manera.az
manera.az

Kişi tayfası niyə bu qədər küt­beyin olur?!.. | MANERA.AZ

📅 14.08.2015 12:38


Yarımçıq qalan gündəlik
(povest)
V hissə

Əvvəli - IV hissədə

Həmin gündən sonra İsmil o qədər gülərüz, dostcul, mehriban olmuşdu ki, Fərqanə bir saat da olsun, onsuz qala bilmirdi. O, dərsdən gələnəyaxın yuyunub-yaxalanır, uşağı yuxuya verib ətirlənir, saatın əqrəblərindən gözünü çəkmədən otaqda var-gəl edirdi. İsmil də evə az qala qaça-qaça gəlirdi. İçəri girən kimi kitabları bir tərəfə tullayıb qızı yataq otağına dartır, isti qucağına təpilirdi. Fərqanə günboyu İsmilin altında inildəməkdən doy-murdu...

Fərqanə ona xoş gəlmək üçün hər şey edirdi – geyimi, ətiri, xörəkləri, yataqdakı ustalığı, mehriban davranışıyla İsmilin ağlını axtarıb başdan çıxarmaqda ustalaşmışdı. Hər dəfə İsmili bir kişi kimi tərifləyib göylərə qaldıranda, oğlanın gözlərində yanan işığı görüb gülümsünürdü. Fərqanə fikirləşəndə ki, onu özü belə öyrədib, sevindiyindən uçurdu. İsmil tərifsiz qala bilmirdi – Fərqanə Axillisin zəif damarını tapmışdı. İsmilin gözlərinin içinə baxaraq, onun yaraşıqlı və ehtiraslı biri olduğunu demək kifayət idi ki, qızı yatağına çəkib aramsız ləzzət dalğalarında nəfəsini kəssin.

Fərqanə, əri bu dünyadan köçəndən isti kişi nəfəsinə həsrət qalmışdı. Son dəfə türmədə əriylə olmuşdu – o da, “atüstü”. Elə o görüşdən sonra üç ay keçməmişdi ki, ərinin qara xəbəri gəldi. Fərqanə boynundakı ikinci uşağı götüzdürmək məcburiyyətində qaldı. Başqasına ərə getmək istiyərdi, amma, artıq onun ər seçmək hüququ yox idi. Pis yola düşmək isə onluq deyildi. İndi it zülmüylə əldə etdiyi bu qiymətli məşuqu itirməmək üçün bir qayğısı qalmışdı – istəyirdi ki, İsmil onunla qürur duysun, ona bağlansın. Fərqanə bilirdi ki, qadınlar çox inadkarlıq edəndə, kişilər ondan soyuyur, yaxa qurtarmaq üçün yalanlar, fəndlər düşünməyə başlayırlar. Odur ki, bir müddət öz dünyasının qapılarını İsmil üçün taybatay açsa da, bəzi məhdudiyyətlər və qısqanclıq oyatmağı düşünürdü. Amma bacarmırdı, risklərdən qorxurdu. Çünki, İsmil onun aldığı nəfəsdən də qiymətli, həyatından da şirin idi – onu itirmək qorxusu içini gəmirir, əksinə, özü onu qısqanırdı. Fərqanə hərdən keçmiş ərinə dair İsmilin suallarına könülsüz cavab verirdi, – “Keçmişi unudaq. Heç gələcəyi də düşünməyək, əlimizdəki anı yaşayaq. Həyat yaşamaq üçün verilib. Həyatı isə sevərək yaşamaq lazımdır. Yaşamaq eşqini itirən insan, ölsə daha yaxşıdır” – deyirdi. İsmilin onu sevdiyini görəndə, məşuquna olan davranışları bir qədər dəyişdi. Elə bil utancaq oldu, onunla tək qalanda susmağı üstün tuturdu, – “Lənət şeytana, adam bu gözlərin sehrindən bilmir harda gizlənsin. Görəsən bəkarətini mənimlə pozmaqdan da qürur duyurmu, məni öz qadını kimi qəbul edirmi..?” – özü özündən xoflanırdı.

