manera.az
manera.az

"Nə yaxşı şeymiş insanın özünə sahib olmağı..."| MANERA.AZ


Yarımçıq qalan gündəlik

IV Hissə
(povest)


I hissə II hissə III hissə

* * *
İşimə yarayacaq çoxlu kitablar almışdım. Quş və mal peyininin qıcqırtısından yanar qaz almağa nail olmuşdum. Adamlar düşünəndə ki, bu qazla evdə yemək bişirmək, evi qızdırmaq, hamam qalamaq mümkün olacaq, o qədər sual verirdilər ki, özüm də karıxırdım. Qazın tərkibində zərərli qarışıqlar vardı və yananda pis qoxu verirdi. Odur ki, adamları zəhərləyə bilərdim deyə evlərə qaz xətti çəkməyə qorxurdum. Amma balaca qazanxana və kişilər üçün hamam tikdik. Çox keçmədi ki, evləri qızdırmaq üçün qazanxanadan istilik xətti də çəkdik. Kəndin ən qiymətli başını gəzdirdiyim üçün çox xoşbəxtiydim. Ətrafdakıların işinə yarımaq çox qürurverici hissdir. Qəniş ağa hər mühüm işdə mütləq mənimlə məsləhətləşirdi.
İsmil artıq Bakıda – universitetin yataqxanasında yaşayır, zərbəçi təqaüdü alırdı. Ayda iki dəfə əlimizə düşəndən pay-püş düzəldib ona göndərirdik. Rayon mərkəzi poçtuna tapşırmışdım ki, bizim kəndə gələn məktubu saxlasınlar, hər dəfə özüm gəlib götürəcəyəm. Onsuz da, İsmildən başqa bizə məktub göndərən yox idi, ya da, ancaq biz ona məktub, bağlama yollayırdıq. Hər dəfə məktubun yarısını quru cümlələr tuturdu, – “Salam. Məlumunuz olsun ki, mən yaxşıyam. Sizin də sağ və salamat olmağınızı ulu Tanrının dərgahından arzu edirəm. Burada havalar küləklidir...”. Görünür, İsmil bu şablonu məktub yazmağın vahid qaydası kimi qəbul edirdi. Dərsləri yaxşı gedirdi, kənd üçün çox darıxırdı.
Kəndin “axşam konsert”lərinə indi Fərzalı nəzarət edirdi. O, gündüzlər musiqi verilişi olanda “Örən”dəki reproduktoru qoşurdu ki, camaat çöldə-bayırda da konserti dinləyə bilsin. Bircə, körpə uşaqlı analar səs-küydən şikayətçi idilər. Onların da cavabını öz ərləri verirdi.
Firəddinə “Qazel”i sürməyi öyrətmişdim. Payız-qış aylarında maşının təkərlərinə, sürüşməsin deyə, zəncir dolayıb min zülmlə mallarımızı rayon mərkəzinə çatdırırdıq. Qışda ən çox satılan dərman bitkiləri, ədvalar və qoyun-keçi idi.

* * *
İsmil ikinci kursa keçəndə ondan bir məktub aldım, – “...Qağa (son vaxtlaq mənə belə müraciət edirdi), artıq Bakıda qala bilmirəm. Heç kimə demə, qiyabi şöbəyə çevrilirəm. Mən rayona qayıdıram. Dekanla danışmışam, hər semestr haqqını verib qiymətlərimi yazdıracağam – təki diplomum olsun. Mən, sevgilim yanımda olmadan yaşaya bilmirəm. Bu sirri sizdən başqa heç kim bilməsin. Sizə yalan danışa bilmirəm. Bilirəm ki, nəzərinizdə çox yalnış bir iş tuturam, sizin əziyyətinizi və etimadınızı yerə çırpmış oluram. Amma məni başa düşməyə çalışın, mən çox darıxıram, onsuz dözə bilmirəm. Rayonda özümə iş taparam. Əsgərliyimi başa vurandan sonra təhsilimi davam etdirərəm. Rayonda görüşüb ətraflı söhbət edərik. Xırnaza salam deyin. Hörmətlə, İsmil”.
