manera.az
manera.az

Mirzənin dərəsi - Bəxtiyar Aslanın hekayəsi

Mirzənin dərəsi - Bəxtiyar Aslanın hekayəsi
Məni Mirzənin dərəsinə apardığın gün, nəsə pis bir şey olacağını sezmişdim. Lakin sən, Tanrının izniylə, məni bütün pisliklərdən qoruyardın. Eynilə elə, pis hisslərdən də... Yəqin buna görəydi, heç nə demədən pis şeylər sezdiyimi bilir, bunu hiss edir və məni qoruyurdun. Qoruyan və bağışlayan Tanrının adıyla...

Yenə də Mirzənin dərəsi boyunca gedərkən ayaqlarımın altından əslində heç olmayan qara ilanların qıvrılaraq axıb getdiyini görürdüm. Onların yalnız bir görüntü olduğunu bildiyim halda qorxurdum. Dağın ətəyini qucaqlayan bərk istidə, süpürgə otlarının buraxdığı kəskin tər qoxusunu duya-duya gedirdik. Tez-tez havalanan bildirçin balalarına, çil kəkliklərə yerdən bir daş götürüb atmağa belə macalımız yoxdu.

- Sən ilandan qorxmursan, eləmi?

Yay hər zaman olduğundan daha isti və daha quraq keçirdi. Gəvənlər (kirpi kimi yumru, tikanlı yabani çiçək) gödək qalmışdı. Oduncaqlı gövdələri qısaydı. Gərək indiyəcən çoxdan mənim boyuma çataydılar.... Ancaq bizimlə yol yoldaşıydılar. Yarpaqları da keçən yayın yarpaqları iriliyində ya olar, ya da olmazdı. Üstünü çılpaq dağın sovurduğu qızılı toz örtüb.

Getdikcə toz qalxır, o qızılı örtüyün altından, tüstünün arasından qəribə bir yaşıl gülümsəyir. Sovrulan tozlardan da bir şey olacağını sezirəm, pis bir şey... Tez-tez sağ çiyininə sallanan ucuyla üzünün tərini sildiyin ağ bürgü (kəlağayı kimi baş örtüyü), palçıqlı bir qəhvəyi rəngdə olmuşdu. Mən ona baxarkən günəş gəlib düz təpəmizin üstündə dayanır, sanki başımızın üstündə atəşdən yumru bir şlyapa var. "Melon şapka" (kovboy şlyapası kimi, qamışdan), deyib tüpürürəm. Şlyapayamı, günəşəmi hirsləndiyimi bilmirəm.

Buralara yazda, axşamtərəfi gəlirəm. Əvvəl bu yuxarıda görünən qayalıqlara qədər dırmaşıram. Nəhəng qayaları manivela kimi istifadə etdiyim bir çubuğun köməyiylə yerindən oynadıb yuvarladıram. Top kimi sıçraya-sıçraya aşağıdakı tarlalara qədər diyirlənir, oraya, düzənliyə yaxınlaşanda yavaşıyır, bir xeyli irəliləyib toz qaldırırlar, nəhayət, bir tərəfdə qalırlar. Dalınca qəhqəhəylə güldüyüm daşlar mənə heç bir zaman pis bir şey olacağını sezdirmirlər.
Mirzənin dərəsi - Bəxtiyar Aslanın hekayəsi
Mirzənin dərəsi qupqurudu. Dərə yatağındakı daşlar, yastı daşlar uzaqdan bir ayna kimi parlayır. Gözlərim qamaşır. Qamaşma susamağımı artırır, daha doğrusu, xatırladır. Dərənin dərinliyinə doğru getdikcə hava daha da bürkülü olur. Az əvvəl endiyimiz yerdə quru, cansız süpürgə otlarını yelləyən bir meh, əsinti vardı. İndi burada bir tük belə ağır bir daş kimidi. Onu tərpədəcək, yerindən oynadacaq bir meh belə yoxdu. Sanki hər şey dayanıb. Hər şeylə bərabər dünya da, zaman da dayanıb. İkimiz dayanmış bir zamanın üstündə irəliləyirik. Dayanmış bir zamanın?.. İrəliyə doğrumu, geriyə doğrumu?

- Suyumuz lap azaldı, eləmi?

