manera.az
manera.az

Sizin kənddə hələ ağa, bəy, xan zəmanəsidir... | MANERA.AZ

Sizin kənddə hələ ağa, bəy, xan zəmanəsidir... | MANERA.AZ
Rəşid Bərgüşadlı

Yarımçıq qalan gündəlik
(povest)
III Hissə


I hissə II hissə

Buldozerlə danışıb yolu kəndin mərkə­zinədək güc-bəla səhmana saldıq. İndi maşını öz həyətimdə saxla­yırdım. Cavanlar aman vermədən hər gün “kəndin tək dolanışıq ehtacı” - “Moskviç”i yuyub təmizləyir, “Örən”də maşın sürməyi öyrənirdilər. Başqasını sükan arxasında görəndə Qəniş ağa, - “ A gədə, düş maşından! Görün xarab eliyib dağdan üzüaşağı aşıra bilirsinizmi!? Ay Dostəli, bala, bu maşını uşaq-muşağa verib niyə sındırırsan, axı maşınsız qırılıb batarıq...” - əməllicə qarğaşalanardı.

Günlərin birində Qə­niş ağa bizə gəlmişdi, - “Nəzərə al ki, sənin mən­də 1500 manat pulun var. Təzə maşın almaq, ya da təmir üçün nə vaxt istəsən götürə bilərsən” - sən demə, hər ev maşının təmiri üçün pul yığıb Qəniş ağaya saxlamağa verirmişlər. Kimi görürdümsə, tələb edirdim ki, bu pul yığımı biabırçılığına son qoysun. Amma bu tələbim onların xətrinə dəyirdi. “Moskviç”i satdım, Qəniş ağadakı pulun üstünə öz pulumdan da qoyub təptəzə “Qazel” yük maşını aldım. İndi camaatın həm otunu daşıyırdım, həm də bazara qoyun-keçi apara bilirdim.

...İsmil rayona köçəndən sonra xeyli kişiləşmişdi. Doğma balamdan doymadığım sevgimi İsmildə tapmışdım. Məndən gizli sirri olmasa da aramızda kövrək və sirli pərdə vardı. Geyim-kecimindəki səliqə-səhmandan xoşum gəlirdi, amma, çoxdan idi ki, bir sual içimi gəmirirdi, - “Axı mənim verdiyim pul belə kostyum, köynək, ayaqqabı almağa yet­məzdi..?” - aramızdakı pərdəni cırıb dərinə gedə də bilmirdim. Məktəbi bitirdi və sənədlərini toplayıb Bakı Döv­lət Universitetinin “tətbiqi riyaziyyat”ına verdik.

...Bütün kənd bizim həyətə yığışıb İsmillə məni Bakıya yola salırdılar. Yetirən cibimizə pul dürtürdü. Samaya xala oğlunun ayrılığına üzünü cırırdı. Arvadlar onun başına yığışıb toxtaqlıq verir, kiritməyə çalışırdı,- “Buy, başıma xeyir! Elə bil uşağı davaya yola salır. Bırdanja bıra Bakıdı dayna. Allah qoysa, inistutaja girib gələjəhdi”... Əsli xala, - “Allah sən saxla, ağız, oğlun ölüf, niyə xuduruja yerə özünə sitəm eliyirsən!” - desə də, Samaya kirimək bilmirdi. Arva­dının yanından keçəndə Fədail onun böyrünə xəlvəti bir dürtmək vurdu, - “Üzündə istahat qalmadı, özünə nə sitəm eliyirsən, ağız!”.
Samaya:

- İsmilsiz mən neyniyəjəm bəs...

Fədail dayı:

- Canına azzar eliyəjəhsən, həkət çıxardıf məni el içində hürdürmə! Dılğır bir gədə doğmusan, oxudub adam eləmək istəyirik dayna! - üstünə çımxırandan sonra arvad bir az özünü topar­ladı. Amma biz kənddən tər­pənəndə arvadlar da arxamızca su atandan sonra Samaya xalaya qoşulub şivən qopardılar. Ta, “Mollaburan”a çatanadək “Yal məhlə”də qaralan adamların əl yelləməsinə dönüb baxırdıq.

