Bəndəyə sevgi hər dəfə bağışlamaqdı... - ŞEİRLƏR | MANERA.AZ
![]()
Manera.az gənc şair Fərid Hüseynin şeirlərini təqdim edir:
Bağışlamaq
Tanrıya sevgi tövbəni pozmamaqdı,
bəndəyə sevgi hər dəfə bağışlamaqdı.
Kürəkdəki dost yarasın unudub,
yar bıçağın çıxardıb,
gülə-gülə onlara meyvə doğramaq gərək.
Səni aldadanın da, səni ağladanın da taleyidir günahı.
Ürəyini açmalı, əlini uzatmalı,
özgənin günahına öz suçuntək ağlamaq -
bağışlamaq hamını, hər dəfə bağışlamaq...
Anlayıram
Babullaoğlunun və Sipehrinin bizə sevdirdiyi
Məsiağa Məhəmmədinin doğuluşuna
Siz insanları dəqiq görməkçün yox,
böyük görməkçün – böyütməkçün eynək taxırsız,
mən sizin gözlərinizi anlayıram.
Şərq əyninə Bağdad libası geyinib,
bombalar ölür uşaq cəsədlərində.
Mən sizin Şərqinizi anlayıram.
Sizin ömrünüzün yarısını yaşamamış əllərim əsir,
görünür, mənim əllərimi anlayan olmadı.
İndi bu titrək əllərlə, divi buraxıb,
nəfsimi salmışam şüşəyə,
qanım gülaba dönür canımda.
Bilirsiz, buynuzsuz qoçun heyfi
qalmadı buynuzlu qoçda, –
sonda tale oldu hər şey.
Yazılanlar, soyutdu ürəkləri,
ona görə kağızda susdu sözlər,
mənsə saitlərlə samitləri ayrı salmamaqçün yazdım.
Yaş artıqca insan dünyaya qaytarır aldıqlarını,
bal yeyəndə unuduruq arı vızıltısını.
“İnsan nankordu”, deyir KİTAB.
Siz ömrü süzüb bir əlli vurduz,
vicdan şüşəniz əskilmədi amma,
mən bu doğruluğu anlayıram.
Yata bilmirəm günahlarımı
İnsan nə eləyirsə, onun əsrinə çevrilir,
hətta xeyirxahlığın da.
İçimdə bir uşaq var, düşünür: üşənir taleyindən.
İlahi, mən dar gündə nə istədimsə verdin,
şad günümdəsə heç nə istəmədim səndən.
Şahlar Allahdan istəməyəndə
səltənət öz əlləriylə qoyur tacını xarabalığın başına.
Şairlər
Biz hər axşam evə iki çantayla gəldik,
birində kitab, birində çörək oldu,
birinci çörək olan çantamızı boşaltdılar.
Biz quşları da övladımız kimi sevdik,
ovcumuzdan su əmdi sərçələr.
Biz atomlara siqaret yandırdıq,
tufanlara saç daradıq.
zəlzələ keçsin deyə
ayağımızı yerə dayadıq.
Biz şeir yazdıq,
nəğmə oxuduq
kinoya tələsdik,
Siz – otağa, yatağa, villaya.
Biz sizinlə görüşmədik,
biz sizinlə rastlaşdıq ancaq...
Başqa cür olmur
Oxumalıyam, alim olmalıyam,
sənin təbəssümünü araşdırmalıyam.
İşləməliyəm, vəzifəm artmalıdı –
Busəçi olmalıyam.
Küsməliyik, saatımı kosmetika dolabında gizləməlisən,
yerini soruşub barışmalıyıq.
Mülkümü satıb qollarında yer almalıyam.
"Ayağın əlim boydadı" deməliyəm
sənin balacalığına gülüşməliyik.
Əsgər papağımı başına qoymalısan,
mən sənə "komandir" deməliyəm.
Şəkil çəkdirməliyik və "komandir" sözü şəkildə düşməməlidi.
Belə olmalıdı, yoxsa xoşbəxt olmaq olmur.
Nə istəyirsiz?
Nə istəyirsiz,
zəncirlərə vuruslun köpəklərimiz?
Yoxsa qandallara aşiq olsun qolumuz?
Şüşə üzərinə çıxarmısız yalın ayaqlı həqiqətlərmizi,
unutmayın, hər həqiqət bir pəhləvandır.
Ədalət Sokrat demiş, qızılgül misalıdı,
budadıqca daha sərt tikanlarla boy atır.
Siz bu naqqal bağbanlıqdan usanmadıca.
biz kürəyimizi taleyimizə sultan taxtı kimi söykəyirik.
Hər üzü tanışdı hər üzü yaşanmış
Mən şeirlərimi reseptlərdən sonra yazdım, –
o zaman ki, dərmanlar kar etməmişdi ağrılara.
Sevgilərdən sonra yazdım sevgi şeirlərimi, –
artıq ayrılıq möhürləmişdi könlümdə yerini.
Uşaqlıqdan sonra böyük xoşbəxtlik istəmədim, –
çün uşaqlıqdan sonra bəllidi böyüklüklər.
İndi dərdi oyan-buyan çevirirəm;
hər üzü tanışdı, hər üzü yaşanmış.
MANERA.AZ