***

Yerimdə rahat uzana bilmirdim, qan beynimə vururdu. Yerimdə oturdum. Əlimdə əlacım olsaydı İsmilə bu danabaşlığına görə yağlı bir sillə ilişdirərdim. Amma o hələ də yorğanın altında üzünü gizlədirdi, - “Axı mən səninlə neyləyim, ay oğul”...
– Axı sən uşaqlı birinə necə aşiq ola bilərsən, sən axı mən bildiyim qədəri.., hər şeyi ölçüb-biçəniydin?
İsmil:
– “Sevənin gözləri kor olur” deyirlər, bu düzmüş. Mən Fərqanəyə dəlicəsinə aşiq oldum, onun körpəsini öz balam kimi sevdim...
– Hım! Özün körpə olduğun halda, birini övlad kimi necə sevmək olar axı..!?
– Bilmirəm, ancaq bunun belə olduğuna inanın. İndi mən onlarsız yeç yerdə qərar tuta bilmirəm.
– Oğlumu torpağa verəndən sonra övlad mehrimi sənə salmışam. Səni öz övladım kimi sevirəm, İsmil. Ancaq məndən gizlin bir sirrinin olduğunu heç ağlıma gətirməzdim. Mən elə bilirdim ki, hamı kimi bir qızla ilk məhəbbətin şirin anlarını yaşayırsan. Amma sən demə, yanıbalalı birinə, həm də anan yaşında olan birinə vurulubsanmış...
– Bir şeyi qəbul elə ki, mən onu sevirəm, ondan vaz keçmək fikrində deyiləm və mənə çıxış yolu göstərməyə çalış...
– Çıxış yolu!? Hə də, məsləhətim budur ki, sabah get sevgilini götür gəl Qəniş ağanın yanına, de ki, – “Ağa, anama ikinci əl gəlin gətirmişəm, xahiş edirəm atamla danış onu öz gəlini kimi qəbul eləsin. Kəbinimizi də özün kəs..!”.
– Elə qabağımı kəsən də bax budur...
– Bəs qız necə, anana gəlin olmağa razıdır?
– Bu barədə fikrini soruşmamışam, ancaq məni ürəkdən sevdiyinə əminəm, soruşsam sevinər.
– Yox, bir sevməsin! Sənin kimi dağ kəli – pəzəvəngi əlinə keçirmiş dul hələ bir sevinməsin? Başa düş, məhəbbət elə də dəyərli şey deyil. O, ancaq müəyyən dövr və yaş üçün başgicəlləndiricidir. Kefini çəkib doyduqdan sonra ondan soyuyacaqsan. Azacıq abrın qalıbsa, onu öz həyatının yoldaşı etmək fikrini ağlından çıxar. Zaman özü hər şeyi yoluna qoyacaq...
– İlahi, Dostəli əmi mən abır-həyamı çoxdan itirmişəm, mən ona vurulmuşam!
– Sənə təzə kostyumu, köynək, ayaqqabıları o qız alırdı?
– Hə. O, mənə hədiyyə almaqdan həzz alır. Əgər aldıqlarını bir gün başıma qaxmağa cəhd etdiyini sezsəydim, qəbul etməzdim...
– Sən dərk eləmirsən ki, o səni saxlayır?
– Mən daha heç kimi sevə bilmərəm...
– Bu sevgin uzun çəkməyəcək, nə qədər ki imkan var münasibətini soyutmağa çalış. Demirəm ki, görüşmə. Görüş, amma münasibəti eşq-məhəbbətə yönəltmə, imkan vermə ki, boynuna xalta salıb səni küçük kimi hara gəldi sürüsün.
– Mənim sevgim günbəgün daha da artır...
– Ay Xırnaz öküzü, başa düş ki, bu sevdan bütün kəndin dağılmasına səbəb ola bilər!
– Buna görə də sənin məsləhətinə, köməyinə ehtiyacım var...
– Kəndi bir-birinə vurdurub, hamının dinc həyatını zəhərə döndərməkdə kömək edim sənə!? Yox, mən canım qədər sevdiyim əlli dənə İsmilimi, heç gözümü qırpmadan kəndimizin bu dincliyinə qurban verərəm. Başa düş ki, o qız sənə vurulub eləməyib, o, səninlə bir yataqda gün keçirməkdən qürur duyur, səni bir alət kimi yatağında oynadır. Onun kimi qadınların bir məqsədi var – dayanmadan sevişmək. Sən isə bu yaşda ən münasib məşuqsan.
– Biz bir-birimizdən doymuruq, o deyir ki, mənimlə yaşamaq onu 20 il cavanlaşdırıb. İş orasındadır ki, aramızdakı yaş fərqini heç hiss etməmişəm, biz birlikdə çox xoşbəxtik.
– Sən onun əsirisən, sən özünü ələ alıb hisslərinə hakim olmalısan – özün özünə sahib olmalısan. Onda o qız gözündə kiçiləcək, onun artistliyini, üzündəki maskanı gö-rəcəksən. Bəlkə də öz evində səni pulsuz kirayənişin kimi saxlayıb, öz bədənini sənin qabağına sərdiyinə görə özünü ona borclu sayırsan. Amma o, səndən istədiyinin əvəzini minqat çıxıbdır. Əgər səni, ailəni, gələcəyini və nəhayət Xırnazın dincliyini dağıtmaqda israrlıdırsa, demək onun kürsəyə gələn qancıqdan heç bir fərqi yoxdur.
