manera.az
manera.az

Cümhuriyyət dövründə dramaturgiya - Alxan Bayramoğlu yazır

Cümhuriyyət dövründə dramaturgiya - Alxan Bayramoğlu yazır
Alxan Bayramoğlu,
filologiya elmləri doktoru, professor

Azərbaycan Xalq Cümhuriyyəti dövründə həm günün hadisələri ilə səsləşən, həm də digər mühüm problemlərin işıqlandırılmasına həsr edilən dram əsərləri də yazılmış, onların bəziləri tamaşaya da qoyulmuşdur.

Cəfər Cabbarlının "Bakı müharibəsi", Mirzə Bala Məhəmmədzadənin "Bakı uğrunda müharibə", Abdulla Şaiqin "Tələbə həyatı", Cəlil Məmmədquluzadənin "Kamança", "Anamın kitabı" dramları belə əsərlərdəndir.

Bəlli olduğu kimi, Bakı Mərkəzi Kaspi adlandırılan tör-töküntü düşmən qüvvələrdən 1918-ci il 15 sentyabrda azad edilmiş, AXC hökuməti həmin ilin 17 sentyabrında Bakıya köçmüşdür. Hələ 1918-ci ilin əvvəllərindən Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən, Bakıda, Gəncədə, Şuşa və ətraf obalarda, Şamaxı, Quba və digər inzibati yaşayış məskənlərində erməni-daşnak qüvvələri, keçmiş çar Rusiyasının Birinci Dünya müharibəsindən qayıdan bəzi əsgəri qüvvələri də cəlb edərək, özlərinin məkrli siyasi niyyətlərini - "Dənizlərdən-dənizlərə" xülyalarını reallaşdırmaq, bu planın müəyyən mərhələsini həyata keçirmək niyyəti ilə yerli əhalini - Azərbaycan türklərini soyqırıma məruz qoymuşdular.

Həmin hadisə və proseslər dövrün bir çox qələm məhsulunda, o cümlədən, səhnə əsərlərində öz əksini tapmışdır. Bakının azad edilməsinə həsr olunan hələlik iki dram əsəri haqda informasiya vardır. Belə ki, 1919-cu ildə Bakının düşmən qüvvələrdən azad olunmasının birilliyi AXC hökuməti və əhali tərəfindən təntənəli şəkildə qeyd edilmişdir. Məlumata görə, həmin bayram tədbirləri silsiləsinə C.Cabbarzadənin yazdığı "Bakı müharibəsi" dramının 16 sentyabrda, M.Məhəmmədzadənin isə yenə həmin mövzuda qələmə aldığı "Bakı uğrunda müharibə" əsəri həmin günün səhəri - 17 sentyabrda dövlət teatrında tamaşaya qoyulmuşdur.

"Azərbaycan" qəzeti həmin tamaşalar haqda dərc etdiyi bildiriş elanından birincisində C.Cabbarzadənin (Cabbarlının) "Bakı müharibəsi" dramı haqda verdiyi bir qədər təfsilatlı informasiyada göstərir ki, C.Cabbarzadənin "Bakı müharibəsi" dramında mart qırğınlarından başlamış, Bakının düşməndən azad olunması gününədək baş verən hadisələr təsvir edilmişdir. Bu haqda "İki tarixi drama" başlıqlı imzasız çap edilmiş yazıda oxuyuruq:

"Paytaxtımız Bakı şəhərinin qəhrəman türk və Azərbaycan əsgərləri tərəfindən azad edilməsinin birilliyi münasibətilə gənc mühərrir və şairlərimizdən Cəfər Cabbarzadənin yazmış olduğu "Bakı müharibəsi" və gənc mühərrirlərimizdən Mirzə Bala Məhəmmədzadə tərəfindən qələmə alınmış "Bakı uğrunda müharibə" namlı (adlı-A.B.) dramları Bakı Türk səhnəsinin artistləri iştirakı ilə, artist Abbas Mirzə Şərifzadənin təhdi-idarəsilə işbu sentyabrın 16-da və 17-də dövlət teatrosunda mövqe tamaşaya qoyulacaqdır. Bu dramalar ta Mart hadiseyi-əliməsindən başlayıb Bakının düşmənlər əlindən azad edildiyi günə qədər nə cür hadisələr keçirdiyini müfəssəl surətdə təsvir ediyorlar.

