Anarın ədəbi tənqidində dil və onun milli meyarları

Görkəmli yazıçı Anarın yaradıcılığı yalnız bədii əsərlərdən, yəni hekayə, povest, roman, ssenarilər və dramlardan ibarət deyil. Onun tənqidi görüşlərində dil mövzusu aparıcı yer tutur. O, həm də Azərbaycan ədəbiyyatşünaslığı və ədəbi tənqidinin inkişafı üçün böyük əmək sərf etmiş söz adamlarındandır. Respublika və dünya miqyasında bir çox ədəbiyyatşünaslar Anarın yaradıcılığına yüksək qiymət vermiş və onun əsərlərinin özünəməxsusluğunu vurğulamışlar. Yazıçı Firuz Mustafanın sözlərinə görə, Anar heç kimə bənzəmir. Şair və dramaturq İlqar Fəhmi Anarı ədəbiyyatımızda özünəməxsus arxetip yaratmış yazıçı kimi yüksək qiymətləndirir. Və qeyd edir ki, Azərbaycan mədəniyyətində tanınmış simalar olsa da, ancaq arxetip yarada biləcək yaradıcı insanlar çox azdır: “...Anar müəllimin yaratdığı arxetiplər sadəcə ədəbiyyat yox, həm də kino vasitəsilə kollektiv təhtəlşüura oturuşub, simvola çevrilib. Onlarla, yüzlərlə əsrələr var ki, hətta böyük uğur da qazanır, oxucular tərəfindən sevilir, öz müəllifinə şöhrət və nüfuz gətirir. Lakin bütün bu əsərlərin müəllifi öz xalqına bircə arxetip də bəxş edə bilmir”.[ 5 s. 22]
Hal-hazırda Anar çox geniş və sanballı ədəbi tənqidi irsin sahibidir. Onun bir çox yazıları söz sənətinə, doğma dilin zənginləşməsinə və onun amillərinə xidmət edir. O, “Ədəbiyyatın keşiyində” adlı məqaləsində yazır ki, söz sənəti üç amilə bağlıdır: həyat gerçəkliyi, bədii ədəbiyyat və geniş mənada – nəzəriyyə, tarix, tənqid daxil olmaqla – ədəbiyyatşünaslıq elmi.
Anarın ədəbi tənqiddə xüsusi diqqət yetirdiyi mövzulardan biri də qədim yazılı və şifahi abidələrə həsr olunmuş yazılarıdır. Bu da onun hesab edirik ki, Azərbaycan mədəniyyəti qarşısında ən böyük töhfələrindən biridir. Bu yazıların nəyinki mövzusu, hətta stilistikası da oxucunu məqaləyə qarşı daha çox diqqətli olmağa vadar edir. Məsələn, Anarın 5 cildlik “Söz dünyası” adlı kitabının birinci cildində yer alan “Odlar yurdunun söz və sənət sərvəti” adlı yazısında milli duyğuların çəkisini hiss edirik.
Bu məqalədə müəllif yalnız ədəbi müstəvidə sistemləşdirmə aparmır, eyni zamanda mədəni, tarixi cəhətlərdən də müşahidələr edir. Ədəbiyyatda İlyas Əfəndiyev, Mirzə İbrahimov, Rəsul Rza, S.Vurğun, Ə.Cəfərzadə, S.Rəhimov və s. Yazıçı və şairlərin yaradıcı əməyinə nəzər salınır, onların ölkəmizin, sosial dəyərlərin tənqidində, cəmiyyətimizdə mühüm rolunu vurğulayır.
Anar “Türkçülüyün banisi” yazısında Mahmud Kaşğarinin “Divani lüğat-it-türk” adlı türkçə-ərəbcə lüğətinin əhəmiyyətindən danışaraq həmin kitabı dünyada analoqu olmayan lüğət kimi dəyərləndirir. Anarın fərdi yaradıcılıq prizmasında ruhani temp öz parlaqlığına qovuşur. Yazıçının bu məsələdə fikir və mülahizələri də zəngindir.
