manera.az
manera.az

Vətəni gəzən səs - Ramiz Qusarçaylı yazır

Vətəni gəzən səs - Ramiz Qusarçaylı yazır
Xalqımızın qəhrəmanlıq salnamələrini, döyüş səhnələrini və şəhidlərin taleyini özündə əks etdirən Vətən mövzusu istər mənzum, istərsə də hikmətamiz nəsr nümunələri ilə dillər əzbərinə çevrilmiş, yaddaşlara həkk olunmuşdur. Klassik şairlərin yaradığıcılığından tutmuş müasir qələm ustalarının yaratdığı bədii nümunələrədək ədəbiyyatımızda ana xətti təşkil edən bu mövzuda Vətən uğrunda aparılan mücadilələrlə yanaşı, doğma yurdun əsrarəngiz gözəllikləri təsvir və tərənnüm olunmuş, xalqımızın xarakterinə uyğun simvolik marş və himnlərə çevrilmişdir.

Bu poetik söz çələngi şair ürəyindən süzülüb bədii qiraət ustalarının səsi ilə insanlara ruh verir, sözün əzəmət və qüdrətini pərdə-pərdə açaraq dinləyiciləri riqqətə gətirir, şairin hay-harayını, könül duyğularını dünyaya çatdırmağa cəhd edir.

Bədii qiraətlə könüllər oxşayan böyük Kazım Ziyanın səsində Füzulinin qəzəlləri, Mehdi Məmmədovun ifa ustalığında Şekspirin qəhrəmanları, Əli Zeynalovun ifasında Sabirin satiraları, Müxlis Cənizadənin dilində Vaqifin qoşmaları, Səməndər Rzayevin, Məhluqə Sadıqovanın təqdimatında xalq yaradıcılığı nümunələri, Lütfi Məmmədovun, Həsən Əblucun, Əminə Yusifqızının, Mikayıl Mirzənin, Laləzar Mustafayevanın, Azad Şükürovun, İlham Əsgərovun bəzən gur, bəzən də kövrək və həzin səsində çağdaş sənətkarlarımızın poeziya nümunələri dinləyicilərin ruhunu oxşamış, bədii qiraət sənəti onların təkrarsız istedadları ilə daha da inkişaf etmişdir.

Belə sənətkarlardan biri də çağdaş aktyorluq sənətimizin görkəmli nümayəndəsi, bədii qiraət ustası, respublikanın əməkdar artisti Ağalar Bayramovdur.

Onun ifasında sözün şəkli canlıdı, o öz qan dövranını ədəbi sözün, obrazlı sözün, qüdrətli sözün qəlb döyüntüləri ilə dürüst tənzimləyir, xalqımızın öz müstəqilliyi uğrunda apardığı mübarizə yolları, bu yollarda başımıza gətirilənlər - döyüş səngərlərindəki şücaətlərlə yanaşı xəyanət cızan qara əməllər, ana-bacılarımızın göz yaşlarından keçən ah-nalələri və bu mənzərələri özündə əks etdirən şeir nümunələri Ağalar Bayramovun səsində daha da möhtəşəmlik qazanır. Rəssam səsə malik sənətkarın ifasında çağırış motivli şeirlərdən tutmuş lirik ovqat yaradan ədəbi çırpıntılara kimi hər misra, hər beyt bənzərsiz yaşam qazanır. Bu yaşamın içində sənətkarın xoşbəxtliyi zövq verə bildiyi dinləyicinin könül xoşluğu ilə davamlı təmas yaradır.