Cəfər Cabbarzadənin yazmış olduğu dramada Bakı cəbhələri və cəbhələrdə Nuru paşa, Mürsəl paşa və Məhəmməd Tofiq bəyin iştirak etdiyi və Bakıya hücum planı yapdığı Şubanı, Binə, Maştağa, Balaxanı cəbhələri göstərilir. Bundan əlavə Çaparidze (Şaumyanın sağ əli, mart soyqırımı təşkilatçılarının fəallarından biri-A.B.) və Atabekyan iştirak ediyorlar. Pərdə qalxmadan qabaq natiqlərimizdən biri - Mürsəlzadə cənabları Azərbaycan Cümhuriyyətinin birillik tarixi-siyasiyyəsini hari nitq söylüyəcəkdir..."( "Azərbaycan" qəzeti, 15 eylul (sentyabr) 1919).

Cümhuriyyət dövründə dramaturgiya - Alxan Bayramoğlu yazır

Təəssüflər olsun ki, C.Cabbarzadənin "Bakı müharibəsi" əsəri və onun məzmunu haqda informasiya bizə gəlib çatdığı halda, Mirzə Bala Məhəmmədzadənin "Bakı uğrunda müharibə" əsərinin tam mətni və tamaşaya qoyulmasından başqa heç bir bilgimiz olmadığı kimi, C.Cabbarlının "Bakı müharibəsi" əsərinin mətni də hələlik əldə yoxdur...

"Bakı müharibəsi" əsərindən sonrakı illərdə səs-soraq çıxmadığına yenə "Azərbaycan" qəzetində "Teatro və musiqi" rubrikası ilə çap olunan "Ulduz" (13 təşrini-sani (noyabr) 1919) başlıqlı məqalədən informasiya almaq olur. "Teatroçu" imzalı həmin məqalə bu sözlərlə başlayır:

"Cəfər Cabbarzadənin son "Bakı müharibəsi" faciəsindəki müvəffəqiyyətsizliyi onu da (yəni, C.Cabbarlını- A.B.) qayət mütəəssir etmiş olmalıdır ki, mart hadisəsində İsmailiyyə binasında yakılıb tələf olmaqla yenidən yazmaq məcburiyyətində olduğu "Ulduz" faciəsində son dərəcə ehtiyatkar davranmış, əsərinin hər nöqtəsinə diqqət etmiş,tamaşaçılarının məmnuniyyətini mövcub ola (qazana-A.B.) biləcək sənətkaranə bir faciə yarada bilmişdir". ("Teatroçu". "Ulduz". "Azərbaycan" qəzeti, 13 təşrini-sani (noyabr) 1919).

Buradan aydın olur ki, "Bakı müharibəsi" əsərinin tamaşası uğur qazana bilmədiyi üçün müəllif bir daha ona qayıtmamış, bu uğursuzluğun yaradıcılıq acısını həmin əsərdən dramaturji cəhətdən daha mükəmməl olan "Ulduz" faciəsini yenidən yazmaqla çıxarmışdır. Məqalədə əsərin təhlili də göstərir ki, "Ulduz"un yeni variantı uğurlu alınmışdır...


