“XƏZAN” jurnalının oktyabr (2018) sayı

“XƏZAN” jurnalının sentyabr-oktyabr (2018) sayı çapdan çıxıb. 134 səhifəlik jurnal poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.
Redaktor guşəsində olan “Xeyirlə şərin mübarizəsi” başlıqlı yazıda gizli mətləblərə toxunulmuş, sanki min illik ədəbiyyat qarşısında mövcud pərdə qaldırılıb.
Ənənəyə sadiq qalaraq növbəti səhifələrdə Ehtiram Sevənli Tənhamın təlim zamanı partlamaqda olan minanı bədəni ilə örtmüş, ölümü ilə təlim iştirakçılarının həyatını qorumuş polkovnik-leytenant Telman Miriyevin həyatından bəhs edən “Ölümü ilə ölümsüzləşən” oçerki yer alıb.
Budaq Təhməzin 80 (Ələsgər Talıboğlunun “Budaq Təhməz yaradıcılığında Vətən mövzusu”) və Damət Salmanoğlunun 60 (Əli bəy Azərinin “Bir şair ömrünün altmışı – gəncliyin zirvəsi” və Aynur Yasəmən Qarabağlının ( “Altmış yaşının astanasında”) yaşlarının tamam olması münasibətilə onların yaradıcılığından bəhs edən yazılar yerləşdirilmiş və şairlərin son vaxtlar qələmə aldığı şeirlər, eyni zamanda Əli Rza Xələflinin 65 yaşının tamam olması münasibətilə Nemət Bəxtiyarın “Araz həsrətli bir bayatı çağırdım” yazısı verilib.
Poeziya həvəskarları Vaqif Osmanovun “Ölülərlə söhbət” poeması, Hafiz Əlimərdanlının, Şahməmməd Dağlaroğlunun, Şərbətəli Mahmudovun, Rəhman Bayramın, Vüsal Adıgözəlovun, Əziz Musanın, Sübhan Vüqaroğlunun, Müxəmməd Haqverdinin, Nuranə Nihanın, Surə Cəbrayılovanın və Leyla Əsədullayevanın şeirləri ilə tanış ola bilərlər.
Nəsr əsərlərindən Xaliq Azadinin “Gecikmiş məktub” povesti, Ramiz İsmayılın “Gözü yolda qalan var” sənədli povestinin davamı, Nizami Kolanlının “Dəfn olunan nişan üzükləri”, Şiringül Musayevanın “Qarışımın monoloqu”, Rəşid Bərgüşadlının “Qadın gücü”, Əli bəy Azərinin “Əlimdən pul iyi gəlir”, İlahə İmanovanın “Tutuquşu”, Aynur Mustafanın “Çiçək açmış bir gün” və Nəriman Mahmudun “Kərəməlinin paxıllığı” hekayələri çap olunub.
Rafiq Odayın “Ömrün qürub çağı, və yaxud, Müdrikliyin zirvəsindən boylanan illər” yazısı Şərbətəli Mahmudovun yaradıcılığına həsr edilmişdir.
Rəna Mirzəliyevanın “Hara gedir bu dünya” yazısı isə Tərlan Salehin “Hara gedir bu dünya” kitabı haqqında düşüncələrindən ibarətdir.
Vaqif Osmanovun “Sadəcə Anam” yazısında anasının obrazı görünsə də bunu bütün analara şamil etmək mümkündür.
Rəna Mirzəliyevanın yazıçı-publisist Miryavər Hüseynovla müsahibəsi “Canlı heykəl – Vətən torpağının təəssübkeşi” adlanır.
Vaqif Osmanovun “Zəfər həsrətli Vətən epopeyası” yazısında yazıçı Əli bəy Azərinin “Hərbi Zəngilan” roman-xronikasının qismən təhlili verilmiş, dövrün hadisələrinə baxış bucağı altında nəzər salınmış, görünən və görünməyən tərəflərinin müqayisəsi aparılmışdır.
“XƏZAN” jurnalının ötən nömrəsi haqqında ekspert qismində çıxış edən Pərvanə Bayramqızının “Xəzan”ın bahar təravəti” yazısı tənqid-təhlil baxımından maraqlı təsir bağışlayır.
MANERA.AZ