Xəbis - Mirhüseyn Abbasın hekayəsi

Çalışdığım zavodda digər müəssisələrlə iş birliyi qurduğumdan tez-tez müxtəlif şəhərlərə ezam olunurdum. Başqa bir yerə gedəndə məsuliyyət hiss edir, baxışlarım hər an diqqət çəkən şeylərin üzərində dayanırdı. Bu zaman köksüm qürurla dolur, azərbaycanlı olmağımla fəxr edirdim. Ailə üzvlərimiz, qadın olmağıma baxmayaraq, çətin və şərəfli işlərimdə mənə həyan olur,qayğımı çəkir, eyni zamanda bilik və bacarıqlarıma inandıqlarından sərbəst hərəkət etdiyimə etiraz etmirdilər.
İstəmirdim ki,kimsə mənə “nə üçün ?” ifadəsini işlətsin.“Qadınsan, nə üçün işləyirsən?,”“Qadınsan, nə üçün yola çıxırsan?,” “Qadınsan,nə üçün qəlbini sıxırsan?” kimi suallarla mənə müraciət etsin. İstəyirəm ki, hamı öz lüğətində “ Nə üçün”ü çıxarsın. Qoy hamıya xoş gün ,xoş saat nəsib olsun. Mən gecə və gündüzlərin,ayların,mövsümlərin nazını çəkirdim. İstəmirdim kimlərlə dost olduğumu unudum. Dərk edirdim ki,yaşamaq hər bir insan üçün vəzifədir. Necə həyat tərzi keçirmək isə şəxsin özündən asılıdır.
Bir dəfə ezamiyyətdən geri qayıdan zaman darıxdırıcı bir mənzərə ilə qarşılaşdım. Belə ki,mindiyim qatarın kupe vaqonunda tək idim. Qadın üçün tək yol getməyin nə qədər sıxıcı olduğunu bir daha başa düşdüm. Qatarın sürətlə getməsi narahatlığıma son qoydu. Növbəti stansiyada kupeyə sərnişinlər daxil oldu. Ancaq sevincim çox da uzun çəkmədi. Tanımadığım şəxslər içəriyə daxil olanda mən adəti üzrə ayağa qalxıb onlarla salamlaşdım. Daxil olanlardan biri məni diqqətlə süzərək,narazı halda öz-özünə yavaşcadan anlaşılmaz ifadələrlə :
-И здесь вы? Куда идем, нам на встречу вы выходите (Burada da sizlər?! Hara gedirik elə sizlər qarşımıza çıxırsınız!),-dedi və narazılıqla başını buladı.
Gələnlər Rusiya vətəndaşı idi. Mən azərbaycanlı olsam da, Rusiyada qeydiyyata düşüb,oranın vətəndaşlığını qəbul etmişdim. Bu cür sözlərlə müxtəlif yerlərdə tez-tez qarşılaşsam da, milli mənsubiyyətimi gizlətmir,əhvalımı korlamırdım. Düşündüm ki,yəqin yorulublar,ona görə də aqressivdirlər. Onlar əşyalarını yerləşdirdikdən sonra mənə əhəmiyyət vermədən öz aralarında söhbət etməyə başladılar. Kupedəki yoldaşlarım yaşlı kişi,sarışın qadın və gənc bir qız idi. Mən də hər üçünü diqqətlə süzüb,kişinin bundan əvvəl dediyi müəmmalı sözlərinin mənasını dərk etməyə çalışdım. Gənc qız mənə tez-tez baxıb gülümsünürdü. Onun çöhrəsində gəncliyə məxsus əlamətlər ilk baxışdan diqqəti çəkirdi. O, könlünü sevincə,xoşbəxtliyə saldığından,sanki bəxtinə meydan oxuyurdu. Hiss etdim ki, gənc qız öz ömrünün qış fəslini görməmiş,könlü qayğılardan azad olmuşdur. Mənə elə gəldi ki, o,öz ümidləri,valideynləri isə xatirələri ilə yaşayırdılar.
Mən uzun sükutu pozaraq dedim:
-Dayı,mən insanam, həm də bir ölkənin vətəndaşıyam. Niyə məni nifrətlə süzürsünüz?
