Con Faulz - Fransız leytenantının xanımı

MANERA.AZ görkəmli ingilis yazıçı Con Faulzun “Fransız leytenantının xanımı” adlı interaktiv romanı haqqında Qismətin yazısını təqdim edir.
Oxucunun “işinə qarışmayan” bu romanı hər kəsə tövsiyə edirəm.
Yalnız yazıçı “ilhamına” güvənib başına gələn müsibətləri, ya da kimdənsə eşitdiyi kədərli əhvalatları canlı, şirəli dillə yazmağı nəsr yazmaqla eyniləşdirən, ədəbiyyatın, xüsusilə də roman sənətinin intellektual zəhmət tələb edən əsas tərəfinin mümkün qədər aktuallaşmamasını istəyən nasirlərimizə bu romanı hədiyyə etmək lazımdır.
İngilis yazıçısı Con Faulzun “Fransız leytenantının xanımı” romanı mənə görə, XX əsrdə yazılmış ən fərqli, dərin və özünəməxsus əsərlərdəndir.
1983-cü ildə Karl Reyeşin rejissorluğunda romana eyniadlı film də ekranlaşdırılıb və bu filmdə Meril Strip, Ceremi Ayrons kimi böyük aktyorlar çəkiliblər. Filmin ssenarisini Nobel mükafatı laureatı, məşhur dramaturq Harold Pinter yazıb.
“Fransız leytenantının xanımı” romanı mənim üçün bir neçə cəhətinə görə çox önəmlidir.
Əvvəla, Con Faulz demək olar ki, bütün romanlarında olduğu kimi bir cərrah dəqiqliyi ilə, bir arxeoloq səbri ilə romanda bəhs olunan dövrü – Viktoriya dönəmini dərindən araşdırıb, öyrənib.
Yalnız yazıçı “ilhamına” güvənib başına gələnləri, ya da kimdənsə eşitdiyi kədərli əhvalatları canlı, şirəli dillə yazmağı nəsr yazmaqla eyniləşdirən, ədəbiyyatın, xüsusilə də roman sənətinin intellektual zəhmət tələb edən, tarixi kontekstə çıxmağa can atan tərəflərinin mümkün qədər aktuallaşmamasını istəyən nasirlərimizə bu romanı hədiyyə etmək lazım.
Bu romanın ikinci əsas özəlliyi ən canlı, ən inandırıcı səhnələrdən sonra belə mətnin eləcə mətn olduğuna eyham vurması, bütün bunların gerçəkmi, yalanmı olduğuna dair konkret bir işarə verməməsidir.
Kitabın əvvəlində Faulz romanın yazılma prosesində ona bəzi mənbələri tapmaqda kömək edən dostlarına təşəkkür edir və bununla mətnin yazılma prosesinə necə yanaşdığını nişan verir. Məsələn, belə bir təşəkkür var kitabın əvvəlində:
“… “Human documents of the Victorian Golden age” adlı kitabından üç uzun hissəsini olduğu kimi romanıma daxil etməyə və o kitabdan çoxlu detal “oğurlamağıma” icazə verdiyi üçün Cənab E. Royston Payka təşəkkür edirəm…”
Deyəsən, Pikassonun sözüdür: yaxşı sənətçilər təsirlənir, böyük sənətçilər “oğurlayırlar”.
Üçüncü məsələ təhkiyəçinin baxış bucağıdır. Con Faulz roman boyu təhkiyəçinin baxış bucağını dəyişir – təhkiyə gah birinci şəxsin dilindən nəql olunur, gah üçüncü şəxsin. Roman gah reportajı xatırladır, gah esseni, gah da ölçüsüz uzun bir sərbəst şeiri.
