Payızın "qış" hədiyyəsi - Aqil Yaqub...

(Şairin portret cizgiləri)
Mehman QARAXANOĞLU yazır...
Payız tərəfindən “təksilah” olunmuş ağaclar özlərini elə aparırlar ki, guya qışla müharibəyə hazırlaşırlar. Ürəklərinin dərinliklərində onlara bəllidir ki, heç bir müharibə-zad olmayacaq; qış da minillərboyu gördüyü əzəli və əbədi işini görəcək – onları geyindirib abıra salacaq...
Amma inanmıram ki, qışın rəqəmlərə gücü çata...
Rəqəmlər min il əvvəl olduğu kimi, yenə də çox soyuq və qəddardırlar...
Əziz dostum Aqilin 70-i kimi...
Bumbuzdu 70...
Təəccüb edirəm ki, Aqil öz bumbuz 70-ini necə gətirib çıxarıb bura – Cənuba?! Kimsə durub deyə bilər ki, məgər Aqil buraya uzaq məkanlardanmı gəlib?!
Cavab birmənalıdır: Bəli!
Bu haqda bir az sonra...
Amma Əlahəzrət fakt (bəlkə, rəqəm?) faktlığında qalır - 70 necə vardı, yenə elədir. Deyəsən, hər bir insanın ömürlüyünü simvolizə edən rəqəmlər elə o insanın özünə oxşayır. Kim necədirsə, rəqəmlər də o cür olur. Tutaq ki, Aqilin 70-i elə onun özü kimi ağıl, müdriklik və mərifətlə dopdoludur, bütöv və dəyişməzdir. Ruzigarın küləyi, qarı, çovğunu ondan heç nə qopara bilməyib! Əzmini, iradəsini, qürurunu qırmağa gücü çatmayıb...
***
Hələ də çoxuna elə gəlir ki, tanınmaq üçün sosial şəbəkələri boş və mənasız kommetlərlə doldurmaq, “əl əli yuyar, əl də qayıdıb üzü yuyar” kirli fəlsəfəsi ilə dostluğunda olan “yazar”ların zəif mətnlərinin altında “əllərinə sağlıq”, “ürəyinə sağlıq”, “əla!” yazıb onlardan da eyni jest ummaq, “ustad”lara “girişib” özün haqda nəsə yazdırmaq və hərdənbir də sükutu pozmaq üçün ona, buna, hətta özünə də daş atmaqla nəyəsə nail olmaq olar...
Lap olar!
Sonra?
Bu, qaz sızmasından yaranan ani partlayışdan başqa bir şey deyildir! Yenəmi partlayış istəyirsən?! Sən məmləkətdə bütün qaz xətlərinin sıradan çıxmağınımı istəyirsən?!
Bu yerdə lənətə gəlmiş unudulmaq qorxusu başlanır. Çünki unutmusan ki, sən həm də Tanrının yaddaşısan!
Bax, əziz dostum Aqil Yaqubda belə bir qorxu ta əvvəldən olmayıb. Çünki o, Tanrı yaddaşında əbədi qərar tutduğunu bilir:
Heç nə yaddan çıxmır dünyada, heç nə,
Heç nə gizli deyil günəşdən, aydan.
Bizim ağlımızdan, gözlərimizdən
Boylanır o işıq, görünür o dan. (“Heç nə yaddan çıxmır”)
***
Aqil Yaqub əsl ədəbiyyat adamıdır. Onunla nədən danışırsan, danış, hansı “yaxın” və “uzaq” mövzuları müzakirə edirsən, et, axırda gəlib çıxacaq könlünü əbədi verdiyi qosqoca Ədəbiyyat Evinə. Adama elə gəlir ki, bu evi Aqil öz əlləri ilə tikib. Burada hər şey ona doğmadır. O, heca ilə heca, əruzla əruz, səpkili şeirlə də azad və sərbəst bir dildə danışmağı bacarır...