– Xahiş edirəm...
– Kəs səsini! Səni rayonda oxutmaq, adam olmağını istəmək mənim başımın altından çıxıbsa, demək yediyin zibilə görə mən də səninlə birlikdə cavabdehəm. Səni ürə-yimdən söküb atmaq bəlkə də çətin olar, ancaq, ömrümün sonunadək borclu olduğum xırnazlıların etibarına, ümidlərinə heç vaxt xəyanət etmərəm. Sənə rayona qayıtmağı, o qadının yanına getməyi qəti qadağan edirəm! Mənim icazəm olmadan, kənddən bayıra ayağını qoymayacaqsan! Bildin!?
– Axı mənim evim ordadır...
Özümü saxlaya bilmədim, yağlı sillənin əsl vaxtıydı və mən də bunu ondan əsirgəmədim. O, heç ağrıdan yanan üzünü tutmadı, cıqqırını da çıxarmadı. “Tanrı axı niyə insanı sevgiylə birgə yaradıb? Nədədir axı bu sevginin gücü, niyə sevənlər burnunun ucundan aralını görmürlər?”. Hiss edirdim ki, İsmil əzab çəkir. O, özündənrazı insan olsa da, başqasını sevindirəndə bu xeyirxahlığından özü də sevinir. O, paxıllığın nə olduğunu anlamır, qəti kinli insan deyil. İsmili başdan-ayağacan oxumaq olur, onun fikirləri bəsit idi. Lakin bu xasiyyəti həddini aşmışdı. O, bu aşiq-məşuq münasibətlərindən zövq almaq əvəzinə, sevginin qulu olmuşdu, bu yükün ağırlığından inildəyirdi. “Fərqanə də onu əsirinə çevirə bilibsə, demək yetərincə bacarıqlı qadındır”.
İsmil gözlərini tavana zilləyib susmuşdu. Ona gülməyim tuturdu. Sevgidən anlamayan bir uşağa eşq-məhəbbət dərsi vermək məcburiyyətindəydim.
– İsmil, oğlum, bil ki, 18 yaşıma qayıtmaq üçün hər şeyimi qurban verərdim. Bu elə bir dövrdür ki, qanın qaynayıb coşur, enerjin aşıb-daşır. Səni ilk məhəbbət yaxalayanda isə gecən-gündüzün zəhərə dönür və sən bu zəhəri içməkdən sonsuz zövq alırsan. Həyatın təbii axarı öz əhəmiyyətini itirir. Yenidən azadlığa qovuşmaq imkanın olduğu halda özünü məngənədəymiş kimi hiss etsən də, bu dərddən qurtarmaq istəmirsən. Səndən ötrü bu dünyanın heç bir marağı qalmır. Sevdiyini itirməkdən başqa qorxusu olmur.
– Hər şeyi cavanlığın üstünə atmaq gözəl bəhanədir...
– Mən səni o qıza, adı nəydi onun..?
– Fərqanə.
– Mən səni Fərqanəyə qısqanıram. Sən bu dağlarda bitən bir xırnazlı gözəl laləni dərməyə layiqsən. Sən bu dağların havası, suyu, adamları kimi tərtəmiz və safsan. Sənin qəlbin və beynin ağappaq kağız kimidir. Hər kəs o vərəqə istədiyini yazıb oxuya bilər. Ancaq bu vərəqlərə elə şey yazmağa icazə verməlisən ki, gələcəkdə bu kitabı vərəqləyəndə utan-mayasan. Unutma ki, qadın, kişini öz cazibəsini işə salmaqla əldə edir, işvə-nazıyla yanında saxlayır. Sən təmiz sevginin deyil, işvə-nazın əsirisən. Bir fərqli baxış səni ayıldacaqdır.
– Axı niyə Allah bu ürəyi yaradır, sonra da qəlbə hakimiyyəti şeytana verir? Niyə şirin sevginin astar üzü həmişə əzab olmalıdır. Onun yatağında, ağuşunda olmağın necə bir ilahi hiss olduğunu kaş biləydiniz. Ondan doya bilmirəm...
– Gəl lap həmyaşıd kimi danışaq – məni sən buna məcbur etdin. Eşqi yaradan sevişməkdir. Opüşmək, içini dolduran şəhvəti ağızdan sevdiyinə keçməsi üçündür. Müntəzəm öpüşmək aşiq olmağın əlamətidir. Aşiq olan adam özünə hakimiyyəti itirir, iblislə təkbaşına qalır. Ağzımı açdırırsan, biz o qucaqların çoxunda yatmışıq! Yataq, əlbəttə yaxşı yerdir, rahatdır, lakin, ondan başqa da əyləncəli şeylər var. “Qadınlar bir yataqda, bir də məzarda gözəl olurlar” – belə bir deyim var. Qadın mələk olduğu kimi, iblis də ola bilir. Gəncliyin gəncliyə can atması təbii bir şeydir, ancaq, sizin münasibətlərinizdə saxtalıq, bir anormallıq var. Sən onun gözlərindəki soyuq parıltını duymağı bacarmırsan. Qəlbinə hakim olsan, iblisin hakimiyyətinə də son qoyarsan...