İsmil bütöv bir kəndin ümidlərini yerə vuracaq qədər məsuliyyətsiz adam deyildi... Sevginin böyük cazibə olduğunu eşitmişdim, ancaq bu qədər olduğunu bilmirdim. “Bu nə dəlilikdir? İsmil ali təhsil almağa yerikləmişdi axı. Sevgimi insanı dəli edir, yoxsa təkcə dəlilərmi aşiq olur?” – özümə yer tapa bilmirdim. Məktub yazdım ki, – “Dəlilik eləmə, bütün el içində özünü rüsvay edərsən! Əgər istədiyin qız səni ürəkdən sevirsə, məktublaş, ta, niyə təhsili atasan ki? Papağını fırladacaqsan, beş il yel kimi ötüb keçəcək...”. Onu divanəlikdən döndərmək üçün nə lazımdırsa, hamısını yazdım. Yenə ürəyim soyumadı – fikirləşirdim ki, 3-4 günə özüm Bakıya yollanıb onunla üzbə-üz söhbət edərəm. İşlərə başım elə qarışdı ki, – həm də düşünürdüm ki, cavab yazmırsa, yəqin, fikrindən vaz keçib, – aradan 10-15 gün keçməmiş rayon bazarında qabağıma çıxdı. Canım qədər sevdiyim İsmil bu dəfə qucağıma tullanıb boynuma sarılmadı. Əməlli-başlı sınıxmış, kişiləşmişdi. İsmili bağrıma basanda tükü üzümü daladı.
– Nə vaxt gəlmisən? – özümdən aralayıb çuxura düşmüş gözlərinə baxdım.
– Sırağagün axşam.
– Bəs niyə dünən kəndə gəlməmisən?
– Dünən Firəddini göndərmişdin deyə, ondan gizləndim.
– Gizlənəcək nə pis iş tutmusan ki..?
– Mən qiyabi şöbəyə keçdim...
– Demək inadından dönmədin... Bəs harda gecələmisən bu iki gündə?
– Qızgildə... – üzünü gizlətdi.
– O nə qızdır elə, səni başından çıxarıb Bakıdan buralaradək gətirdir, hələ bu azmış kimi öz evlərində saxlayır? Kimdir o qız, kimin qızıdır? – barmağımla çənəsini qaldırıb gözlərinin içinə dik baxdım. Üzündəki qırmızı məsumiyyət pərdəsini görəndə ürəyim göynədi, çənəsini buraxdım, dərindən köks ötürdüm – “Yazıq uşaq.., onun başı əldə deyil”...
– Biz bu barədə söhbət etməliyik... Ancaq söz ver ki, məni axıradək və öz balan kimi dinləyəcəksən. Sənin məsləhətinə çox ehtiyacım var... Bilirsən ki, səndən başqa sirdaşım və məsləhət alacağım adam yoxdur – o, artıq mənimlə “sən”lə danışırdısa, demək, deyəcəkləri çox ciddidir.
– Məni çatlatma, danış görək! – qan beynimə vururdu.
– Qəmər xala gözləyir, yükü təhvil ver, sonra bir yerdə oturaq... – o, bu iki gündə özünü yeyib bitirmişdi. Deyəcəklərini ölçüb-biçmiş və son qərarı da qəbul edənə oxşayırdı.
