Dil və ədəbiyyat dərslərinin tədrisi məsələləri

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor
I YAZI
Dil və ədəbiyyat dərslərinin tədrisi ilə bağlı mövcud olan problemlər ora gətirib çıxarıbdır ki, bu dərsləri uşaqlarımız yaxşı öyrənə bilmirlər. Burada hələ xarici dillərin və xarici ölkələrin ədəbiyyatlarının tədrisini ayrıca bir mövzu kimi diqqət mərkəzində saxlamırıq. Bu barədə ayrıca bəhs etməyə ehtiyac vardır. Konkret olaraq milli dilin və milli ədəbiyyatın, yəni Azərbaycan dilinin və Azərbaycan ədəbiyyatının tədrisi nəticə etibarilə müxtəlif problemləri üzə çıxarır. Bu problemlərin bir qismi məktəbəqədərki dövrdə, yəni ailə mühitində özünü göstərir. Belə ki, bəzən ailədəki mövcud dil mühiti uşaqların doğma ana dilini öyrənmək işində çətinliklər yaradır. Ailədə valideynlər – ata, ana övladla ünsiyyəti düzgün qura bilmir. Övladla ünsiyyətdə olmağa vaxt ayırmırlar. Ailədəki uşaqların dil bilgisini artırmırlar. Övladlarının sorğu-sualına şərait yaratmırlar. Uşaqlara bu istiqamətdə heç bir stimul vermirlər.
Nəticədə uşaqlar ya özlərinə qapanır, ya da oyuncaqları ilə oynayır, dil mühitinə qoşula bilmirlər. Nəzərə almırlar ki, indi dili öyrənməyin tələbləri və dili öyrətməyin metodikası dəyişibdir. İndi dil konseptlər (anlayışlar) əsasında öyrənilir və öyrədilir. Yəni istənilən bir mühit dil konsepti ola bilər və oradakı məfhumlar, anlayışlar bir-bir öyrədilir. Məsələn, sevgi, vətən, torpaq, fəsil, sinif, məktəb və s. anlayışlarının hər biri konsept kimi çıxış edir. Orada mövcud olan məfhumların hər biri gözlə görünür və onların adı səslənir, nəticədə qulaqla eşidilir. Söz və qulaq vəhdəti sözü və məfhumu daha yaxşı anlada bilir. Bu zaman istənilən bir dil asan yolla öyrənilir.
Son dövrlərdə elmi-texniki tərəqqinin nailiyyətləri hər birimizin, o cümlədən uşaqların həyatına, məişətinə geniş daxil olubdur. Əlbəttə bunun əleyhinə deyilik, bu belə də olmalıdır. Ancaq uşaqlar əksər vaxt elmi-texniki tərəqqinin imkanlarından düzgün istifadə etmir, düzgün faydalana bilmirlər. Onlar telefonun, planşetin, kompüterin və digər vasitələrin imkanlarından dil bilgisi almaq istiqamətində istifadə etmirlər. Saatlarla telefondan, planşetdən istifadə edən uşaqlar mənasız oyunlarla vaxtlarını itirir, gələcəkdə onların həyatında mühüm rol oynayacaq bilgilərdən uzaq düşürlər. Bunun üçün elektron resurslarını uşaqların yaş səviyyəsinə uyğun olan cizgi filmləri, uşaq filmləri, uşaqların başa düşəcəyi ədəbi-bədii materiallarla yükləməli və doldurmalıyıq. Uşaqların istifadə etdiyi elektron resurslarında belə materialların olmaması, yaxud da çox az olması uşaqların dil, ədəbiyyat bilgisinə mənfi təsir göstərir. Dil, ədəbiyyat bilgisi zəif olan uşaqların dil və ədəbiyyat zövqü də aşağı səviyyədə olur. Dili və ədəbiyyatı öyrənmək üçün həm də zövq sahibi olmaq lazimdır. Zövqə sahiblik isə uşaqlıqdan başlayır və bütün ömrü boyu insanı müşayiət edir. Uşaqların məktəbəqədərki dövrü ilə bağlı görüləcək işlərin proqramı, bu proqramın tələbindən irəli gələn kitabların yazılması, metodik vəsaitlərin hazırlanması və bütün bunların hamısının elektron məkanda yerləşdirilməsi günümüzün ən vacib tələblərindən biridir. Bu mənada məktəbəqədərki dövrlə bağlı Türkiyə alimlərinin gördüyü işləri örnək kimi qəbul etmək olar.