Anar “Dilimizi yaşadanlar” məqaləsində türk dilinin qədim illərin süzgəcindən süzülməsini müxtəlif üslublu, təriqətli Azərbaycan şairlərinin şeirləri vasitəsilə göstərir. Onun “Dilimizin adı” yazısında Azərbaycan dilinin adı ilə bağlı öz təklifini irəli sürür: O, qeyd edir ki, bəzi hallarda ölkələrin adları ilə dilləri bir-birinə uyğun gəlsə də bəzi hallarda da uyğun gəlmir. Sonda ABŞ, Avstraliya, Braziliya və s. kimi ölkələri misal gətirərək yazır: “Ən düzgün yol elmi, tarixi dəqiqlik və tam obyektivliyə riayət etmək yoludur. Elmi, tarixi dəlillərə əsaslansaq və bugünkü reallığı nəzərə alsaq, ən dəqiq ad, məncə, belədir: Azərbaycan Türk dili. İki sözdən ibarət olan bu tərkibdə, zənnimcə, hər iki kəlmə son dərəcə vacibdir”. [2. s. 34]
Yazıçı dilin adlandırılmasını elmi, tarixi faktlarla aparılmasını təklif edir. O, qeyd edir ki, ta otuzuncu illərin sonuna qədər – Stalinin sözüylə “Azərbaycan dili” “Türk dili” məfhumunu əvəz edənə qədər Türk dili adlanıb. 90-cı illərdə Azərbaycan dilinin adlandırılmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yazıçılar, şairlər və alimlərin iştirakı ilə müzakirələr aparıldı. Böyük şairimiz Bəxtiyar Vahabzadə Azərbaycan dilinin “Azərbaycan Türk dili” adlandırılmasının lehinə idi, tanınmış alim Ziya Bünyadov bildirirdi ki, ölkəmizin adı Azərbaycan, dilimizin adı da ölkəmizin adına uyğun “Azərbaycan dili” adlandırılmalıdır. Eyni zamanda müxtəlif əsaslarla Heydər Əliyev də dilimizin Azərbaycan dili adlandırılmasının tərəfdarı idi. Təbii ki, bu məqamda dilimizin Azərbaycan dili adlandırılması daha məqsədə uyğundur. Dillər arasında leksik, qrammatik fərqlər varsa, bu artıq əsaslı fərqlilikdir, bu cəhətdən dilin hər bir xalqın adına uyğun adlanması daha məqsədəuyğundur.
Anar 1993-cü ilin 8 yanvarında “Müstəqil qəzet”ə verdiyi “İki dilin bir adı ola bilməz” müsahibəsində Azərbaycan dilinin Azərbaycan türkcəsi adlandırılmasının lehinə olduğunu bildirmiş, dilimizin türk dili adlanmasının isə əleyhdarı olduğunu açıqlamışdı. O bunu müxtəlif formada əsaslandıraraq qeyd etmişdi: “Bəs niyə mən türk dilinin yox, Azərbaycan türkcəsinin tərəfdarıyam? Çünki bu saat danışdığımız dil, sizin qəzet dili məhz Azərbaycan türkcəsidir, türkiyə türkcəsi deyil. Bunu birdəfəlik anlamaq lazımdır”. [3. s. 27]
Həmin müzakirələrdə Bəxtiyar Vahabzadə Azəraycan dilinin Azərbaycan türkcəsi adlandırılması kimi çıxış edirdi. Ümumillilider Heydər Əliyev isə məsələyə fərqli müstəvidən yanaşırdı və bildirirdi: “Yunan yunan dilidir, Çin çin dilidir, Rusiya rus dilidir, Ukrayna ukrayn dilidi, Belarus dilidir. Çexoslovakiya bir dildir, amma indi ayrılıblar. Çex dili ayrıdır, Slovakiya dili ayrı. Amma bunların fərqi bizimlə Anadolu türkcəsi ilə olan fərqdən xeyli azdır. Mən hər iki xalqın nümayəndələri danışmışam – Çexlə də, Slovakla da danışmışam; deyirəm, bir-birinizlə nə dilində danışırsınız? Deyirlər, nə dili? – Bizim dil eyni dildir”.
Heydər Əliyev bildirirdi ki, bəli, biz türkdilli xalqıq, qırğız, özbək, qazax və s dilləri misal göstərərək dilimizin Azərbaycan dili adlandırılmasının tərəfdarı idi. Ümumilikdə isə 90-cı illərin bir çox yazıçı, şair və alimləri – Hüseyn Abbaszadə, Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub və s. Şəxslər Anarın mövqeyindən çıxış edirdilər. Ancaq Z. Bünyadov qəti şəkildə dilimizin Azərbaycan dili adlandırılmasının lehinə idi.
