manera.az
manera.az

Hər səsi çevirib söz etmək olmur - Gülayə Şınıxlı

Hər səsi çevirib söz etmək olmur - Gülayə Şınıxlı
“Daşlar ovula‐ovula, qayalar sökülə‐sökülə ölür... Millət isə unuda‐unuda” – deyirdi görkəmli ədəbiyyatşünas alimimiz Yaşar Qarayev; çağdaş nəslə, yetişməkdə olan gəncliyə əyan olsun deyə! Böyük alimin sözünü dinləyib, öyüdünü alan yeni nəsil yazarlarının istedadlı nümayəndələrindən olan Əkbər Qoşalı, təbii ki, ilk növbədə, bu könül, ruh ürpənişlərinin gerçək yaşamını şeirin, sözün diliylə ifadə etməyə çalışdı və... başarılı oldu.

Qələmə aldığı hər misrası, sözü ilə anlada bildi ki, Yaşar müəllimin bəhs etdiyi həqiqətlərin “nəliy”inə vaqif olmaq üçün ilk növbədə öz qəlbinin, düşüncənin dərinliyinə baş vurmalısan. Elə lap ilkdən, öz qəlbinin dərinliynə baş vura bilən Əkbər çağdaş poeziyamıza, bir növ, yetkin, bitkin halda gəldi. Necə deyərlər, öz imzasını təsdiq etmiş halda... Elə bil ki, bu imza yüzillərin o biri üzündən aşıb gələn imzalarla bir arada olmuşdu. Bu imzanın yeniliyi oxucunu “kimlik” sualı altında qoymadı. Həmişə var olan köhnə, tanışa dönmüş bir ad kimi ədəbi dairələrdə, ariflər qatında əziz tutuldu. Təbii ki, bu doğmalıqda, qəlbibirlikdə onun zövqlə, dərin bir incəliklə yazdığı şeirlər başlıca rol oynadı. O şeirlər etibarlı bir körpü, bağ kimi oxucu‐şair, əslində, yeni imzalar arasında vəsiləyə döndü... İlk növbədə o şeirlərin səmimiyyəti, dünyagörmüş bir ahıllıqla etdiyi titrəyiş oxucu qəlbini aldı, apardı:

Şairlər yanar, qovuşar,
yandı şam, yandı pərvanə.
Sübh ölər, axşam qayıdar
şamlar, dörd yanı pərvanə...

Görərlər sevgi azalıb,
dönərlər, min söz dolanıb;
Qiyamətə lap az qalıb,
düzdümü, yəni, pərvanə?


Qiyamətə lap az qalması təlaşını daha zor, güclü görünən dağla, daşla, ağacla yox... məhz zərif qanadlı bir pərvanəylə bölmək duyğusallığı həm də şairin dünyanın gələcəyinə əmin‐ arxayınlığının ifadəsidi, bəlkə?... – Bilir ki, hayana hərlənsə, dönüb dolansa da, yenə də pəvanəyə qalan şam, şama qalan pərvanə olacaq:

Olan oldu, keçən keçdi,
qara sevdalar gerçəkdi..
Yenə qanadı ilişdi,
yandırdı pərvanəni şəm,
yandırdı şəmi pərvanə...


Şəm‐pərvanə arası dünya sevdasının son ucu Əkbər Qoşalının yozumunda hər dəfə gəlib Dədə Qorqud deyimli “Uca Tanrı yazmayınca bəndə bulmaz!” həqiqətinə, dünyagörmüşlüyünə çıxır:

Tanrı yazıb, ömrümüz bir cümlədi,
hər cümlənin yanında bir nöqtə var.
Şah işarə nə “sual”, nə “nida”dı,
hərəsinin qanında bir nöqtə var.

Hər səsi çevirib söz etmək olmur - Gülayə Şınıxlı
Əkbər Qoşalı poeziyası bütün durumu ilə anladır ki, qələm hər vaxt yaxşı söz üçün dirəniş göstərir, inam olmayan yerdə nəfslər əxlaqı yenə bilər. Bütün bu çıxılmazlıqların yeganə, gerçək yolunu bütün hallarda poeziya özündə ehtiva edir. Əkbər Qoşalının poetik dünyası öz ətrini Əhməd Yəsəvi, Mevlana, Hacı Bektaş Vəli, Yunus Əmrə düşüncəsindən, həyatabaxışından alır. Ancaq, eyni zamanda da o, bu günün ədəbi texnologiyalarının, ədəbi “izm”lərinin dilinə, nədənliyinə yaxşı bələddi. Onun yaradıcılıq axtarışları davamlı, məntiqli və gələnəyə sayğılıdı. Söz bitən yerdə qələmin yas saxlaması həqiqətini yaradıcılıq axtarışlarının gözü qabağında saxlaya bilən şairlərdəndi Əkbər. Ona görə də milli poeziyamızın ədəb‐ərkanından süzülüb gələn, düşüncə kamilliyimizi özündə daşıyan misraları öz‐özünə süzülüb gəlir:

Yolunu azarsan, yol səni səslər,
nəsə itirərsən, ol səni səslər.
Hər səsi çevirib söz etmək olmur,
qəlb kədəri gəzər, dil qəmi səslər.

Eyni yerdən gələr, başqadı adı,
başqadı səs dadı, şirin söz dadı,
Səslərin gözəli qara sazdadı,
Kərəmi çağırar, Dilqəmi səslər.


Əkbər Qoşalı şeiriyyəti ‐ Kərəmi çağırıb, Dilqəmi səsləmək vadisi, yalı‐yamacı arası axıb gedən nəhr, bulaq misallıdı; qəlbə, ruha daha çox sərinlik, toxtaqlıq və şükranlıq duyğusu gətirir. Bu duyğuların məstliyi uzun bir ömrə, yaşama dəyər... Bütün hallarda Əkbəri oxuduqca “deyir səs ölməyir, deyir söz ölmür” haqqına köklənirsən. Eyni zamanda oxucu qənaəti hər bir halıyla şairlə həmrəydi ki, əgər, doğrudan da, söz ölmürsə, bəs onda hansı səbəbdən lazım olduğu məqamlarda bütün varlığıyla eşidilməyir? Əkbər Qoşalının bu sualının cavabı elə onun öz yazdıqlarındadı. Sadəcə, oxucu fəhminə ehtiyac var. Əkbər Qoşalı poetik sözə ehya verə bilən qələm adamıdı. Onun poetik təfəkkürü söz aşiqliyinin köynəyindən klassik və çağdaş poeziya gələnəyi üstündə, özəl bir bağlantı ilə keçib, bu müstəvidə qundaqlanıb. Onun şeirlərində aşiqlik zövqü, aşiqlik istedadı var. Oxuduqca inanırsan:

Dindən əvvəl Sevgi özü Din idi,
onda aşiq – yardı, onda yar – aşiq...
Əvvəl sözün “susma!” idi, “din!” idi,
indi isə susmaq olub yaraşıq...


Əkbərin şeirləri sözün dirənib qaldığı, susduğu yerdən başlayır. Yəni şeirin, sözün saba ‐ hına daha çox inam, daha çox etibar gətirir. Bu ruhda heç bir halda bədbinlik, özünəqapanma yoxdu. Ən dərdli çağında, qəmli çağında, bütün dünyanın amansızlıqla üstünə yeridiyi bir məqamda belə bu şeirlərə könül verə‐verə bütün qayğılarını, dərd‐sərini, ömür‐gün qarğaşalarını unuda bilərsən. Gəlib o yerə çıxa bilərsən ki:
Kirpiyimlə götürmüşdüm mən odu, onu gördüm, yenə qəlbim oddandı. Canan görüb, gülüb, deyib bu odu, ‐ ona deyin, bir eşq adlı oddandı...
Sinəsində ürək deyil, od olanların yığvalı, gedib‐gedib yenidən qayıdacağı ovqatı belədi. Əkbər o şairlərdəndi ki, inam və səmimiyyətlə yaza bilir:

Elə bil qələmə ayə keçibdi,
gözümü kağızdan ayırammıram.

Əkbər “odlanmayan ürəkləri od dandı” deyərkən də inandırıcıdı. Bütün halları ilə onun yaradıcılığı qələm dostlarının poetik dünyasına qığılcım saçır – yəni yazmağa, yeni söz deməyə istinad nöqtəsi olur. Elə mən də bu sətirləri yaza‐ yaza qəlbimin bütün səmimiyyəti ilə yazdığım “yarası ağrıyır şeir balamın” misrasını xatırlayıram. Yəni ağrı, kədər havası gəlirsə, deməli, yeni bir şeirin doğum günü başlayır. Uğurlu gündü, demək../"Ulduz".-2016.-İyun.-S.41-42/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930