* * *

İsmil “Həkəri” dəmiryolu stansiyasına çatanacan hər şü­mal küknar ağacına da möcüzə kimi baxırdı. Zavallı uşaq öz rayonlarından ilk dəfəydi ki, kənara çıxırdı. Yük qatar­larını, vaqonları görəndə həyəcanla əlimdən tuturdu. Qatarımız parronda dayandı. Vaqonumuzu tapıb kupedəki yer­lərimizi tutduq. Bilmirəm, ya həyəcandan, ya da xoşuna gəldiyindənmi, - hər 10 dəqiqədən bir durub ayaqyoluna gedirdi.

- Ürəyin bulanır? - soruşdum.

- Yox.

- Başın gicəllənmir ki..?

- Yox, birinci dəfədir qatara minirəm axı... O biri va­qonları gəzirdim. Bilirsiniz, vaqonların birində yeməkxana da var ey...

- Bilirəm. Acmısansa çantada toyuq, yumurta so­yut­ması-zad var, açım yeyək.

- Yox, mən vaqon-yeməkxanada yemək istəyirəm. Amma, əgər məsləhət bilirsinizsə...

- Əlbəttə. Gedək.
Bilirdim ki, vaqonda yeməyi “odu bahası”na verirlər, odur ki, toyuq soyutmasını da özümlə götürdüm. İki şüşə limonad sifariş verdim. İsmil limonad şüşəsinin üstündəki etiketi səliqə ilə isladıb qopardı və qatlayıb cibinə qoydu. Pərdəni çəkib pəncərədən çölə boylandı. Hələ, qatarımız İran sərhəddi boyunca ötəndə tikanlı sərhəd məftillərinə ağzı açıla qalmışdı. Bir toyuğun yarısını harasına yedi, onu bir Allah bilir. Hər şeylə maraqlanırdı, - qatar necə gedir, relslərin vəzifəsi, teplovoz necə ida­rə olunur, şpallar nə üçündür, yolayrıcılar necə işləyir, işıqforlar necə idarə olunur... - çoxunun cavabını heç özüm də bilmirdim: - Oxuyarsan, hamısını özün öyrənərsən, - deyirdim.

Bakıya axşam çatdıq. “Bakı” mehmanxanasına getdik. Yol boyu qatardan eşiyə o qədər baxmışdı ki, gözləri yumulurdu. Otağa girən kimi yük çantalarını bir yana tullayıb özünü daş kimi yatağa atdı və həmən dəqiqə də yuxuya getdi.

...Vanna otağından gələn su şırıltısına gözlərimi hövkələdim. Balkona açılan qapının pərdəsini çəkib çölə baxırdı:
- Sabahın xeyir, Dostəli əmi

- Sabahın xeyir, qaqa. Necə yatmısan? - üzümə düşən gün işığına gözümü qıydım.

- Daş kimi.

- Şəhəri bəyənirsən, çıxıb balkondan baxsana?

- Hündürlükdən qorxuram, balkon uçub eliyər... - Xırnaz kimi dağ başında yaşamış bu gənc 4-cü mərtəbənin yüksəkliyindən qorxurdu. Güldüm. Şəhərin səs-küyünə, maşın­lara, küçədə qaynaşan adamlara həsədlə baxırdı.

Mehmanxananın yeməkxanasında “qlazok”la nahar elədik. Gün ərzində İsmilin sə­nədlərini qəbul komissiyasına təhvil verdik, imtahan vax­tını və yerini öyrənib şəhərə gəzməyə çıxdıq. İsmil Ba­kıya valeh olmuşdu.