Məsələn, Ankara Universitetinin əməkdaşı Neriman Aralın, Qazi Universitetinin əməkdaşları Adalet Kandırın və Münevver Can Yaşarın birgə hazırladıqları “Okul öncesi egitim ve ana sınıfı proqramları” kitabının məktəbəqədər təhsil üçün böyük faydası vardır. Bu kitabda məktəbəqədər təhsillə bağlı bir sıra məqamlar diqqət mərkəzində saxlanılır. Məsələn, məktəbəqədərki təhsilin hansı səbəblərlə bağlı önəmli olması, məktəbəqədərki təhsilin qarşısında duran məqsədin nədən ibarət olması, məktəbədər təhsilin yaxşılaşması üçün hansı işlər görülməlidir, məktəbəqədərki təhsil dövründə uşaqların özəllikləri barədə, ailənin məktəbəqədərki təhsilə qatılmasını həyata keçirmək yolları və s. Burada yenə də uşaqlarda şeir, hekayə bacarıqlarının aşılanması yolları diqqət mərkəzinə gətirilir. Deməli, ədəbi zövqün məktəbəqədərki dövrdə formalaşma yolları diqqət mərkəzində saxlanılır.
Hətta Türkiyədə bu istiqamətdə olan tədqiqatlar bir az da dərinləşir və öyrətmə prosesində dramın, teatrın, oyunların, əyləncələrin, məsəllərin, baş vermiş hadisələrin və s.-in uşaqların formalaşmasında oynadığı rola xüsusi olaraq yanaşılır. Təbii ki, bunların hamısı ona xidmət edir ki, uşaqlarda ədəbi-bədii zövq formalaşsın, onların dünyagörüşü və mənəvi aləmi zənginləşsin. Bunların hamısı birlikdə (kompleks olaraq) mədəni insanı, mədəni vətəndaşı formalaşdırır. Türklərdə bu istiqamət diqqət mərkəzində saxlanılmaqla, həm də bu sahənin (o cümlədən təhsilin) sözlüyü (lüğəti) hazırlanır. Belə sözlüyün (lüğətin) mövcudluğu bir daha təsdiq edir ki, təhsil (o cümlədən məktəbəqədər təhsil) ən böyük mədəniyyətdir. Eyni zamanda təhsili və bu prosesi qavramaq üçün ona aid olan terminləri öyrənmək, bilgiyə çevirmək lazımdır. Belə olarsa, zövqü olan öyrədici, yəni müəllim həm də zövqlü şagird, tələbə və geniş mənada vətəndaş hazırlaya biləcəkdir.
Uşaqlar valideynlərindən daha çox zəmanəyə bənzəyirlər. Vaxtilə valideynlər – ata, ana və əgər ailədə baba, nənə vardısa, onlar uşaqlara hekayələr, nağıllar danışar, dil və ədəbiyyat zövqünün təməlini qoyardılar. İndi isə uşaqlara nağıl və hekayə danışan valideynlər (ata,ana), o cümlədən baba, nənə ya yoxdur, ya da çox azdır. Belə olan təqdirdə uşaqlarda dil və ədəbiyyat zövqü hardan yarana bilər? Nəzərə alsaq ki, uşaqlar zəmanənin övladları kimi elmi-texniki tərəqqinin həyatımıza, məişətimizə gətirdiyi telefondan, planşetdən istifadə edirlər. Və həmin telefon və planşetlərdə uşaqların dil və ədəbiyyat zövqünü formalaşdıracaq materiallar yoxdur, onda məsələnin nə qədər acınacaqlı olması barədə düşünməliyik.
II YAZI
Vaxtilə uşaqların dil və ədəbiyyat zövqünün formalaşmasında “Keçi”, ”Xoruz”, ”Dovşan” və s. şeirlərin rolu əvəzsiz olmuşdur. İndi elektron resurslarında bu qəbildən olan materialların olmasına ehtiyac böyükdür. Təbiətə, ataya, anaya, heyvanlara, vətənə və s-yə sevgi hisslərini yaradan ədəbi-bədii materialların (təbii ki, uşaqların yaş səviyyəsinə uyğun olmaqla) elektron resurslarında özünə yer alması uşaqlarda dil və ədəbiyyat zövqünün formalaşmasına yardımçı vasitələrdən biridir. Məhz belə yardımçı vasitələrdən istifadə etmək üçün mütəxəssislərin uşaqların yaş səviyyəsinə uyğun ədəbi-bədii materiallar hazırlamalarına bir zərurət vardır.