O, qeyzlə mənə tərəf çevrilib dedi:
-Mənə insanlıqdan çoxda dəm vurma! Sizləri çox görmüşəm. Daim paxıllıq içində yaşadığınızdan, böhtanlar sahibi olmuşsunuz. Haqq işi tapdalamaqla əmanətə xəyanət etmişsiniz! Özünüzü hamıya dost kimi göstərsəniz də, heç kəsə dost deyilsiniz! Pis əməlləriniz sifətinizdən bilinir. Bunu yaddan çıxarmayın ki, hiylə və xəyanət ağacının barı müsibət və fəlakət olar!
Mən bir an da olsa,sarsıntı hissi keçirdim.Vücudum titrədi. Hiss və duyğularım sanki buz qatı kimi dondu. Qocanın tanımadan mənə nifrət edib kin bəsləməsi əhvali-ruhiyyəmə bir soyuqluq gətirdiyindən susmağı lazım bildim.
Bir qədər fikirləşəndən sonra dedim:
-Dayı,siz məni tanımadan mühakimə edir,ləyaqətimi alçaldırsınız. Bunu bilin ki, sözün cavabı söz olar. Sözü ağzınızda bişirin ,sonra çıxardın.Siz məni kiminlə səhv salmışsınız.
O, qeyzlə dedi:
-Mənə bax, suda batan saman çöpündən yapışar. Təcrübə tələbkar müəllim kimidir,əvvəlcə imtahana,sonra sınağa çəkir.Sizləri çox imtahan etmiş,çətinliklərdən çıxarmışam.Hər dəfə də xəyanətlə qarşılaşmışam.
Mən susaraq qıpqırmızı oldum. Bu qocaya nəsə demək istəsəm də,söz tapa bilmədim.
Fikirləşdim,yəqin acmışlar. Deyirlər ki,acı dindirmə,toxu da tərpətmə. Aclıq ilə toxluğun arasında bir parça çörək olduğundan, mən şam yeməyinin vaxtının çatdığını bilib,yol üçün götürdüyüm azuqələri kiçik masanın üstünə yığdım və onlarla birgə yeməyi təklif etdim.
Kişi hərəkətlərimdən hiddətlənib dedi:
-Bizim sənin yeməklərinə ehtiyacımız yoxdur.Özün ye!
Doğrusu,belə bir şəxsdən qəzəbin bu qədər ola biləcəyini düşünmürdüm.Pərt olduğumdan iştahım qaçdı,yeməkləri könülsüz halda masadan yığışdırdım.
Bir andaca öz babamı yadıma saldım.Körpə vaxtı göz açıb babamı görmüş,onu atam kimi tanımışdım.Babam keçən il rəhmətə getdiyindən, bütün çətinliklər atamın üstünə düşmüşdü.O, uzun illərin təcrubəsi nəticəsində müdrik olmuşdu. Onunla dostluq edənlərin çoxu müdrikləşmiş,el üçün faydalı adamlara çevrilmişdilər.
Babam iradəsi möhkəm adam olmuşdu.O,heç zaman qəlbə dəyməmişdi. Mənə elə gəldi ki,yaşlı rus intiqam hissilə yaşadığından, yaraları hələ də təzə qalmışdı.
Kişi siqaretini götürüb kupedən çıxdı.Ardınca da həyat yoldaşı qızına nəsə deyib,ərinin yanına getdi. Kupedə mən və gənc qız qaldığımızdan,bir qədər rahatlıq tapdıq.
Rus qızı mənə təbəssüm göstərərək soruşdu:
-Xanım ,adınız nədir?
Mən də gülə-gülə:
-Saradır ,-deyə dilləndim.
O,sevincək halda:
-Sara gözəl addır,dilə yatımlıdır,-dedi.
Mən cəsarətlənib soruşdum:
-Bəs sizin adınız nədir?
O, yenə də xoş duyğularla:
-Mən sizə əsəbiləşən kişinin qızı Svetayam. Atamın adı Vityadır,-deyə söylədi.
