"Yaşam gözəl deyilsə, sən gözəl gör Diana!"

Manera.az Seymur Sunun şeirlərini təqdim edir:
Diana
Bir də mənə yazma ki:
- Bəs sən özün necəsən?
- Zəlzələsiz dağılmış bir ev kimi, Diana...
Göndərdiyim zərflərə qoymaq istəmirəm heç,
nə kin-küdurətimi, nə sevgimi, Diana
Yeni il gəlir amma ciblər bunu söyləmir...
Almaq olmur ət, yağı, şabalıdı, Diana...
Sual kimi dayanmış süpürgəçi xanımlar
Bu şənliyin ən böyük sualıdı, Diana...
Gah dizimi yığıram, gah başımı əyirəm
Bakı boyda şəhərə sığışmıram, Diana...
Bir buluda çevrilib, qaçmıram siz tərəfə,
küləkmirəm, Diana...
yağışmıram, Diana...
Bilirsənmi, get-gedə minnət artır bir az da...
Bütün sadiq adamlar başqalaşır, Diana.
Kişi olmaq çətinmiş... axı hardan biləsən?
Bu deyil nə qab-qacaq, nə camaşır, Diana
Axı, sənə demişdim, nə xatırla, nə unut
Əgər yorursa səni, at şəklimi, Diana
Mənim sevgi səmamda nə yağış var, nə bulud...
Bəs sənin qəlbin necə?
Şimşəklimi, Diana?
Pəncərəni təmizlə, hər bir şeyə bir də bax...
Ya gözünə hörümçək torunu hör, Diana...
Yox ikinci sözümü səmimi yazmamışam
"Pəncərəni təmizlə,
Bir də təzədən izlə...
Yaşam gözəl deyilsə, sən gözəl gör Diana!"
Yorğun
İçimdə yığılmış hisslərin sözü
keçir qərarların ilk halqasına
Beynimdə qalanmış düşüncə seli
getdikcə çevrilir çöl rəqqasına...
Bütün kitablardan yorulmuşam mən
Bilik bilik üstə artır, xeyri nə
Duyğu və düşüncə müharibəsi...
Nə olsun bilirik, düz nə, əyri nə...
Söylə inanımmı reseptdəki həb
qaytarar cahillik dövrümə məni?
Külək də küçədə edir aramca
bu yorğun səsimi zümzümə mənim...
Güzgüm də çatladı, çatla bölündüm.
Bölünüb, dağıldım dörd bir tərəfə.
Müəllim, suallar o qədərdi ki,
Həyatın adını qoydum fəlsəfə.
Qışqırdım, qışqırıq bürüdü məni
Bir cavab gəlmədi, hər kəs kar imiş...
Mən onda anladım, bütün kitablar
bir də müəllimlər günahkar imiş...
Qar
Qara fikirli şəhər indi ağ qar içində
bütün əyləncə dolu fikirlər xaricində:
Gecə saat 12, avtobus dolu adam
Nazik köynəkli adam, qalın paltolu adam...
Adamlar harda qalır? Adamlar hara gedir?
Adamın evi adam, adamın yolu adam...
Adamlar nəyi sevir? Adamlar kimi didir?
Adamın şahı adam, adamın qulu adam
Adamlar nə itirir? Adamlar nə qazanır?
adamın borcu adam, adamın pulu adam
Bəs adam dediyin nə? Bəs adam dediyin kim?
Adam - qorxulu adam, adam - yuxulu adam...
Təbəssümün şeiri
O balıq var bu çayda - balaca qara balıq.
Bədbinləşib, onunçün hər bir yer xarabalıq
Hər gün ucuz fəlsəfə, hər gün yem axtarmalar,
Nə qədər axtar, ara, yolsuz qalıb karmalar...
Bapbalaca bir uşaq daş götürüb atarsa
Fəlsəfə etdiyi vaxt bu balığa tuş gələr.
Suyun qabarcıqları pulcuqlara qarışsa.
Suda səs-küyü görüb, köçəri bir quş gələr.
Caynaqları bu ovçun kobud, kələ-kötürsə
Dimdiyiylə balığı yuvasına aparsa
Böyük sevinc içində böyük sürət götürsə,
Kiçik ətcə balalar ondan tikə qoparsa
Günəş boylansa sənə, açsa şəfəq ovcunu
Qapama gözlərini, üfüq zərbəsi vurma
Dovşan qaçsa yeyincə və çaşdırsa ovçunu
Qışqır: "...onu gözləyir tifil körpəsi, vurma!.."
Günəş qol açar bizə, dağın taa kürəyindən
Ağaclar yarpaq dolar, budaqlar şux olarsa
Atalar xoşbəxt olar, zəhmətin "pul iy"indən
Atalar xoşbəxt olar, körpələr tox olarsa
Körpəsi səhər-səhər qum-torpağın içində
Bir çimdik bal götürüb yuvalara əyilsə
Onlarla qarışqalar barmağına daraşsa
Arıların zəhməti bala-bala yeyilsə...
Ovucların içində balıqqulağı gülsə
O gülüşlər sənindir - hamısını mənimsə...
Bir stəkan dolu su döşəməyə tökülsə
Su aydınlıqdı deyib, əsəbləşmə, gülümsə.
MANERA.AZ