Heç şübhəsiz ki, elektron resursları üçün belə materialların hazırlanması həm elektron resurslarının faydalı bir mənbə olduğunu təsdiqləyəcək, həm də onların öyrətmə imkanlarının geniş olduğunu göstərəcəkdir. Bundan basqa, elektron resursları dil və ədəbiyyatı öyrədən bir müəllim funksiyasını daşıyacaqdır. İndi elə bir dövrdə yaşayırıq ki, uşaqlar təkcə müəllimdən, kitabdan yox, həm də digər resurslardan öyrənməlidirlər. Bu mənada digər resursların imkanlarını uşaqların tələbatını ödəyən bir səviyyəyə gətirməliyik.
Deməli, müasir dünyada müəllimlə yanaşı, kitablar, digər qaynaqlar, o cümlədən elektron resursları öyrətmə imkanlarına malikdir. Öyrətmə imkanı olan hər bir mənbə öyrənənlər tərəfindən, o cümlədən uşaqlar tərəfindən nüfuza çevrilir. Həm də müasir dünyada müəllim də, kitab da, digər resurslar da öyrənmə mənbələri olmaqla, daha çox öyrənmənin yollarını aşılayır. Öyrənmənin yolları nə qədər çox olarsa, bu, öyrətmək prosesini asanlaşdıra bilər. Odur ki, müəllim, kitab, elektron resursları öyrənməyin yollarını aşılayan vasitələrdir. Bu vasitələrin, xüsusilə müəllimin funksiyası indi tamamilə dəyişibdir. Belə ki, müəllim bilikdən daha çox həmin biliyi əldə etməyin yollarını aşılayan tərəfdir.
Əvvəllər müəllim bilik öyrədən tərəf idi, indi isə biliyi əldə etməyin yollarını göstərən tərəfdir. Müəllim biliyi öyrədən tərəf kimi çıxış edəndə (yəni əvvəlki dövrlərdə) ona daha müqəddəs yanaşılır, ona görəsən “müəllim çörək yeyirmi, su içirmi, yatırmı” fikri ilə yanaşılırdı. Belə olan dövrdə müəllimin işi rahat, özü isə müqəddəs tərəf kimi qəbul edilirdi. Həmin dövrdə resursların azlığı (mənbələrin, qaynaqların, kitabların və s.) da müəllimin sözünə, fikrinə hörmətlə yanaşmaq işini əsaslandırırdı. İndi biliyi və onu öyrətmənin yolları, vasitələri (mənbələr, qaynaqlar, kitablar, müxtəlif resurslar və s.) o qədər zəngindir ki, müəllimin fikrinə, mövqeyinə əvvəlki kimi müqəddəs yanasmanın faizi azalıbdır. Ona görə də müasir müəllimin funksiyası daha ağır və çətindir.
Müasir müəllim öhdəsinə düşən vəzifəni yerinə yetirmək üçün minbir yollardan, vasitələrdən, metodlardan istifadə etməyi bacarmalıdır. Əgər müəllim bunu bacararsa, onda onun nüfuzu digər resurslardan, təbii ki, üstün olacaqdır. Bacarmazsa, müəllim nüfuzu digər resursların kölgəsində qalacaqdır. Bu mənada dil və ədəbiyyat müəllimlərinin öhdəsinə düşən vəzifələr daha böyükdür. Dil və ədəbiyyat müəllimləri elə bir işlə məşğul olurlar ki, bu iş olmadan milli təməlin bünövrəsini qurmaq mümkün deyildir. Milli təməli möhkəm olmayan uşaqlar bünövrəsi möhkəm olmayan divarlar kimidir. Milli təməli möhkəm etmək üçün dil, ədəbiyyat müəllimləri gecə-gündüz çalışmalı, yeni yollar və vasitələr aramalı, dili və ədəbiyyatı sevdirməyin bütün imkanlarını üzə çıxarmalıdırlar.