“Görəsən bu kişi tayfası niyə bu qədər kütbeyin olur, ilahi... Biz kişilər öz axmaq vərdişlərimizin quluyuq, bu da qadınlara qulp kimi istifadə etməyə çox yarıyır” – qaranlıqda sözlərimin ona nə qədər sirayət etdiyini yoxlamağa çalışırdım. – Sən çılpaq bir qadın görəndə heyrətlənən, utandığından üzünü çevirən yaşdasan. Gənclik ehtirasını söndürdükdən sonra, sadəcə o qoca bədənə baxmaqdan iyrənəcəksən. O isə, Allah bilir, neçə kişini yoldan çıxarmış təcrübəli iblisdir.
– Sən onu tanımırsan, tanısaydın onun haqqında belə alçaldıcı şəkildə danışmazdın.
– Əlbəttə, insanı dinləmədən onu ittiham etmək və cəzalandırmaq ədalətsizlikdir. Məcbur olsam, yəqin ki, günlərin birində onu da dinləyəcəyəm. Amma unutma, qadının nəyə qadir olduğunu ancaq başqa bir qadın tam anlaya bilər. Biz kişilər üçün qadın, yalnız qorxmalı olduğumuz bir məxluqdur. İnsan yırtıcıdırsa, qadın öz ehtirası uğrunda dişi as-landan da betərdir – qorxulu, inadkar və hiyləgərdir. Məəttəl qalmışam, axı niyə ilk cəhddə onu özündən itələmədin?
– 18 yaşım olacaqdı, istədim bunun necə olduğunu özüm üçün yoxlayım...
– Yoxladın və dimdiyindən tələyə düşdün hə..? – biləyini alnından götürdü. İsmil az da olsa gülümsündü. “Dediklərim bir işə yarayır deyəsən”... Amma o:
– Elə deyil, vallah elə deyil. Məhəbbət bilirsən nədir? Ağrı və əzab, həya, heyrət, əsəb, izaholunmaz kədər, azadlıq və köləlik, rahatlıq və həyəcan, sükut və yuxusuzluq, dinclik və cəhənnəm əzabı – hamısı da birlikdə...
– Mən də sənə həmin diaqnozu qoymamışdımmı? Aşiq olmağın tipik əlamətləridir. Bu əzabdan ləzzət alırsan. Ancaq sənə əzab verən sevdiyin sənlə yaşıd olsaydı səni bağrıma basıb təsəlli verərdim, ancaq indiki halda, hələki, tənbehdən başqa bir şey əlimdən gəlmir. Sən aşiq oldun və bir dul gəlindən ötrü təhsilini atıb geri qaçdın. Allah bilir, hələ bu eşq başımıza nə müsibətlər açacaq... Gənc, güclü, həyatsevər, yaraşıqlı, ürəyinin qapıları taybatay açıq, sütül bir gəncin hissləriylə oynamaq, o yaşda insana başucalığı gətirməz. O, sənin saf sevginlə oynamalı deyildi, səni dəlicəsinə aşiq olacaq həddə gətirməməliydi. Demək sənə əzab verməkdən də ləzzət alır... Sən, mənim balamı, Xırnazın gələcəyini əlimizdən almaq istəyənə bir bax, qulağının dibini görərsən! Namussuzluq və fahişəlikdir bu – başqa ad ver-mək mümükün deyil buna. Belələrini cəzalandırmaq lazımdır.
– Mən ümid edirdim ki, mənə rəhmin gələcək...
– Təəssüflənmə. O səni istəyirdi, sən də özünü ona satdın. İstədiyi keyfi də neçə ildir ki, çəkir. Satışa çıxarılmağında tək sən yox, həm də mən günahkaram. Sənə inanıb gündəlik nəzarəti artıq bilmişdim. Sən qorxulu bir axına düşmüsən, qaqa, vaxt varkən ondan canını qurtarmalısan. Məhəbbətin yuxu gətirən dalğaları səni aldatmamalıdır.
– Mən özümlə bacarmıram, bədənimin bütün hüceyrələri onu istəyir. Ondan ötrü darıxıram, onsuz yaşaya bilmirəm... – İsmil inildəyib arxasını mənə çöndərdi. Anladım ki, da-ha söhbəti davam etdirmək istəmir. Mən də yatmağı uyğun bildim. Gələn dəfəyədək bir qədər ara vermək lazım idi – “Qoy vicdanıyla baş-başa qalsın”.
Həmin gecə səhərədək gözlərimə yuxu getmədi. Hiss edirdim ki, İsmil da yatmır – Fərqanəsini düşünür. İndi İsmil hər şeyi – kəndini, vicdanını, dincliyini öz təmiz sevgisinə qurban verməyin üsyanını yaşayırdı. Öz çılğın ehtirasını boğmaq uğrunda ümidsiz mübarizə aparırdı. Mən isə İsmilin içindəki təlatümü yatırmağın dürüst yolunu bilmirdim. Sevgisi ona olmazın dərd-ələm gətirmişdi. Bu ehtiras dolu sevgiydi, İsmil isə bu şərbəti içməkdən hələ doymamışdı. Hər şeyi onun taleyi və alın yazısı həll edəcəkdi. Onu yolundan məcburi döndərmək heç də ağıllı bir üsul deyildi. Onu vicdanı və hissləriylə baş-başa buraxmaq ən düzgün yol idi. Səhərə yaxın yuxuya getdim...