– Yaxşı... – torbaları Qəmər xalaya təhvil verənədək İsmilin başına gələ biləcək ən pis ehtimalları götür-qoy edirdim, – “Qızın evində necə qala bilərdi axı? Bəs qızın ata-anası yoxdurmu, bura dağbaşıdırmı, camaat qızını çöldənmi tapıb?” – ağlıma bir şey batmırdı. “Axşam bizdə söhbət edərik” – dedim. Bir onu bilirdim ki, İsmilin halı özündə deyil. Maşına minib kəndə sarı yol aldıq, yolboyu susub durduq. İkimiz də söhbəti nədən başlayacağımıza qərar verə bilmirdik. Kənddə dedik ki, İsmil tətilə gəlib...
Axşam camaat evlərinə yığışandan sonra İsmil bizə gəldi. Döşəmədə yanaşı yataq hazırladı. Yatağa girməmişdən qabaq gözümün qabağında – heç məndən çəkinib-eləmədən şifonerin qapısını açdı, özünə bir çappa zoğal arağı süzüb birnəfəsə başına çəkdi. Fikir vermədim – “Söhbəti başlamaq üçün cürət toplayır”. İşığı söndürüb yorğanı üzünə çəkdi. Soyunub yerimə girdim. Yorğanın altından hüznlü səsi gəlirdi.
– Mən birinə dəlilər kimi aşiq olmuşam. Adı Fərqanədir. Məndən 14 yaş böyükdür və yaş yarımlıq bir qızı var...
Qulaqlarıma inana bilmədim, yastığa dirsəklənib gözlərimi döydüm. İsmil utandığından yorğanı ağzına basırdı.
– Sən məni dolamısan!? Nə 14 yaş! Nə uşaq? Uşaq səndəndir?!
– Yox, əri türmədə vərəmdən ölüb. Mağaza müdiriymiş – yeyintiyə görə tutublarmış.
– Necə olub ki, o qızın cənginə keçmisən, danış, bağrım çatladı...?!
– Biz üçüncü ildir ki birlikdəyik. Hələ kənddən rayona köçəndə onunla tanış olmuşdum.
– Aman Allah! Sən nə danışırsan!? – elə bil ilan çalmışdı məni.
– Sən malları təzəcə boşaldıb getmişdin. Qəmər xalanın yanındaydım. Bir gəlin, qucağında da körpə uşağı çiriş almağa gəlmişdi. İki kilo çiriş aldı. Yükü çox ağır idi, qucağında da körpəsi ağlayırdı. Qəmər xala dedi ki, – “Əgər bikarsansa, gəlinə yükü evlərinə aparmağa kömək elə”. Heç bir işim yox idi. Çiriş kisəsini götürüb Fərqanəgilə apardım. Körpəsi sancıdan kirimək bilmirdi. Pul verdi, kağıza dərman adı yazıb aptekdən almağımı xahiş elədi. Alıb gətirdim. Dərmanı qarışdıranadək körpəni qucağımda saxlayası oldum. Dərman hazırlaya-hazırlaya mənə suallar verirdi:
– Hansı kənddənsən?
– Xırnazdan – dedim.
– Hə, o radiosu olan kənddən?
– Hə, həmin radionu yaradanlardan biri də mənəm, – radiomuzdan, kəndimizdən xeyli söhbət elədik.
– Adın nədir?
– İsmil.
– İdmanla məşğul olursan?
– Yox, bizdə bütün cavanlar belə bequrum, yekəpərdirlər...
– Bəs rayonda nə işin var? – çiriş doğraya-doğraya soruşdu.
– Burda 10-cu sinfdə oxuyuram.
– Bəs harda qalırsan?
– Kirayədə.
– Ayda nə qədər verirsən kirayəyə?
– 15 manat.
– Nə ucuzdu? – hiss edirdim ki, çox mehriban adamdır.
– Bu pulu bütün kənd camaatı toplayıb ödəyir.
Mən onlarda bir stəkan çay içdim. Uşaq dərmandan sonra kiriyib yatmışdı. Ya-şım, ailəm, dolanışığım, dərslərim haqqında suallar yağdırırdı. Qaldığım evin ünvanını öyrəndi. Ayrılanda məni həyətin darvazasınadək ötürdü.