Müəllimin, konkret olaraq dil və ədəbiyyat müəlliminin nüfuzu bütün resurslardan üstün olmalıdır. Belə olarsa, müəllimin konkret olaraq dil və ədəbiyyat müəlliminin əvvəlki nüfuzundan danışmaq olar. Həmin nüfuzdan danışarkən türk ədəbiyyat tarixçisi, böyük fikir adamı Nihat Sami Banarlının bir müəllim dostunun dediklərini xatırlamaq yerinə düşər. Onun hörmətli müəllim dostunun dedikləri belədir: “Gəncliyimdə filan şəhərdə müəllimlik edirdim, ancaq küçəyə çıxmağa utanırdım. Çünki şəhər xalqı xocam deyə keçdiyim hər yerdə məni ayağa qalxaraq salamlardı. Böyüklərin bu hörmət dolu salamları əsasən çox “tərbiyəli” olan uşaqların və gənclərin üzərində dərin təsir buraxır; kiçik, böyük, hər kəsdən gördüyüm sayğı məni xocalığın sevgisi, şövqü və qüruruyla doldururdu”. Nihat Sami Banarlı böyük Türk tərbiyəsindən danışır, yalnız Allahın hüzurunda ayağa qalxılan yer olan məsciddən və Fateh Sultan Mehmedin xocaları gələn zaman insanların ayağa qalxaraq onları salamlamasından bəhs edir.
Bununla belə, xocalara (müəllimlərə) hörmətin indi azaldığını, tələbələrdə və hər bir kəsdə onlara sayğı və sevgi duyğularının azaldığını da etiraf edir. Müxtəlif siyasi, ideoloji dünyagörüşü olan müəllimlərin, xüsusilə dil və ədəbiyyat müəllimlərinin məhrumiyyətləri daha çoxdur. Məsələn sovetlər dövründə mövcud olan ictimai-siyasi və ideoloji münasibət ədəbi-bədii əsərlərə münasibətdə də dərin kök saldı. Bu zaman ədəbi-bədii əsərlərin ideoloji və siyasiləşmiş təhlilləri əsl ədəbiyyatı usaqlara, gənclərə, geniş mənada oxucu kütləsinə anlada bilmədi. Hətta “ Kitabi Dədə Qorqud” dastanına, Məhəmməd Füzuliyə, Şah İsmayıl Xətaiyə və son dövrlərdə Səməd Vurğuna, Süleyman Rüstəmə, Rəsul Rzaya və digərlərinə olan hücumlar siyasi-ideoloji yanaşmadan qaynaqlandı.
Əsl ədəbiyyat, bədii material, sənətkarlıq unuduldu. Belə olduğundan uşaqların dil və ədəbiyyat barədə bilgiləri düzgün olmadı. Dil və ədəbiyyat zövqü düzgün olmayan nəsil yetişdi. Dil və ədəbiyyatı nəyin bahasına olursa-olsun siyasi müstəviyə yönəltmək dəb halını aldı. Axı dil və ədəbiyyat zövqünün siyasətə heç bir dəxli yoxdur. Siyasətdən uzaq, siyasətdən kənar əsl sənət əsəri təmiz bir zövqü (dil və ədəbiyyat zövqünü) formalaşdıra bilər.
III YAZI
Ədəbi tənqid zövqü formalaşdırmaqdan daha çox siyasətə, ideologiyaya xidmət edib, ədəbi-bədii nümunəni zövq materialı kimi, sənət nümunəsi kimi öyrənməyibdir. Tənqidçilərin, ədəbiyyatşünasların bədii ədəbiyyata, dilçilərin dilə siyasi baxımdan yanaşmaları dil və ədəbiyyatın özünü də, onu öyrənənlərin (uşaqların, gənclərin, geniş oxucu kütləsinin) zövqünü də korladı desək yanılmarıq. Dil və ədəbiyyatı siyasiləşdirənlərin dəyirmanına siyasiləşmiş dil və ədəbiyyat müəllimləri su tökməyə başladılar. Bu da uşaqlarda, gənclərdə, oxucularda əsl dil və ədəbiyyat zövqünü yox, siyasi zövqü formalaşdırdı.