* * *
Yuxudan qalxanda, İsmil həyətdəki kələm cızlarını kətmənləyirdi.
– Sabahın xeyir.
– Hər vaxtın xeyir, şəhər sənə yer kətmənləməyi unutdurmayıb görürəm... – cırnatmaq istədim onu.
– Məni on il islağa qoysalar, əlli il kisələsələr, yetmiş il zəncirləsələr də xırnazlığımı tərgizmərəm. Qurban olum elimin torpağına, zəhmətinə, halallığına.
– Bu kəndin ümid çırağısan – ilk ali təhsilli yetirməsi olacaqsan. Neçə-neçə gənc sənin uğurlarından ruhlanıb oxuyacaq, öz elinə, doğmalarına sevinc, başucalığı gətirəcək. Sən bu kəndin lideri olmalısan. Sənin nöqsanlı iş tutmağın yolverilməzdir...
– Gəl səhər-səhər bu söhbətə qayıtmayaq – üzünü gizlətmək üçün yer kətmənləyirdi indi.
– Yox, mən axşamkı söhbətimizi nəzərdə tutmuram. İndi sən kənd cavanlarına nümunəsən, hamı səni öz övladına nümunə göstərir. O ki, qaldı axşamkı söhbətə, mən bir də o mövzuya qayıtmaq istəmirəm, çünki, ən doğru yolun hansı olduğunu özün yaxşı bilirsən və nə qədər ağrılı, çətin olsa da, bunu bacarmalısan, sənə göstərilən ümidləri doğrultmalısan, doğmalarının gözünün içinə dik baxmağa məcbursan.
– İstəyirsənsə, sənə bir mərəvzə çığırtması bişirim? Barmaqlarını yalayacaqsan, hardadır yumurtalar?
– Get axurdan götür, bişir görək rayonlu gözəlçən sənə yemək bişirməyi necə öyrədib...
– Lağ edirsən?
– Zırramasan sən. Heç yemək bişirən xırnazlı kişi görmüsən?
– Nə var ki bunda?
– Bir xırnazlının qəşş edib güləcəyi hər şey.
– Bəsdi, sən allah, heç bişirmirəm! Baxıb öyrənmişəm, ilk dəfə bişirmək istəyirdim... – mənə gah “siz”, gah “sən”, “qağa”, gah da “əmi” deməyini çox sevirdim İsmilin.
– Bişir, bişir. Görək bizim dağların gül-çiçəyinin rayondakı tamı necə olurmuş.
– Nehrə yağımız var?
– Yox. Get Süsənbər xaladan al.
– Yaxşı. Sən yuyunanadək mən yeməyi hazırlayacağam. Bu gülləri də suvararsan – gör siz tərəfin torpağıdır deyə necə qol-budaq atıb... – əzizlərimin məzarlarından götürdüyü torpaqla əkdiyi çobanyastığı kollarını əliylə sığalladı.
Uşaq kimi tullana-tullana Süsənbər xalagilə doğru yüyürdü. Sanki içindəki sirri açdığı üçün yüngülləşmişdi. Axşamdan gözümdə böyümüş bu cavan hələ də ağzından süd iyi gələn köprə kimi saf idi mənimçün.
Yeməyimizi yeyib camaatın yükünü “Qazel”ə doldurduq. İsmilin gözlərindəki yalvarışı görəndə damarımda qanım yavaşıdı, – Gedirsən, gəl birlikdə gedək? – dilucu soruşdum.
– Bəs sənə mərəvzə çığırtmasını havayı yerə yedirmişəm? – bic-bic gülümsündü.
– Ax səni, dəcəl şeytan! Gəl. Hər gün o çığırtmadan bişirməsən əllərini dağlayacağam.
– Hələ o nədir ki, sənə bizim ot-əncərlərdən elə yeməklər bişirim ki, ömründə dadı damağından getməsin.
– “Hamı gedib quş gətirir, Şahqulu bayquş gətirir”, – dedik gedib oxuyub adam olasan, sən isə arvadlığı öyrənmisən. Sən öl, bütün kəndə sənin aşbazlığından danışacağam. Mərəvzə çığırtmasıyla saqqızımı oğurlaya bilməzsən.
– Gör məni rüsvay edə bilirsənmi?
– Onsuz da rüsvay olmağına, daş-qalaq edilib kənddən qovulmağına az qalıb, arvadlığı öyrənməyin bunun yanında nədir ki?
– Sür gedək, artıq özümdən iyrənməyə başlayıram – şeytan şirinliyini öyrənmişdi, əclaf.
Rayonadək İsmili o ki var lağa qoydum. Yükləri Qəmər xalaya təhvil verənədək yerində sancılı adamlar kimi qurcuxurdu.
– Getmək istəyirsən? – soruşdum.
– Olar, sabah gələndə görüşək..?
– Niyə olmur ki. Get, amma ağlını başına topla, yavaş-yavaş soyu ondan.
– Yaxşı... Sağ ol. Evdə bir şeylər uydurarsan.
– Deyəcəyəm ki, – “Balaca qızını və nənəsini görməyə getdi”.
Sevincək bazardan sivişdi.

