Qarışqa duası - Yeni hekayə

MANERA.AZ Əyyub Qiyasın "Qarışqa duası" adlı yeni hekayəsini təqdim edir.
O mahnı necəydi? Hə, yadıma düşdü... “Qazamat istidir, yata bilmirəm...” Yalançının atasına lənət! Qazamat soyuq olur, çox soyuq. Qazamatda adamın canı heç qızışmır. Nəzarətçilərin dəyənəkli əllərini görəndə adam üşüyür. Söyüşü, təhqiri zəhər kimi dustağın üstünə fışqırdan zabitlərin adamlıqdan çıxmış simaları titrədir səni. Dustaq atası ilə görüşə gələn məsum körpələrin kədərli gözləri adamı dondurur. Hə-hə, qazamatda adam heç vaxt isinmir... Suvaqsız kələ-kötür divarlarından su axır qazamatın. Yəni həm də nəmişlik, rütubət... Gecə şaxta düşəndə divarlar qırov bağlayır. Bəzən günortaya qədər qırov quş tükü kimi divara yapışıb qalır. Nəfəs alanda adamın ağzından traktor “qluşiteli” kimi qatı buxar çıxır...
Eni-uzunu üç addım olan bu daş qəfəs mənim boyuma qətiyyən uyğun gəlmir. Amma döşəmədəki ala-çopur taxtaları çıxarıb özümə şahanə yataq düzəltmişəm. Bura ilk düşdüyüm günü xatırlaya bilmirəm. Yəqin huşum özümdə olmayıb. Nə isə... Demək, taxtanın bir ucunu qapıdakı balaca pəncərə yarığının, o biri ucunu alçaq ayaqyolu divarının üstünə qoyuram – yataq hazırdır.
Deyəsən dedim də, mən bu divarlarından su axan, daşları qırov bağlayan dar qəfəsdə gözlərimi açanda əvvəlcə harada olduğumu başa düşmədim. Bir müddət key-key ətrafa baxdım. Tərpənmək istəyəndə başımdan kəskin ağrı qalxdı. Sonra bütün bədənim sızıldadı. Başımın ağrısından, bədənimin sızıltısından gözlərimi yumub, yuxuya getmək, harada olduğumu (həm də nəyə görə olduğumu) unutmaq istədim...
Birtəhər dikəldim. Çılpaq ayaqlarımı gördüm – gömgöy idi. Əvvəlcə soyuqdan göyərdiyimi düşündüm. Sonra bunun hemotoma olduğunu anladım. Hə, əlbəttə hematoma idi. Sonra yavaş-yavaş xatırlamağa başladım. Məni ölümünə döymüşdülər. Altı nəfər əli rezin dəyənəkli həbsxana nəzarətçisi çiləmişdi məni o ki var. Paltarlarımı soyundurub bircə alt paltarında saxlamışdılar məni. Üst-başımı diqqətlə yoxlamışdılar. Sonra da o ki var çırpmışdılar. Nəyə görə? Deyim də. Ədəbiyyatın zibilinə düşmüşdüm. Əməliyyat şöbəsinin rəisi mayor Kərimdən felyeton yazmışdım. Yazmışdım ki, dustaq pulu ilə kənarda arvad saxlayır, nə bilim ey, dustaq pulu ilə balasına çörək aparır... Nəsə, belə şeylər.
Əslinə qalsa, yazmağıma ciddi səbəb var idi. İndi bilərsiz səbəbini. Demək, 2148 nəfər dustağı olan bir yerdə cəza çəkirəm. Altı il iş almışdım. Heç kəs öz qatığına turş demir, mənsə deyirəm. Cinayət eləmişəm, dövlət əmlakını mənimsəmişəm. Ona görə də həbs oldunduğum vaxt nə qır-qızılım, nə iki yüz manatdan artıq pulum, nə də daşınmaz əmlakım olub. Öz səhvim üzündən butün ittihamların altında qalmışam. İnsan çarəsiz olanda bir dəfə səhv eləyir, sonra səhvlərin zənciri başlayır. Bir də ayılırsan ki, zibil yığınının altındasan. Nə qədər çapalasan da çıxıb canını qurtara bilmirsən. Məndə də elə olmuşdu. Bəhsə düşüb qoçaqlıq eləmək, hoqqa çıxarmaq, arxalı-dayaqlı adamlara qarşı çıxmaq istəmişdim. Ağzımdan vurub atdılar içəri. Dedilər, get ağıllan.