Dil və ədəbiyyatın yaradacağı sənət və sənətkarlıq zövqü kənarda qaldı. Atalar sözlərinə, nağıllara, dastanlara bədii ədəbiyyat nümunəsindən, bədii düşüncənin məhsulundan daha çox siyasi yöndə yanaşıldı. Dil və ədəbiyyat müəllimlərinin bu işdə “xidmətləri” danılmazdır. Dil müəllimləri siyasiləşmiş, siyasətə xidmət edən cümlələri təhlil etməklə dil zövqündən daha çox siyasi zövqə xidmət etdilər. Fonetik, leksik, morfoloji və sintaktik təhlil materialları siyasiləşmiş bədii mətnlərin içərisindən seçildi, eyni zamanda ədəbiyyat müəllimləri ədəbiyyat materiallarını Sovet tənqid və ədəbiyyatşünaslığının tələbləri istiqamətində təhlil etdilər. Burada dil və ədəbiyyat müəllimlərinin günahını yox, dövrün, zamanın, siyasi rejimin onları aciz bir vəziyyətə gətirdiyini söyləmək istəyirik. Bunun acı nəticələri ona gətirib çıxardı ki, Sovet dövrü ədəbiyyatı deyəndə bir çoxları onun üstündən xətt çəkmək istədilər və bu tendensiya indi də davam etməkdədir. Halbuki Sovet dövründə yaranmış ədəbiyyatın özünəməxsusluğu ilə yanaşı, çox dəyərli cəhətləri də vardır.
Hətta indinin özündə belə, Sovet dövrü ədəbiyyatı yenidən təhlil və tədqiq olunmalıdır. Əgər belə olarsa, Sovet dövrü ədəbiyyatında çox dəyərli məqamları görmək olar, eyni zamanda Sovet ədəbiyyatını məqsədli siyasiləşdirənlərin siyasi mövqeyi aydınlaşa bilər. Odur ki, dil və ədəbiyyat savaşı dil və ədəbiyyat müəllimlərinin zəhmətinə söykənir. Dil və ədəbiyyat müəllimləri ideologiyanın təsiri altında yazanların və sovet ideologiyasını vaxtilə təbliğ edənlərin yaradıcılığının üstündən xətt çəkə bilməzlər. Dil və ədəbiyyat müəllimlərinin borcudur ki, Sovet ideologiyasına xidmət edən hər nə varsa, onu ayırd etməyi bacarsın və əsl ədəbiyyata xidmət edən tərəfləri təbliğ etsin, ən azı dərs dediyi auditoriyada yaya bilsin. Burada dil və ədəbiyyat müəllimlərinin çiyinlərinə böyük yük düşür. Ona görə ki, qeyri-peşəkarlar dövrün, zamanın dəyişməsindən sui istifadə edərək bütünlüklə sovet ədəbiyyatını inkar edirlər.
Qeyri-peşəkarlar bunu asan bir yol kimi seçir, nə özlərini, nə də cəmiyyəti Sovet ədəbiyyatı barədə düşünməyə yönəltmirlər. Belə olduğu təqdirdə, dil və ədəbiyyat müəllimləri Sovet dövründə yaranmış və Sovet ədəbiyyatı adı ilə tanınan ədəbiyyatı məsuliyyətlə təhlil etməli, cəmiyyətə, xüsusilə, dərs dedikləri şagirdlərə, tələbələrə düzgün təqdim etməlidirlər. Bir daha qeyd etmək istəyirik ki, Sovet dövründə yaranmış ədəbiyyatda zərərli nümunələr var, ancaq belə bir hal bütövlükdə bu dövrün ədəbiyyatının inkarına xidmət etməməlidir. Bu dövrdə yaranmış ədəbiyyatda həm də əsl ədəbiyyata xidmət edən kifayət qədər nümunələr var.
Onları mənfi tendensiyalı nümunələrdən ayırd edib düzgün qiymətini vermək lazımdır. Dil və ədəbiyyat müəllimləri ədəbiyyatın tarixi ilə bağlı zəngin , hərtərəfli biliyə malik olmalı və zamanın sınağından keçən, eləcə də keçməyən ədəbiyyatı ayırd etməyi bacarmalıdırlar. Dil və ədəbiyyat müəllimləri dərs dedikləri şagirdləri, tələbələri başa salmalıdırlar ki, əgər oxucu oxuduğu əsərdən bir fayda, xeyir götürürsə, onu zərərli əsər hesab etmək olmaz. Zərərli əsər odur ki, onun oxucuya heç bir xeyri, faydası olmur. Bir sözlə, məktəb deyilən müqəddəs bir yerdə Sovet dövründə yaranmış ədəbiyyat zərərli ədəbiyyatdır, onun xalqımıza heç bir aidiyyatı yoxdur, bu ədəbiyyat başdan ayağa qədər ideologiya üzərində qurulmuş ədəbiyyatdır və s. kimi fikirləri təbliğ etmək olmaz. Əksinə, məktəblərdə, təbii ki, dil və ədəbiyyat dərslərində Sovet dövründə yaranmış ədəbiyyatın reallıqlarını, imkanlarını, zərərli və faydalı tərəflərini bir-birindən ayırmaqla öyrətmək lazımdır. Bunun üçün dil və ədəbiyyat dərsliklərində, orta və ali məktəb dərsliklərində bu məsələ öz yerini düzgün tapmalı, öz yerini düzgün tutmalıdır.