* * *

İsmil həyətə girəndə Fərqanə Vəsilənin paltarlarını qurumaq üçün məftilə asırdı. İsmili görcək əlindəkiləri plastik vannaya atıb az qala qaça-qaça İsmili irəli ötürüb evə, oradan da İsmilin yatağının üstünə sərildilər. Heç bir kəlmə kəsmədən dodaq-dodağa, tələsə-tələsə bir-birinin paltarlarını soyundurub həsrətində olduqları istiliyə qovuşdular.

...İsmil Fərqanənin çılpaq belini barmaqlarının ucuyla oxşadıqca qız yerində ilan kimi qıvrılırdı.
İsmil:
– Məni çox sevirsən?
– Dünyalar qədər, özümdən və sevdiyim hər şeydən də çox! Elə bil axırıncı dəfə səninlə min il bundan qabaq görüşmüşük. Bəs sən?
– Mən sənsiz qala bilmirən, ürəyim səninçün döyünür...
Fərqanə onu öpür, çiynini, kürəyini, boynunu əlinin isti təmasıyla oxşamaqdan doymurdu, – Sən o qədər güclü və ehtiraslısan ki, adam qucağında sənin kimi bir gözəl oğlanla uzanmaqdan necə xoşbəxt olmasın?
– Özündən cavanla yatmaq, yaşıdınla yatmaqdan çox fərqli şeydir ki?
– Əlbəttə, hələ sənin kimi qulunc sındıran cəngavərlə.., lap cənnət həzzidir...
– Bizim axırımız necə olacaq Fərqanə?
– Necə olmalıdır ki.., yoxsa, məndən bezmisən artıq?
– Sən nə danışırsan, səndən heç doymaq olarmı?
– Onda gəl axırımız barədə fikirləşməyək. Allah hara qədər yazıbsa, o vaxta qədər, – “harda qırıla, qırıla”...
– Ömrümün sonunadək səninlə, Vəsiləylə birlikdə yaşamaq istəyirəm, amma, bilmirəm özümdən yaşlı birini – həm də uşaqlı birini adamlar necə qəbul edər. Lap deyərik ki, Vəsilə öz uşağımızdır, ancaq...
– Əzizim, belə şeylərlə özünü çox üzmə. Allahın bəxtimizə yazdığı taleni yaşayırıq. Alnımıza nə yazılıbsa, o da olacaq...
– Deyirəm, bəlkə köçüb tamam başqa rayonda yaşayaq...
– Mənim saf xırnaz kəlim! – Fərqanə yenə onun belinə sarılıb üstünə uzandı.