Aradan bir həftə keçməmişdi ki, axşamüstü qaldığım evin qapısı döyüldü. Qapını açdım. O idi – Fərqanə.
– Xoş gəlmisiniz – dedim.
– Sağ ol. Dedim görüm qaldığın yerin şəraiti necədir?
– Təki oxumağa bir yer olsun, bəs eliyir. Dəbdəbə axtaran vaxtım deyil.
– Gəlişimin məqsədi odur ki, istəyirəm mənim evimə köçəsən. Bilirsən, mən də təkəm, qulağıbatmış kimi evdə tək oturmaqdan az qalıram dəli olam. Uşağı kiminsə yanına qoymağa adamım yoxdur ki, çıxıb bazarlıq eliyim. Sənin kimi köməkçiyə və qulaq yoldaşına ehtiyacım var. Mənə kirayə pulu da lazım deyil, özümü dolandırmağa aylıq pulum var. Lazım olsa, sənin təhsilinə də yardım edə bilərəm. Elə bil ki, darda qalmış bir əzizinə yardım etmiş olursan – o, bunu çox ciddi deyirdi.
– Vallah, bilmirəm nə deyim... – onun təklifindən çaşıb qalmışdım.
– Səni görən gündən xasiyyətin çox xoşuma gəldi. İndi hər adama etibar eləmək olmur, birini evinə buraxsan, bir də gördün evini yarıb qaçıb – stul çəkib oturdu. Gözlərini üzümə zilləyib cavabımı gözləyirdi.
– Bəs həyət yoldaşınız, ya başqa qohumunuz..? – soruşdum.
– Yoldaşım rəhmətə gedib, burda isə başqa qohumum yoxdur. Mən bu rayona gəlin gəlmişəm.
– Onda qoyun evdəkilərlə məsləhətləşim, – məqsədim səninlə bunu müzakirə etmək idi. Lakin, kirayə pulumu göndərən camaatımızı bu əzabdan qurtarmaq üçün ürəyimdə bu təklifi göydəndüşmə hesab elədim. “Qoy bir-iki gün fikirləşim”, – dedim. O, mənə bir siyahı və siyahıdakı göy-göyərtinin pulunu da verib sabah bazardan alıb onlara aparmağımı xahiş edib getdi. Sabah sən gedəndən sonra dediklərini alıb Fərqanəgilə yollandım.
Onun uşağı o qədər şirindi ki, adam ayrıla bilmir. Oynamağı yaman sevir. Məni görəndə üstümə elə cumur ki... Mən balacanı yaman sevdim – mən umumiyyətlə körpələri çox sevirəm, ancaq Vəsilənin bir başqa şirinliyi vardı.
Bu münvanla hər iki gündən bir Fərqanəgilə çiriş, mərəvzə, quşəppəyi-zad aparır, Vəsiləylə doyunca oynayırdım. Bir gün Fərqanə mənim biləyimdən tutub otaqlardan birinə çəkdi. Qapını açıb içərini göstərdi, – “Bura sənin şəxsi otağındır, səninçün hazırlamışam. Sən burda yatarsan, dərslərini sakitcə hazırlaya bilərsən”. Otaq çox geniş, işıqlı və yaraşıqlıydı, pəncərələri bağa açılırdı – rayon yerində belə məhləli evlər çox bahalı hesab olunur. İri güzgülü, naxışlı şifoner, krallara layiq ikinəfərlik geniş, səliqəli yataq adamın ağlını başdan alırdı.
Evə qayıtdım. Artıq toyuq hini kimi balaca daxmam gözümdən düşmüşdü. Bütün gecə Fərqanənin mənə hazırladığı otağı düşündüm. Ötən qış öz darısqal daxmamda çox üşümüşdüm...