Yazıçı Anar eyni zamanda Azərbaycan dilinin ləhçə adlandırılmasına qarşı çıxaraq əsaslandırırdı. O, yazırdı: “Son vaxtlar Azərbaycan dili haqqında deyirlər ki, guya bu ləhçədir. Mən bu fikrin qəti əleyhinəyəm. Türkiyədə olarkən dil üzrə mübahisələrdə mənə deyirdilər ki, ləhçə sizin anlamda deyil. Ləhçə ayrı şeydir. Mən dedim yaxşı siz Ukrayna dilinə ləhçə deyirsinizmi, yox. Belarus dilinə ləhçə deyirsinizmi, yox. Bəs Azərbaycan dili niyə ləhçə olmalıdır”. [3. s.27] Anar bu mülahizələrinə rəğmən, həm də Azərbaycan dilinin “Azərbaycan dili” olaraq işlənilməsi fikrinə sahib insanların fikrinə şərik çıxır. O qeyd edir ki, Türkiyədə yaşayan insanların danışdıqları dil ilə Azərbaycanlıların danışdıqları dilin eyni, yaxud fərqli olması məsələsini aydınlaşdıraraq belə qənaətə gəlir ki, hər iki dil eyni yox, yaxın dildir. Azərbaycan dilinin müstəqil bir dil olması fikrini irəli sürür.
Anar dilin adı məsələsinə praqmatik yanaşmağı istəyir. Onun “İki dilin bir adı ola bilməz” məqaləsində Azərbaycan dilinin adı məsələsinə həssas yanaşmağı çağıran Anar qeyd edir ki, dilimizin adının adlandırılması məsələsində heç bir yanlışlığa yol verilməməlidir. Ona görə ki, daha sonra həmin dildə danışan insanlar üçün çaşqınlığa səbəb olacaq. Və çox maraqlı şəkildə müsahibinin sualına cavab verir: “Kitab çıxıb – “Azərbaycan dili tarixi”. Sabah o adlanacaq “Türk dili tarixi”. Onda mağazada oxucu soruşacaq: - Mənə “Türk dili tarixi” kitabı verin. Satıcı soruşacaq: hansı “Türk dili tarixi”ni? Alıcı cavab verəcək ki, Azərbaycan türkcəsi. Bu söz yenə də meydana çıxacaq. Universtetdə tələbə mühazirəyə gedir. Hansı mühazirəyə gedirsən? Türk dilinə, hansı türk dilinə? Azərbaycan türk dilinə, yoxsa türk türk dilinə?” [3. s. 27-28].
Ümumiyyətlə, Anar türkçülük məsələsinə daim obyektiv münasibətlə diqqət çəkib. Onun üçün türk milli dəyərləri ən başlıca təməl prinsip daşıyır. Hər şeydən əvvəl yazıçı üçün etnik kimlik şəxsiyyət mahiyyəti kəsb edir. Ancaq bunlarla bərabər o, həm də hər xalqın öz milli adət-ənənələrinə sadiq olmaqlarının labüdlüyünü vurğulayır və yazır ki, günün bu günün də türklər bizi dəstəkləyir – yaxşı sözdür, türkcədən götürmüş olsaq – yardım edirlər. Ancaq Türkiyəyə yetəri qədər alüdəçiliyin nəticələri yaxşı olmaya bilər.
Anar bunu Rusiya və Ukrayna arasında milli-mədəni dəyərlərin yaxınlığı müstəvisində - Ukrayna – Rusiya, Ukrayna – Belarus göstərir və qeyd edir ki, ruslar və ukraynalılar bir-birinə çox yaxın dilli millətdirlər, ancaq Ukraynada aparılan yanlış və ifrat ruslaşdırma siyasəti ona gətirdi ki, ukraynalılar ruslara “masqal” deməyə başladılar. Eyni vəziyyət bu gün Belarusda da var. Uzaqgörən yazıçı bu fikri 1993-cü ildəki müsahibəsində deyib.