Nədənsə bir söz belə demirsən. Mirzənin dərəsindən yuxarı, hamilə bir qadın kimi yatan dağın qarnına doğru gedirik. Dərənin iki yamacı da günəşin bütün istiliyini alıb üstümüzə əndərir. Yastı daşlarda əks olunan günəş istiliyi olduğundan çox hiss etdirir.

- Məni bu istidən, bu boğanaqdan da qurtara bilərsən, eləmi?

Nədən sonra illərdir qulaqlarımda təkrarlanıb duran o sualı soruşuram, "Mirzə kim?" Bu sualın bir cavabı yoxdu. Olmadığını bilirəm. Bəlkə illər uzunu soruşmağımın səbəbi budur. Lakin olmalı, bir yerdə, hətta lap burada bir yerdə bir Mirzə olmalı, bu dərəyə sahiblənməlidi. Böyük dərəyə? Bu böyük dərə niyə Mirzənin olsun ki?

Bu gecə silahlar dillənəcək. Heç olmasa tək bir silah bir neçə dəfə açılacaq. Biri, - necəsə kim olduğunu bilirəm, lakin hissimin reallaşmasından qorxduğuma görə onu özümdən qovmağa çalışıram, - yolunu kəsmək istəyən, "dayan, getmə", deyən kimi silahdan çıxan güllələrin önündə dayanacaq, qarşısına keçəcək. Tətiyi kimin basdığının nə önəmi var? Bəlkə də mən basaram. Bəlkə də bu dərənin içində boğulub qalmaqdan qorxduğum Mirzə. "Mirzə kimdi?". Bir çavuş ola bilərmi? Mirzə çavuş?.. Əsgər çavuşu? İşçi çavuşu? Bəlkə də məzhəb çavuşu? Mirzə, çavuş olmalıdı, çavuş. Mirzə adına ən çox yaraşan çavuşdu.

Təkrarla və istədiyin qədər bax. Mirzə çavuş, Mirzə çavuş, Mirzə çavuş... Fikrimdən keçənləri bilirsənmiş kimi dönüb gülümsəyirsən. "Kimi" də nə demək, bilərək. Əyilib günəşdə parlayan daşlardan birini götürüb hara gəldi atıram. Bir gevenin başını qırır. Ətrafa qıpqırmızı bir toz ələnir. Daşın dəydiyi yerdən yaralanan gevenin bütün gövdəsi bir anda qana boyanır. Sonra gözümə dəyən bir gəvənə daha bir daş götürüb atıram. Halbuki onlara düşmən deyiləm. Bir neçə günə quruyarlar. Kəndlilər gəlib yığarlar, qatırlara yükləyib apararlar. Gevən tez od alır, çıtır-çıtır yanır, tez də keçir. Evləri, otaqları isidər. Yenə gəlib yığarlar.

Mirzənin dərəsinin bir türküsü də olmalıdı. Biri bu qayalardan birinin üstündə oturub söyləməlidi. Bəlkə də elə Mirzənin özü. Sən susduqca Mirzə bir sual olaraq içimdə böyüyər, bir şahzadəyə, bir padşaha çevrilər. Bu dərənin və dağın, aşağıda saralmağa başlayan düzənliyin sahibi kimi. Mirzənin dərəsindən gür, dümağ köpüklərini yastı daşlara çarpa-çarpa sular axmalıdı. Mən gəlib kənarında oturmalı, kökləri möhkəm qamışlardan yapışaraq sürüşüb suya girməliyəm.

- Suyumuz lap azaldı, eləmi?

Sonra mən suda sərinləyərkən havanı gömgöy quşlar doldurmalı, üstümdə dolanıb dayanmalıdılar, səmaya bir salam kimi. Qanad səsləri gəlib məni suda tapmalı, yüngül bir meh olmalı göyərçindən. Səsləri bahar yağışı kimi işıqlı, bahar yağışı kimi sərin, şap-şap düşür üzümə. Sonra içindən günəş keçən damlaları havada tutan, atəş yeyən quşlardan bir bulud gəlib üstümdə dayanmalıdı. Qarşı yamaclara incəcik göyqurşağı düşməlidi. Titrək, sayrışan işıq parçaları...

Lakin mən böyüyərək aşiq oldum.