Sveta ilə tanış olmaqdan məmnunluq hissi keçirdim. O,yaşca məndən bir az balaca olardı.
Sveta məni daha yaxından tanımaq üçün dedi:
-Sara, siz hansı millətdənsiniz?
Mən qürurla:
-Azərbaycanlıyam,Odlar yurdunun qızıyam.Moskvada yaşayıram,işlə əlaqədar müxtəlif yerlərə ezam olunuram,-dedim.
Sveta gülərək dedi:
-Çox gözəl,Sara! Xəbis adamlara qarşı nifrət hissi atamın ürəyində böyük bir yükə çevrilib. Atam səni tanımadı. Bildirim ki, o, həyatda çox adamlarla ünsiyyətdə olub,üzləşdiyi çətinliklərdən çıxmağa çalışsa da, hamıya yardım etsə də, onunla çiyin-çiyinə işləyən bəzi adamların xislətini bilməmişdir. Yadına da düşməyib ki,çox vaxt söndürülməmiş görünən bir köz küllərin arasında yatmaqdadır.
Mən onun eyhamla danışığının mənasını başa düşməyib susdum.Sveta fikrə getməyimi görüb dedi:
-Sara,icazə ver, hər şeyi əvvəldən sizə danışım.
Mən başımla razılıq verdim.
O, keçmiş xatirələri yadına salaraq dedi:
-Bilirsiniz , atm sizi erməni bildi. O, ermənilərə nifrət edir.
Elə bu zaman Svetanın ata-anası kupeyə daxil oldu. O,danışığını yarımçıq saxlayıb dedı:
-Atacan, bu qadın miliyyətcə Azərbaycanlıdır. İcazə verin onunla qapının ağzında söhbət edim.
Vitya kişi məni təəccüblə süzdü. Mən onun sifətinə göz qoydum .Çöhrəsində tədricən təbəssüm duyğuları yarandığından, xəfif bir gülüş onun yumşalmasını təsdiq etdi. O,üzünü qızına tutub dedi:
-Qızım,zəmanə dəyişib! İnsanlara etibar da qalmayıb. Dünən çörək kəsdiyin adam bu gün sənə arxa çevirir. Mən zənnimdə yanıldığımdan,xanımdan üzr istəyirəm.Həyat bir mübarizə meydanıdır. Bu mübarizədə söz atlı, əməl isə piyadadır.
Mən Vitya dayıya təşəkkür edib, Sveta ilə vaqonun gediş-gəliş olan yerinə çıxdıq.
Bir az əvvəl mənə nifrətlə baxan adamın fikirləşmədən danışığını nişan almadan atəş açmasına bənzətdim.Lakin onun bir valideyn kimi qızına səmimi münasibət bəsləməsi məni razı saldı. Mən ani olaraq Svetanın sifətinə göz qoydum,onun baxışlarının necə təmiz,necə də parlaq olduğunu gördüm. Fikirləşdim ki, görəsən, o, bundan əvvəl yarımçıq qalan cümləni necə tamamlayacaq?
Sveta xanım nağıl danışan kimi tarixi söhbətə keçdi.O, yaxın və uzaq tarixdən görduyu və eşitdiyi hadisələri mənə danışaraq dedi:
-Sara, bilki ki, atam ermənilərə nifrət edir. On beş –on altı il bundan əvvəl kəndimizə qaçqın erməni ailəsi gəlir. Gələnlər böyuk ailə olublar: dörd uşaq , ata və ana. Erməni kişisinin adı Vartan, arvadının adı Anuş idi. Bu ailə həddindən artıq kasıb idi. İdarə müdiri Vartana ev verdi, arvadını isə fermaya sağıcı götürdü. Onlar mənim valideyinlərimlə qonşuluqda yaşayırdılar. Atam Vitya ( mənə qəzəblənən kişi) taxta sexində işləyirdi. Kəndlilərin Vartanın ailəsinə yazığı gəldi. Elə birinci gün atam ət kəsdi, onun yarısını erməni qonşularına verdi. Günlər keçdikcə anam atamın buyruğu ilə onlara yağ,süd və digər ərzaqlar verməklə köməklik göstərdi. O zaman çoxu çətinliklə dolanırdı. Buna baxmayaraq , hamı erməni ailəsinə kömək göstərirdi.
