Taleyinə uduzmuş qadınlar - Malik Atilayın şeirləri
MANERA.AZ gənc şair Malik Atilayın şeirlərini təqdim edir:
Sən olmasan
Sən olmasan çox şey dəyişməz ki,
Yenə döyüşərəm özümlə,
Yenə uduzaram
Səni ürəyimdə tapa bilməyib
Sənə şeir yazaram.
Sən olmasan
Tanıdığım qızlardan biri azalar uzağı
Əllərinin istisi uçub getmiş əlimi
Qoyaram sancan ürəyimin üstünə
Sənə şeir yazaram.
Sən olmasan
Sənli xatirələri sapa keçirib
Boyunbağı kimi asaram keçmişimin boynundan...
Hərdən
Bir az çiynim,
Bir az şeirlərim darıxar sənin üçün
Yarpaqlara sığınan küləklər,
Səsini xatırladar
Sənə şeir yazaram.
Yoxluğun himni
Hardasa çox uzaqda
Görməsəm də bilirəm
tərli güzgüyə baxıb kimsə şeir oxuyur
Bir də balaca uşaq yatmamaqçun ağlayır,
Anasının saçlarını yaylıq kimi tutub əlində
Əl-ayaq kəsilir həyətdən
Analarından qabaq,
Uşaqları evə səsləyir isti yeməyin qoxusu
Bir azca da uzaqda kimsəsiz qoca qalır,
İllərdir evinin tavanında gəzir itirdiyi yuxusunu
Hardasa çox uzaqda, görməsəm də bilirəm
Yoxluğun himnini bəstələyir saatın əqrəbləri
Heçliyin ağzında
Bir sərxoş qadın gəzir küçələri
Gözləri içkidən deyil
Həyatın yalnızlıq acısından yaşarmış
Gecə qədər gözəl qadın
Qadın qədər gözəl gecə
Bir-birində əriyir
Havalı-havalı gəzən qadın
Bu şəhərin neçə adamlıq yalnızlığı var deyə
Ölçür küçələri
Bir az sevgiyə
Bir az darıxmağa yer saxlayıb sol yanında
Hər gecə bir az daha sərxoş,
Bir az daha heçliyin ağzında görür özünü
Çiynindəki qanad döyməsi belə atlada bilmir uçurumlardan
Ayrılığın paytaxtında sərgərdan
Sən məni anlamazsan, gözəl gözlüm,
Sonluğu olmayan kitabam sənə.
Mən nə sual kimi sualam indi,
Nə də cavab kimi cavabam sənə.
Sümüyünə düşməyən küskün havayam
Baxıb anlamadığın hansısa şəkiləm
Rənglə, boyayla yox,
Ümidsizliklə çəkilmiş şəkil…
Bənd olur insan bəzən anlamadığı adama,
Sən məni sevsən də özündən çıxa bilməzsən.
Qorxu filmindən bir kadrdır həyatım,
Gəlib yetişdiyimiz bu yolun hər tərəfi ayrılığa aparır.
Mən sərgərdan qalmağa öyrəşmişəm
ayrılıqların paytaxtında
Sən məni unut, gözəl gözlüm
Necə ki, yuxularını unudursan,
Necə ki unudursan hər yox olanı.
Taleyinə uduzmuş qadınlar
Uşaq evi -
Gözlərində qorxu böyüdən uşaqların
Qulaqlarından
Qadağalar sırğatək asılıb,
Tərli pəncərədə "ana" yazılıb...
Qadınlar -
Sıraya düzülmüş
Yolların kənarında
Dan yeri sökülür,
Günəş yaşlı müəllim kimi
Asta-asta qalxır göyün pilləkənlərini.
Taleyinə uduzmuş qadınlar evlərinə dönür,
Yarıyuxulu körpələrin gözləri
Güllə kimi açılır onların üstünə
İlk eşitdikləri söz - ana...
Qocalar evi -
Əzilmiş vərəqə bənzəyən üzlərdəki
Ümidsiz, çarəsiz təbəssüm.
Altını bulayan qadın buğlanan gözləriylə görür ölümü.
Və yuxusunda hər səhər eşitdiyi
"ana" sözünə qarışır
Söyüşləri sanitarın...
Yaşamaq xəstəliyi
Sənə demişdim,
Bilirdin axı
Yaşamaq sevgisi - müalicə olmayan tək xəstəlikdi.
Yapışıbsa yaxandan daha buraxmaz,
Əllərin sözünə baxmaz
Gah hansısa itin başına tumar çəkər
Gah hansısa uşağın uçan şarının ardıyca qanad açar
Gözlərin ümidlə dikilər sabaha.
Üzündə gülüş gəzdirirsən,
Azdırarsan darıxmağı küçük kimi
Böyük-böyük ümidlər sarar içini.
Uşaqlara qoşulub futbol oynayarsan
Bir sabah qar yağsa əgər
İçindəki yaşamaq sevgisi daha da səni isidər
Qoşularsan uşaqlığına
Bu dəfə çəkmələrin su keçirməz,
Əllərində isti-isti əlcəklərinlə
Əlcim-əlcim qar oynadarsan.
Sənə demişdim,
Bilirdin axı
Yaşamaq istəsən
Soba dibində yatan pişik kimi
Gözəl hissləri oyadarsan.
Əlsizlərə əl olmaq,
Ayaqsızlara ayaq olmaq istəyərsən
Təpəgöz kimi
Təkotaqlı,
Təkadamlı evini
Bölüşərsən evsizlərlə.
Demişdim axı,
Sən bilirdin
Yaşamaq sevgisi ən çox mavi rəngdə olar.
Sonsuz olar, yəni
Ona görədir dəniz qədər sevib,
Göy üzü qədər yaşamaq arzun.
Bəlkə
Bəlkə, artıq şəhəriniz olar yaşamağa,
Küçələrində rəqs edib,
Ləpədöyənində yalnızlığı döyəcəyimiz bir şəhər...
Bəlkə, artıq küçəniz olar
Divarlarına güllər çəkilmiş,
Binaları arzularımız kimi
Üstümüzə uçmayacaq bir küçə...
Bəlkə, artıq ümidiniz olar
Dərsi bilməyən uşağın
Qorxu sarmış ürəyinin küncündəki
Kiçik bir ümid boyda
Xırda lap xırda...
Bəlkə artıq səhəriniz olar
Qayğısız,
Uşaqların səsində itib-batan
Dodağı təbəssümə bulaşmış bir səhər...
Bəlkə, artıq azadlığınız olar yaşamağa.
Və hər ayrılıq acıdı
Döngələr tək küçələrin deyil
İnsanların da ayrıcıdı,
Hər tində
bir kimsə çıxıb gedir həyatından,
Dayanacaqda sərnişinlərindən
ayrılan avtobus kimi qalırsan
Yaraları köz bağlamış asfalt üzərində…
Axı,
Biz də daşıyırıq insanları ürəyimizdə
və hər ayrılıq acıdı…
İnsanlarla darıxırsan,
İnsanlardan darıxırsan…
Xəyanət edirsən hər axşam özünə
Kəsdirdiyin saçlarının xatirəsinə
Saçların kimi dalğalanan hansısa bir radio dalğasında
Bu gecə bir mahnı eşidilir:
“Ay, qız sənin nə vədəndi,
Kəsilib qısa tellərinin”.
Təqdim etdi: Tural Adışirin
MANERA.AZ