Nəzərə alsaq ki, bizim bu məsələləri ayırd etməyə kifayət qədər imkanımız vardır. Belə ki, orta məktəblərdə dil və ədəbiyyat dərslərindən əlavə, ali məktəblərdə filologiya fakültələri mövcuddur ki, burada bütün problemli məsələlərin incəliklərinə qədər öyrənilməsinə imkan və şərait kifayət qədərdir. Yəni filologiya fakültələrində dil və ədəbiyyat müəllimləri kimi yetişəcək mütəxəssislərin hərtərəfli hazırlanmaması mümkün deyildir. Ona görə də kifayət edər ki, dil və ədəbiyyat müəllimləri dil və ədəbiyyat dərslərinin məzmununa, eləcə də tədrisinə məsuliyyətlə yanaşsınlar. Orta məktəbin dil və ədəbiyyat dərslikləri ilə ali məktəblərin dil və ədəbiyyat dərslikləri arasında rabitə, əlaqə itməsin. Buna görə də orta məktəbin dil və ədəbiyyat dərsliklərinin məzmununu nəzərə almaqla ali məktəblərin dil, ədəbiyyat dərslikləri yazılmalıdır. Ali məktəblərdəki dil və ədəbiyyat dərslikləri orta məktəblərin dil, ədəbiyyat dərsliklərinin məzmunu üzərində təkmilləşməli və genişlənməlidir.
Ədəbiyyat dərsliklərinə ədəbiyyatımızın tarixində oturuşmuş yazıçılar, şairlər daxil olmalıdır. Dil dərsliklərindəki mətnlər ədəbiyyat tariximizdə oturuşmuş yazıçı və şairlərin əsərlərindən seçilməlidir. Belə tənqidçilər, ədəbiyyatşünaslar, dilçilər öz aralarında ayrı-ayrı şair və yazıçılara (xüsusilə də Sovet dövrü şair və yazıçılarına) düzgün qiymət verə bilmirlərsə, onları yerli-yersiz suçlayırlarsa, bunun nəticəsində onları ədəbiyyat dərsliklərindən çıxarırlarsa, deməli, hələ bu barədə düşünməyə, eyni zamanda dil və ədəbiyyat dərslərinin, həm də bu fənlərin problemlərindən danışmağa dəyər.
IV YAZI
Ali məktəblərdə filologiya fakültəsinin, daha sonra magistratura, doktorantura pilləsinin mövcudluğunu və mütəxəssislərin bütün ömürlərini bu işə sərf etməsini nəzərə alsaq, deməliyik ki, dil və ədəbiyyat fənlərinin dərinliklərini, incəliklərini öyrənməyə kifayət qədər imkan var. Azərbaycan dilinin özü bir mədəniyyət, təfəkkür və bədiiyyat dili kimi ədəbiyyatımızı dərindən öyrənməyə şərait yaradır. Ancaq gərək dilimizi və ədəbiyyatımızı anamızın südü kimi qəbul edək. Ana südü uşaq üçün nədirsə, doğma dil və ədəbiyyat da millətin hər bir övladı üçün odur. Ona görə də usaq ana südünü ağzında necə dadırsa, doğma ana dilini və ədəbiyyatını da eləcə dadmalıdır. Bu mənada yenə də qeyd etmək yerinə düşər ki, Sovet dövründə yaranmış ədəbiyyatın üstündən xətt çəkməyə haqqımız yoxdur.