İndi axşam toranında görüşürük. Bir köhnə daxmanın qarşısında. Cənuba doğru kiçik, incəcik qovaq budaqlarıyla çulğalanmışdır. Başımı qaldırıb baxınca nə qədər etibarsız bir yerə sığındığımızı anlayıram. Aralarına bir az saman sərmişlər, üstünə də palçıq atmışlar. Kürəyimizi söykədiyimiz köhnəliyin dünyaya baxan üzü... Cənub əvvəl kiçik təpələrlə başlayır. Onların kürəyinə söykənərək yüksələn başqa təpələr, sonra başqaları... Lap kənarda incə, uzun, şərqdən qərbə uzanan qarlı bir dağ silsiləsi... Alabula bir qoç kimi. Qaranlıqda belə görünür. Adı nəydi? Doğrusunu sən bilərsən, eləmi? Qaranlıq çökdümü amansız bir təkliyi paylaşırıq. İkimizdən başqa kimsə yoxdu bu kainatda. Yan-yana otururuq, ocaqda fışıltı iləqaynayan çayın qoxusu boşluğa nəsə pıçıldayır. İkimizə aiddi. İkimiz də eşidirik. Aşağıdan, qovaqların arasından zəif bir meh əsir, gəlib qumral saçlarını tapır.

Yüzünə sovrulub yapışan bir neçə telini titrəyən barmaqlarıyla naşılıqla geriyə atır. Küləkmi inadcıl, yoxsa saçlarınmı, bilmirəm, üz-gözünə dağılır.
Onu gözəlləşdirən yoxsa barmaqlarımı? Dəydiyi yeri bir gül bağçasına çevirir sanki. Adını pıçıldayıb dayanıram. Sonra saçından bir tel gəlib dodaqlarına yapışır, utanır, danışa bilmir. Arxada, o kiçik daxmanın qapısının qarşısında yanan şam titrəyir. Bütün işıqlığımız o. Küləkdən sönməsin deyə oraya, kiçik bir küllüyün içinə qoyuruq. Stəkanlarımızı onun işığıyla tapırıq, çayımızı onun işığıyla doldururuq.

Payız fəslidi və hava o qədər isti deyil. Üstəlik axşam düşüb, gün batıb. Bilirik, çöldə hava birdən soyuyacaq. Bir azdan kənardan, qarşı dağın ağlığı soyuq olub gələcək, dərimizin altına, ta ciyərlərimizə qədər işləyəcək. Qalxıb gedəcək, içəridən bəlkə bir taxta sandıq içindən yasəmən qoxulu bir jilet gətirib çiynimə örtəcək. Mən o qoxunu daha çox onun qoxusu olduğu üçün sevəcəyəm. Onun jiletinin...

Bütün bunları Mirzənin dərəsinin istisini bir az yüngülləşdirmək üçün yaşayıram, bilirsən. Halbuki böyüməmə hələ çox var, böyüyüb aşiq olmama.

- Eşq də bir şeyə susamaqdır, eləmi?

Məncə sən Mirzəni tanıyırsan və bu gün pis şeylər olacaq. Bunu sən də sezirsən. Tez-tez səmaya baxıb bir parça, başındakı örtük qədər bulud axtarışın, boşuna deyil. Nə olacaq? O buludu tapsan, içindəki qaranlığı, içində yığılan xıltı bir nəfəslə yuyub arıdacaqmı? Yastı, iri bir daşın ucunda oturursan önlüyünü yığaraq. Neçə qat önlüyün var sənin? O biri ucunu da mənə göstərirsən, keçib otururam. Gərdənbəndini boynuna qədər aralayırsan. Qupquru bir səslə birbayatı deyirsən. Hələ də əzbər bilirəm. Axtardığın buludu daxilində bir yerdə tapmış olmalısan, gözlərin nəmlənir əvvəl, sonra ağlayaraq təmizləyirsən içindəki xıltı.

- Sahibsiz qoyun deyilik biz.

Bunu indi niyə söyləyirsən mənə? Doğrudanmı dağ başında lap yalqız qaldıq? O qədər uzaqdayıkmı? Niyə gəldik bu istinin günündə? Mirzənin dərəsində nə axtarırıq? Mirzəninmi, yoxsa?