***
Atası Yaqub müəllim zəmanəsinin tanınmış ziyalılarından idi. Ərəb və fars dillərini mükəmməl bilirdi. “Quran” bilicisi idi. Amma imperiyanın “Allahsız” sınırları içərisində bunu kimsə bilməməli idi. Aqil hələ uşaqlıq çağlarından kirill qrafikasının sərt divarlarını aşıb, ərəb və fars əlifbasının “əyri-üyrü”, labirintvari küçələrində gizlicə gəzişərdi. O “küçələr” onu gec-tez klassiklərimizin – Nizami, Xaqani, Nəsimi, Füzuli və başqalarının hüzuruna gətirəcəkdi...
***
Provakasiya yönlü anti-sənət cərəyanı kimi tanınan dadaizmdə belə bir tezis vardır: “Nə edirsinizsə edin, şeiriniz sizə bənzəyəcək”. Əgər desək ki, Aqilin şeirləri özünə bənzəyir, - bu, yeni fikir olmayacaq. Çünki bunu başqa yazarlar haqda da demək olar. Yəni, bu fikri qıraqdan darta-darta gətirib, zorla hər hansı zəif bir yazara da aid etmək olar. Ona görə də biz nəticə çıxarmağı diqqətli oxucuların ixtiyarına buraxırıq.
Amma burada da bir nüansı gözdən qaçırmamalıyıq. Sənətkar ömrü təkcə ədəbiyyatdan ibarət deyildir. Buraya onun yaşam uğrunda mücadiləsi, ictimai-siyasi sferada fəaliyyəti, həyat tərzi, klassik, çağdaş və dünya mədəniyyəti ilə intellektual bağlar qura bilmək məharəti və s. daxildir, bir sözlə, qəliz və mürəkkəb strukturlu kontekst həmişə nəzərə alınmalıdır.
İstedadlı yazıçını (İstedadsızlar istənilən şəraitə uyğunlaşırlar! ) sözügedən kontekstdən aralı tutmaq, balığı sudan quruya atmaq kimi bir şeydir. Sən nə qədər o balığın qızıl pulcuqlarını, parlaq gözlərini və tünd-qırmızı qəlsəmələrini vəsf etsən də, az sonra o pulcuqlar töküləcək, gözləri ölgünləşəcək, qəlsəmələri də köhnəlib boz rəngə çalacaq...
Şəffaf sularda insanın əksi necə görünürsə, Aqil Yaqub da öz mətnlərində o cür görünür. Buyurun, baxın:
“Daha bildik Bilmədiyimizi, Görmədiklərimizi daha gördük, Güldük, güldük, Gəldik özümüzə, Allah rəhmət eyləsin Mirzə Cəlili. Anlatdı bizə; Kimi dərdsizlikdən araq içir, Hərdən keflənir, Kimi araq içir, Dərddən keflənir”. (Kefli İskəndərə baxarkən”)
Şeirin zahirən sakit intonasiyası bizə böyük R. Rzanın “Anlamaq dərdi” şeirini xatırladır. Amma onun daxilində qlobal mənəvi deqredasiyaya qarşı yığılıb, sıxılıb, yumruqlaşan bir etiraz notu vardır. Həm də “dərddən keflənmək” ifadəsi bizi istər-istəməz Füzuli dünyasına aparıb çıxarır:
Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir,
Mən kiməm, saqi olan kimdir, meyü səhba nədir.
Aqil başqa bir şeirində yazır:
Kim deyir ki, şair qəmdən yazmasın,
Dünyanın onsuz da qəmi böyükdü.
Yükdü bölünməyən qəmlər dünyada,
Lap elə bölünən dərdlər də yükdü.
(“Şairin nəyi var şeirdən özgə?”)
