manera.az
manera.az

Tanınmış şairə həsr olunmuş tədbir keçirilib

📅 26.01.2019 19:57

Tanınmış şairə həsr olunmuş tədbir keçirilib
Yanvarın 25-də Muzey Mərkəzində Biləsuvar Regional Mədəniyyət İdarəsinin dəstəyi və Cəbrayıl rayonu Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə tanınmış şair İsmayıl İmanzadənin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Manera.az xəbər verir ki, tədbirdə şairin qələm dostları, oxucular və onun yardıcılığının pərəstişkarları iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, 1946-cı ildə Cəbrayıl rayonu Mərcanlı kəndində anadan olan İsmayıl İmanzadə uzun illər orta məktəblərdə müəllim, bir müddət isə dövlət qulluğu sahəsində çalışıb. Lakin harada çalışmağından asılı olmayaraq onun sinəsindəki şair ürəyi həmişə könüllərə xoş duyğular bəxş edən qanadlı misralar pıçıldayıb. İsmayıl həmin pıçıltıları obrazlı bir şəkildə ağ vərəqlərə köçürüb. Bu pıçıltılarda hər cığırı, hər dolayı ona doğma olan yerlərin mənzərəsi, şəlalənin nəğməsi, çayların şırıltısı, bulaqların zümzüməsi, yarpaqları xəzələ çevrilən meşələrin payız pərişanlığı da, torağaylı çöllərin yay duyğuları da, gənclik illərinin sevdası da öz əksini tapıb. Amma ötən əsrin 90-cı illərində Mingəçevirə üz tutaraq məcburi köçkün taleyi yaşayan istedadlı şairin misralarına düşmən tapdağı altında inləyən Vətən torpaqlarının harayı, çinar həsrəti, yurd nisgili də hopub. Məskunlaşdığı şəhərdə ədəbi mühitin formalaşmasında böyük əməyi olan İsmayıl İmanzadə hazırda Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri kimi fəaliyyət göstərir.
Tanınmış şairə həsr olunmuş tədbir keçirilib
Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Fərzəliyev, şair-publisist Əlirza Xələfli, professor Rüstəm Kamal və başqaları çıxış edərək şairin yaradıcılıq məziyyətləri, indiyədək işıq üzü görən 30-dək bədii-publisistik kitabı barədə danışıblar. Bildirilib ki, o, rəhbərlik etdiyi yaradıcılıq qurumuna çoxlu istedadlı gənc cəlb edib və onların yaradıcılıq məhsullarından ibarət bir neçə almanax və jurnalın da buraxılmasına nail olub.

Çıxış edənlər şairin poeziya dünyası barədə ətraflı söhbət açaraq yaradıcılığının kamillik dövrünü yaşayan qələm ustasına uğurlar arzulayıblar. Şairin əldə etdiyi yaradıcılıq uğurlarına görə Cəbrayıl Rayon İcra Hakimiyyəti onu diplomla təltif edib.

Tədbirdə çıxış edən şair İsmayıl İmanzadə təşkilatçılara və onun yaradıcılığına yüksək dəyər verənlərə minnətdarlığını bildirib. Onun sözlərinə bəstələnmiş mahnıların səsləndirilməsi iştirakçılara xoş ovqat bəxş edib.

MANERA.AZ


Baxış sayı - 1 133 | Yüklənmə tarixi: 26.01.2019 19:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031