- Mən elə bilirdim ki, Azərbaycan təkcə Xırnazdan, bir də bizim rayondan ibarətdir. Amma gör nə böyük ərazimiz varmış. Müğənnilər Bakıda yaşayırlar, hə?

- Hə, Xırnaz radiosunda eşitdiyin bütün müğənnilər bax bu qoca şəhərdə yaşayırlar.
- Görəsən Fərzalı radionu qoşa bilirmi? Kəndimizdən ötrü darıxdım...

- Nə tez? Təhsilini başa vurandan sonra Qəniş ağa demişkən, qorxuram Xırnazı bəyənməyəsən.

- Şəhərin hamamına söz ola bilməz. Amma, tövləmizdə dəmir vannada çimməyin ləzzəti başqa bir aləmdir - şirəxatınlıq elədi.

- Kəndçisən ki, kəndçi...

- Dostəli əmi, sizcə, peyin çürüntüsündən yanacaq qazı almaq planımız baş tutacaq?

- Məntiqlə alınmalıdır, lakin bu işdən başı çıxan birin­dən məsləhət almalıyıq.

- Deyirəm alınsa, ilk olaraq kənddə bir hamam tikərik.

- Hamam da tikəcəyik, hələ evlərə istilik sistemləri də quraşdıracağıq.

- Allah, sən arzumuzu ürəyimizdə qoyma! Meşələrin də canı qurtarar bizim əlimizdən. Kəndimiz kommunizmə dö­nər hə..?

- Kommunizmə yox, cənnətə...

- Qoy bu instituta bir girim, sizinlə birlikdə Xırnazı cənnətə döndərməsəm dədəmin çörəyi burnumdan gəlsin.

- Gedək, sənə dağüstü parkı və zooparkı göstərəcəyəm.

- Siz Bakını yaxşı tanıyırsınız?

- Mən beş il burda oxumuşam, sonra da üç il işləmişəm, deyirsən tanımayım?

- Bəs nə yaxşı bizim Xırnazda qalmağa səbriniz çatdı?

- Mən Xırnazı dünyanın heç bir yerinə dəyişmərəm.

- Heç öz kəndiniz yadınıza düşmürmü?

- Düşməz olurmu heç, əlbəttə, düşür.

- Kəndə qayıdanda sizin doğulduğunuz rayona dö­nə­rik. Yolumuzun üstündədirmi?
- Yox, tam başqa səmtdədir.

- Xahiş edirəm, gedərik, olarmı? Neçə ildir öz yurdunuza getmirsiniz?

- Artıq 3-cü ildir...

- Darıxmısınızmı..?

- Orda məni qarşılayan acı xatirələr, məzarlardan qa­çıram...

- Adam sevdiklərindən aralı qaldıqca yanğısı daha da artır axı...

- Düzdü, amma nə etməli, görünür qorxaq adamam, dərddən qorxuram...

- Elə dərdlər var ki, adamı həyata bağlayır. Bilirəm ki, oğlunuzu, həyat yoldaşınızı unuda bilmirsiniz. Neçə dəfə yuxuda onların adını sayaqladığınızı özüm eşitmişəm, səsinizə yuxudan diksinib oyanmışam. Mən­cə siz, itirdiklərinizin yerini tam doldurmamısınız. Heç yenidən ailə qurmaq barədə düşünmüsünüzmü? - onunla bu mövzuda danışmaqdan utanırdım. Kişi-kişi, ötkəm söhbətinə məəttəl qalmışdım.

- Bu yaşdan sonra gec deyilmi? - mənimçün də onun hisslərini öyrənmək maraqlı idi.

- Sevginin geci, tezimi olur? Buna cəhd eləməyə çalışın. Amma o vədəyədək, itridiklərinizdən qalan yeganə nişanə - məzarları ziyarət etməyə can atın ki, ürəyinizi göynədən dər­di az da olsa yüngülləşdirə biləsiniz.

- Sən axı hardan bilirsən ki, sevgi nədir? Bayaqdan ca­van oğlanlar kimi dil-dil ötürsən - İsmilin yanaqları bir az da allandı. Aramızdakı pər­dəni araladığıma sevinirdim, - Heç sevmisənmi, indi sevdiyin biri varmı? - soruşdum.

İsmil:

- Zoopark çox uzaqdadır, piyada çox gedəcəyik..? - dostumu yaman yerdə haxlamışdım. Demək bu barədə danışmaq istəmirmiş.
- Nədi yoruldun?

- O boyda dağda-daşda böyümüş biri, bu asfalt yollarda yorulsun deyirsiniz? Sadəcə, heyvanları tez görmək istəyi­rəm...

- Amma bilirsənmi ki, dağ adamları asfalt yolda daha tez yorulurlar? Sən kənddə qoyub gəldiyin qız üçün darı­xırsan, heyvanlar üçün yox...

- Kənddə deyil, rayondadır... - üzünü gizlətməyə çalışdı.

- Ay bərəkallah! Demək vurulmusan hə..? - əlimi çiyninə qoydum.

- Həm də necə.., heç bilmirəm imtahanları necə verəcəyəm. Kitabı açıram, gözlərim qarşısına o gəlir.
- O da səni sevirmi?

- Hə.., həm də çox.

- Görüşürsünüz?

- Hə... Amma xahiş edirəm, bunu heç kim bilməsin. Bir də, bu barədə məndən hələ ki heç nə soruşmayın.

- Olar.

- Xətrinizə dəyməsin... Əsas imtahandır, qəbul olmasam, kəndə qayıtmaqdansa, ölüm yaxşıdır.

- Girəcəksən, buna tam arxayınam.

- Qəniş ağa demişkən, - “Allaha təvəkkül!”

- İnşallah, hər şey biz istəyən kimi olacaq.

* * *

İsmil qəbul imtahanlarından uğurla keçdi. Sevincimizin həddi-hüdudu yox idi. Xırnazın qüruru, ilk ali təhsilli adamı olacaq İsmil, qanadlanıb bu şad xəbəri kəndlərinə, sev­diyi qıza çatdırmaq üçün yerə-göyə sığmırdı. Avtovağ­zala bilet almağa yollandıq. Ürəyi Xırnazdaydı, amma, söz verdiyimi xatırladıb ayağını dirədi ki, - “Xaldana gedəcəyik!”. Razılaşdım - özümün də ürəyimdən idi. Yol boyu ucsuz-bucaqsız çöllərdə salınmış oba­ları, kəndləri Xırnazın gözəlliyilə ağızdolusu müqayisə edib kəndlərilə öyünürdü - “Bu insanlar, ilanmələr isti çöllərdə necə yaşayırlar görəsən?”.

Axşamüstü Xaldana çatdıq. Dayım oğlugildə gecələ­dik. Sübh tezdən İsmili oyatmadan qəbristanlığa yollandım. “Üç ildi hardasan, ay nainsaf!” - gözlərilə məni qamçılayacaq ömür-gün yoldaşımı, “Ata!” de­yib üstümə cuman oğlumu gözlərim önünə gətirdim və qəbristanlığın girəcəyində dizlərim əsdi. Əzizlərimin başdaşını toz basmışdı. Ucuz əhəngdaşının ortasında mərmər şəkli döyülmüş arvadımın məsum baxşılarına göz yaşımı sax­laya bilmədim. Gözlərim elə arvadımın baxışlarındaca, oğlu­mun yanaşı başdaşını sinəmə sıxıb hönkür-hönkür ağladım. Mən doğmalarımın qatiliydim.

Arvadım maşın almağımın əleyhinəydi. Həmişə, - “Mən sənin maşınına oturanda narahat oluram, xamsan - sürə bilmirsən, qəza edəcəyindən qorxuram” - deyirdi. Qorxduğu başımıza gəldi... Öz-özümə danışa-danışa dizlərimi yerə atıb ağlayır, sinə daşına dırmaşan çayırları qoparırdım. Çoxdandı ki, içimi gəmirən ağrını bu cür sığallayıb əzizləmirdim. Kimsə əlini ehmalca çiynimə qoydu. Gözümün yaşını biləyimlə silib yanımdakının ayağına tərəf qanrıldım. İsmil idi. Əyilib arxadan boynumu qucaqladı: - Ağla, ürəyin istəyən qədər ağla. Az da olsa rahatlaş - pıçıldayırdı. Hər iki başdaşını öpdü, oğlumun şəklini sığalladı, sonra mənimlə yanaşı çöməldi.

- Söz verirəm, hər Bakıdan kəndimizə qayıdanda sizin əzizlərinizi mütləq ziyarət edəcəyəm. Bilirsinizmi, mən yalnız sizin sayənizdə oxudum, instituta girdim. Bu dünyada siz­dən yaxın dostum, etibar edib güvənəcəyim ikinci adam yo­xumdu. Mən sizə ömrümün axırınadək minnətdar olacağam. Bax bu məzarda yatanlara and içirəm ki, bir sözünüzü iki etməyəcəyəm, sizi böyük qardaşım, əmim, dayım kimi sevə­cəyəm. Qoy ruhları şad olsun. Mən onlara da söz verirəm ki, sizi dərd çəkməyə qoymayacağam, üzünüzün ürəkdən gül­məsi üçün lap təlxəklik də olsa edəcəyəm... - İsmil də kövrəlmişdi. Dağ qürurlu cavan üçün belə səmimi eti­rafın sevgi etirafından da çətin olduğunu bilirdim. Onu sinəmə sıxıb telini qoxladım. İndi bu dünyada mənə ən simsar insan İsmil idi. Bütün Xırnaz bacı-qardaşım, xalam-bibim, dayı-əmim idisə, İsmili doğma oğlum kimi sevirdim.

Qəbristanlıqdan tez çıxmaq istəyirdim. Son dəfə məzar daşlarından mənə həsrətlə boylanan əzizlərimin gözlərinə baxıb vidalaşdım, qolumu İsmilin çiyninə qoydum. Qəbris­tanlıqdan çıxanda İsmil nə fikirləşdisə, geri - məzarların ya­nına döndü. İki məzarın arasından ovuclayıb ciblə­rini torpaqla doldurdu. Gəlib əlini belimə doladı, - “Lazım olacaq.., yəqin ki, yenə darıxacaqsan. Qoy onların da torpağı Xırna­zın­kına qarışsın. Həyətində bu torpağa gül əkəcəyəm...” - indi mənə “sən” deyirdi. Bığ yeri yenicə tərləməyə başlayan bu cava­nın qəlbi ayna kimi tər-təmiziydi.

...Avtobusları dəyişə-dəyişə, Qarabağın bərə­kətli və cənnət bölgələrini bir-bir keçərək Xırnaza doğru yol aldıq. Rayon mərkəzinə gecə çatdıq. Uçuq-sökük mehmanxanada otaq tutub çayxanaya düşdük. Rayona girəndən yerində qurcuxurdu:

- Məni üzürlü hesab etsəydin, şad xəbəri gözləyənimə çatdırmağa gedərdim...

- Əlbəttə, get. Mən bir qədər gəzişib mehmanxanaya qayıdacağam - dedim.

- Amma məni gözləməyin. Gecə gəlməsəm, mənə görə narahat olmayın. Sabah sübh tezdən sizi yuxudan oyadaram.
- Dəli olmusan, çöldə yatacaqsan?

- Narahat olmayın, yerim cənnət kimi isti olacaq - heç bir izahat vermədən, növ­bəti sualımdan qorxurmuş kimi tələsik aradan çıxdı. “Yəqin sinif yol­daşlarından birinin evində qalacaq. Gedib sevdiyi qızgil­də gecələyəsi deyil ki!” - düşündüm. Yol yorğunuydum, çayımı içib mehmanxanaya qayıtdım.
Sübh tezdən çantalarımı yır-yığış edirdim ki, İsmil içəri girdi. Kefi “fıştırıq çalırdı”. İçəri girən kimi tullanıb boynuma sarıldı, - “Nə gözəl şeymiş instituta girmək..!”. Yanaqlarımdan öpüb yerə tullandı. Bu dəqiqə dünyanın ən xoşbəxt atası mən idim. “Villis” maşın tutub Xırnaz yolunu əlimizə aldıq. İki saatdan sonra kəndin gi­rəcəyinə çatdıq. İsmilin israrıyla “muştuluq oyunu” üçün maşını kəndə sürdürmədik. Gülməli bir məsxərə düşünüb razılaşdıq. Kəndə tək girdim. İsmil “Qulançar dağı”nda gizləndi. Camaatın meşədən gəlib dincələn vaxtı olduğundan heç kim məni görmədi. Evimin qapısı açıq idi. Ehmalca içəri girdim. Fərzalı qucağında “Ədəbiyyat müntəxəbatı” mənim çarpayımda yuxuya getmişdi. Döşəmə­nin cırıltısına dik atıldı. Məni görcək üstümə atıldı - kənddə uşaqların ən sevimli dostu olduğumu bilirdim. Cavanlar uşaq kimi o qədər səmimiydilər ki, görüşəndə adamı qəhər boğurdu: - Qurban olum, Dostu əmi, nə yaxşı sağ-salamat qa­yıtdın!

- Hə, Fəzi, qayıtdım. Necədir dərslərin, oxuya bilir­sən­mi?

- Əlaçıyam, Dostu əmi. Sizə söz verirəm, mütləq ali məktəbə girəcəyəm. İsmil qaqanın imtahanları necə oldu?
- Susacaqsansa deyim...

- Girdi?!

- Bütün evlərin radiosunu qoş!

- Girib! Girib!! Ay Allah, İsmil qaqam instituta girib!!!

Fərzalı qeyri ixtiyarı çölə atılanda şalvarının qur­şağından yapışdım, - Dedim axı susacaqsan. Hamını qoş...

Fərzalı əlləri sevincdən əsə-əsə bütün evlərin düymə­lərini qoşdu. Radionun səsini tam verib məni stula oturtdu. Mikrofonu əlimə götürəndə nə xatırladısa, - “Durun! Qoy kəndin ortasındakı səsgücləndiricini də qoşum, onu özüm təmir etmişəm” - bic-bic üzümə hırıldadı. Repreduktoru qo­şanda mikrofonun uğultusu bütün kəndi başına götürdü, əks-sədası dağlarda yayıldı.

- Diqqət, diqqət! - mikrofonu ağzımdan aralayıb dinlə­dim - səsim kəndi titrədirdi, - Danışır Xırnaz ra­diosu. Əziz xırnazlılar.., İsmil.., Bakı Dövlət Universi­tetinə qəbul olundu! Gözlərimiz aydın olsun!!!

Mikrofonu stolun üstünə tullayıb cəld qapıya cumdum. Yalnız sevincin yaraşdığı mehriban çöhrələrdəki şad­lığı, səmimiyyəti, sevgini görmək üçün acmışdım. Bu mənzə­rəni təsvir etməkdə çox acizəm. Allahın altında, qaloşları taykeş geyən, qaloşunu tapmayıb ayaqyalın qaçan, örpənməyi unudan ağbirçəkləri, ömür­ boyu - yay, qış qaragül papağını başından çıxarmayan Qəniş ağanı çalmada yüyürən, ayaqlar altında qalan qazların qaqqıltısını görəydiniz... Hamı da mə­nim evimə, mənim üstümə cumurdu. Evimin pilləkənində çöməlib yanaqlarımdan bıldır-bıldır axan göz yaşlarıma gülürdüm. Mən Xır­nazın hər bir kəsini, toyuğunu-cücəsini, otunu-ələfini, hər şeyini sevirəm. Xırnaz mənim havamdır, suyumdur, həyatımdır...

Əllərini yanlara yelləyə-yelləyə ayaq­yalın qaçan Samaya xala özünü hamıdan qabaq yetirdi: - Sənin qadalarını alaram eləjə, sənin şad xəbər gətirən di­linə canım qurban olsun eləjənə... - əlləri havanı yara-yara özünü üstümə atdı, boynumu qucaqlayıb heç kimi vecinə almadan məni duz kimi yaladı. Başqa vaxt bu cür hərəkət bəlkə də qınanardı, ancaq onun dalınca Fədail məni qucağına alıb havada fırlatdı.

Samaya xalanın ürəyi atlanıdı: - Bəs hanı İsmilim? Sən niyə ağlayırsan? Yalan deyir­sən? Zarafat eləyirdin? Düzünü de, İsmil inistuta girib? Hanı mənim balam!?

- Mən burdayam ana! - İsmil yoxuşdan bizə baxıb gülürdü. O da biləyi ilə gözünün mütüyünü silirdi. İndi kişilərdən başqa hamı İsmilə tərəf cumurdu. Kənd bircə dəqiqənin içində sevinc çəlləyinə dön­dü. Xırnazın dağlarını, havasını bir anda xoşbəxtlik ətri bü­rüdü. Hamı ucadan bir-birini səsləyir, şad xəbəri bir-birinə ötürürdülər. Qəniş ağa başındakı çalmanı arvadı Gülgəzə verdi, pa­pa­ğını başına qoyub əlinin işarəsiylə camaatı susdurdu: - Ay camaat! Bu gün kəndimizdə bayramdır. Kimin evində nə ki, süfrə, qab-qacağı varsa, “Örən düzü”nə yığsın. Ay Murad, sən qaç Göyarabasdan Bəndalıya de, Maliki və Fərruxu zurna-nağarası ilə birlikdə götürüb tez gəlsin. Bu gün şənlənəcəyik, manqalları hazırlayın, ay gədə! Yekə bir cöngə məndən!
O yandan Fədail kişi:

- İki erkək də məndən!

Salam kişi:

- İki dübür da məndən!

Bu siyahı o qədər uzandı ki, bunları yeməyə iki ay vaxt yetməzdi...

Bir saatın içində “Örən”də iri stol açıldı. Hərə, Allah verəndən, dar günə saxladıqlarını gətirib düzdü stolun üstünə. Bəndalı, Malik və Fərrux da gəlib çıxmışdılar. Kənddə elə bir şadlıq-mərəkə qopdu ki, Xırnaz hələ beləsini görməmişdi. Kəndin cavanları iki üçkiloluq şüşədə cır zoğal arağı tapıb evimdə radiostansiyanın altında gizlətmişdilər. Növbə ilə otağa ağ girib qırmızı çıxırdılar. Axşama yaxın cavanlar Bəndalını o qədər yordular ki, yazığın zurna püləməkdən boğazı qovuş­muşdu. Yeyin havalar bir-birini əvəzləyir, ortada ayaqları bir-birini dolaşanların sayı isə artırdı.

Qəniş ağa:

- Bu gədələri elə bil cin vurub. Oynamaqdan pörtüb qızarıblar, it kimi yorulublar, yenə də ortadan çıx­mırlar.

Yusif kişi:

- Dəymə sən Allah, ağa, qoy bu gün ürəkləri istəyən kimi şənlənsinlər. Qardaşları o boyda Bakını görüb gəlib, ins­tituta girib...

Qəniş ağa:

- Demirəm ki, oynamasınlar. İzafa, adam balası kimi oynasınlar dayna. Böyük-kiçik, arvad-uşaq var axı, onlardan ayıb deyilmi, heç belə farmazonluq görmüsən? Düngüş kimi dallarını burcuda-burcuda qalıblar, ortadan çıxmırlar. Sən danqalax Hüseynin oğluna, onun danqaz-danqaz dingil­də­məyinə bir bax, elə bil basaratı bağlanıb...

Qəniş ağa hardan biləydi ki, cavanları bu kökə salan cır zoğal arağıdır. Bilsəydi, vallah, hamını kənddən sürgün edərdi. Dözməyib ayağa durdu, əlinin işarəsiylə zurnaçını saxladı. Üzünü or­tada dingildəyən cavanlara tutub:

- Bura sizin göbək oynatmağınıza baxmağa gəlməmişik! Oturun yerinizə, bir az İsmil balamıza qulaq asaq! Görək nə gördü Bakıda, necə verdi imtahanını. Dur ayağa görüm, İsmil. Keç aşıqların yanına, danış, necə imtahan verdin, neçə aldın?

İsmilin da yanaqları qızarmışdı. Özünü yığışdırıb boğazını arıtladı: - Suallar çox asan oldu. “Eloktrolitik dissosasiya” düş­dü, - siz bunu bilməzsiniz. Müəllimlər düşdü üstümə, tut­dular məni sual yağışına. Hardan dedilər, cavablarını verdim.
Yerdən səslər, alqışlar gəlirdi, - “Əhsən sənə, əhsən!”

- Axırda gombul bir kişi dedi ki, - “Get oğul, “4” alırsan”. Gözlərimi elə bərəltdim ki, - “Müəllim, siz nə danışırsınız, Xırnaz kimi yerdən gəlmişəm Bakıya, nədi-nədi qotur bir “4”-dən ötrü?! Qəniş ağa məni kənddən qovar! İstədiyiniz qədər sual verin, mən sualdan qorxmuram və “5” almamış ayağımı burdan çölə qoyan deyiləm” - dedim. Müəllim soruşdu ki, - “Sizin kənddə hələ ağa, bəy, xan zəmanəsidir, sizdə sovet hökuməti yoxdur?”.

Dedim ki, - “Ağam ağır seyiddir, məni yola salanda dualayıb, üzümə üfürüb, siz istəsəniz də “4” yaza bilməyəcəksiniz - ağamın cəddi sizi tutar”.

Müəllim dedi ki, - “Düz deyirsən, oğul, bayaqdan sənə “4” yazmaq istəyirəm, amma əlim gəlmir, ürəyim mənə deyir ki, “insafsızlıq eləmə”. Sənə halal olsun, “5” yazıram. Məndən seyidə çoxlu-çoxlu salam deyərsən”.

Qəniş ağa qürurla yerində qurcuxdu: - Salam göndərən də, gətirən də var olsun. Allah o kişidən razı olsun, vicdanlı adamıymış. Amma, Allah haqqı dualamışdım - duam afsanata düşüb.

İsmil birinin üstünə üçünü də qoyub danışdıqca cuşa gəlir, dinləyənlər də ağızlarını hayıl-mayıl ayırıb diqqətlə qulaq asırdılar. Gözüm İsmildə olsa da onu eşitmirdim. İsmilin açdığı ilk cığırla yürüyən xırnazlı gəncləri gözümün önündən keçirdikcə məni qəhər boğurdu. Onu sevən qızın indi nə qədər xoşbəxt olduğunu fikrimdə canlandırdıqca sevincimdən ağlamaq istəyirdim. Mən öz balasının mürvətini görən ata kimi sevinirdim...
Məclis gecə saatlarınadək davam etdi. Çayırlıq tapdalanmaqdan torpağa çıxmışdı. İsmil evlərində gecələyəsi oldu. Səhəri dirigözlü açdım. Qoşa başdaşından mənə həsrətlə zillənən nisgilli gözlər həmin gecə məni yatmağa qoymadı...

Ardı var...


Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031