Bu dövrdə yaranmış ədəbiyyatı ana südümüz kimi dadmalıyıq, yaxşı və pis tərəflərini bir-birindən ayırd etməliyik, yaxşı cəhətləri təbliğ etməli, pis cəhətləri isə ibrət dərsinə çevirməliyik. Bunu da unutmaq olmaz ki, Sovet dövründə yaranmış ədəbiyyatın siyasi-ideoloji cəhətlərinə aydınlıq gətirməklə yanaşı, sənətkarlıq tərəflərini də diqqətdən qaçırmamalıyıq. Hansı dövrdə yaranmasından və hansı ictima-siyasi ideologiyaya xidmət etməsində asılı olmayaraq, istənilən bir bədii əsərin sənətkarlıq tərəfini açmaqla insanlarda bədii zövqün formalaşmasına da çalışmalıyıq. Yəni ədəbiyyatın, o cümlədən istənilən bədii əsərin ictimai-siyasi, ideoloji cəhətləri ilə sənətin tələblərinə cavab verməsini, sənətkarlıq məsələlərini bir-biri ilə qarışdırmamalıyıq. Bax bu mənada da Sovet dövründə yaranmış ədəbiyyatın ideoloji tərəfləri ilə sənətkarlıq tərəfləri bir-birinə qarışdırılır, daha doğrusu, ideoloji tərəf şişirdilir, sənətkarlıq tərəfi isə unudulur. Bunun özü də ədəbiyyata (konkret desək, Sovet ədəbiyyatına) birtərəfli qiymət verməkdir. Məhz bu cür qiymət ədəbiyyatın əsl qiyməti ola bilməz. Ona görə də ədəbiyyatın özünün ictimai-siyasi və ideoloji mübarizəsi ilə bədii, sənətkarlıq xüsusiyyətləri fərqli-fərqli anlayışlardır. Bu mənada ədəbiyyat ictimai-siyasi, ideoloji mübarizə ilə yanaşı, ədəbi-bədii və sənətkarlıq mübarizəsi də aparır. Yəni ədəbiyyat geniş mənada savaşır. Bu savaşda istənilən bədii əsərin ideoloji tərəfi (əgər varsa) ilə sənətkarlıq tərəfi bir-birindən ayrılır. Bu mənada Sovet dövründə yaranmış ədəbiyyatın ideoloji tərəfi bizi təmin etməsə də, ancaq sənətkarlıq tərəfi oxucuda sənət zövqünü, bədii zövqü formalaşdıra bilir.
Müqayisə üçün qeyd edək ki, bu gün dünyada dil, din, mədəniyyət və s. savaşları gedir. Bu savaşların hər birinin siyasi tərəfləri ilə yanaşı, dəyər rolunu oynayan tərəfləri də var. Tarixi təcrübə göstərir ki, bəzən (və əksər vaxt) siyasi tərəf məqsədli şəkildə dəyər rolunu oynayan tərəfdən qabağa keçir. Belə olanda əsl həqiqət kölgədə qalır, təhrifli yanaşmalara meydan verilir. Təhrifli yanaşmaların çoxalması əsl həqiqətin savaşmasına imkan vermir. Bir sözlə, təkcə dil və ədəbiyyat savaşında deyil, həm də mədəniyyət, din savaşlarında da bu hal özünü göstərir. Ona görə də bütün savaşları düzgün aparmaq üçün savaş aparanların peşəkar zövqə malik olmaları əhəmiyyətli rol oynayır.
Dil və ədəbiyyat savaşında sənət, sənətkarlıq məsələləri ön plana keçməli, dil və onun yaratdığı ədəbiyyat sənətkarlıq baxımından bayraq kimi, vətən kimi qorunmalıdır. Dünyanın hər bir milləti mədəni səviyyəsinə görə dilinə və ədəbiyyatına borcludur. Mədəni səviyyə, eləcə də milli mədəni səviyyə dilin və ədəbiyyatın apardığı savaşın sayəsində mövcuddur. Dil və ədəbiyyat mövcud mühitin, şəraitin içindən keçir, nəticədə mövcud mühitin, şəraitin savaşları ilə üz-üzə qalır. Dil və ədəbiyyatın savaşı olmazsa, onda dil və ədəbiyyat (milli dil və ədəbiyyat) yaşaya bilməz. Bu cür savaşın sayəsində Azərbaycan dili və ədəbiyyatı ərəb, fars müqavimətindən keçə bilmiş və hal-hazırda müasir dünyanın dil və rəqabət müqavimətinə cavab verə bilir.