Biz o köhnə daxmanın qarşısında oturarkən təpələrin üstündə yapyalqız gecəni gözləyən yabanı armud ağaclarına baxırıq. Onlar gecənin gözətçiləridi. İkimiz də üşüyürük. Yavaşca böyrümə qısılır. Kürəyimdəki jiletdən yayılan yasəmən qoxusuna saçlarının qoxusu qarışır. Radioda bir türkü güllə kimi əriyib içimizə axır. Külək birdən əksinə əsməyə başlayır. Aşağıda çağlayan dərənin səsini alıb aparır. Uzaq tarlalarda açan çöl nərgizlərinin bayılmış qoxusunu hiss edib gəlir, saçlarının qoxusuna qarışdırır.

Lakin mən böyüyərək aşiq oldum.

Bunu ilk dəfə orada özümə bir böyük kimi qorxmadan söyləyirəm. Söyləməyin, etiraf etməyin fəlakət demək olduğunu bilə-bilə. Eşq belə bir şeydir, eləmi? Susduqca yaşayan, amma söz olmaq üçün çırpınan, qarşısında dayanılmaz bir sel kimi çağlayan? İçimdə o seli, dünyanı qabağına qatıb bir top kimi yumalayan seli necə həbs edə bilərəm? Mənə bunun elmini niyə öyrətmədin? Niyə öyrədən olmadı? Qarşıdakı yabanı armud ağacları niyə bu qədər susur? Bunlar insanın gözünün içinə baxa-baxa niyə susurlar? Niyə bu qədər susamışam?Bu çölün ortasına kim atdı məni? Mən səhrada hər qum dənəsində bir kainat yerləşdirməyəmi məhkum edildim? Eşq belə bir şeydirmi, Tanrının özünü imkansızın aynasında göstərməsidirmi? Bilirəm, bütün səhranın qum saatı kimi axıb dayandığı bir yer var. Orada dayanıb bir şeyi gözləməyə məmurum, bilirəm. Lakin burda o yasəmən qoxusu, o bayğın çöl nərgizi...

Ətrafdakı quru kolluqların arasından bir xışırtı eşidib ürpənirik. Saçlarını boynumda hiss edirəm. Külək də içəri girib şamı söndürür. Radionun atəş böcəyi kimi kiçik işığına baxırıq. Yabanı armud ağaclarından birinin ardından dümağ, kiçik bir bulud görünür, gəlib bir şal kimi boynuna dolanır. Yaxşıca qucaqlayıb sarmaşıram. Soldakı təpələrdən birinin arxasından ayın kövrək alov kimi qalxmasını izləyirik. Bir azdan bütün təpələr işıqlanacaq, ta uzaqlarda uçan gecə quşları belə görünəcək.

Mirzənin dərəsində, ikimizin oturduğu o daşın üstündə dodaqlarım çatlayaraq yuxuya dalmağımın böyüyüb aşiq olmağımla əlaqəsinin olduğunu, əlbəttə, bilirsən. Lakin mən o pis hissdən xilas ola bilmirəm. Sən, bilə-bilə, mənə heç bir şey öyrətmədən məni tərk edəcəksən. Eşqin tək yaşanacağını, "bu yolda tək gedilir" deyərək öyrədən sənsən. Mənə bir tək bunu öyrətdin. Qışqırmadan necə yaşanacağını, ağlamadan necə eşq ağrısı çəkiləcəyini, rüsvay olmadan həqiqətin necə etiraf ediləcəyini, yaranın qanadılmadan, irinin axıdılmadan necə yaxşılaşdırılacağını, sonsuza qədər içimdə tüstüləyəcək o yasəmən və o bayğın çöl nərgizi qoxusunu duya-duya necə yaşayacağımı, o qumral gecələrin təkrarının qeyri-mümkünlüyünə özümü necə alışdıracağımı - hamısının çarəsini bildiyini bilirəm - öyrətmədən çıxıb getdin. Kimsəsiz qaldım, bomboş qaldım. Öz içində zingildəyən, öz-özünə bağlanan bir plafon kimi qaldım kainatın ortasında. Nə vaxt qışqırası olsam, bütün dağlar üstümə yıxılacaq, bütün səhra, bütün dənizlər məni udacaq.

- Eşqi kirpiklərin ucundan oxuyan kimdir?

Bir həqiqət kimi buraxıb getdiyin bu problemin cavabını, yaşayaraq, hər gün yenidən özümə "mən" deyərək verirəm. Kaş Mirzənin dərəsinə heç getməyəydik. Heç getməyəydik və o daşın üstündə dodaqlarım çatlayaraq yatmayaydım. Belə-belə böyüdüm, eləmi, mən?

