manera.az
manera.az

Bulud pinəçisi və ya varlığın yoxluğunda...

 Bulud pinəçisi və ya varlığın yoxluğunda...


Bir-birini gözdən qaçırmadan birgə yaşamaq..."

J.P.Sartrın A.Kamü haqqında ölümündən
sonra yazdığı yazıdan


Yəhudi əsilli filosof Barux Benedikt Spinoza təbiət fəlsəfəsində Allahı təbiətdə əritməklə varlığın və yoxluğun yeni prizmalarını yaratmış oldu. Bu prizmaları sonra ədəbiyyatda yeni ədəbi cərəyanların timsalında görmək mümkündür. Məsələn, F.Kafkanın, Borxesin əsərlərində varlıq və yoxluq anlayışları təbiətin içindən boy verir. Oxucular bu boyu bir udum su kimi içməyi bacardı. Həm də bacarmadı...
Azərbaycan ədəbiyyatında varlıq və yoxluq anlayışları da həmişə aktual olub. İsa Muğannanın yaradıcılığında bu hadisə ən yüksək həddə çatdı. Müasir dövr Azərbaycan ədəbiyyatında bu anlayışların axtarışına çıxdım. Əvvəllər oxuduğum, lakin bir oxucu təfəkkürü ilə dərk etdiyim Murad Köhnəqalanın "Bulud pinəçisi" povestini yenidən vərəqlədim. Həm oxudum, həm də özüm üçün bir neçə qeydlər etdim. Bu qeydləri artıq oxucu kimi deyil, ədəbi təhlil nöqteyi-nəzərdən apardım...
"Bulud pinəçisi" povestini oxuyan oxucu depressiv haldan pozitiv hala çox sürətlə keçib və yenidən əvvəlki vəziyyətə qayıtmağa hazır olmalıdır. Povestdə bu hissəni diqqətlə nəzərdən keçirək: "Yağışın belə gur yağdığı vaxt birdən həyət qapısı döyüldü. Atam çölə çıxdı. Anam da saçlarını dəstələyib əynini geyindi. Mən stulu ayağımın altına qoyaraq, aynabəndin xırda sarı və qırmızı çiçəkli pərdəsini aralayıb, bayıra boylandım və gələnlərin kim olduğunu bilmək istədim. Gördüm ki, həyətdə, önündə gözəl bir at, arxada isə iki at qoşulmuş gözəl kareta dayanıb. Şıdırğı yağan yağış karetanın üstünə tökülür, oradan da xırda zərrəciklərlə ətrafa yayılır. Üçü də qara olan bu atlar arabir çaxan şimşəyin işığında parıldayırdılar. Səbirsizliklə ayaqlarının birini qaldırıb birini qoyur, dırnaqlarında görünən gümüşü nallar parıldayırdı. Atlar fınxırdıqca burun dəliklərindən ağ tüstü çıxırdı. Karetanın içində tavandan asılmış çıraq közərirdi. Tavanı və divarlarının yarıya qədəri qırmızı məxmərli, aşağısı isə yaşıl məxmərli idi. Karetanın mənə baxan yan tərəfi xırda qapılı və yuxarısı açıq idi. Qalan tərəflər örtülüydü, arxada və o biri yanında isə balaca pəncərələri görünürdü. Qabaqda atları sürən adam üçün, yuxarısı yağış-qardan qorunmağa artırma və bir adamlıq oturacaq yerləşdi-rilmişdi. İçində isə iki cərgə, məncə, hər biri üç adamlıq otu-racaq vardı. Karetanın gümüşü rəngə çalan təkərləri də çox gözəl görünürdü..."
Qaranlıq fonda ağ işıq, ağ işıqdan doğan həyat gerçəklikləri, həyat gerçəkliklərindən doğan ümidlər... Ağrılı prosesi içimizdə kəpənək kimi uçuran müəllif sakitliyini daxili narahatlığı ilə ifadə edir. Bu daxili narahatlıq hər gün bir arzu, bir istək arxasınca qaçır. Qaçır, amma çata bilmir ünvana. Bu ünvanı kim axtarmır ki...? Kim xoşbəxtliyin ətəyindən tutub onu özünə çəkmək istəmir ki...? Əsərdə xoşbəxtliyin qara qüvvələrlə mübarizə aparması, bu qara qüvvələrin çoxluğu, gücü göz önündədir... Əsərdə növbəti hissədə bunu görürük: "Hərdən anam mənə dünyada olmadığım vaxtlardan danışır. Bir dəfə anam atamın onu necə sevməyindən söz açdı. Demək, atamın anamı sevdiyi vaxtlar imiş. Bir gün atam anamgilin küçəsindən keçəndə anam təsadüfən əlinə keçən xırdaca bir daşı balkondan atama atır. Daş atamın şlyapasının üstünə düşür. Atam başını yuxarı qaldıranda anamı görür və şlyapasından indicə yerə düşən daşı götürüb pencəyinin döş cibinə qoyur. Anam onun bu hərəkətinə xeyli gülür. Atam oradan aralanaraq bir azdan əlində bir dəstə nərgiz yenə balkonun aşağısında peyda olur. Onun aşağıdan atdığı bir dəstə nərgizi anam tutur..."
