manera.az
manera.az

Bizim bəlalı teatrımız- Elçin Əlibəyli yazır... | MANERA.AZ


Bizim bəlalı teatrımız-  Elçin Əlibəyli  yazır... | MANERA.AZ
Elçin Əlibəyli, sənətşünas

Hələ bu xofla gülüb, güldürmək və ya düşündürmək istəyirlər...

Bu günə qədər şou-biznesdə olanlara yuxarıdan aşağı baxan, onları sənət bixəbərliyində ittiham edən aktyorlar, teatr adamları bir-birini olmazın sözlərlə qınayıb bəyanatlar verdilər. Təbii ki, bu onların şou-biznesə gəlişi deyil, gecikən teatr islahatının bəhrəsidir, üzə çıxıb. Hələ 2000-ci ilin əvvəlində teatr islahatı müzakirə predmetinə çevrilərək bununla bağlı sorğular da keçirildi. Əslində, onda da islahat bir mədəni və inzibati proses olaraq gecikmişdi. Bu gün isə “islahat” qeyri-müəyyən və həlli olmayan bir məsələyə çevrilib.

Teatr islahatı nədir və aparılmalıdırmı?

Bəri başdan deyək ki, 1980-ci illərdən özünün yaradıcılıq durğunluğunu və boz günlərini yaşayan milli teatrların vəziyyətdən xilası üçün düşünülmüş “islahat” termini teatrın təbiətinə tamamən ziddir. Axı, teatrın yaradıcı durğunluğunu inzibati islahatla aradan qaldırmaq olmaz. Yaradıcı prosesin məntiqi yekunu olan tamaşanın uğurlu alınması üçün inzibati müdaxilə əhəmiyyətsizdir. Əslində, yeniləşmə və yeni yaradıcılıq platformasının müəyyənləşməsi məsələsi gündəmə gəlməliydi. 1980-ci ildə böyük rejissor Tofiq Kazımovun ölümü Akademik Teatrı - milli teatr prosesinin flaqmanı olan bir ocağı yaradıcı cəhətdən başsız qoydu. Baş rejissor yaradıcı siyasəti müəyyən edən, bədii meyarları müəyyənləşdirən, bütövlükdə kollektivi öz ətarfında birləşdirməyi bacaran, estetik cəhətdən kamil şəxsiyyət olmalıdır. Teatr tamaşa müəssisəsi olmaqla müəyyən üslub və yaradıcı istiqamətə uyğun hazırlanan səhnə əsərlərinin göstərildiyi məkandır. Üslub yaradıcılıq yolu teatr üçün çox vacib, onun simasını müəyyən edən amil olduğunudan bu işi məhz baş rejissor təyin etməlidir. Rusiyada Stanislavski, sonra Meyerxold və daha sonralar gələn davamçılar yeni istiqamətlərdə öz yaradıcı axtarışlarını fərqli adla təqdim edirdilər. Hətta Stanislavskinin rejissor axtarışlarını qoruyub saxlamaqla onu inkişaf etdirən, onun teatrı sayılan Moskva Akademik Bədaye Teatrı (МХАТ) 80-ci illərdə yaradıcı müstəvidə bir araya gəlməyən truppanın təşəbbüsü ilə iki yerə bölündü. Qorki adına MABT-na T.Doronina, Çexov adına MABT-na O.Yefremov rəhbərlik etdi. Bu bölünmə inzibati deyil, bədii meyarlar əsasında baş tutdu. Azərbaycan teatr tarixində yaradıcı böhranlar vaxtaşırı olsa da, 80-ci illərdə daha qabarıq göründü. Şəki