Bu gün 2024-cü ildi. Bütün xalqlar arasındakı münasibətlər də hamıya aydındır. Bu mənada yazıçı Anarın ortaya qoyduğu milli, dilə yanaşma tərzi, şübhəsiz, ən ideal yazıçı və vətəndaşlıq mövqeyidir. Yazıçıya görə Azərbaycan ədəbiyyatında, poeziya tarixində bizim folklorun dilimizə təsiri digər xalqların söz sənətindəkindən daha çoxdur. Bu məqamı da Anar öz yazılarında vurğulamış və ümumiyyətlə, demək olar ki, Anarın doğma dil konsepsiyası məxsusi cəhətləri və dolğunluğu ilə seçilir.
Tanınmış alim İsa Həbibbəyli özünün “Anarın ədəbiyyat fəzası və gerçəklikləri” adlı məqaləsində Anarın milli dünyagörüşünü onu müstəqillik dövrü Azərbaycan ziyalılığnın rəmzi kimi dəyərləndirir. Eyni zamanda İ.Həbibbəyli Anarı ədəbi tənqidçi kimi nüfuzunu yüksək qiymətləndirir. “Azərbaycanda tənqid və ədəbiyyatşünaslığın inkişafında da Anarın müstəsna xidmətləri vardır. Böyük demokrat Cəlil Məmmədquluzadə haqqında Anarın "Anlamaq dərdi" əsərindən ciddi əsər göstərmək çətindir. "Ədəbi Mirzə Cəlil" məqaləsi də ustad Mirzə Cəlil Məmmədquluzadəyə həsr olunmuş əhəmiyyətli elmi-publisist əsərdir”. [5].
Anar “Tənqidçi təmkini” məqaləsində tənqidçiyə xas xüsusiyyəti tam olaraq aydınlaşdırır. Yazıçıya görə, müasir ədəbi prosesin elə öz daxilində tənzimedici idarəetməyə, obyektiv nüfuza ehtiyacı var. Məhz bu vəzifə tənqidçiyə məxsusdur. Tənqidçidən tələb olunan
Çox aydın məsələdir ki, hadisələrə, problemlərə tənqidi yanaşma sərgiləmək xalqının qeydinə öz yazıçılıq gücündən istifadə edərək qalan yazıçılara məxsus xarakterdir. Hər bir yazıçını nə qədər bəşəri mövzular narahat etsə də, anlamaq lazımdır ki, həmin şair və yazıçıların həm də bir milliyyətçilik tərəfləri də var, təbii ki, bunu onlar daha dolğun, obyektiv şəkildə, yazıçı şəxsiyyətinə yaraşan formada həyata keçirirlər. Anarın nəsri bəlkə də yazıçılarımız içərisində ən xəlqi xüsusiyyətlərə sahibdir. Onun ədəbi-tənqidi görüşləri də məhz bu xəlqilikdən qaynaqlanır. Yazıçının “Söz dünyası” adlı beşcildlik kitabı ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığına geniş işıq tutur, əsərlərinin təhlili aparılır. Eyni zamanda Ədəbiyyatın, incəsənətin müxtəlif sahələrini əhatə edən kitabı ədəbi və mədəni ensiklopediya kimi mənalandırmaq mümkündür. Bu kitabların hər cildi xronoloji ardıcıllıq formasındadır.
Anar yalnız ədəbi tənqidi yazılarında deyil, eyni zamanda bədii əsərlərində də millilik məsələlərinə toxunur. Onun “Ağ qoç və qara qoç”, “Otel otağı” əsərləri bu mənada xüsusi maraq emosiyasına malikdir.
Ədəbiyyat
1. Anar. Əsərlər. IV cilddə. Nurlan, Bakı, 2004, 503 səh.
2. Dilimizin adı. Anarın “Günay” qəzeti üçün müsahibəsi // “Günay” qəz. 10 iyun 1995.
3. İki dilin bir adı ola bilməz. Anarın Müsəlləm Həsənov ilə müsahibəsi // “Müstəqil qəzet” qəz., 8 yanvar 1993.
4. İlqar Fəhmi. Anar arxetipi // “Ədəbiyyatqəzeti” qəz., 10 mart, 2018.
5. İsa Həbibbəyli. Anarın ədəbiyyat fəzası və gerçəklikləri // “Azərbaycan” qəz., 14 mart, 2023.