* * *

– Qəmər xala, bəs İsmil gəlməmişdi?
– Yox, ay Dostəli, elə dünən sənlə gördüyümdür...

“Deməli kürsək qancığı hələ doymayıb. Yaxşı, mən sənə göstərərəm, zalımın qızı! Nə İsmilin qanacağı çatmır ki, – “Axı söz vermişəm, bu gün kəndə qayıtmalıyam”, nə də qızın vicdanı yoxdur ki, deyə, – “Evinizdən narahat olacaqlar, çıx get”. Qəmər xaladan dolayısıyla onun ən yaxşı müştərisi olan Fərqanənin ev ünvanını təxminən öyrdim, kəndə İsmilsiz qayıtdım. “Mən tanıdığım İsmil belə etməməliydi. Məni Fərqanənin ayağına verməməliydi”.

...Sabah bazarda İsmil məni Qəmər xalanın yanında gözləyirdi. Salamlaşmamış, – “Bağışla, dünən yalançı çıxdım...” – dedi, mən də ürəyimdəki kini dərhal unutdum. Yükləri təhvil verib bazardan çıxdıq.
– Hə, de görüm yenə də əvvəlki fikrindəsən, yoxsa, dediklərim barədə bir şey düşünmək istəyirsən?
– Qağa, vallah özümlə bacarmıram. Əslinə qalsa, ona yapışan mənəm. O da mənim dərdimdən dəli-divanədir, ancaq deyir ki, – “Hər şeyi zamana buraxaq, harda qırıla, qırıla...”
– Zamanı yetişincə iş-işdən keçəcək və qucağında iki uşaqla dədənin yanına qayıtmalı olacaqsan!
– Bilmirəm nə edim, başımı lap itirmişəm...
– Yaxşı, zamana burax deyir, qoy elə olsun...

Amma məndə zamana buraxmağa hövsələ hardaydı... Sabahı gün ertədən bazar işlərimi bitirib Fərqanənin yaşadığı ünvana yollandım. Darvazanı özü açdı.
– Salamun əleyküm. Adım Dostəlidir, Xırnazdanam – İsmilin əmisiyəm.
– Xoş gəlmisiniz, buyurun, qapıda durmayın...
Həyətə keçdim:
– Sizin vaxtınızı iki dəqiqəlik almağa gəlmişəm. İsmil barədə bəzi şeyləri sizlə məsləhətləşib qərar verməliyik... İsmil, düzünə qalsa, mənim dostumdur və sizin sirrinizi hələlik bilən bircə mənəm.

Fərqanə yəqin ki, utandığından pörtüb qızardı, başını aşağı dikib susdu. “Abırlı qadına oxşayır” – açığı, qıza rəhmim gəldi, onun barəsində düşündükülərimə görə peşiman olmağa başlayırdım. İsmilin onda aşiq ola biləcəyi üstünlükləri gözucu nəzərimdən keçirdim – “Özünə baxandır”.
– Baxıram, yaxşı insana oxşayırsınız. Vaxtım az olduğu üçün məqsədimi tələm-tələsik deməyə məcburam. İsmil sizdən görün neçə yaş kiçikdir? O hələ uşaqdır, nəyin doğru, nəyin yalnış oluğunu hələ anlamır. Sizin münasibətlər artıq cızığından çıxır, bir azdan sizin adınıza söz-söhbət çıxacaqdır, bax onda çarəsizlik və töhmət sizi çıxılmaz vəziyyətə salacaq. Artıq İsmilin təhsilini atıb Bakıdan geri dönməsinə sizin səbəbkar olmağınızı yəqin ki deməyə ehtiyac yoxdur. Növbəti bəlalardan qaçmaq üçün məncə, ağlınızı başınıza toplayıb bu məsələni vaxtında çürütməyiniz hər ikinizə faydalı olar. Əgər bu səs-soraq kəndin qulağına çatsa, İsmili fəlakət gözləyir – o kənd sizi qəbul edə bilməz, onlar bunu bacarmazlar. İsmil o kəndin gələcəyidir, o, təhsilini başa vurmalıdır, qabaqda əsgərliyi var hələ. Çox xahiş edirəm, bu məsələyə ciddi yanaşın və görüşməyə son qoyun...

