manera.az
manera.az

Tanrıya gedən yol | MANERA.AZ

📅 07.09.2015 12:23

Tanrıya gedən yol  | MANERA.AZ
Vəfa MÜRSƏLQIZI

Yerişimdə yolların gözü var Və qadın doqquz aydan bəri yolunu gözlədiyi körpəsini bağrına basdı. Körpə isə var səsi ilə ağladı. Çünki doqquz aylıq ömründə ilk dəfə yola çıxdı. Hər şey bu yaranışdan başladı. Tanrı insanın dərin səbrini və gözləmək bacarığını həmişə mükafatlandırır. Bu dünyada bizə biçilən bütün ömür boyu yol gözləyirik. Doğuluşun yolunu, ölümün yolunu, uğurun yolunu, sevginin yolunu, baharın yolunu. Bir də içimizdən bir yol keçir, özümüzə uzanan yol. Qırılmış küçə fanarları ilə süslənmiş, alaqaranlıq yol. O yol ki, orda bizim kölgələrimiz özümüzdən böyükdür, qorxularımız divarlara höpub. Həyatın özü də yoldur. Doğuluruq, yaşayırıq, ölürük. Yol gedirik bir ömür böyü. Hamar da olur, kələkötür də, rahat da olur, narahat da…

Tanrı deyib “Ol!”, olmuşam,
Sağ olmuşam, sol olmuşam,
Gecə-gündüz yol olmuşam.
Elə səndən sənə kimi.

Biz həm yol gedirik, həm yol oluruq. Neçə-neçə insan keçir ömrümüzdən. Kimisi bizi, daxılimizdəki duyğuları gül bağçası kimi əzizləyir, kimi də palçıqlı ayaqları ilə taptalayır. Ədəbiyyatda yol obrazı kifayət qədər geniş yayılmışdır. Hələ zamanında Sivaslı Aşıq Veysəl Satıroğlu insan ömrünü uzun bir yola bənzətmişdir:

Uzun ince bir yoldayım,
Gidiyorum gündüz gecə,
Bilmiyorum ne haldeyim,
Gediyorum gündüz gecə.

Dünyaya gəldiyim andan,
Yurudum aynı zamanda,
İki kapılı, bir handa,
Gidiyorum gündüz gecə.

Faiq Hüseynbəylinin də yaradıcılığında yol məhfumu geniş rakursda özünü göstərir. Faiqin sənətdən keçən yolu onun həyat yolu ilə paralel uzanıb hər zaman. Faiq üçün yol nədir? Hər gün keçib getdiyi landşaftın bir fraqmentimi, yoxsa nəsə dünyəvi, əbədi, əsrarəngiz bir şeymi? Yollar Faiq üçün canlıdır, ondan keçən və onun keçdiyi zaman tunelidir. Şair Faiq yolunu əlinə götürə bilir, yolunu çiyninə ata bilir, yolunu ikicə addımda bitirə bilir.

Beş-on addım atmışam,
Bitirmişəm yolumu,
Mənə bir yol göstərin,
İtirmişəm yolumu,

Yerdən uzanır aya,
Sağı solu sal qaya,
Mən özüm bu dünyaya,
Gətirmişəm yolumu.

Qatlaşıb hər zülümə,
Bağlamışam dilimə,
Ayaq altdan əlimə,
Götürmüşəm yolumu.
Azərbaycan dilində yolla bağlı bir çox ifadələr, atalar sözləri var. Əslində yol Azərbaycan mentalitetində böyüklük, ağsaqqallıq rəmzi kimi də göstərilir. Böyük yolgöstərəndir, yola verəndir. Su kiçiyin, yol böyüyündür, deyib atalar. Əslində “Yol böyüyün, su kiçiyindir” zərb məsəli XV-XVI-cı əsrlərdə “Oğuznamə”də işlədilmişdir, lakin “Yol böyüyün SUÇ kiçiyin” şəklində! Demək, böyük yol göstərən, kiçik isə suç işlədə biləndir. Faiqin etibarlı, vəfalı yol yoldaşı isə həmişə söz olub. Söz gözəl yol yoldaşıdır, illah da ki, öz sözün ola. Başqasını təkrarlamayasan, başqasının dediyini çeynəməyəsən. Yolun bir böyük özəlliyi də onun bizi gözəgörünməz məqamlara ucaltmasıdır. Bu məqamın ən alisi isə Tanrıdır. Faiq sözü ilə Tanrıya gedən yolun başlanğıcındadır.
Salam, Babadağ,
Hüzuruna gətirmişəm.
Içimdəki dağları
Ey ulu dağ,
Ey ali dağ.

Yaşadığım dümyanın
Bir üzü qara,
Bir üzü ağdı.

Bir udumluq xoş ömür
Dağların özü qədər
Dəniz səviyyəsindən uzaqdır.

Tanrıya gedən yol
ətəyindən sallanıb sürüşür.
Tanrıya gedən yol
əllərimdən ayaqlarıma düşür.
(“Tanrıya gedən yol” şeirindən)

Bu şeirdə bir çox gizli məqamlar var. Hələ qədim zamanlardan insanlar Allaha dualar etmək üçün yüksəkliklərə üz tutarmışlar. Musaya peyğəmbərlik Tur dağında verilib. Musa Allahla Tur dağında ixtilata girərmiş. ”Kitabi Dədə Qorqud”da Qazılıq dağına Qazanxan nəslindəki bütün xatunların qaynatası deyirlər və yaşmaqsız dağa nəzər qılmırlar. Adamların dua üçün məhz yüksək məqam seçmələri belə yerlərin insanlardan və hər cür natəmizlikdən uzaq olması ilə bağlıdır. Faiq də dua üçün məhz dağ başını seçir. Üzünü Baba dağına tutub dua edir. Yolun əlindən sürüşüb ayağına düşməsi təmizlənmə və paklanmadır. Çünki insan bütün böyük günahlarını əlinin yardımı ilə edir. Yolu əlindən ayaqlarına salmaq isə özünü Tanrıya təslin etməkdir. Kanfutsi yol haqda deyirdi: “İnsanı kamilliyə üç yol aparır: İdrak etmək -ən vacib yol, Kiməsə bənzəmək - ən asan yol. Təcrübə - ən ağrılı yol”.
Yol haqdakı başqa bir şeirində Faiq yolun həyat yolu olub, insanı ölümə apardığını yazır.

Gəzir düzü-dünyanı,
Əvvəli-sonu hanı?
Addımlayır insanı,
Ölümə ötürən yollar.

Burda qəribə bir söz öyünü verilib, həqiqətdə insanlar yolla addımlayır. Burda isə insanı addımlayan, onun içini gəzən və nəhayətində əlindən tutub onu ölümə ötürən yol obrazı var.

İçimdən keçib gedir,
Məni bitirən yollar.

Eyni tərs ifadəyə başqa bir şeirdə də rast gəlinir.

Bircə addım at irəli,
Bir addım at, bitir yolu,
Bu dağların o üzünə,
Yola salıb ötür yolu.

Bir soraq ver marağından,
Yaxınından, uzağından,
Tut bu yolun ayağından,
Düz başacan gətir yolu.

Əslində hamımız yolçuyuq. Hamımız yol gedirik. Kimi başqasının yolunu, kimi də öz yolunu və bütün yollar bizi əbədiyyətə qovuşacağımız sona aparır. Faiq öz yolunu gedir, sözlə qol-qola, sözlə nəfəs-nəfəsə. Faiqin yerişində yolların gözü var.

MANERA.AZ


Baxış sayı - 2 723 | Yüklənmə tarixi: 07.09.2015 12:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031