Bəli, 2148 nəfər cəza çəkir bu həbsxanada. O qədər adamın hər gün azı bir dəfə böyük, üç dəfə kiçik bayıra çıxmaq üçün üz tutduğu ayaqyolu çirkab və üfunət yuvasından başqa bir şey deyil. Cəmi iki dəfə getmişəm ora, hər dəfəsində ödüm ağzıma gəlib. Sonra başa saldılar ki, tibb şöbəsinin rəisi Nizami həkimlə dil tapa bilsəm, mənim “sançast”dakı ayaqyoluna getməyimə icazə verər. Çünki bu qazaxlı balasının ürəyi sazla, şeirlə döyünür, özü də mənim yazdıqlarımı oxuyub, bəyənib.
Nizami həkim sözümü yerə salmadı. O gündən sonra tibb şöbəsinin ayaqyoluna getməyə başladım. Cəmi iki ay. Tibb müəssisəsinin yolu əməliyyat şöbəsinin rəisi Kərimin pəncərəsinin qarşısından keçirdi. Adam məni güdürmüş kimi hər dəfə qəfildən “Hara gedirsən?” soruşub, kefimi pozurdu. Mən də acığa düşüb hara və nə məqsədlə getdiyimi adı ilə deyirdim. Bəzən hirslənir, lap biədəb şeylər də çıxarırdım ağzımdan. Bir gün Nizami həkim dedi ki, imkan eləyib Kərimə əlli manat versəm, yaxşı olar. Çünki mənim gündə iki-üç dəfə tibb müəssisəsinə getməyim onun ürəyincə deyil. Nə isə... Evə xəbər göndərdim. Əlli manat çatdırdılar, mən də onu əlbəəl Kərimə verdim.
– Hər ay bu qədər verəcəksən! – Kərim pulu alandan sonra sifətinə özündən razı ifadə verib dedi.
– Çalışaram... – könülsüz cavab verdim, çünki əmin deyildim. Ailənin boğazından kəsmək hesabına özümə rahat həyat qura bilməzdim. Elə həmin axşam yazdım haqqında bəhs elədiyim felyetonu. Yazdım ki, o boyda kişidir, dustağın ayaqyoluna getməyinə görə pul istəyir. Yazdım ki, belə bir kreativ düşüncəli adamı dustaqxana divarları arasında çürütmək cinayətdir. Bakıdakı bütün ictimai ayayollarını Kərimin ixtiyarına vermək lazımdır. O bu sahədə öz peşə bacarıqlarını yetərincə dəyərləndirə bilər. Sonra da dustaq puluna göz dikən nəzarətçiləri, rəisləri qatdım bir-birinə. Əslində, belə yazmaqla guya ürəyimi soyutmaq istəmişdim. Yazdım, sonra da atdım bir tərəfə. Çünki... ürəyimi boşaltdım, çünki... rahatlandım, çünki... ürəyim soyudu...
***
Ad gününə mən də dəvət almışdım. O-nu hamı yaxşı oğlan kimi tanıyırdı. Mən də hamı kimi... Həbsxanada ad günü necə olar? Çay, yüngülvari şirniyyat süfrəsi... bir də həvəsində olanlar üçün anaşa, tiryək, bir sözlə – narkotika. O ayda iki dəfə barakları gəzib, dustaqların vəziyyəti ilə maraqlanırdı. Aludəçisi olanlara bir az anaşa, tiryək pay verirdi. Bir-iki dəfə dustaq yoldaşlarım barakda olmayanda onların tiryək payını mənə vermişdi. Mən də it-bat olmasın deyə, onları boynumdan asdığım dəri dua yastıqçasının içinə atmışdım. Guya sahibi gələndə verərəm. Verdiklərim də olmuşdu, unudub dua yastıqçasında saxladıqlarım da.
Hə... getdim O-nun ad gününə. Oturduq, çay, şirniyyat... sonra onlar anaşa çəkdilər. Mənsə sadəcə oturub söhbət elədim. Onlar mənim söhbətlərimə maraqla qulaq asırdılar. Hətta təzə yazdığım romanı hissə-hissə mənə oxudurdular da. O gün təsadüfən söhbət Kərimdən düşdü. Mən də necə oldusa Kərim haqqında yazdığım felyetonu xatırladım. Onlar xeyli gülüşdülər. Sonra O mənə dedi ki, felyetonu əvvəldən-axıra qədər eşitmək istəyir. Əl-ayaq eləyən uşaqlardan – burada elələrinə şustryak deyirlər – birini dəftəri gətirməyə göndərdim. Gətirdi. Mən də həvəslə onlar üçün yazdıqlarımı oxudum. Yenə gülüşdülər. Yatmaq vaxtına az qalanda ayrılıb, baraka getdim. Səhər sayımından qayıdanda barakda xeyli nəzarətçinin, əməliyyatçının vurnuxduğunu gördüm. Baş əməliyyat müvəkkili Bayram felyeton yazdığım dəftəri əlində silkələyə-silkələyə dedi:
– Şair, səninki bura qədərmiş, Qobustan – yəni Qobustandakı qapalı həbsxana – səni gözləyir. – Sonra da özü yazıbmış kimi barmaqlarını həmin felyetondakı sətirlərin üstündə gəzdirə-gəzdirə, – biz dustaq pulu ilə arvadımıza tuman almırıq, – əlavə etdi.