Fərqanə başını qaldırmadı. Qulağının dibinəcən qızarmışdı. Səsi elə bil quyunun dibindən gəlirdi: – Evdə qulağıbatmış kimi körpə uşaqla oturmaqdan bezmişdim. Ərim rəhmətə gedəndən sonra ömrümü necə başa vuracağımı çox düşünürdüm. Ancaq bir gün tanrım qarşıma İsmili çıxardı. Aramızdakı münasibətin sonu olmayan bir keçəri həvəs olacağını düşünürdüm, lakin, İsmil o qədər saf və sevimlidir ki, ona bağlandım, onsuz darıxmağa başladım. Sizə yalvarıram, mənim haqqımda əxlaqsızammış kimi düşünməyin. Həyatımda ərimdən və İsmildən başqa bir kişi olmayıb. Əslində İsmillə nə qədər böyük günaha batdığımı gözəl anlayıram, ancaq özümüzlə bacarmadıq – həvəsimiz daha məhrəm hisslərə çevrildi. Məni düzgün başa düşün, mənim kimi birisi üçün, evində gənc oğlanın olması yaxşı şeydir – adamı gənc saxlayır, insanı paslanmağa qoymur. O, qızımı çox sevir, qızım da onun adını sayaqlamaqdan məni lap bezdirib, ona “ata” deyir. İsmilin ağlı-başı yerindədir, həm də artıq kifayət qədər yaşı var, özü müstəqil qərar verə bilər. Onun bizə gəlib-getməyində, gecələr qalmağında heç bir fəsad görmürəm. Yəqin ki, başqasını sevdikdən sonra məndən də əl çəkər...

– Sizinlə olduğu müddətdə, o başqasını sevə bilməz axı... Bir bəhanəylə, bir əsasla onu özünüzdən aralamağa, soyutmağa çalışın...
– Onun sevgisinə layiq olmadığımı anlayıram. Günahkar tək mənəm. Di gəl ki, İsmillə münasibətlərimizi soyutmaq, ayrılmaq üçün ciddi əsasımız yoxdu hələ. İndi ayrılsaq, ikimiz də məhv olarıq...
– İstədiklərini eləmək üçün insana əsas yox, bəhanə lazımdır. Dediklərimə görə üzr istəyirəm, inciməyin, onunla yatmağa davam etmək üçün sevgi ən yaxşı bəhanə idi. Odur ki, sevgini başqa bir şeyə çevirin, qoy o, yalnız püskürən vulkanı söndürmək barədə düşünsün.
– Sizinlə bu mövzuda söhbət etmək mənə çox əzabdır. Sizin narahatlığınızı başa düşürəm və söz verirəm ki, bacardığımı edəcəyəm ki, İsmil mənsiz xoşbəxt olsun. Sizdən daha ağır tənə eşitmək istəmirəm. Xahiş edirəm, məni anlamağa çalışın...
– Ümidvaram ki, sizin bu sözünüz öz bəhrəsini ən qısa vaxtda verəcəkdir... Mən gedim. Narahat etdiyim üçün üzr istəyirəm.
– Salamat qalın. Bir daha bütün vicdanımla əzab çəkdiyimi bilməyinizi istəyirəm. Ancaq nəzərə alın ki, ürəyimi qoparıb atmaq üçün mənə bir qədər vaxt lazım olacaqdır. Siz bu sirrimizi bilən tək insan kimi bu zamanı bizim əlimizdən almayın, çox xahiş edirəm. Bir də, məni həyasızlığıma görə bağışlayın. Söz verirəm, bu gündən etibarən İsmildən ayrılmaq barədə düşünəcəyəm.
– Allah köməyiniz olsun. Sağ olun.
– Xeyir aparın.
İçimdə bir rahatlıq yaranmışdı. Fərqanənin sözünü tutacağına əmin idim. Onun belə anlayışlı olması məni xeyli rahatlatmışdı – “Yaxşı ki, şüvən-qiyamət qoparanlardan deyilmiş. Kim deyir ki məhəbbət qondarma şeydi, yalan deyir. İnsanı özündən alıb sərgərdan edəndir eşq. Dinc həyatı burulğana çevirəndir eşq. Aşiqin, sevdiyinin ürəyindən şeytanı qovaraq oraya hakim kəsilməsidir eşq. İnsanı dərbədər çöllərə salan, gecələri yuxusuz qoyan iztirabdır eşq. Hər doğulan günəşi görmək, vüsala çatmaq arzusudur eşq. Hər şeyin başıdır eşq”...

ardı var...


Rəşid Bərgüşadlı
Manera.az


Baxış sayı - 2 196 | Yüklənmə tarixi: 14.08.2015 12:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031