Deputat Tahir Kərimli ideyamı oğurlamağa çalışır? - Tural Turanın açıqlaması

Azərbaycanlı gənc şair Tural Turan illər öncə, 2014-cü ildə “Türk kökənli milli ay adları” təqvimini hazırlamışdı.
Təqvim "Türk kökənli milli ay adlarımıza qayıdış" tədqiqat məqaləsi əsasında hazırlanıb. Məqalə Türkiyənin Ankara şəhərində “Avrasiya-Turan” Araşdırmları Mərkəzinin “Özkökə qayıdış – dünənin izi ilə” məqalə yarışmasında birinciliyi qazanıb.
Müəllifin bildirdiyinə görə, “Türk kökənli milli ay adlarımız” məqaləsində göstərilən ayların 2015-ci il üçün təqvimi buraxılıb: “Türkiyədə milli məfkurəmizin keşiyində duran bir təşkilatdan bu barədə təklif gəldi. Təqvimin maliyyə xərcləri həmin təşkilat tərəfindən qarşılanacaq. Üstəlik yeddi müstəqil türk ölkəsinə də yayılması nəzərdə tutulur. Məqsəd milli ay adlarımızı ictimailəşdirməkdir. Gələcəkdə onların dövlət səviyyəsində qəbulu üçün müəyyən təkliflər hazırlamağı fikirləşirik. Bunu ortaq türk dəyərlərinə töhfə kimi düşünürəm”.
Tural Turanın təklif etdiyi milli ay adları isə belədir:
Yanvar – ocaq, fevral – çillə, mart – bozay, aprel – çiçək, may – elat, iyun – qızmar, iyul – bürkü, avqust – qorabişən, sentyabr – yığım, oktyabr - əkin, noyabr – güzdək, dekabr – aralıq.
2015-ci ildə Bəynəlxalq Avrasiya Mətbuat Fondunda Tural Turanın hazırladığı milli ay adlarımızın təqvim təqdimatı belə keçirilib.
İndi isə Gənc araşdırmacı- şair Tural Turanın feysbuk səhifəsindəki açıqlamasına nəzər yetirək:
Deputat Tahir Kərimli ideyamı oğurlamağa çalışır?
2014-cü ildə Türk kökənli milli ay adları adlı təqvim hazırladım. Türkiyədə də bəyənilmişdi. İndi millət vəkilimiz Tahir Kərimli 5 il əvvəl verdiyim təklifi bəzi dəyişikliklərlə öz adına çıxmağa çalışır.
Onun "təkliflərində" mənim hazırladığım təqvimdən yararlandığı açıq-aydın ortadadır. Millət vəkili Tahir Kərimlinin bu addımını əqli mülkiyyət hüququnun tapdanması hesab edirəm.
MANERA.AZ