Aqilin adıçəkilən şeirini çox sevirəm. Ən ağır, stresli çağlarımda dodaqlarım altda özüm üçün mızıldanmışam:
Şairin nəyi var şeirdən özgə,
Üzündəki nurdan, sehrdən özgə?
Dünyada şairin heç nəyi yoxdu.
Aqil bu qənaətə indi gəlməyib. O lap gənclik illərindən şairin şeirdən özgə heç bir “əlavə yükü”nün olmaması qənaətindədir. Bu da onun yaşamına güclü təsir etmiş, evinə, özünə, ruhuna hüzur gətirmişdir. Kamyunun fikirləridir: “Puçluq insanın mahiyyət və qabığında deyil, seçdiyi yaşayış tərzindədir”.
***
Aqil Yaqub güclü ədəbi-analitik təfəkkürə və məntiqə malik olan ədəbiyyatşünas-alimdir. Biz “alim” kəlməsinin klassik qatını qəbul edənlərdən birisiyik. Burada diplomlu “alim”lərdən söhbət getmir.
Ədəbiyyatın elə bir sahəsi yoxdur ki, Aqil öz qədərincə bilməsin. Bir neçə dili mükəmməl bilməsi, dünya ədəbi cərəyanlarına və fəlsəfi məktəblərinə dərindən bələdliyi ona hər hansı bir mövzuya fərqli yanaşmalar sərgiləməyə imkan verir. Ədəbi polemikalar zamanı yekunlaşdırıcı son söz həmişə onundur. Çünki onu sevənlər də, sevməyənlər də qəbul edir. Sevənlər ürəkdən, sevməyənlər də “məcburən”...
Nihilistlər üçün bir həqiqət vardır: “Dünya mənasızdır”. Aqil də bu dünyada “dərin” məna axtaranları qəbul etmir. Amma o, Kamyunun yanındadır:
“Mənanı insan özü yaratmalıdır”.
Məna sənsən!
Sənin əxlaqın və əməlindir!
***
Aqil Yaqub az yazır, amma çox mütaliə edir. “Mütaliənin bayram” olduğunu (Sartr) o, çoxdan dərk edib və bu yöndə misilsiz örnəkdir.
İndiki yazarların əksəriyyəti çox yazır, amma az mütaliə edirlər. Bunun nəticəsində də tez təsir altına düşür, öz üslublarını yarada bilmirlər.
Üslubsuzluq isə yazarın ölümü deməkdir.
Nə az, nə də çox, düz qırx il bundan əvvəl yazdığı bir şeirin dumduru üslubuna diqqət edin! Bu cür yalnız Aqil yaza bilərdi:
Əlimdəki toxumu
Öpüb qoydum torpağa,
Torpaq öz işindəydi.
Yayın qızmar çağında
Gölgəsinə sığındım tutun,
Yarpaq öz işindəydi.
Bulaqlara əyildim,
Öpdüm, içdim, duruldum,
Sular öz işindəydi.
***
Mətnin əvvəlində Aqilin uzaq məkanlardan buraya gəldiyini söylədik... Amma o məkanların adlarını nə Aqil, nə də biz bilirik. Ad yoxdursa, bu o demək deyildir ki, məkan da yoxdur. Çünki sözlər “adqoyma” mərasimlərinə həmişə gecikir...
Əslində, hər bir mətn də bir məkan funksiyasını yerinə yetirir...
***
Bir neçə gündür ki, bir təşbeh deşir beynimi: “Payız ağacları kimi çarəsiz...”.
Çox ağrılı bir təşbehdir...
Əziz dostumuz, ustadımız Aqilin 70-i önündə də eyni halı keçiririk...
Amma anidən ağlıma gəlir ki, dünyanın ilk hesab müəllimləri də ağaclar olub, axı...
Aqil payızla qışın son görüşündən dörd gün sonra dünyaya gəlib – dekabrın 25-də...
Və...
Və payızın darıxmağa haqqı yoxdur, çünki qışı “əliboş” qarşılamayıb...