manera.az
manera.az

Azərbaycan dilçiliyinin qocaman və ləyaqətli nümayəndəsi

Azərbaycan dilçiliyinin qocaman və ləyaqətli nümayəndəsi
Azərbaycan dilçiliyində artıq tam formalaşmış, öz ənənələri olan onomastika məktəbi var.

Sovet dövründə Azərbaycanda bu sahə ilə bağlı monoqrafik araşdırmalar aparılmış, beynəlxalq və respublika səviyyəli konfranslar keçirilmiş, toplular, məcmuələr, monoqrafiyalar çap edilmişdir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu sahə daha da sürətlə inkişaf etmişdir. Xüsusi qeyd edim ki, Azərbaycan dilçiliyi bir çox sahələri ilə qardaş Türkiyədə olan dilçilik məktəblərini geridə qoymuşdur.

2018-ci ilin sentyabrında Polşada, Varşava şəhərində keçirilən XIII Böyük Türk Dili Qurultayında iştirak edirdim. Bu konfransda Türkiyəli professor, əziz dostum Mustafa Önər mənimlə söhbətində qeyd etdi ki, Azər-baycanda onomastika sahəsində böyük uğurlar əldə olunmuşdur. Türkiyədə bu sahə indi-indi inkişaf edir. Azərbaycan dilçiliyində onomastika elmi çox inkişaf etmişdir. Sizin dilçilik onomastika terminləri ilə çox zəngindir.

Mən bu fərqi eşidəndə qürur hissi keçirdim, dilçiliyimizlə, dilçiliyimizin qüdrətli nümayəndələri ilə fəxr etdim. Əlbəttə, dilçiliyimizi yüksəkliyə, zirvələrə qaldıran şöhrətli alimlərimiz var.

Azərbaycan dilçiliyində onomastika sahəsində öz möhürünü qoymuş alimlərimizdən biri filologiya elmləri doktoru, professor Qara Məşədiyevdir.

Tələbə vaxtı Qara Məşədiyevin adını ancaq əsərlərindən tanıyırdım. 1996-cı ildə Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına ixtisas fənnindən qəbul imtahanı verəndə Qara Məşədiyevlə əyani tanış oldum. Professor Qara Məşədiyev tanınmış türkoloq Vaqif Aslanovla birgə mənə türk dilləri ilə bağlı suallar verdi və mənim cavablarım onu qane etdi. Sonralar Qara Məşədiyevlə münasibətlərim daha da istiləşdi, dostluğa, ata-oğul münasibətinə çevrildi.

Onun əsl insani keyfiyyətləri, humanizmi hər zaman özünə qarşı hörmət və ehtiram hisslərinin yaranmasına səbəb olmuşdur. Mərdlik və xeyirxahlıq simvolu olan Qara Məşədiyev bu gün də öz nəcib əməllərini davam etdirir, insanlıq və alimlik ləyaqətini həmişə uca tutur.

İnstitut əməkdaşlarının xeyir və şər məclislərinin başında duran, hər zaman ağsaqqallıq və müdriklik zirvəsində dayanan Qara Məşədiyev dağlar oğludur. Azərbaycanın ən dilbər guşələrindən biri olan Gədəbəydə dünyaya gələn, ilk təhsilini orada alan Qara müəllim sonralar təhsilini davam etdirmək üçün paytaxt Bakıya gəlmiş, taleyini Nəsimi adına Dilçilik İnstitutuna bağlamışdır. O, 41 ildir ki, Nəsimi adına Dilçilik İnstitutunda çalışır. Eyni zamanda pedaqoji fəaliyyətini də davam etdirən professorun yüzlərlə tələbə “ordusu” var. Professor Qara Məşədiyev 20 ildən çox Nəsimi adına Dilçilik İnstitutunun Onomastika şöbəsinə uğurla rəhbərlik etmiş, onlarla gənc kadrın yetişməsində müstəsna xidmətlər göstərmişdir. Qara Məşədiyevin rəhbərliyi altında 35 fəlsəfə doktoru və 6 elmlər doktoru dissertasiya müdafiə etmişdir.

Qara müəllim uzun müddət Dilçilik İnstitutunda fəaliyyət göstərən Müdafiə Şurasının elmi katibi kimi də gənc alimlərin mənəvi dayağı olmuşdur. Onun haqqında hər yerdə xoş sözlər, xoş ifadələr deyirlər. Qara Məşədiyev öz adını dilçiliyimizin tarixinə qızıl hərflərlə həkk etmişdir. O, 2012-ci ildən “Müasir Azərbaycan dili” şöbəsinin baş elmi işçisidir.

Azərbaycan toponimlərinin əsas tədqiqatçılarından biri kimi professor Qara Məşədiyev aşağıdakı kitabların müəllifidir: “Zaqafqaziyanın Azərbaycan toponimləri” (Bakı, 1990), “Nitq hissələrinin semantikası (oçerklər)” (1998); “İzahlı onomastik terminlər lüğəti” (2005); “Azərbaycan toponimlərinin tarixi-linqvistik təhlili” (I kitab, 2007); “Azərbaycan toponimləri. Ensiklopedik lüğət” (I cild, 2007); “Azərbaycan toponimlərinin tarixi-linqvistik təhlili” (II kitab, 2010); “Bakı küçələri: adlar və talelər” (2013), “Azərbaycan dilində ayamaların izahlı lüğəti” (dialekt materialları əsasında) (2018) və s.

Professor Qara Məşədiyev Azərbaycan toponimiyası üzrə respublikada aparıcı mütəxəssis olduğundan Milli Məclisin Toponimika Komissiyasının daimi üzvü seçilmişdir.

Vaxtilə AMEA-nın müxbir üzvü, professor Afad Qurbanov Azərbaycan Dövlət Pedaqoji Universitetində böyük ənənələri olan onomastika məktəbi yaratmışdı. 1980-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində onomastika ilə bağlı silsilə beynəlxalq konfranslar keçirilirdi. Pedaqoji Universitetdə yaranan bu ənənəni professor Qara Məşədiyev Nəsimi adına Dilçilik İnstitutunda 1990-cı illərdə uğurla davam etdirdi və özünün onomastika məktəbini yaratdı.

Azərbaycan toponimikasının inkişafında R.Yüzbaşov, S.Mollazadə, A.M.Qurbanov, B.Ə.Budaqov, Q.Ə.Qeybullayev, A.N.Bağırov, T.M.Əhmədov, A.A.Axundov və N.Məmmədovun böyük xidmətləri var. Toponimika sahəsində Qara Məşədiyevin isə öz üslubu, öz dəsti-xətti var. Qara Məşədiyevin araşdırmalarında türkçülük, azərbaycançılıq ruhu hər zaman hiss olunur.

Professorun “Zaqafqaziyanın Azərbaycan toponimləri” (Bakı, 1990), “Azərbaycan toponimlərinin tarixi-linqvistik təhlili” (Bakı, 2010) əsərləri Azərbaycan dilçiliyində toponimika ilə bağlı yazılmış ən dəyərli tədqiqatlardan biridir. Hər iki monoqrafiyada faktlar “Qafqaz ərazi və tayfalarının təsviri məcmusu” (CMOMПK) adlı dəyərli yazılı qaynaqdan götürülmüşdür. Professor Qara Məşədiyevin araşdırmalarının bir çoxu məhz toponimlərin linqvistik şərhinə, onların etimoloji təhlilinə, leksik-semantik xüsusiyyətlərinin aydınlaşdırılmasına həsr olunmuşdur.

Toponimlər, yer-yurd adları hər xalqın tarixinin öyrənilməsi üçün müstəsna əhəmiyyət kəsb edən dəyərli dil faktlarıdır. Qara Məşədiyev öz ömrünün böyük bir qismini toponimlərin öyrənilməsinə həsr etməklə çox şərəfli bir işin öhdəsindən uğurla gəlmişdir.

Qara Məşədiyevin 2018-ci ildə nəşr olunan ayamalarla bağlı monoqrafiyası alimin 80 yaşında da elmi fəaliyyətini böyük cəsarətlə, zəhmətlə davam etdirdiyini sübut edir. Qara Məşədiyevin “Azərbaycan dilində ayamaların izahlı lüğəti” (Bakı, 2018) monoqrafiyası dialekt materialları əsasında yazılmışdır. Maraqlıdır ki, Qara müəllim ləqəb deyil, ayama terminini işlətmişdir. Çünki ayama sözü məhz daha çox dialektlərdə, canlı xalq danışıq dilində işlənir. Yəni Qara müəllim canlı xalq danışıq dilinin ifadə və sözlərini terminologiyaya gətirməklə xalq dilinə hörmət və rəğbətini ifadə etmişdir.

Qara müəllimin etimoloji izahları tarixi dil faktlarına, zəngin materiala, məntiqli elmi mühakimələrə əsaslanır. Məsələn, qor “od” kökü ilə bağlı alimin mülahizələri çox maraqlıdır. Belə ki, alim bu kökün gor “qəbir” sözü ilə bağlılığını elə izah edir ki, oxucu bu şərhlərin inandırıcılığına qətiyyən şübhə etmir. Yəni onun etimloji şərhləri çox aydın və anlaşıqlıdır. Qara Məşədiyev bu kökün ilkin mənasını “işıq, od” hesab edir və fars dilindəki gor sözünün mənşəyində atəşpərəstliyin izini axtarır və doğru nəticəyə gəlir ki, qor və gor sözlərinin kökü birdir.

Alimin Araz hidroniminin mənşəyi haqqında fikirləri də çox dəyərlidir. Professor düzgün olaraq Araz hidroniminin mənşəyində “su” semantikalı kökün dayandığını tutarlı elmi dəlillərlə sübut edir. Qara Məşədiyev Zəngilan rayonu ərazisində yerləşən Oxçu çayının adı ilə “Kitabi-Dədə Qorqud” dastanında işlənən Oxçu antroponimi arasında əlaqə görür və bu semantik və genetik əlaqəni sübut edir. Qara müəllim Gəncə sözünün etimoloji təhlilini verərkən bu oykonimi gəncə etnonimi ilə bağlayaraq dərin təhlillər aparmışdır. Professor Qara Məşədiyevin bu tipli yüzlərlə etimoloji tədqiqatları Azərbaycan dilinin ən qədim leksik laylarına işıq salır, dil tariximiz üçün zəngin faktları üzə çıxarır.

2019-cu il 15 may tarixində professor Qara Məşədiyevin 80 yaşı tamam olur. Professor Qara Məşədiyev kimi alimlərə gənc nəslin hər zaman böyük ehtiyacı var. Həyatda insan, ilk növbədə, xeyirxah əməlləri ilə yaddaşlarda qalır. Qara Məşədiyev öz xeyirxah əməlləri, mərdi-mərdanə hərəkətləri, gənclərə mənəvi və maddi dəstəyi ilə onu sevənlərin ürəklərində özünə əbədi heykəl qoymuşdur.

Baba MƏHƏRRƏMLİ,
Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan dilçiliyinin qocaman və ləyaqətli nümayəndəsiБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31