Bazar günüydü. Səhər açılan kimi Fərqanəgilə yollandım və, – “Bura köçməyə razıyam” – dedim. Çox sevindi. Axşama köçməyi razılaşdıq. Mənim gəlişimə gözəl bir axşam süfrəsi bəzəmişdi. Bizim qoyun-quzuların bəyənmədiyi bu çiriş, yemilik, çaşırdan nə gözəl yeməklər çıxırmış... Adam yedikdən sonra barmaqlarını yalayır. Fərqanə misilsiz yemək hazırlamağı var.
Hər məni dərsə yola salanda, məktəbdən gələndə əlimi ovcuna alardı. Əli həmişə soyuq tər içində olurdu. Yemək yeyəndə əlini çənəsinə dayayıb gözlərini mənə zilləyər, heç nəyə əl vurmazdı.
– Siz niyə yemirsiniz? – bir dəfə ondan soruşdum.
– Yeməkdən xoşum gəlmir, mən bu vərdişi tərgizmişəm. Mən dadlı xörəklər hazırlamağı sevirəm. Biri, bişirdiyimi ləzzətlə yeyəndə isə özüm də doyuram” – ana öz balasının yanağını oxşayan kimi incə əlini qayğıyla üzümə sürtürdü.
– Mən isə daşdan yumuşaq nə varsa, əvdirib həzmi-rabedən keçirirəm. Ancaq sizin bişirdiklərinizin dadına çatan xörək görməmişəm, əla hazırlayırsınız – onu tərifləməyim xoşuna gəlirdi.
– Sən hələ uşaqsan, sağlamsan, sənin yeyən vaxtlarındır. Nuş olsun, istədiyin qədər ye. Mən də bacardığım qədər dadlı yeməklər hazırlayacağam sənə. O qədər tənha qalmışam ki, yemək mənimçün mənasızlaşıb. Xörək hazırlamaq isə çarəsiz, həm də, deyəsən, sevdiyim tək məşğuliyyətimdir. Qadın, bişirdiyi yeməklə ad qazanar. Unutma, kişisinin qarnını doyurmayan qadın, onu əlində heç zaman saxlaya bilməz – məni böyük adam kimi qəbul edib belə rəsmi danışmağından sıxılırdım. Ancaq mənimlə danışdıqca mavi gözlərinin par-par yanmasından qorxmurdum. Əksinə, bu gözlərdə bir yalvarış, təklikdən bezib əldən düşmüş sərin cazibə vardı. Hər dəfə məni tərifləməkdən zövq alırdı – bilirdi ki, bunları eşitmək mənə də xoşdur. Hərdən rəsmi danışdığını özü də hiss edirdi və utanırdı. O zaman elə çəkici olurdu ki... Zərif dodaqları və incə dişləri onun gözəl çöhrəsini tamamlayırdı. Dalğalı saçları həmişə səliqəli və daranmış olurdu. O, öz gözəlliyinin qədrini hamıdan yaxşı bilirdi və onu da bilirdi ki, bu gözəlliyi əbədi deyil, solmağına az qalıb. Bu gözəlliyinin heyranı olacaq bir seyrçiyə ehtiyacı olduğu aydınca sezilirdi və o, məni tapdığına sevinirdi. Mən də onu seyr etməkdən zövq alırdım. Ağlımın kəsdiyi qədər onun ovu olduğumu anlayırdım, amma bununla özüm də razılaşırdım, ona təslim olurdum...

* * *
İsmil məni bayaqdan unutmuşdu. İndi o, öz xəyallarında sevgilisilə söhbətləşirdi. Onun sözünü kəssəydim, bəlkə də xəyallarından oyanar, məndən utanar və əhvalatın gerisini danışmaqdan imtina edərdi. Fərqanəni gözlərim qarşına gətirib onun hisslərini oxuyur, qalan səbrimi basıb İsmili dinləyirdim.