Atam həmin erməni ilə ailəvi dostluq etməyə başladı. Vartanı taxta sexinə işə düzəltdi. Beləliklə, ailələrin arasında xoş bir münasibət yarandı.Gah Vartangildə,gah da bizdə yığışıb söhbət edər,deyib-gülər və əylənərdik.
Bir müddət keçəndən sonra hər şeyin yolunu öyrənən , xislətini gizlədərək özü üçün kiçik bir ferma yaradan Vartan orada donuz, qoyun və inək saxlamağa başladı.
Sveta bir qədər danışandan sonra köks ötürdü. Onun sifətində kədər cizgiləri açıq-aydın göründü. Mən onun halının bir qədər pisləşdiyini hiss edib dedim:
-Sveta ,niyə belə kövrəldin? Bəlkə, sizə su gətirim?
O,başını tərpədərək “yox” işarəsini verdi, yenidən sözünə davam edib dedi:
-Bilirsən,Sara,pis insanların əməli ürək yaxır.Deyirlər,pisliyi torpağa əkdilər,göyərmədi.Bəli, bir gün atamı işdən çıxarıb,yerinə Vartanı təyin etdilər. Həmin gündən sonra o, tədricən atamdan uzaqlaşmağa başladı. O,ailə vəziyyətini yaxşılaşdırdığından özünə ikimərtəbəli ev tikdirdi,qonşularla əlaqəni kəsdi,nə qonaq getdi,nə də qonaq qəbul etdi. Hətta bir yerdə çörək kəsdiyi,illərlə mehribanlıq gördüyü insanlarla əlaqəni kəsdi.
Bir gecə atam həyətə düşüb,gördüyü mənzərə qarşısında nitqi lal kimi durdu.O,gözlərinə inanmadı.Vartan və onun oğulları gecə ikən atamın həyətinin yarısını hasara alıb,öz sahələrinə qatmışdılar.
Atam səhərə qədər yata bilmədi.Gözünə yuxu getmədiyindən o,sübh tezdən qalxıb həmin erməninin qapısını döyür.
Vartan heç nə olmamış kimi :
-Niyə səhər-səhər bizi narahat edirsən ? –deyir.
Onun danışığından hiddətlənən atam rəngdən – rəngə girərək deyir.
-Heç utanmırsan? Sən mənim torpaq sahəmi necə özününkünə qata bilərsən ?!
Əhvalını zərrə qədər də olsa, pozmayan Vartan sakitcə deyir:
-Nə olub ki? Bir vaxt sən də mənim ərazimdən kiçik bir torpaq sahəsini özününkünə qatmışdın!!! Mən ki, onda səsimi çıxartmamışdım. İndi mənə yaxşılıqlar etmişsən deyə, sənin elədiklərinə göz yummalıyam ? Məncə , elədiyim daha ədalətlidir.
Erməninin böhtan dediyi sözlər atamı çaş – baş vəziyyətdə qoyur. O, bir an nitqini itirib qıpqırmızı qızarır. Fikirləşir ki, pis adamlarla oturub-durduğu üçün, öz yaxşı sifətini də əldən vermişdir.
Atam bir qədər özünə toxtaqlıq verərək güc toplayır. O, bu həyasız, xəbis erməniyə necə cavab verməsi haqqında düşünür. Qarşısındakının xəyanəti bir anın içində onu dərdə salır. Bir qədər aciz qalsa da, qəzəblənərək deyir.
-Üzünüzdə niyə həya yoxdur? Axı siz ermənilərin burada heç bir torpaq payı olmayıb?! Bir vaxt yaxşı xatirə və kor ümidlərdən dəm vururdun, indi xəyanətkara çevirilmisən. Sən xəbis adamsan!!! Deyirlər ki, insan günah edəndə deyil , günahını müdafiə edəndə qorxulu görünur.
Vartan iftirasının nəticəsini görərək susur və tezliklə danışıq yerini tərk edir.
