə sonsuzluq yaşar,
Səndən o tərəfə yer görünməyir...

***

Mənli də, mənsiz də bu dünya vardı,
Göy belə göy idi, qar belə ağdı.
Bu dünya elə bir nəğməli valdı,
Mənli də, mənsiz də oxuyacaqdı.

Çıxıb bu dünyanın yoluna mən də,
Dönüb durmalıydım bir astanada.
Üfüq saralanda, toran düşəndə
Səsləməli idim səni astadan.

Belə olmalıydı yəqin ki, belə...
Qəlbim intizarda döyünməliydi:
Sonra bu vəfalı döyüntülərlə
Yeni görüşəcən öyünməliydi.

Əhd-ilqar tumuydu bu döyüntülər,
Mən keçən yollarda göyərməliydi.
Sinəmi bir daşa söykəsəm əgər,
O da insanlaşıb, köyrəlməliydi.

Belə olmalıydı yəqin ki, belə:
Çiynimə bu yükü götürməliydim.
Ağlımın hökmünü mən bilə-bilə
Qəlbimin hökmündə itirməliydim.

Bu gün də beləcə... bir dönəcəkdə
"Sevgi məhkəməsi" qurulmalıymış.
Bu şərtlər, o şərtlər... məşəl ürəkdə
Məhəbbət bir işım qor olmalıymış...

Biz ayaq saxladıq nahaqca yerə,
Məhəbbət yoluna çıxdın, dayanma!
Cəsarət gərəkdir ilk sevənlərə -
Yalandı kül olmaq, yalandı yanmaq!

Qayıdarsan

Belə dönmə, ismi dönük deyilsən;
Gileyin var: yağdırıb get, yağıb get.
Qayıdarsan: yol göyərər, yol donar,
Keçdiyimiz yola bir də baxıb get!

İnnən belə dəmin dəmdə, qəmin kəm...
İnnən belə toy-büsatlar səninki.
Göz yaşların gərək olmaz yəqin ki...
Gözlərini gözlərimə sıxıb get.

Aldatmaq da aldanılmaq deyilmi?
Zəhər satmaq zəhər almaq deyilmi?
Yaxşı quyu tərs badalaq deyilmi? -
Elə birdi: yıxılıb get, yıxıb get...

Tufan dəli, il tağında gül zərif,
Tez töküldü ömrümüzün gün zəri.
Barı ayır yadda qalan günləri,
Yaddaşının bir ucuna yığıb get.

Qopdu bir səs, qopdu bir tağ qalamdan,
Göyərçinlər perikdi dağ qalamdan,
Eşqim qalan bu üçbucaq qalamdan
Əlində cam, dilində şam çıxıb get...

O gözlərə baxmaram

Bu gün sənin hər gözündə bir gülüş,
Biri çılğın, biri tutqun, bürkülü...
Baxışına yad baxışlar bükülü,
İnnən belə o gözlərə baxmaram.

Qəza gəldi, əsa gəldi, deyirlər.
Əhdini də düyçələyər iy əllər.
Bir çalada donan suya əyilləm,
İnnən belə o gözlərə baxmaram.

İki görüş bir baxışda görüşdü,
İki ilmə bir yanlışda görüşdü.
Doğru sözüm aldanışla görüşdü,
İnnən belə o gözlərə baxmaram.

Haray, durnam, qatarımı itirdim!
Havar çəkdim, havarımı itirdim,
Dalğasında avarımı itirdim,
İnnən belə o gözlərə baxmaram.

İsmi dönük, son tufanım olsa da,
Son ümidim, son gümanım olsa da,
Gündoğanım, günbatanım olsa da,
İnnən belə o gözlərə baxmaram.

Olarmış

Öyünəsi bircəm idin, birimdin.
Yön tutası qibləm idin, pirimdin.
Taleyimə dan ulduzu bilirdim,
Karvanqıran olmağın da olarmış.

O dolaşa çox yuvalar dolaşıb,
Bal dilindən bişirərsən bal aşı.
Yüz dodağın artığından bulaşıq
Bir qədəhə dolmağın da olarmış.

Azan dildi - söz tapdayan, söz yolan,
Beş addımda söz yorulan, söz yoran...
Nə fərqi var: əyri yalan, düz yalan.
Doğruluqdan doymağın da olarmış.

Qal sinəmdə, qal, ay sevdam, qal, ayçam,
Paxır qəlbi ağartmadı qalayçan.
Məhəbbətin qanad açan, qol açan,
Qol bağlayan qolbağın da olarmış.

Əl soyudu, könül də od qalamır,
Gün gün üstə xəzəl kimi qalanır.
Bir elinən tikdiyimiz qalanı
Bir əlinən oymağın da olarmış...