...Fərqanə İsmilin cazibədar gözlərinə baxa-baxa özlüyündə düşünürdü, – “Görəsən, İsmil məndən bir şey istəsəydi, onu əsirgəyərdimmi? Yox, canımı da verərdim. Əzələli boynuna, şabalıdı–sığallı saçlarına, yaraşıqlı çöhrəsinə baxanda az qalır ürəyim köksümdə əriyə, heyranlıqdan dizlərim əsim-əsim əsir. Amma o, mənim nə düşündüklərimi heç ağlının ucundan da keçirmir. Əlbəttə, onun xoşuna gəlirəm, o, mənimlə qürrələnir də. Lakin bir qadın kimi onu cəlb eləmirəm. Gərək ilk gündən münasibətləri başqa cür quraydım. İndi bir-birimizi o qədər yaxından tanıyırıq ki, daha onun yatağına girmək fürsətimi əldən vermişəm...”. Münasibətləri başqa məcraya yönəldə bilməyəndə, – “Çətin ondan mənə məşuq olsun” – içi qovrula-qovrula öz otağına çəkilirdi.
Fərqanə İsmilin doğum gününə ona kostyum almışdı. İsmil isə əvəzində qızı bu israfçılığa görə xeyli tənbehlədi:
– Nəyə lazımdır bu qədər pulu boşuna xərcləmək? Bir də belə şey eləmə, məni utandırırsan – onda qızla arasındakı pərdəni xeyli aralamış, qızın gözündə xeyli böyümüşdü.
– Səndən və Vəsilədən başqa kimim var ki... Kiməsə hədiyyə etməyi çox sevirəm, ancaq bunu Vəsiləyə etməyin bir mənası varmı? Səni özümünkü hesab edirəm və bundan heç vaxt sıxılma, sağlıqla gey – qız, pencəyi onun əyninə geyindirib çiyinlərini sığallamışdı. Kostyum elə bil İsmilin əyninə biçilmişdi, təkcə, şalvarın balağını qarsdı. İndi İsmil hər gün məktəbə bu kostyumu geyinirdi. Dərsdən qayıdanda Fərqanə bu yaraşıqlı, mərmərdən yonulmuş kişi duruşlu, yaraşıqlı gənci bağrına basmaqdan özünü güclə saxlayırdı.
İsmil da Fərqanəni əliboş qoymadı – sən demə xəlvətcə qızın ad gününü öyrənibmiş. Qıza ad gününə kəndlərində ağbirçəklərin toxuduğu iki cüt yun corab hədiyyə etdi. Vəsiləyə isə toxunma sərf gətirmişdi. İsmil dükandan hədiyyə almağa qıymamışdı. Ona xəsis demək olmazdı, sadəcə, hesabını bilən adamıydı. İsmilin yığcamlığını çox bəyənirdi, o, pulu sağa-sola səpməyi xoşlamırdı. Onu özündən çıxarmaq elə də asan şey deyildi. Ancaq onun hədiyyə almaq məramı Fərqanəyə ən böyük hədiyyə idi. İsmil öz otağından paltarını dəyişib zala keçəndə Fərqanə əllərində corab, göz yaşlarını saxlaya bilmirdi.
– Ağlayırsan? – İsmil soruşdu.
– Sən məni ağlatdın, dəli! Şeytan! Cəhənnəm olsun hər şey, bacarmıram, ağlayacağam! – Fərqanə biləyilə gözlərinin yaşını sildi.
– Niyə ağlayırsan? – o isə gülümsünürdü.
– Allah haqqı sən bu hədiyyənlə məni dəli elədin! Olar səni öpüm?
İsmil susdu. O, çevik düşünməyi bacarmırdı və bu təklifi qiymətləndirmək üçün ona vaxt lazım idi. Lakin bunu Fərqanə ondan da yaxşı bilirdi. İçini çəkdi, qollarını onun boynuna dolayıb sinəsinə sıxdı. O üz-bu üzündən öpüb İsmilin gözlərindəki reaksiyanı yoxladı. İsmil qollarını yana sallayıb Fərqanəni sevindirdiyinə görə dəcəl-dəcəl hırıldayırdı.
