Mən şeir qadınam - Fərqanə Yusifqızının şeirləri
![]()
Bu şəhər
Bu şəhər
bəlkə ən gözəl
şəhər olardı
içində sən olsaydın..
Səninlə daha mavi olardı dəniz
ay daha parlaq‚ulduzlar daha yaxın.
Və..
günəş axşamları gözlərimdə batmazdı.
hava şarı daha yüksəklərə uçardı.
Kaleiçində pul qazanan kamançı
musiqini bu qədər ağrılı çalmazdı..
Bu şəhər
bəlkə ən aşiq şəhər olardı
içində sən olsaydın..
Hər gecə qar yağmazdı Mazı dağına
hər sabah həsrətindən əriməzdi.
Hər mövsüm sənə üşüməzdim...
İzini aramazdım
Antalya kavşaklarında.
Bu şəhərdə milyonca
turist olsa da,
sənsiz‚
it ulayır elə bil
kimsəsiz sokaklarda..
Bu şəhər bu gecə
Yenə süddən kəsiləcək.
Ac qalmayım deyə mənə
Sənsizliyi içirəcək...
Səninlə görüşən gün
Bir qərib sərçə olub,
Pəncərənə qonaydım.
Gözlərinə baxınca,
Yerimdəcə donaydım.
Əlindən tutmaq üçün,
Alışaydım,yanaydım,
Səninlə görüşən gün.
Deyəydim ki,gəlmişəm,
Ay başımın bəlası.
Qoy silinsin üzündən,
Təkəbbürü,ədası.
Yayılsın yer üzünə,
Bu vüsalın sədası
Səninlə görüşən gün.
Yüyürüb sahil boyu,
Dənizə daş ataydıq.
Nisgilli qəlbimizə,
Sevinc,nəşə qataydıq.
Xoşbəxtlikdən məst olub,
Səmalara çataydıq
Səninlə görüşən gün.
Yoldan keçən hər kəsə,
Sevgidən danışaydıq.
Həyəcandan əllərim,
Əlinə yapışaydı.
Nəfəsim üz-gözünə,
Dəyəydi,qarışaydı
Səninlə görüşən gün.
Bu sevgi nağılımız,
Heç bitməsin,görəydim.
Göydəki ulduzlartək,
Yox olaydım,sönəydim.
Ayrılıq saatında,
Yanındaca öləydim
Səninlə görüşən gün.
Səninlə görüşən gün...
Sevgin olmasa
Səmadan buludlar çəkilər təmiz,
Son damlasınadək quruyar dəniz.
Nə xatirəm qalar,nə sədam,nə iz,
Əgər ürəyimdə sevgin olmasa.
Quşlar nəğməsini daha söyləməz,
Gecələr ulduzlar parlayıb,sönməz,
Dilimdə söz bitər,sinəm döyünməz,
Əgər ürəyimdə sevgin olmasa.
Çəmənlər saralar,çiçəklər açmaz,
Ceyranlar ovçunun oxundan qaçmaz,
Ruhum pərvazlanıb göylərdə uçmaz,
Əgər ürəyimdə sevgin olmasa.
Bitər yer üzündən sevgi,məhəbbət,
Gələr ayağıma məhşər,qiyamət,
Deyərəm ay dostlar,qalın səlamət,
Əgər ürəyimdə sevgin olmasa.
Sənsizləmişəm
Geri qayıtmağın mənası yoxdur,
Artıq görüşlər də olub maraqsız.
Sözlərin hədəfə dəyməyən oxdur,
Nə fərqi haqlısan,yoxsa ki haqsız.
Düşüb gedəcəyəm yolun ağına,
Bir daha mən sənə dönməyəcəyəm.
Qulağım kar olar səs-sorağına,
Dərdini-sərini bölməyəcəyəm.
Xəyalən qayıdıb ana bətninə,
Həyata qayğısız,dərdsiz gələcəm.
Sonra da yollanıb şimal qütbünə,
Bəyaz ayılarla dostluq edəcəm.
Uzaqdan-uzağa darıxıb sənsiz,
Adına nəğmələr söyləyəcəyəm.
Bəlkə də dönəcəm xəbər-ətərsiz,
Bəlkə də yolunu gözləyəcəyəm....
Bu dəli fikirlər lap məni yordu,
Sevgini qəlbimdə mən gizləmişəm.
Tənhalıq dərd kimi könlümə doldu,
Qayıt gəl,hardasan,sənsizləmişəm?!
Şeir Qadın
Bu gecə gözümdən şeir tökülür
Hecalar asılıb kipriklərimdən.
Mən şeir qadınam
sevə bilməzsən!
Sətir-sətir unut‚
xatırla bənd-bənd.
Mən şeir qadınam,
səni itirib,
Bir sevgi şeirimdə taparam bəlkə.
Səbəbsiz inciyib‚
sonra kim bilir
Ən şirin misrama qataram bəlkə...
Ətrini,sehrini qoyub kənara
Bircə gülüşünə dastan yazaram.
Mən şeir qadınam..
mən yenə oyam,
Silərəm!
Yenə də başdan yazaram...
Fərqanə Yusifqızı