Svetanın dedikləri mənim qasnaq bağlamış yaralarımın üstünü qopardı. Fikirləşdim ki,eyni dərdi Vitya kimi insanlar da bizim kimi çəkməkdədirlər. İnsan qocaldıqca həyatda hər şeydən bərk-bərk yapışmaq istəsə də,əldə etdikləri özü dartınıb əlindən çıxır. Vitya dayı da belə kişilərdən idi.
Hər ikimiz susurduq . Gənc qızın dediklərindən kövrəlib dedim:
-Sveta, biz azərbaycanlılar da sizin kimi eyni halı yaşamaqdayıq. Məlumat üçün bildirim ki, son iki yüz ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdundan zorla köçürülməyə, etnik təmizlənmə və deportasiyaya məruz qalmışlar. XIX əsrin əvvəllərindən başlayaraq, Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana , o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilmişdir.
Məni diqqətlə dinləyən Sveta sözümü kəsərək dedi:
-Bəs bu işə əncam çəkənlər yoxmu?
Mən dərhal dilləndim:
-Yoxdur, Sveta ,yoxdur!!! Böyük dövlətlərin çoxu hələ də bu hadisələri müşayiət edir. Neçə-neçə illərdir ki,erməni işğalçıları vətənimizin ayrılmaz hissəsi olan Qarabağ bölgəsində torpaq iddiası ilə münaqişə yaradırlar. Ötən illərdə nə qədər insan həyatını itirib. Ölkəmizdə nə qədər qaçqın ,məcburi köçkün vardır. Xalq yalnız ölkə başçısına və Azərbaycan əsgərinə güvənirik, Sveta xanım!
Biz işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş həmvətənlərimizin əziz xatirəsini həmişə sükutla yad edirik.
Qoy işğalçı ermənilər bir daha əmin olsunlar ki, Azərbaycanın güclü ordusu var və xalqımız öz torpaqlarını heç zaman güzəştə getməyəcəkdir.
Sveta eşitdiklərindən köks ötürüb dedi:
-Sara, mən də tələbəyəm. Bunu da bilirəm ki,ümidlə səbir insanın ən böyük dostudur. Ancaq təəssüflər olsun ki,ermənilərdən heç kəsə dost olmaz . Atamın dediyinə görə, həmin erməni Vartan indi vəzifəli bir şəxsdir,bütün yaxınlarını ətrafına toplayıb. İndi o,fermer sahibi kimi ,bir zamanlar ona kömək edən kəndliləri əlinin altında işlədir. Həm də atamı məcbur edir ki,evini və torpağını da ona satsın . Ancaq atam prinsipial mövqedə dayanaraq doğma torpağını satmayacağını ona dəfələrlə bildirib.
Mən hiddətimi boğa bilməyərək dedim:
-Sveta, müxtəlif millətin nümayəndəsi olsaq da, dərd-sərimiz birdir. Yalanın ömrü az olar.Yalançı özünün düşmənidir. İnsanlıq simasını itirənlər gündə bir maska taxırlar. Bəd xislətli ermənilər bir vaxt tarix qarşısında cavab verəcəklər.
Əzizim ,yanmağa imkanı olmayan quru odun da yaş odun kimi tüstülənir.Bizi uğurlara aparan yol bu günün uğursuzluqlarından keçir. Düz əyrini kəsdiyindən,düşmən tapdağında olan torpaqlarımız bir gün azad olunacaqdır.
Mən Sveta ilə kupeyə daxil olanda Vitya dayı və arvadı məni gülərüzlə qarşıladılar.
Vitya dayı dedi:
-Qızım ,torpaq bizim milli sərvətimizdir.Onu qorumaq hamımızın müqəddəs borcudur. Vaxt gələr,həqiqətin alovu onu dananların əlini tez-tez yandırar .
Mən çantamı yerbəyer etdim. Hər üçü ilə mehribancasına xüdahafizləşib,növbəti stansiyada qatardan düşdüm.
Mirhüseyn Abbas
filologiya üzrə fəlsəfə doktoru,dosent