Azərbaycan ədəbiyyatı tarixinə bütöv bir orqanizmi kimi yanaşmaq lazımdır. Onun bütün dövrlərinin təfərrüatlarına varmaqla öyrənmək və gənc nəslə öyrətmək lazımdır. Biz onun Sovet dövrünü qəbul etməməklə ədəbiyyat tariximizin bütövlüyünü qırmış oluruq. Bəzən hətta yanlış olaraq fars dilində yazanların yaradıcıllığını da ədəbiyyat tariximizin tərkib hissəsi kimi qəbul etməyənlər var. Belə mövqedə olanlar Azərbaycan ədəbiyyatı tarixinin bütövlüyünü bilərəkdən və ya bilməyərəkdən dağıdırlar. Halbuki fars dilində yazmağın, eləcə də Sovet dövründə Sovet ədəbiyyatının yaranması səbəbləri gənc nəslə, ədəbiyyat tarixini öyrənənlərə aydınlaşdırılmalı, izah olunmalıdır. Əgər belə olmasa, onda gənclik və gələcək nəsil ədəbiyyatımıza, onun tarixinə dərindən bağlanmayacaqdır. Ədəbiyyat tariximizdə mövcud olanları olduğu kimi öyrətmək doğrunu öyrətmək deməkdir. Ancaq bu çətinliklərdən qaçaraq ədəbiyyatımızın (ədəbiyyat tariximizin) siyasi, ideoloji tərəflərini öyrətməmək yanlış öyrətməkdən başqa bir şey deyildir. Bu da nəticə etibarilə ədəbiyyat tariximizin tamlığına xələl gətirəcək, eyni zamanda gənc nəslə ədəbiyyat tariximiz barədə natamam bilgilər verəcəkdir. Dil və ədəbiyyat müəllimləri bu incə məqamları ciddi şəkildə nəzərə almasa, onda dünyagörüşü, mədəniyyəti, biliyi yarımçıq olan nəsil yetişəcəkdir.
Tariximizin uğurları və uğursuzluqları bizə aid olduğu kimi, ədəbiyyatımızın uğurları və uğursuzluqları da bizə aiddir. Onların hər ikisini öyrətmək, onların hər ikisindən ibrət dərsi götürmək doğru bir yoldur. Bir sözlə, tariximizə, dilimizə, dinimizə, ədəbiyyatımıza yiyə durmaq, sahib çıxmaq özümüzü təsdiqimizdir. Azərbaycan ədəbiyyatı tarixinin öyrədilməsində bir çətinlik də fars dilində yazılmış ədəbiyyatın, o cümlədən klassiklərin öyrədilməsidir. Təbii ki, ədəbiyyat tariximiz tarixi ardıcıllıqla öyrədilir. Qədim dövrdən başlayır və müasir günümüzə qədər gəlib çıxır. Bu zaman orta məktəb usaqlarının qədim və orta əsrlər ədəbiyyatını öyrənmələri çətinliklərlə qarşılaşır. Məsələn, Füzulini, Nəsimini, Q.Bürhanəddini və digərlərini öyrənmək o qədər də asan deyildir.
Ona görə də daha yaxşı olar ki, ibtidai siniflərdə onların yaradıcılığının motivləri əsasında uşaqların anlaya biləcəyi hekayələr, materiallar verilsin. Belə olarsa, uşaqlar bu cür təməl üzərində Nəsimini, Füzulini və digərlərini daha yaxşı öyrənə bilərlər. Müqayisə üçün Türkiyədə mövcud olan yaxşı bir ənənəni qeyd etmək yerinə düşər. Belə ki, türklər sufizmi yaxşı öyrətmək üçün klassiklərin və böyük ustadların fikirləri əsasında kiçik hekayələrlə ən çətin ədəbi-bədii mətləbləri oxucuya (xüsusilə uşaqlara) aşılaya bilirlər. Məsələn, Cəlaləddin Ruminin, Fəridəddin Əttarın, Əhməd Yəsəvinin, Bahəddin Nəqşbəndinin, Bəyazid Bistaminin, Şihabəddin Yəhya Sührəvərdinin, İdris Şahin və digərlərinin müdrik fikirləri kiçik hekayələr vasitəsilə oxuculara (o cümlədən uşaqlara) çatdırılır. Bu da insani keyfiyyətlərin formalaşması ilə yanaşı, sufizmin (təsəvvüfün) nə demək olduğunu, mahiyyət və məzmununun nədən ibarət olduğunu oxucuya təlqin edə bilir.
Dil, ədəbiyyat müəllimləri dilə, ədəbiyyata sevgini aşılamaqla tariximizə, mədəniyyətimizə, dinimizə, milli dəyərlərimizə bağlılığı və məhəbbəti gücləndirə bilər, uşaqlara gənc nəslə lazım olan açarı vermiş olarlar. Uşaqlar, gənclər isə həmən açar vasitəsilə bütün sirləri və tilsimləri aça bilərlər../modern.az/
SON
MANERA.AZ