Adi məişət qayğıları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrildiyi kimi, içimizdə baş qaldıran diş ağrısına bənzəyən həsrətlər sıra ilə cərgəyə düzülür. Bu sıranı pozmaq çətin məsələdi. Əsərdə atanın içində kəsmək bilməyən diş ağrısını uşaqları öz şirin təbəssümləri ilə bir anlıq da olsa unutdura bilirlər. Bu unutqanlığın zaman kəsiyində həm varlığını, həm də yoxluğunu hiss etmək olur...
Murad Köhnəqala "Bulud pinəçisi"ndə nəinki ağrı və acılarını yamayan, bu ağrı və acılardan sızan göz yaşlarını gizlətməyə çalışan "ata" obrazını yaratmış, həmçinin o bu obrazda yeni bir hiss və duyğunu göstərə bilmişdi: "Hərdən mənə elə gəlirdi kig Yox, demək istəmirəmg Sizdən nə gizlədim, hərdən mənə elə gəlirdi ki, bir gün mənə atam belə bir sirr açacaq, "sən bizim qızımız deyilsən, biz səni filan yerdən oğurladıq". Mən atamdan və anamdan başqa heç kimin qızı olmaq istəmirəm. Bu fikirləri bir gün anama danışdım. Anam gülüb məni qucaqladı, öpdü və dedi ki, sən bizim öz qızımızsan, Mustafa da bizim öz oğlumuzdu. Mustafa sənin qardaşın, sənsə onun bacısısan. Mən bunu atamdan da soruşdum. Atam da gülüb məni öpdü və dedi ki, siz hər ikiniz bizim doğma balalarımızsınız, bir də belə şeylər fikirləşmə. Mən daha belə şeylər fikirləşmirəm. Ona görə də Mustafanın hər bir hərəkəti və kəşfi mənim üçün çox əzizdi..."
Əsərdə realla utopik gerçəklik, gerçəklə irreal arasında keçid açılır. Bulud ərimir, saplar sökülmür, iynələr böyümür... Buludların gurultusu boşqabın içindən gəlir. Ağrılar rəngli şarlar kimi uşaqların əlində görünür. Bütün ah-nalələr göy qurşağı kimi ürəkləri sakitləşdirir...
"Buradakı insanlar çox gümrah, üzləri çox sağlam görünürdü. Bizim təmtəraqlı paltarlarımızla müqayisədə onların geyimləri çox sadəydi. Gələcəyin bu uçan adamlarına anam da çox heyrətlə tamaşa eləyirdi. Belə gözəl, səliqəli, yaşıl ağaclı, yaraşıqlı binaları olan küçədə yeridikcə gələcəyin möcüzəli adamlarını seyr elədikcə, bizi belə bir gəzintiyə gətirdiyi üçün atamı daha çox sevməyə başlayırdım. Atam yavaş-yavaş, səbrlə addımlayır, əlini uzadaraq hər şeyi bizə göstərir, izah edir, gülümsəyirdi. "Bizim onları görməyimizə baxmayaraq, onlar bizi görmür. Əgər istəsək belə nə onlar bizə, nə də biz onlara toxuna bilərik. Buradakı mağazalardan da xatirə qalsın deyə özümüzə heç nə ala bilmərik. Biz hər şeyə yalnız tamaşa eləyə bilərik". Onun sinəsini bəzəyən medal pencəyinin yaxasında şəstlə yellənirdi..." Əsərdə zəruri seçimlərin təsadüf qarşısında qalibiyyəti təntənəli surətdə qeyd olunur... Əsərin içində sınıq pəncərələr, yazıçının estetik pintiliyi, səssiz və boz küçələr, kimsəsiz kafelər, mağazalar, onların ünvanına gedəcək yolların tapılması qeyd olunur... Əsərin təhkiyə taktikası və manerası sürətlə dəyişməkdədi":Çox maraqlıdır ki, hətta atamın təkidinə baxmayaraq Mustafa onu heç bir oyuncaq almağa qoymadı. Yəni "artıq mən böyümüşəm". İrəlidə xüsusi qəfəslərdə satılan ev dovşanları, balaca tikanlı kirpilər, dələlər, müxtəlif rəngdə quşlar çox xoşumuza gəldi. Maraqlıdır ki, Mustafa bu heyvanlardan da istəmədi. Mağazalardakı və küçələrdəki satıcıların hamısının çiynində balaca meymun var idi. Mən o meymunların satıcı və kassirlərin çiynində nə üçün oturduqlarını soruşdum. Atam dedi ki, onlar ticarət adamlarıdır, onların alverdən başlarını qaşımağa vaxtları yoxdur. Ona görə də hərəsi özünə bir meymun alıb çiyninə qoyub ki, meymunlar onların başını qaşısın..."
Və sonluq... Sonluq yaxşı başlanğıc üçün bir ümid, bir inam işarəsidir: "Nə vaxtsa mən bir əsər oxumuşdum, adı "Bulud pinəçisi" idi. Orda təxminən belə bir cümlə vardı: "Bil ki, romantika real həyatla toqquşanda həmişə ona məğlub olur..."

Tural Cəfərli
Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930