AXC dövründə yazılan və sosial-siyasi məzmun daşıyan dram əsərlərindən biri də Cəlil Məmmədquluzadənin "Kamança" faciəsidir. Bu əsərin baş qəhrəmanı hər hansı bir fərd, şəxs deyil, bütövlükdə xalqdır. "Kamança"nın sonunda müəllif onun yazıldığı tarixi və yeri belə göstərmişdir: "Yanvar, 1920. Şuşa qalasında." Bu əsərin mövzusundan danışarkən filologiya elmləri doktoru Hüseyn İsrafilov haqlı olaraq yazmışdır: "...Kamança"da XX əsrin əvvəllərində çarizmin, eyni zamanda bolşeviklərin bilavasitə təhriki ilə törədilmiş erməni-azərbaycanlı qırğınının ibrətli tarixi bədii əksini tapmışdır."

Doğrudan da, əsərdə hər iki xalqın gündəlik gediş-gəlişlərinin , məişət həyatının bir-birilə bağlı olduğu, Qazançı kənd ermənilərinin Çeşməbasar kəndində Zülfüqar bəyin oğlunun toy mərasimində, Əbdüləligildə sazəndə kimi iştirak etmələri və s. detallar onların bir vaxtlar dinc yanaşı yaşamalarını ifadə edir. Ancaq indi işlər qarışıb; hər iki xalqın ayrı-ayrı nümayəndəsi "Allah evini yıxmış baisin" fitnəsinə uyub bir-birindən intiqam alırmış kimi rastına çıxan qonşu xalqın kişilərini qanına qəltan edir. Həmin fitnələrin nəticəsi olaraq, "biz (azərbaycanlılar - A.B.) onların (ermənilərin - A.B.) beş-on dığa-mığasını öldürmüşüksə", ermənilər Süleyman bəy, Nəcəfqulu, Şirzad, Sarvanlıdan dörd nəfər igidi və "hər biri yüz ermənidən dəyərli" oğlanlarımızı qətlə yetiriblər. Bu qətliamların yanğısı Qəhrəman yüzbaşı və onların döyüş yoldaşlarının vaxt-bivaxt çəkdikləri ahlarda, Zeynəbə çəkilən oğul dağının onu frustrasiya (ruhi çılğınlıq) halına gətirməsində və sairdə öz əksini tapmışdır. Bununla yanaşı, hər iki xalqın siyasətdən uzaq sadə nümayəndələri ötən dinclik, sakitliklə dolu normal həyatın tezliklə qayıdacağına, hər şeyin özünün normal axarına düşəcəyinə inanır.

O da diqqətəlayiqdir ki, ermənilər tərəfindən məruz qaldıqları sonsuz qarət, qətl, zülm və sitəm müqabilində azərbaycanlıların öz insanlıqlarını, humanist keyfiyyətlərini qoruyub saxlamaları obyektiv əksini tapmışdır. Bunu əsir edilmiş kamançaçı erməni Baxşının salamat buraxılması da təsdiq edir.

Cümhuriyyət dövründə dramaturgiya - Alxan Bayramoğlu yazır

Elmi fikirdə "həm Azərbayacn dramaturgiyası, həm də Cəlil Məmmədquluzadə yaradıcılığında yüksək dərin mövqeli, məzmunu, gərgin dramatizmi, bədii ümumiləşdirmə gücü ilə, siyasi və ideoloji mövqeyi ilə çağdaş keyfiyyətlərə malik" əsər kimi qiymətləndirilən "Anamın kitabı" dramı da AXC dövrünün bədii məhsulu hesab edilməkdədir. Əsərin tarixi-siyasi, ideya-bədii məziyyətlərindən danışarkən Hüseyn İsrafilov onun yazıldlğı dövrü nəzərdə tutaraq, doğru yazır ki, "tarixi dövrün belə bir mürəkkəb çağında, milli müqəddərat məsələsinin qarşıya kəskin düşüncəli şəkildə qoyulduğu bir vaxtda qələmə alınan "Anamın kitabı" bütün xalqı, milli ziyalıları, fürsəti əldən vermədən istiqlal fikri, vətən və vətəndaşlıq amalı ətrafında birləşdirməyə çağırırdı".