Teatrından Akademik Teatra baş rejissor kimi gətirilən Hüseynağa Atakişiyev özünün yeni yaradıcı platformasını təqdim etsə də, kollektiv psixoloji cəhətdən buna hazır deyildi. Bu, yaradıcı böhrana səbəb oldu və H.Atakişiyev teatrdan gedərək bir müddət sonra öz üslubu ilə çalışan Gənclər Teatrının əsasını qoydu. Akademik teatrda böyük aktyor Həsənağa Turabovun direktor və bədii rəhbər təyin olunması ilə bu yaradıcı böhran dərinləşdi. Onun təyinatı ilə razılaşmayan aparıcı aktyorlar - Məlik Dadaşov, Fuad Poladov və Amaliya Pənahova teatrdan uzaqlaşdılar. M.Dadaşov və F.Poladov Rus Dram Teatrında fəaliyyətlərini davam etdirdilər, A.Pənahova isə tezliklə Bakı Bələdiyyə Teatrının əsasını qoydu. Həmçinin Hacıbaba Bağırov da Cahangir Zeynalovun Musiqili Komediya Teatrına baş rejissor təyin olunması ilə razılaşmayıb teatrdan getdi və Bakı Tənqid-Təbliğ Teatrını yaratdı. Bu dövrdə Vaqif İbrahimoğlunun “Yuğ” , Cənnət Səlimovanın Bakı Kamera teatrlarını yaratmaqları ilə yadda qaldı və əslində yuxarıda Moskva Bədaye Teatrının bölünməsi ilə oxşar hadisənin bizim teartrda yaşaması yeni sıçrayışa, yaradıcı rəqabətə yol açan amil kimi milli teatrın inkişafına xidmət edə bilərdi. Lakin siyasi proseslər, Ermənistanın təcavüzü, iqtisadi problemlər bu prosesə təsir edib onu ləngitdi və dondurdu. Bu dönəmdə olan yaradıcı durğunluq yaranan rəqabəti də dayandırdı və artıq stabillik dönəmində öz aktuallığını itirdi. Bu bölünmələr birləşmələrlə əvəzlənməyə başladı. Lakin mərkəzləşmə özünün müsbət təsiri ilə yadda qalmadı. Son illərdə aparılan islahat zamanı Bakı Kamera Teatrı və Gənclər Teatrının Gənc Tamaşaçılar Teatrına birləşdirilməsi ilə lazımi effekt verməyərək, yalnız yeni intriqalara yol açdı. Çünki teatr ilk növbədə rejissorun yaradıcı siyasəti ilə bağlıdır. Rejissorun ustalığı, savadı, axtarışları aktyorları öz ətrafında birləşdirərək yeni əsərlərin səhnəyə gəlməsi ilə bərabər, klassik nümunələrin yeni təfsirdə təqdimatı ilə seçilməlidir. Islahat da rejissor platformaları əsasında aparılmalı idi. Hətta adlara da yenidən baxaraq onlarda düzəliş etməklə teatrları müəyyən məhdudiyyətlərdən xilas etmək olardı. Teatrın adı da rejissorla və ya yaradıcı istiqamətlə (janrla yox!) bağlı olmalıdır. Janrla təsnifat SSRİ-dən qalma yadigardır. Lakin bir amili də qeyd edək ki, bizim bir çox böyük rejissorlarımız özlərindən sonra məktəb və ya mövcud olan məktəbi davam etdirəcək rejissorlar yetişdirməyiblər. Əslində, bu gün teatrların durumu birbaşa rejissorların məktəb yaratmaması ilə bağlı olan prosesdir.

Aktyorların günahı

19-cu əsrin 70-ci illərində Azərbaycanda peşəkar teatr yarananda ona baxan cahillər aktyorlara “mütrüb” damğasını qoydular. Təəssüflə deməliyik ki, həmin münasibət bu gün ad anlamında dəyişsə də, mahiyyətcə eyni qalır. Başqa məmləkətlərdə cəmiyyətdə aktyorlara böyük mədəniyyətin daşıyıcıları kimi baxdıqları halda, bizdə bir azca nüfuzu olan kəs “artist” sözünü alçaldıcı mənada istifadə edərək, əlinə imkan düşüncə aktyory aşağılamaqdan zövq alır. Təəsüflə, bir para aktyorların imkanlı şəxslərdən qapı-qapı düşüb pul istəmələrini də qeyd edib, bu hərəkətin qarşılıqlı münasibətlərə təsir elədiyini də vurğulamalıyıq. Lakin fədakar, ömrünü teatra bağlayan, sevincini gül dəstələri, alqışlar və fəxri adlardan alan, yarıac-yarıtox yaşayan əsl aktyorlar da olub və var. Teatr bir sənət növü kimi məhz belə fədakarların çiyinlərində yaşayır. Teatr onların evi, qürur yeri, sığınacaq tapdıqları məskəndir. İttifaqı faəliyyətsiz, büdcəsinə uyğun olan teatral kafenin yoxluğu, master klass keçmək meydanının olmaması qocaman aktyorları lap darıxdırır. Axı, aktyorlar adətən təqaüdə çıxmırlar, sadəcə getdikcə daha az rollar alırlar. Onlar adi təqaüdçülər kimi domino vurmaqla ömürlərini başa vurmağa hazır deyillər. 90-cı illərdə Kamal Abdullanın rəhbərlik etdiyi Mədəniyyət Fondunda rejissor Rafiq Kaşanlı “Sönməyən ulduzlar” studiyası qurub qocaman aktyorların iştirakı ilə tamaşalar hazırlayanda bu insanların üzündə sevinci ki, yəqin hamı görmüşdü. Çünki bura onların həqiqətən sonuncu sevinc yerinə çevrilmişdi. Aktyorun qocalanda səhnədən başqa getməyə yeri qalmır. Birdən-birə fiziki cəhətdən sağlam, yaradıcı cəhətdən kamilləşmiş aktyora “65 yaşın var, teatrdan get” deyirlər. Hara getsin? Axı o səhnədə çox rollar yarada bilər, teatr nəzdində studiya olarsa, orada dərslər keçər, Kebotu, Liri və neçə-neçə obrazları yarada bilər. Amma ona “get” deyirlər. Gedin, cənab aktyorlar, gedin domino şaqqıltısının səsini ucaltmağa. İndi teatrlarda tamaşadan çox yaşlı aktyorların təqaüdə yola salınma mərasimləri qurulur. Əvəzinə neçə istedadlı gənc gəlir? Onların peşəkarlıq səviyyəsi qalsın bir yana, hələ gəlmə statistikası çox maraqlıdır...

Teatr intriqası

“Teatr tez yaranıb, yoxsa intriqası” sualının cavabı yoxdur. Bu anlayışlar düşmən olduqları qədər də doğmadırlar. Hətta deyərdim ki, aktyorların yaradıcı fəaliyyətini yönləndirən qüvvələrdən biridir. Azərbaycan teatr tarixində də çox intriqalar olub. Lakin indi mətbuata yol tapmaqla kifayət qədər ictimailəşən bu hadisə teatrın böyük qalmaqalı kimi yadda qaldı. Əslində, bu baş verənlər son illər teatr tənqidinin mövcud olması ilə bağlı doğan nizamsızlığın məntiqi nəticəsidr. Dövlətin qayğısı ilə fəxri adlar, mükafatlar, mənzillər alan bir çox aktyorlarda toxunulmazlıq sindromu baş qaldırdı. Onlar səhnədə rol oynasalar da, oynamasalar da, teatrda qalacaqlarına əmindirlər. Üstəlik oynadıqları rollar uğursuz alınanda tənqidin susması ilə daha da arxayınlaşıb, fəaliyyətsizləşənlər də oldu. İndi bircə addım atmaq istəyən teatr rəhbəri də bax, bu məsələlərə üz-üzə qalır.

Teatr indi tamaşaçıların getmədiyi yerə çevrilib. Hələ aktyorların da imkanlarından lazımınca bəhrələnməyib sosial problemlərinə göz yumurlar. Əslində, teatrlar tam gücləri ilə işləsə, biletlər tam satılsa, aktyorların da əmək haqlarından artıq qonorar şəklində pul qazanmaqlarına imkan yaranar. Ancaq teatr sənətini bir çox problemlərdən xilas edəcək menecment məsələsi öz həllini hələ də tapmadığından qazanmaq imkanı yox dərəcəsindədir. Rusiyada, Ukraynada teatrlar özlərinin kommersiya tərəflərini vaxtında müəyyən edə bildilər. Üstəlik, çəkilən seriallar, filmlər aktyorların maddi gəlirlərini artırdı və onlar teatrlarda işləməklə daha da parlamaq istədilər. Gənclərin axınını da məhz bu məsələ stimullaşdırdı. Bizdə isə müğənnilərin yaxşı qazandığını görüb çox adam oxumağa üz tutdu. Hətta teatrlardan gedən də oldu və nəticədə səhnələr boşaldı. Bu gün də gənclərin aktyorluğa gəlmək istəklərinin olmaması məhz maddi məsələ ilə bağlıdır. Teatrdan - hamının sənət məbədi saydığı ünvandan, son illərin şou-biznes açıqlığından öz məxmər pərdəsi ilə qorunan yerdən qarşılıqlı ittihamları eşidincə təbii ki, kədərlənirsən. Axı teatrdan premyera səsi eşitmək istəyirsən...

İsrafil İsrafilovun əsəbi

Ciddi tənqidçi, alim və reformator. Direktor olandan sonra haqqında yayılan xəbər qan təzyiqinin artmasıyla bağlı oldu. Həqiqətən mizanı pozulan bir mədəniyyət ocağına nizam gətirmək əsəblərin imtahanıdır. Lakin indi təzyiqi qalxmır, hələ üstəlik mətbuatda aktyorlar haqqında sərt bəyanatlar verir. Sözün doğrusu, bu bəyanatları oxuyanda hörmət etdiyim alimi, tədqiqatçını görə bilmədim. Kim onu bu həddə çatdırdı? Olduqca mədəni və ziyalı insan birdən-birə niyə belə sərtləşdi? Bəlkə buna yerə-göyə sığmayan bəzi aktyorlar səbəb oldu? Açıq-aydın burada nüfuz davası görünür və bu davanın bədii, yaradıcı anlamı yoxdur. Düzdü, bunlarla belə iş qabiliyyətinə inandığım İsrafil müəllimdən çox şey gözləyirəm. Son bir neçə tamaşa, yeni rejissor adları Akademik Teatrda yaradıcı qalxınmadan xəbər verdiyinə əminəm. İndiliksə görünəni odur ki, tamaşa, təfsir savaşı deyil, mövqe davası gedir. Əlbəttə, bu davalar səngiyəcək, hər şey yat-küt olub, hamı da razı qalacaq. Ancaq tamaşaçını razı salmaq mümkün olmayacaq. Tamaşaçı yenə teatra gəlməyəcək. Ola bilər ki, teatrlar hesabatlar verməklə tamaşaçılarının olduğunu deyəcəklər. Lakin yüngülvarı bir sorğu yetər ki, həqiqəti görəsən. Problemin kökü isə, yenə qeyd edək ki, teatr prodüserliyi və menecmenti işinin qurulmamasındadır. Bu məsələ təcili öz həllinin tapmalıdır. Əks halda, heç bir islahat lazımi bəhrəsini verməyəcək. Məhz maddi həvəsləndirmə aktyor reytinqlərinin də müəyyənləşməsinə xidmət edəcəkddir ki, bu da intriqalara son qoyacaq. Onda aktyorlar ətraflarındakı toxunulmazlıq pərdəsini atarlar. Yoxsa, bircə tənqid yazan kimi qiyamətlər qopur, şikayətlər başlayır. Məncə, bu, istedadsız aktyorların sindromudur. Hələ bu xofla gülüb, güldürmək və ya düşündürmək istəyirlər. Axı, islahat aktyorların daxilində başlamalıdır...

Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930