Orta təhsilimi Bakıdakı fizika-riyaziyyat təmayüllü internat məktəbində, ali təhsilimi isə Politexnik İnstitutunda aldığımdan fizika və riyaziyyat fənlərinə təkcə dəqiq elmlər kimi deyil, bir həyat fəlsəfəsi kimi dərin rəğbətim olub. Odur ki, dünyanın ağlı-qaralı gərdişinə, enişli-yoxuşlu dolaylarındakı fiziki proseslərə və riyazi hesablamalara nəzər salanda səs tezliklərinin yaratdığı enerji dalğalarındakı rənglərin tilsiminə düşürəm. Bu tilsim yeddi rəngdən ibarət olub, insanın daxili aləminin çalarlarının psixoloji mənzərələrinin səs qatlarını nizamlayır, müfəssəl şəkildə eşitdiyimiz səslərin rəng, gördüyümüz rənglərin isə səs harmoniyasını yaradır.

Səsin rəngini notlara düzmədən, ilmə və naxışlara çəkmədən, muğam dəsgahlarına, opera və simfoniya çalarlarına bələmədən qiraət vasitəsiylə, olduği kimi hədəfə çatdırmaq bacarığı nadir sənətkarlara nəsib olur. Bu baxımdan Ağalar Bayramovun səsindəki rənglərin təcəssümü səs-rəng aspektində bir nişan, ağlı-qaralı nə varsa hər şeyin fonunda bir işıq, səs tezliklərindən əmələ gələn möhtəşəm bir dalğa yaradır. Bu dalğanın çevrələri Çanaqqala şəhidlərinin ölməz fədakarlığından, Xocalı fəryadının qisas gününü gözləyən məqamlarından, Daşaltı döyüşünün ağır və acı dərslərindən boylanan dərs yükündən, əsarətdə çırpınan Xarı bülbülün xar olan duruşundan keçir.

20-ci yüzilliyin ən böyük söz adamlarından biri, Türkiyənin istiqlal şairi kimi tanınıb məşhurlaşan Mehmet Akif Ərsoyun "İstiqlal marşı" Ağaların ifasında tarixin uzaq keçmişindən uzun bir yol keçib gələn azman türk oğlunun cəngavərlik salnaməsi kimi çox təbii notlarla səslənir. Asiya və Avropanın qovuşan yerində doğulan bu monolit şeir nümunəsi öz içində yaşadığı dövrün qabarma-çəkilmələrini bütün təfərrüatı ilə əks etdirən, türk dünyasının elmi-islami, ozan-qəhrəman, mərd-xeyirxah keyfiyyətlərini, ölməz ruhunu tərənnüm edir:

Dalğalan sən də şafaklar kimi ey şanlı hilal!
Olsun artık tökülən qanlarının həpsi halal.
Ebediyyət sana yok, irkıma yok, izmihlal:
Hakkıdır, hür yaşamış, bayrağımın hürriyyət,
Hakkıdır, Hakka tapan, millətimin istiklal!

Bəzən mənə elə gəlir ki, Ağaların dilində səslənən Vətən mövzulu şeirlərin əlindən tutub dünyanın soydaşlarımızın səsi, nəfəsi dəyən bütün ərazilərini gəzib dolaşmaq ehtiyacı yaranır.
Vətəni gəzən səs - Ramiz Qusarçaylı yazır
Axı, Vətən! deyib ötən səsdən boylanaraq bu yurda baxanda Vətən daha da əzəmətli görünür, bu əzəmətin içində çox şey yada düşür, çox itkilər göz önündə canlanır, çox yaraların qaysağı qopur !;

Nə xırman bir, nə dən birdi,
Döyən min-min, bədən birdi,
Mən ha deyim Vətən birdi
İkidi Araz dilində...

Ağalar heç vaxt söylədiyi şeiri anlatmır, onu dinləyiciyə yaşadır, daha doğrusu, Ağaların səsində şeirin canı, qanı dinləyicinin canına, qanına qarışır. Bütöv yaşantı yaradır. "Azərbaycan" marşı bu qəbildən özünəməxsus yer tutur:

Ey torpağı ləli-mərcan,
Azərbaycan, Azərbaycan!
Mən verərəm uğrunda can,
Azərbaycan, Azərbaycan!