Sonra qollarımı qandallayıb məni “karserə” apardılar. Paltarlarımı soyundurub, bircə alt tumanda saxladılar. Üst-başımı ələk-vələk edib, axtardılar. Sonra da rezin dəyənəklər havada oynamağa başladı. Ağır çəkmələr zərblə qarın boşluğuma, ayaqlarıma, kürəyimə dəydi. Elə bil adam yox, hansısa vəhşi heyvanı döyürdülər. Elə bil döydükləri onlarla eyni dildə danışan soydaşları deyil, qatı düşmənləri idi.
Zərbələrin ağırlığına dözmək olmurdu. Birdən keçmiş, təcrübəli dustaqlardan birinin sözlərini xatırladım: “Gördün ki, vururlar, söy, ana-bacı qoyma ki, daha da bərk döysünlər, bərk döysünlər ki, huşunu itirəsən”. Mən də başladım söyməyə:
– Sənin anavı...
– Vur!
Söyüşün biri bir qəpik. İki-üç söyüşdən sonra ən yağlı söyüşü deməyə hazırlaşırdım, bu vaxt böyrəyimə dəyən zərbədən gözlərim qaraldı. Qəfil boşluğa düşdüm. Dəhşətli, gözqamaşdırıcı işıq gördüm. Sonra... gözlərimi burada açdım...
İndi də dekabr soyuğunda, bircə alt tumanda karserdəydim. Paltarlarımı kameranın küncünə atmışdılar. Zorla geyindim. Bədənimdəki ağrılar dözülməz idi. Qapını döyüb həkim çağırmaqlarını istədim. Tibb şöbəsi ilə əməkdaşlıq eləyən dustaq-həkim gəldi. Xahiş elədim ki, mənə ağrıkəsici vursun. Bədənimdə iynə vurmağa salamat yer tapa bilmədi. Hər tərəfim göyərib, qaralmışdı.
– Sənə iynə vursam, abses verər, – deyib, getdi.
Gün uzunu siqaret istədim nəzarətçilərdən, vermədilər. Gecə dəmir qapını açıb içəri bir nəm döşək atdılar. Özümə gələndən sonra ilk dəfə “nara” üstə yatdım. Siqaret çəkmək üçün ölürdüm. Alaqaranlıq kameranın künc-bucağını eşləyib bir-iki papiros kötüyü tapmışdım, kağız və kibrit də tapsaydım, bura cənnət demək olardı...
Bu arada on beş sutka “karser” cəzası aldığımı öyrəndim.
Həm d, bu arada bircə dənə papirosin mənim üçün necə böyük nemət olduğunu anladım.
Hə, bu arada gözüm ayaqyolu divarının üstündəki iki litrlik qırmızı İran vedrəsinin içində olan şirinçaya sataşdı. Bəli, Onlar hər səhər karserdəki kameralara şirin çay göndərirdilər. O çay cəmi beş dəqiqə isti, sonra ilıq, sonra da bumbuz olurdu. Vedrəni ağzıma dirəyib, soyuq çaydan içdim. Cibimdəki tütünü xatırladım. Axşam yatanda döşəyin içindən bir az pambıq çıxartmışdım. Kameradakı lampa ilə pambığı yandırıb, papirosu alışdırmaq olardı. Amma əvvəlcə kağız tapmalıydım. Ka-ğız! Bapbalaca kağızcıq... kağızcığaz... kağızik...
Bədənimdəki ağrılar sanki bir yerə, ancaq başıma toplaşmışdı. Başımın içi dəmirçi zindanı kimi danqıldayırdı. Bu tərəfdən də papiros təşnəliyi.