Ayrılıq görüşü

Bu da bir minnətdir, -
Görüş minnəti.
Yoruldun, yeridik ikicə addım.
On ildə bilmədik yol-yoxuş nədi,
Bir gündə on ilin yoxuşu çatdı.

Deyək keçməmişik bu yolu, neynək;
Bir an da gərəkdir xəstə adama.
Qəfləti üz-üzə gəlmişik deyək,
Deməyək qəfləti ayrıldıq amma.

Belə ikilikdə onsuz da təkik,
Ürəklər baş-başa deyilsə əgər.
Geri dön,
Qəlbini gətir görüşə.
Belə nifrətə də nifrət deməzlər.

Bu gün dodaqların qaçsa da, gülmür:
Dönüb gülüşünü gətir görüşə.
Dilindən söz yağmır,
Sual tökülmür;
Qayıt, ötən günü gətir görüşə.

Qayıt, insafını gətir görüşə,
Yol üstdə bir tənha ağac san məni.
Barı inandır ki, təəssüf ilə
Kəsib, uçuruma atırsan məni.

Söz sözdə bişməsə, söz sözdən acı...
Məhəbbət büdrədi -
Göz qapalıdır.
Küsün var açıq de, ərkin var açıq,
Yalan dil yarası,
Dil qabarıdır.

Zaman nərələri,
Qıyları udur,
Hər həşir-harayı eşitməz zaman.
Məni inandır ki, məhəbbət budur -
Səadət başlanır bu ayrılıqdan...

Məni inandırma

Tutarlı söz gəzmə özünü yorub,
Məni bilirsən ki, aldatmaq asan...
Desələr: "Ay səni qonaq çağırıb,
Marsla evlənəcək", inanasıyam.

Desələr göyləri şum eləyiblər,
Günəşdən su alıb suvaracaqlar;
Vallah, bu yalanı doğru deyiblər,
Vallah, olasıdır bu olacaqlar.

Deyirsən, "qorxum yox qorxularından,
Özünə də yadsan, yadın da mənəm".
Gözünü yumdunmu - yuxularında,
Gözünü açdınmı - yanında mənəm.

Dilinin ucundan tökülənləri
Qaytarıb dilinin dibinə əksən,
Bir yarpaq istisi tapsa əllərin,
Bir insan kölgəsi itirəcəksən.

Nə yaxşı çox sözə qəlbim inanır,
Nə yaxşı ürəyim hələ uşaqdır.
Hardasa qəlbimin bir damla qanı
Riyadan, çamırdan, lildən uzaqdır.

Baxma bu dənizə üzü düz kimi,
Çölünü içinə bükən nəhəngdi.
Mən də ilk baxışda o dəniz kimi...
Hamarım, tumarım görünəcəkdir.

Düz sözdür dünyada hər şeydən baha
Ocaq halaldırsa, mən yanasıyam.
Yalanı yalana bələmə nahaq,
Onsuz da nə desən inanasıyam...

Sənin etibarın...

Sənin də etibarın bura qədərmiş, heyif...
Dözümünün dözümü çatmadı sona qədər.
Mən aldadım özümü:
Qəzaya-qismət deyim,
Sən aldat ki, özünü, "naxışdı yanlış qədəm"...

Kimsə bilməz kim olub ilk yolçusu bu yolun,
Xəyanət sellə yaşıd,
Boranla-qarla yaşıd...
Bilmirəm bu kəlamı kim yonub,
Yaxşı yonub:
Qohum badalağından cəllad bıçağı yaxşı!

Üzünün üzü gülür, astarı qapqaradır,
Orda bir ağ kölgəni
Bir qara kölgə udur.
Kölgələr tutaşanda təzə kölgə yaranır:
Nə ülfət duyğuludur,
Nə hörmət duyğuludur!

Dil felə qoşulanda baş əldə diyircəkdi,
Dilin behişt vədləri-
Bihuşdarı olarmış.
Bir qarış səddimizi gör zaman
hara çəkdi...
Zirvə qarı bildiyim -
Güney qarı olarmış.
Şərəfli tanımıram
şərəf tapdaya bilə,
Alçaqlardır -
Alçaqlıq axtaran ucalara.
Deyin ki: "göyərçindən, leyləkdən ismət dilə,
Bir qəlbi viran qoyub, bir qəlbə uçanlara".

Ələdim, dənələdim ötən günləri bir-bir,
Harayından dikəldim:
Ərlərin, ərənlərin.
Bir xatirə təsbehə zor-güclə düzə bildim.
Yadıma gələnləri,
Yanıma gələnləri...

İlk qədəmdə öpüşdü, son qədəmdə tüpürcək,
Bir qeyri mükafatın olacaqmı, nə deyim?..
Peşə süpürmək isə,
Axtar qızıl süpürgə...

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031