Ey Vətənim, qarı düşmən bağrını al qan eylədi,
Soydu rəzalətlə səni, zülmlə talan eylədi,
Bağlarını vurdu xəzan, gör necə viran eylədi,
Zülmət çöküb, dondu zaman,
Azərbaycan, Azərbaycan!


Yeri gəlmişkən, M.Ə.Sabirin ideya, bədii təsir gücü ilə xüsusi seçilən "Səttarxana" adlı şeiri Məşrutə inqilabının sərkərdəsi Səttarxana, onun fədailərinin şah qoşunları üzərindəki parlaq qələbəsinə həsr edilib. Milli xalq qəhrəmanının şəninə həsr edilmiş şeirdə Təbriz fədailərinin mütləqiyyət üzərindəki qələbəsi coşqun ilhamla yazılıb.

Afərin təbriziyan, etdiz əcəb əhdə vəfa,
Dustü düşmən əl çalıb eylər sizə səd mərhəba,
Çox yaşa, dövlətli Səttarxan əfəndim, çox yaşa
Cənnəti-əladə peyğəmbər sizə eylər dua.

Bu şeir parçaları bu gün daha çox oxunmalı, dinlənilməlidir... Ümumiyyətlə, Sabir bu gün daha çox təbliğ olunmalı, öyrənilməlidir... Ağaların səsi də elə bunu deyir.

Oxucular tərəfindən hər şeiri maraqla oxunan, Vətənin müqəddəsliyini bənzərsiz və obrazlı şəkildə nəzmə çəkib rəngarəng poeziya nisanı yaradan, bu nisanı yurdumuzun insanlarından, onların adət-ənənələrindən, təbiətindən mayalandıran sevimli şairimiz Məmməd Arazın "Ayağa dur, Azərbaycan" şeiri Ağalar Bayramovun ifasında daha da dolğunlaşır, böyüyür, təsir dairəsini genişləndirir:

Səndən qeyri
biz hər şeyi bölə billik,
Səndən qeyri
biz hamımız ölə billik,
Bu, Şəhriyar harayıdır,
Bu, Bəxtiyar harayıdır,
Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir...


Bu misraların əks-sədası kimi Ağaların təlatümlü səsində şairin ruhu kükrəyir, bu coşquda, bu hayqırtıda üfüqlərdən üfüqlərə, sərhədlərdən sərhədlərə səkən bir çağırış baş qaldırır, Vətən övladının içindəki qorxu boğulur, özünü boz qurd eləyir, dağları yerindən oynadan nərələrə çevrilib yatmış vulkana nəfəs verir, onu körükləyir:

Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan!
Səninləyəm!

Vulkan oyatmağa qadir olan bir səsin sahibini - Ağalar Bayramovu böyük şairimiz Məmməd Araz həmişə təqdir eləyərdi, onun səsində öz şeirlərinin ifasına diqqətlə qulaq asardı, kövrələrdi, qiraət ustasına başını ağır-ağır yellədərək təşəkkürünü bildirərdi.

Ağalar Bayramovun səsində ustad Şəhriyarın "Azərbaycan", Abbas Səhhətin "Vətən", Səməd Vurğunun "Şair, nə tez qocaldın sən", Mikayıl Müşfiqin "Yenə o bağ olaydı" şeirləri, eləcə də Qabilin, Xəlil Rza Ulutürkün, Sabir Almazovun, Əjdər Olun, Nüsrət Kəsəmənlinin şeirləri yeni ömür qazanır, dinləyicilərin ruhunu oxşayır. Ağaların həmin şeirləri müşayiət üçün seçdiyi musiqi parçaları da diqqəti cəlb edir. Görürsən ki, onun musiqi zövqü və ruhu da tamamilə bu Vətənin ağrı-acılarına, nisgilli taleyindən keçən muğam sədalarına, sazın yanğılı iniltilərinə, eyni zamanda cəngidə cövlan eləyən igid nərələrinə köklənib. Səsindəki və seçdiyi musiqi parçalarındakı uyğunluqlar şeirin təsir gücünü bir az da artırır, hətta bəzi şeirlərdəki zəif misraları da ört-basdır edə bilir, baxmayaraq ki, Ağalar səsləndirmək üçün heç vaxt zəif və yersiz şeirlər seçmir.