Axşam evə bir qatırın belinə heybə kimi yüklənərək gətirildim. Ayaqlarım bir tərəfində, qollarım o biri tərəfində sallanmışdı. Bir ölü kimi gətirib soyuq zala atdılar məni. Sən Mirzənin dərəsində qalmışdın. Niyə qalmışdın? Niyə gəlməmişdin? Tuluqdakı son damlaları çatlayan dodaqlarıma sürtərkən qaranlıq hisslərimin səni məğlub etdiyini söyləyirdin əslində. Qova bilməmiş, xilas ola bilməmişdik. Məni, ulduzlar səmanı bəzəyənə qədər orada gözlətdilər. Sonra aparıb bir çuval kimi, içi tamam boşalmış bir çuval kimi dibdəki otaqlardan birində sərin torpaq üstünə uzatdılar. Sənin orada, Mirzənin dərəsində, o daşın üstündə uzanıb yatdığını görürdüm. Quşları gözləyirdin, ulduzları gözləyirdin, bəlkə atılacaq bir tüfəngi, bir isti mərmini gözləyirdin. Bir daha gəlməyəcəyini bilə-bilə çatlayan dodaqlarıma sürtülən suyu rədd etdim uzun müddət. "O gəlsin", - dedim, - "o gəlsin və barmaqlarıyla dodaqlarıma su versin", - dedim səssizcə. Səssizliyimin mənasını hər kəs bilidi. Cümlə-cümlə yayıldı aralarında. Lakin heç kim, heç kim bir şey söyləmədi. Heç bir şey söyləmədən daha gəlməyəcəyini izah etdilər mənə.

Sonra mən böyüdüm və aşiq oldum.

Sentyabr idi. Mən budağında yaxşıca qurumağa başlamış gilasların qoxusunu belə duyurdum. Dərənin aşağısında qurbağaların səsi get-gedə azalır. Ağaclarda qəribə bir təlaş. Sürətlə yetişən meyvələr. Qara, qapqara dəf kimi bir düz. Barmaqlarımızın ucunda irəlilədikcə dəf kimi səs çıxır. Bir qurbanlıq qoçu öpən kimi yavaşca boynumdan öpərək "gedəcəksən, eləmi?", - deyir, - "gedəcəksən"... İkimiz də bilirik. Ta Mirzənin dərəsində məni tapan o hissin bir gəlincik (lalə) kimi çırtladığını, üzə çıxmağa hazır olduğunu bilirik. Tutub öpürəm qoxusunu. Göyləri cıran bir səs dərə boyu sıralanmış qovaqların yarpaqlarını titrədərək gəlir. Çayımız isti, təptəzə. Açıq qapının arxasında səyriyən şam kölgələrimizi alıb dizlərimizə yatırdır, ayaqlarımızın kənarında başlarımız birləşir. Çöl nərgizləri son dəfə tərləyir. Kürəyimdə eyni jilet, eyni yasəmən qoxusu...

Sonra mən səni tutub anlatdım. "Məni Mirzənin dərəsinə apardığın gün", - deyə başladım və hər şeyi izah etdim. Hər şeyi bilir, Mirzənin dərəsini, o isti günü, o isti gündə məni tutan qaranlıq hissi, yastı daşları, dizlərində yatdığımı... Gülümsəyir. Sanki başımızın üstündə, sanki bizimlə birlikdə Mirzənin dərəsindədi... Məni tutub dizlərində yatırdarkən kürəyimdə o daşın istiliyini duydum. Nəsə bir şey, pis bir şey olacağını sezirdim. Mirzənin dərəsində məni tapan hiss təkrarlanırdı.

Deyərkən bir silah atılır. Mirzənin dərəsində bir pis, qaranlıq hiss kimi meydana çıxan silah atılır. Kölgəsi böyüyərək gələn isti bir güllə öpür məni sol sinəmdən. Sağ çiyninə buluddan bir baş örtüyü sallanır. Onun ucuyla göz yaşlarını silir.

- Mirzə sənsən, - deyir pıçıltıyla.

Əyilib sinəmdəki yaradan öpür sanki.

Tərcümə: Eyvaz ZeynalovБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI