manera.az
manera.az

Əsirlikdəki Qızılgül - Orxan Saffaridən yeni hekayə

📅 27.02.2019 17:24

Əsirlikdəki Qızılgül - Orxan Saffaridən yeni hekayə
Kafenin qarşısındakı pensionerlərdən biri paltosunun düymələrini bağlaya-bağlaya dilucu "hava yaman bürüküldü, yəqin səhərə yağar" deyib qəlyanını alışdırdı. Çoxdandır, qəlyan çəkən yaşlı adam görmürdüm deyə, üç-dörd saniyə tüstüsünə tamaşa elədim. Özüm də siqaretimdən sonuncu dərin qüllabı alıb yan tərəfdəki kondisonerin altına qoyulmuş içi siqaret kötükləri ilə dolu vedrəyə vıyıldatdım.

***
Kafeyə girən kimi küncdən bir masanı gözaltı edib əyləşdim. Bu masa mənə yaşı səksəni adlamış Mirələm babamı xatırlatdı. İkisinin də hərdən bir əsməcəsi tuturdu.

Çantamdan komputerimi, qeyd dəftərimi, telefonumu, siqaret və alışqanımı da çıxarıb masaya qoydum. Rahatlanandan sonra da üzümü axsaq, ortayaşlı qadına tutub pivə ilə qızardılmış balıq verməyini xahiş etdim. Üzündə gəncliyini kafelərdə keçirmiş bir adamın hekayəsi yazılmışdı. Amma ona qoca da demək olmazdı. Deyəsən, bu kafedə onunla mədəni danışan tək mən idim. Gözləri inamsızca mənə baxırdı. Elə bil, onunla ilk dəfədir bu cür xoş danışırdılar...

Komputeri yandırıb, bir siqaret alışdırdım. Düşündüm ki, burada dünən gecədən yarımçıq qalmış hekayəmi bitirərəm. Həm də, səsli-küylü yerlərdə bir qırağa çəkilib yazmaq, xüsusi zövq verir mənə. Həmin an özümü dahi hesab edirəm. Sanki, nəsə baş verib, yüzlərlə adam bir istiqamətdə qaçır. Mən isə kimisə axtarırmış kimk həyəcanlı şəkildə insan izdihamının əksinə gedirəm. Hekayələrimin qəhrəmanları da bəzən kafenin daimi müştəriləri olur elə. Onların danışığından qopardıqlarımı obrazlarımın əyninə biçdiyim də olur hərdən.

***
Üzbəüz masadakı kişilər araq içirdilər. Fikir verdim ki, kişilərdən birinin qulağı yoxdu. Diqqət çəkməmək üçün başımı aşağı salıb xəlvəti qulağındakı yoxluğa baxırdım. Qulaqsız adam məndə dəhşət maraq oyatmışdı. Nədənsə, onun qulağına baxa-baxa əlimlə öz qulağımı yoxlayırdım. "İndi onu söysəm, yəqin məni eşitməz" deyə də içimdə düşünüb gülümsünürdüm. Eşidən qulağı o biri tərəfdə tək-tənha dayanmışdı. Hiss etdim ki, qulaq sevgilisindən ayrılmış adam kimi kədərlə səsləri qəbul edir. Ağlıma Van Qoqun kəsilmiş qulağı gəldi. Bir də nədənsə, bir müddət əvvəl qulağı kəsilən kriminal avtoriteti xatırladım. Qulaqsız yaşamağın necə olduğu haqda öz-özümə müdrikcəsinə düşünürdüm..

Gördüyüm bu mənzərəni - o qulaqsız kişini nə vaxtsa yazmaq üçün qeyd dəftərimə də köçürdüm. Bu dəftərçənin içində müxtəlif insanlar, daha doğrusu obrazlar uyuyur. Zamanla onları dirildir, təzədən can verirəm. İndi qulaqsız kişidən yazacağım hekayənin eskizini qaralayarkən ağlımdan qəribə bir fikir keçdi: qulaqsız yaşamaq dadsız yeməyi mədəyə ötürməkdir. Bu dahiyanə fikrimin gələcəkdə tirajlanacağını düşüb qeyd dəftərimə yazdım.
***

Pivədən qurtumluya-qurtumlaya hekayəyə göz gəzdirirdim. Bu dəm sağlıq demək üçün araq stəkanını qaldıran kişi, söyə-söyə kafedə işləyən qadını çağırdı. Qadın gələndə əlini onun belinə dolayıb özünə elə çəkdi ki, elə bil, ilan ağaca sarıldı.

***
Bir ucdan hekayəmi yazmağa davam edir, o biri ucdan da söhbətlərə qulaq asırdım. Kiçik kafelərdə yığışan bu işsiz-gücsüz adamların yarısı siyasətdən, yarısı da məişətdən danışır həmişə. Elə digər masada da köynəyinin boğazı ütüsüz olan kişi arvadından ağız dolusu narazılıq edirdi.

Araq içən kişilər isə araya salıb, mənim də sağlığıma içdilər. Gülümsünüb, sağ ol demək üçün əlimi sinəmə sıxdım. Hörmət əlaməti olaraq da başımı ehmalca aşağı əydim.

***

Sıxılmağa başlasam da, durub getmək fikrim yox idi. İçib bir-birini tərifləyən, ölkə gündəmi, dünyada baş verən hadisələri özlüyündə qətiliklə müzakirə edən adamlar bir az da doğma gəlirdi mənə. Komputeri açıq saxlayıb ayaqyolu üçün çölə çıxdım. İçəri siqaretlə girsəm də, əlimə ala bilmək imkanım olmadığı üçün tüstü gözümə qaçdı. Gözümü yuman kimi də elə bil, bir göz qırpımında intihar etdi siqaret. Dəmir lövhələrə çırpılaraq (Dəmir lövhə isə təzə aldığım köynəkdir) unitaza düşdü.

Zəncirbəndi çəkib, qapını açdım. Şalvarımın kəmərini bağlayanda dünən gecə oxuduğum "Yağmursuz Havalar" hekayəsini xatırladım. Hekayə bu cür başlayırdı:
“Dünən tualetdən çıxıb kəmərini bağlaya-bağlaya fikirləşirdi, bəlkə özünü öldürsün."
Amma mən, özümü öldürmək yox, yarımçıq hekayəmi bitirməyi düşünürdüm.

***

İçəri girəndə yenə kafeni işlədən qadının gövdəsini o kişinin qolları arasında gördüm. Bilmirəm niyə, nədənsə, o kişinin arvadını təsəvvür elədim. Allah bilir, necə əzab verir ona bu ilana oxşar.

Əyləşib, yenidən qeyd dəftərimdəki cızma-qaralara göz gəzdirdim. Yarım qalmış pivəmi də başıma çəkib, yenisini sifariş verdim. Ayaqyolunda intihar etmiş siqaretimi unutmaq, yerini doldurmaq üçün də bir siqaret yandırdım. Dərin bir qüllab alıb, əziz xatirəsinə ithaf elədim..

***
Erməni əsirliyində olan bir qızdan hekayə yazırdım dünəndən. Hekayədə həm atamın müharibə vaxtı gördüyü dəhşətli hadisələri, həm də əsirlikdə olan qadının danışdıqlarını yazırdım.

***

- Axşam məclis quruldu. Erməni əsgərləri donuz və qaban ətindən kabab bişirmişdilər. Mən o biri otaqda əlləri bağlı bir küncə qısılmışdım. İçəri daxil olan erməni Azərbaycan dilində söyüş söyərək məni ayağa qaldırdı. Sonra da əsgərlərin yeyib-içdiyi otağa gətirdi. Artan adlı əsgər arağı qaldırıb, qolumdan tutdu. Erməni dilində sağlıq deyib, gülüşməyə başladılar. Arağı içib, qolu ilə ağzını sildi. Məni də özünə çəkib, dizlərinin üstünə yıxdı. O biri əli ilə də yaxamı cırdı. Bütün əsgərlər şaqqanaq çəkib gülməyə başladılar. Mən müqavimət göstərib ona şillə atdım. Necə qəzəbləndisə, güclü bir şilləylə qarşılıq verdi, yerə sərildim. Sonra da erməni dilində söyüş söydü:

- "Այս խմբավորումը դուրս է այստեղից" - Ays xmkavorvm dors e aysderid- deyə başlayırdı hekayəm.

Yazdığım bu hekayəni heç cür tamamlaya bilmirdim. Fikrimi bir az da kafedəki bu qadın dağıdırdı. Nədənsə, onu da bu kişilərin əsarətində hiss edirdim.

Qəfil, üzbəüz masadakı bir qulağı olmayan kişi üzün mənə çevirib dilləndi:

- Çox istəyirəm də Laləni.

Gülümsündüm:

- Həə…

Bilmirəm, bu xoş təsadüfdür, ya başqa nəsə, yazdığım hekayədəki qadının da adı Lalə idi.

***

- Lalə, limon gətir, özün də gəl otur biznən… - qulaqsızın dilləndi

- Qardaş oğlu, gəl, sən də nuş elə bizimlə. Utanma. Lalə də özümüzünküdür e.

- Sağ ol, dayı. Nuş olsun sizə! -deyib, təşəkkür etdim.

Lalə limonu gətirib onların yanında əyləşdi. Mən artıq bu mənzərədən narahat olurdum. Hekayəmdəki Lalə ilə kafedəki Lalə arasında çaşbaş qalmışdım. Hiss edirdim ki, kafedəki Lalədən də yazıram.

Bir qulağı olmayan kişi qolunu Lalənin boynuna doladı. Elə bildim, bu dəqiqə dizlərinin üstünə yıxıb, yaxasını cıracaq.

- Qolunu çək, ağırdı! - Lalənin axır ki, səsi çıxdı.

Qulaqsız kişi qəzəbləndi:

- Az, dayan görüm, əsəbiləşdirmə məni.

Lalə onun sarmaşıqtək qollarını çiynindən atıb saçlarını düzəldə-düzəldə mənə baxıb gülümsədi. Hiss etdim ki, bir az da utandı.

Onu qucaqlamağa doymayan kişi də əlini yuxarı qaldırıb yenidən sağlıq demək üçün işarə elədi.

***

Hekayəni davam eləməkdə çətinlik çəkirdim. O Lalədən yazmağıma bu Lalə heç cür imkan vermirdi. Bir tərəfdə əsirlikdə olan, zorlanan, narazı Lalə, bir tərəfdən də özünü əsir etmiş, oz xoşu ilə zorlanan, taleyindən narazı Lalə. Onların həyatındakı bəzi oxşar cəhətlər məni çaşbaş salırdı.

***
Artıq iki saatdan çox bu kafedə otursam da yaxşı yaza bilməmişdim. Yarım saat sonra gedəcəyimi qərarlaşdırdım. Elə bu vaxt yan masadakı yeyib-içənlər durub getməyə hazırlaşdılar. Hamısı ayrı-ayrılıqda Laləni qucaqladı. Lalə onlar üzünə xoş, amma bir o qədər də nifrətlə gülümsəyirdi. Ya da mən belə hiss edirdim. Bəlkə də hekayəmdəki Lalənin qəzəbi bu Laləyə də keçmişdi.

Artıq kafedə tək mən qalmışdım. Yavaş-yavaş hazırlaşırdım ki, çıxam, qəfil Lalə:

- İki saatdı o komputerdə nə yazırsan? – gülümsünərək soruşdu.

- Hekayə…

Bu sözümə bənd imiş kimi körpə uşaq misalı sevindi.

- Aa, yazıçısan?! Kitabın var?! Şeir də yazırsan?!

Suallarına yolaverdi cavablar verdim.

- Məktəbdə oxuyanda çoxlu kitablar oxuyurdum mən də. Amma indi hamısı da yadımdan çıxıb. – qəşş elədi. - Mənə kitab verə bilərsən?

- Hə, əlbəttə. Hansı kitabı istəsən, gətirərəm.

- Öz kitabını da verərsən oxuyum. Maraqlı olar yəqin. Nədən yazırsan ki? Bəs, indi nə yazırdın?

- İndi müharibədə əsirlikdə olan bir qız haqqında yazırdım, Lalə.

- Adı nədir hekayənin?

-"Əsirlikdəki Qızılgül"../sim-sim.az/

MANERA.AZ


Baxış sayı - 1 992 | Yüklənmə tarixi: 27.02.2019 17:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031