Ağalar şeirləri səngər boyunca ürəyi ilə, varlığıyla keşik çəkən mərd oğullara, alın təriylə qurub- yaradan zəhmət adamlarına, bir-birinə könül verib keşməkeşli həyata atılan sağlam gənclərə, təndir başında yapdığı çörəyin ətri ətrafa yayılan ana-bacılara, tələbələrə, şagirdlərə - hamıya oxuyur, Vətən ətrini və Qələbə qoxusunu hər kəsə dadızdırmağa çalışır, özü də Məmməd Arazın dili ilə:

Azərbaycan - mayası nur, qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
"Azərbaycan" - deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
- deyir.

Bir də Abbas Səhhətin təbirincə deyir ki:

Şişə çəksəz də diriykən ətimi,-
Atmaram mən Vətənü, millətimi.

Vətəni səsiylə gəzir Ağalar. Səsiylə bütöv Azərbaycanı dolaşır - Arazı adlayır, Təbrizi ötür, Savalanın qarına sürtür yanğısını, Samurdan keçir, yetim və qədim Dərbəndin 5 min ilin o üzündəki tarixi mənbəyini səsiylə yerindən tərpədir, Dəmirqapının Xəzərin dalğalarıyla öpüşən nisgilini beyt-beyt soydaşlarımıza çatdırır, Göycə göynərtisini Borçalı harayına büküb səsiylə sərhədləri qıra-qıra tufan qoparır, hayqırır, Qarabağın dağlı-aranlı kədərini Quşçulardan, Malıbəylidən, Şellidən, Daşaltıdan qoparıb səsinin ləngərinə çırpır, ürəyini çırpa-çırpa Laçından, Kəlbəcərdən keçirdir, Şuşaya boylana-boylana nə vaxtsa (bəlkə elə bu günlərdə) yaralı bir daşa sancılacaq Azərbaycan bayrağının kölgəsi düşən yeri öpməyə hazırlaşır:

Sənsən Azadlıq eşqim, sənsən
Hürr deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı,
Azərbaycan bayrağı!


Elə biz də hazırlaşırıq, həm səsimizlə, həm də sözümüzlə!

Ramiz QUSARÇAYLI

SƏS

Orda, uzaqlarda bir səs hönkürür,
Uçunur tarixin ləngər yerləri.
O səsin içindən vulkan püskürür,
Kükrəyir, qaynayır səngər yerləri...

Çəkir ciyərinə Göy həzin-həzin,
O səsə dağların ahı qarışıb.
Bir az Mübarizin, bir az Çingizin
Bir az da Əlifin ruhu qarışıb...

Qisas ümidimi kölgələyəndə
O səsin rənginə çəkilirəm mən.
O səs ürəyimi silkələyəndə
Qopub misra-misra tökülürəm mən.

O səs gah dərəyə, gah dağa dönür,
Neçə yol qaldırıb endirir məni.
Qələmim, kağızım qınağa dönür,-
O səs ön cəbhəyə göndərir məni.

Gözləyə-gözləyə qalıb gözlərim,
Güllü dan yerinə qan yükləyirəm.
O səsə çəkirəm ovxar sözləri
Səbrimi o səslə körükləyirəm...

O səslə alışıb yanan könlümü,
O səsə çırpılıb sınan könlümü
Təzədən o səslə sarıyacağam,-
Təzədən o səsə bükəcəyəm mən.
Adı taleyimə yazılıb, ancaq,-
Öləndə gözümə çəkəcəyəm mən...

16 yanvar, 2020-ci il...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031