Boynumun ardını qaşıya-qaşıya dayanıb ətrafa baxırdım. Birdən barmağım boğazımdan asdığım dəri dua yastıqçasının ipinə toxundu. Bu duanı anam boynumdan asmışdı. İçində “Qarışqa duası” var idi. “Çox ağır duadır. Səni hər bəladan hifz eləyər”, – duanı asanda elə demişdi arvad.
“Əlbəttə, hifz eləyər, – ürəyimdə fikirləşdim. – Bu duanın kağızına ən azı dörd dənə papiros bükmək olar!”
Cəld dəri yastıqcanın düyməsini açıb duanı çıxarmaq ümidi ilə barmağımı içəri saldım. Barmağım kağız əvəzinə cığara bükülülərinə toxundu. Heç nə anlamadım. Duanı boynumdan çıxardıb, diqqətlə içinə baxdım. Tiryək bükülüləri idi. Onun barak yoldaşlarıma çatdırmaq üçün mənə verdiyi, mənimsə unudub, dua yastıqcasında saxladığım üç bükülü tiryək. Gözlərimə qaranlıq çökdü. Bütün vücudum qorxudan büzüşdü. “Qarışqa duası”nın gücünü gördüm. Əgər məni karserə gətirəndə axtarış vaxtı bu qədər tiryəki üstümdə tutsaydılar, indi əlli-ayaqlı getmişdim. Altı ilimin üstünə ən azı altı-yeddi ilə də gələcəkdi... Allah, sən saxla! Amma həm də sevinirdim. İndi mənim papiros bükməyə kağızım, ağrılarımı kiritməyə tiryəkim var idi.
Əvvəlcə papiros bükdüm. Qapıya, qapıdan barmaqlığa dırmaşıb pambığı lampa itisində yandırdım. Cəld papirosu alışdırıb, asta-asta aşağı düşdüm. “Qarışqa duası”nın kağızına bükülmüş bu papiros dünyanın ən bərkgedən tütünləri ilə rəqabət apara bilərdi.
Sonra bir qədər fikirləşdim. Bu tiryəkdən necə istifadə eləyə bilərəm? Yoooox! Çox istifadə eləsəm, özümü öyrəşdirib, zibilə düşərəm. Bircə narkoman olmağım çatmır! Demək azca, sadəcə bədənimdəki ağrıları kəsmək üçün istifadə etməliyəm. Amma necə? Bu vaxt qoca nənəm yadıma düşdü. Ağlım kəsəndən bəri onun boynunda qızıl quranqabı görmüşdüm. İçində quru çubuğu xatırladan qara bir şey var idi. Kiminsə qarnı, qulağı, nə bilim, harasısa ağrıyanda, həmin o qara şeydən bıçaqla azcaa yonub nəlbəkiyə yığırdı, sonra üstünə ilıq su töküb, həmin o qara şeyi həll edir, qarnı ağrıyana içirir, qulağı ağrıyanın qulağına damızdırırdı. Adamın ağrıları bitirdi.
Plastik stəkan tapdım. Yaxşıca yudum. Tiryəkdən azca qoparıb stəkana atdım. Üstünə bir qədər şirinçay əlavə elədim. Yaxşıca qarışdırıb başıma çəkdim. Sadəcə sonrakı yeddi-səkkiz dəqiqəni xatırlayıram. Sən demə döşəmədəki taxtalardan özümə həmişəki kimi taxt düzəldib yuxuya getmişəm. Sən demə iyirmi saata yaxın yatmışam. Sən demə nə qədər istəsələr də məni oyada bilməyiblər. Sən demə üstümə həkim gətiriblər. Sən demə həkim, onlara sadəcə yatdığımı deyib...
Məni Qobustandakı qapalı həbsxanaya göndərmədilər. Karserdə vicdanlı bir nəzarətçi tapıldı axır ki... Vəkilimə xəbər çatdırdım. Gəldi... amma necə gəldi. Özü ilə müstəqil həkim gətirdi. Cəzaçəkmə müəssisəsinin rəisi əl-ayağa düşdü. Kərim az qala şalvarını batıracaqdı. “Sən zona çıxsan biz əynimizə yubka geyərik!” deyən Bayram az qala vəkilimin ayaqlarına düşüb yalvardı ki, bu işi çox açıb-ağartmasın...
“Zona” çıxdım. Əlli yeddi gün çəkən əsarətdən sonra zindan içindəki zindandan qurtulub azadlığa qovuşdum. Boynumda “Qarışqa duası”nın bir parçası, bir də iki büküm tiryəklə çıxdım azadlığa...
“İnanmayan kafirdir!” Anam belə deyirdi. Məncə də...
(kulis.az)
sentyabr-noyabr 2025
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.