"Anamın kitabı" əsərini Azərbaycan türklərinin istiqlala qovuşmaq amal və əzminin rəmzi ideya bədii əksi, həm də öz yolunu azıb düşmənə xidmət edən ziyalıların ifşası ilə diqqətəlayiq bir əsər kimi dəyərləndirən alim fikrinə belə davam edir:

"Anamın kitabı"nda Azərbaycan xalqının müqəddəratı ilə bağlı olan tarixi ədalətsizlik, faciəvi şəkildə parçalanıb, ayrı düşmüş bir xalqın birləşməsi, demokratik bir quruluşa qoşulması kimi ali bir ideya yüksək bədii ümumiləşdirmələrdə mənalandırılmışdır". Bu fikrin inandırıcılığına C.Məmmədquluzadə yaradıcılığına xas zahirən məişət detallarında böyük məzmunlu ideyaların ideya-estetik ümumiləşdirmə bacarığı və keyfiyyəti etibarlı, əsaslı dayaqdır.

Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dramaturgiyası sırasına Abdulla Şaiqin 1919-cu ildə qələmə aldığı birpərdəli "Tələbə həyatı" adlı pyesi də daxildir. Əsərdə təsvir olunur ki, gimnaziya tələbəsi Saleh cidd-cəhdlə dərslərinə hazırlaşır.

Bu işdə ona dayısı Cəmil bəy də gətirdiyi kitablarla əməli və təqdiredici sözlərlə mənəvi dəstək göstərir. Onun arzusu bacısı oğlu Salehin "yaxın zamanlarda milli darülfünunda söyləyəcəyi leksiyonları dinləməkdir". Cəmil bəy Salehin darülfünun professorluğu (müəllimliyi) statusu qazanmaq səylərini alqışlayaraq, bildirir ki, "...Gənc Azərbaycanımızın istiqbalı sizə bağlıdır".

Salehin bu canfəşanlığından - bu türk (Azərbaycan) kitablarını belə cani-dildən oxumasının səbəbi haqda söhbətləri də maraqlıdır:

"Kamal: - Saleh bəyin bu türk kitablarını oxumaqda məqsədi var.

Ədhəm: - Çox böyük məfkurə... Azərbaycan darülfünununun türk professoru olacaq.

Hamısı: - Yaşasın Azərbaycan darülfünunun türk professoru Saleh bəy, ura!"

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin hakimiyyətdə olduğu dövrdə həllini həyata keçirdiyi bir çox məsələlər, o cümlədən, 1919-cu ildə Bakı Dövlət Universitetini təsis etməsi beynəlxalq siyasi mahiyyətli, taleyüklü məzmun daşıyırdı. Belə ki, Birinci Dünya müharibəsindən sonra Paris Sülh Konfransında dünyanın yeni mənzərəsinin, o cümlədən yeni yaradılmış cümhuriyyətlərin siyasi müstəqilliklərinin təsdiqi üçün qoyulan şərtlər sırasına həmin cümhuriyyətin Dünya və Avropa masştablı bir universitetə malik olması da daxil idi... A.Şaiq də milli universitetin milli kadrlarla təmin olunması məsələsini vacib sayır və gəncliyi həmin amal, daha dəqiq desək, milli istiqlal və istiqbalımızın təmin edilməsinə səfərlər olmağa, iş görməyə çağırırdı. Bu nöqtədə maarifçi-pedaqoq Abdulla Şaiqlə ayıq sosial-siyasi baxışlara malik yazıçı-vətəndaş Abdulla Şaiq birləşir.

Araşdırmalar göstərir ki, AXC dövrünün dramaturgiyası da mövzusuna, ideya-məzmun xüsusiyyətlərinə, izlədiyi qayəyə görə özündə zamanın nəbzini milli vətəndaşlıq mövqeyindən əks etdirmişdir../edebiyyatqazeti.az/
bitstarz no deposit bonus codes 2018 bitcoin slots no depositБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031