Mən ocaq dünyadan qalxan tüstüyəm - ŞEİRLƏR

Tarix:23-06-2018, 13:25 Baxış Sayı:269

Mən ocaq dünyadan qalxan tüstüyəm - ŞEİRLƏR
Manera.az Qardaşxan Əzizxanlının "İlkim də sən, indim də sən, sonum sən" kitabından şeirlər təqdim edir:

Hər səhər beləcə

Dan yeri ağarır, qürub saralır,
Hər səhər beləcə, hər axşam belə.
Gündoğan qızarır, üfüq qaralır,
Hər səhər beləcə, hər axşam belə.

Bir əlində - sevinc, bir əlində - qəm,
Hər ömrü iki rəng toxuyur aləm.
Gözünün qarası, ağıdı bəyəm
hər səhər beləcə, hər axşam belə?

Mən ocaq dünyadan qalxan tüstüyəm,
Anadan olandan səfər üstəyəm.
Nə verdim dünyaya, nə də istəyəm
hər səhər beləcə, hər axşam belə.

İllərin xatirə qubarı- mənim,-
sinəmdə çəkilib-qabarır mənim.
Ağ, qara qoç olub aparır məni
hər səhər beləcə, hər axşam belə...

Bir tale ki,
pəncərədən daş kimi gəlsin


Bir tale ki, pəncərədən
daş kimi gəlsin,
Bir ömür ki, xumar gözdən
yaş kimi gəlsin,
Kim görüb hər "Bəri bax"dan
bir geri baxıb,
Allaha xoş gəlməyənin
xoş günü gəlsin?!

Bir Yazı ki, eşq nağılı
"Min bir gecə"lik,
Bir şeir ki, dua kimi deyib, dincələk.
Uzun sözün qısasını yazan bir şeir,
Yazan sözün qısasına yazıb hər şeyi!

Qırx incəbel qızla bağda
süzən bir şeir,
Sərv boyu tül yelkəndə üzən bir şeir,
İki daşın arasından sızan bir şeir,
Çay əli dağ ətəyindən uzun bir şeir.

Bu da sənə uzun sürən qaranlıq gecə,
Sanki qurdla qiyamətə qalan bir qoca,
Arxasınca ayağını sürüyən küçə,
Günəşli gündüzdən, aylı gecədən keçə!

Ay mərcanı çaya düşən göy
bəndə düşə,
Ay könüldən çay adlı bir kəməndə düşə.
Ay sayrışan burulğan su sal daşda
çaşa,
Çay məcranı dəyişə, sel-su daşdan
daşa!..

Dağ çilleyi- kamanına mindirib çayı,
Əldən çıxan misra çəkib sözbəsöz
yayı.
Dağdakı kef düzdə
çayın burnundan gəlib,
Kim qaytarıb
gözəl Tanrı göndərən payı?!

Ayrılıqlar başladı

Gilana

Ayrılıqlar başladı,
Başlandı ayrılıqlar...
Bu yerdə kara gəlməz
daha ayrı qılıqlar...
Ah, bir küncə qısnayan
qurdbasan aralıqlar!
"Öldün, qaldın?" deyən yox,
qalmısan aralıqda.

Yeni era başlayır,-
ayrılıqlar erası,
Gedər buruq boylular,
qalar boynu buruqlar.
Qalanları qalıqlar,
çoxalar bu qırıqlar
və başlar ayrılıqlar erası,-
Bizim era...

Dağlar hələ oyanmayıb

Oyansaq da biz səhərdən
Səhərin şaxı sınmayıb.
Gözünü açsa da hərdən,
Dağlar hələ oyanmayıb.

Pal-paltarlı yatıb elə,-
Çən-dumanı soyunmayıb.
Yuxudadı dağlar hələ,
Dağlar hələ oyanmayıb.

Üstünə sis yığıb, yatır,
Üstünə səs yağır, yatıb...
Bizi yuxudan oyadıb,
Dağlar özü oyanmayıb.

Duyğular

Dağın kefi- yağış töküb,
Daşda qaval çalmasıdı.
Dağ başına yol dolanıb,-
Xürrəminin çalmasıdı.

Xoş gəlibdi duman dağa,
Qarışıbdı yaşıl ağa.
Xan Eyvazın sola, sağa-
şimşək - qılınc çalmasıdı.

Bu dağları əyməz yağı,
Zirvəsinə qürur yağıb.
"Səs qayası" qürub çağı
Səssiz fikrə dalmasıdı.

Kənd içi güllü təpədi,
Yel əsib gülü tərpədir.
Kəndə qonağın hörməti
Orda qonaq qalmasıdı.


***
Əvvəl dənə-dənə... gecədən keçmiş,
Sonra narın-narın... səhərə yaxın,-
Həyadan alışıb-yanan bir qıza
utancaq oğlanın guya bilmədən
toxuna bildiyi bir ehtiyatla,-
Yağışlar başladı,
Payız başladı.
Leysan, gurşad yağış yağdı,
nə yağdı!
Qaçhaqaç, yır-yığış,
gurultu, şimşək...
Qapıya cavabsız toplar vuruldu.
Daha yağışların yarışı başlar,
Bürüyər dünyanı şır-şır yağışlar.
Yenə soyuq düşür, ayaz başlayır,-
Yağışlar başlayıb,
Payız başlayıb...

Nəşə Qaraböcək

Bu, Nəşə Qaraböcəkdi!..
Bu nəğməli türk qızını
Nəğməsiz də sevəcəkdim!!

Gözəl ayrılıq

Elə gözəl anladıq
Biz biri-birimizi;
İlk görüşdən ayrıldıq
açmadan sirrimizi.

Nə gözəl ayrılıqdı,
Ayrıldıq yanılmamış;
Sən məni tanımamış,
Mən səni tanımamış...

/"Ədəbiyyat qəzeti"/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