Əsər Laym qəsəbəsinin tarixi ilə bağlı parçayla başlayır və bu parça oxucuda oçerk təəssüratı yaradır, lakin bu hiss, bu duyğu möhkəmlənməmiş, Faulz “söhbətə” hələ adı bizə məlum olmayan bir nəfəri salır. Bilmirik bu təhkiyəçi kimdir: Faulzun özüdür, yoxsa əsərin qəhrəmanlarından biri. Bu adam özü haqqında heç nə demir, sadəcə biz həmin adamın gözləri ilə romanın əsas qəhrəmanları ilə tanış oluruq.
Yalnız romanın ortalarında kim olduğunu biləcəyimiz bu adam evində teleskopla sahilə baxır və orda gəzişənləri görür, biz də onun teleskopundan sahildə gəzişən cütlüyə baxır, onların geyimindən, boy-buxunlarından xəbər tuturuq.
Birinci fəsil elə burdaca bitir və ikinci fəsildə artıq yaxın plandan sahildə gəzişən cütlüyün, yəni romanın əsas qəhrəmanlarının söhbətini eşidirik.
Dördüncü vacib cəhət, məncə, romanın interaktivliyidir. Əsər boyu Faulz özü bir təhkiyəçi kimi araya girir, oxucuyla “söhbətləşməyə” başlayır və bununla qəribə bir effekt yaratmış olur: Con Faulzun romanı yazdığı dövrlə (roman 1969-cu ildə çap olunub ) romanda bəhs olunan dövr ( Viktoriya dönəmi, XIX əsr) iç-içə keçmiş olur.
Məsələn, XIII fəslin əvvəlindən belə bir parçaya baxaq :
“Danışdığım bu hekayə tamamilə fantaziya məhsuludur, yaratdığım bu xarakterlər beynimdən başqa heç yerdə mövcud olmayıblar. Əgər bu fəsilə qədər qəhrəmanlarımın beyinlərindəki ən gizli düşüncələrinə qədər hər şeyi bilirəm görüntüsü yaratmışamsa, bunun səbəbi yazdığım əhvalatın baş verdiyi dövrdə, (yəni Viktoriya dönəmində – Qismət) dünyada qəbul olunmuş təhkiyə formasının bu cür olması idi. Bu, romançının Tanrının düz yanında dayandığı bir tərz idi.
Bu tərzdə yazan romançı hər şeyi bilməsə də, özünü elə aparır ki, guya hər şeyi bilir. Amma mən Allen Rob Qriye və Rolan Bartla eyni çağda yaşayıram, bu mənada mənim yazdığım əgər romandırsa, sözün klassik mənasında tam da modern roman deyil.”
Con Faulzun “Fransız leytenantın xanımı” romanında (mən bilə-bilə sujeti yox, mətnin ədəbi-estetik tərəflərini yazıram) final gözlənilməzdir və bu romanı məşhur eləyən səbəblərdən biri də, onun alternativ sonluqlar təklif etməsidir. Faulz əsər boyu oxucunu mümkün qədər mətnin yazılma prosesinə qoşub, oxuduqlarından zövq almağa çağırır, o, oxucuların “bunlar olubmu, olmayıbmı?” sualında ilişib qalmasını istəmir.O istəyir ki, oxucular estetik zövq alsınlar. Hərçənd ki, romanın bir yerində bütün bu yazdıqlarının quracam olduğunu təkrar edəndən sonra “kim bilir, bəlkə də bu yazdığım üstüörtülü bir avtobioqrafiyadır” desə də, mən bunu Faulzun oxucunu daim heç nəyin konkret olmadığı bir atmosferdə saxlamaq istəyinə yozuram.
Romanın finalında Faulz bizə üç sonluq təklif edir və deyir: bu finallardan hansını istəyirsiniz seçin. Amma həm də demək istəyir ki, sonluqlardan heç birini seçməyib, öz finalınızı xəyalınızda canladırıb, əsəri öz finalınızla da bitirə bilərsiz.
Oxucunun “işinə qarışmayan” bu romanı hər kəsə tövsiyə edirəm.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.