Fərqanə:
– Bir az özümə gəldim... Sən elə şirinsən ki, səndən heç kim yan keçə bilməz. Mən əziz bir insandan nə vaxt hədiyyə aldığımı heç xatırlamıram. Xahiş edirəm, sən də məni özünə yaxın bil, – yenidən İsmilin sinəsinə qısıldı.
– Səni çox istəməsəydim, hədiyyə də almazdım – deyəndə Fərqanə onun çiyinlərindən tutub özündən araladı. Üzündə bir ümid işığı yandı, – Axı sənin şirinliyinə dayanmaq, gözəlliyinə vurulmamaq mümkün deyil... Sənə aşiq olmamaq səfehlikdir – Fərqanə dayanmadan onun boynunu, yanaqlarını öpürdü. Ancaq, İsmil bu öpüşlərdəki ehtirası görəcək qədər gözüaçıq da deyildi: – Yaxşı daha, bilsəydim bir cüt corab səni bu qədər ağladacaq, başqa şey hədiyyə edərdim. Acından ölürəm, yeməyə nəyin var?” – çoxdan qıza “sən” deyə müraciət edirdi.
Zavallı Fərqanə, artıq bütün ürəyindəkiləri açıb tökdüyünə, oğlanı qandırdığına inanmışdı... Göz yaşlarını silə-silə mərəvzə çığırtmasını stola çəkdi. Fərqanənin oxu yaydan çıxmışdı artıq. Bir-iki dəfə yan otaqda alt paltarda yatan İsmilin görüntüsü qızın ağlını çoxdan başından çıxarmışdı. Gecə düşəndə yuxusu ərşə çəkilirdi, özünü İsmilin qucağına salmaqdan güclə saxlayırdı. Min bəhanə düşünüb yatağında kitab oxuyan oğlanın sinəsini, yorğandan bayırda qalmış baldırlarını görmək üçün qəfil yan otağa keçir və gördüklərindən bir qədər də yanıb-yaxılırdı. Hər an, hər şeyi gözə alıb onun yatağına soxulmağa razıydı. Amma İsmili birdəfəlik itirmək, onda ikrah oyatmaq, özündən iyrəndirməkdən qorxurdu. Yalnız səhərə yaxın – İsmili dərsə yola saldıqdan sonra onun yatağında 1-2 saat yuxuya gedə bilirdi.
...Qışın oğlan çağıydı – xırnazlılar buna “əzgilin xörəlləyən vaxtı” deyirdilər. Şaxta elə güclüydü ki, İsmilgili məktəbdən evə buraxdılar. İsmil evə girəndə onu qar-şılayan olmadı. Sazaqdan təntimişdi. Vəsilə öz yatağında mışıl-mışıl yatırdı. Qapını açanda gözlərinə inanmadı. Fərqanə gecə köynəyində onun yatağındaydı. İsmil kitabları kamodun üstünə qoyanda qız gözlərini açdı.
– Oy! Bağışla, yuxuya qalmışam. Dedim görüm yatağın rahatdırmı, yatıb qalmışam – yorğanı sinəsinə çəkdi.
– Necədi, rahatdırmı?
– Qoxun məni yuxuladıb... Nə tez qayıtmısan, üşümüsən? – yanaqları pörtmüşdü.
– Bir az. Əllərim donub, yaman sazaq var. Dərs olmadı bu gün.
– Gəl yanıma... – əllərini qoşa açıb İsmilə uzatdı.
İsmil inamsız, asta-asta yatağa sarı gəldi. Fərqanə onun əllərini ovcuna aldı. İsmilin əlləri buz kimiydi. Qız onun əllərini ovucuna alıb ovdu, sonra nəfəsiylə isitməyə çalışdı. İsmilin gözlərinə baxdı və əllərini öpməkdən özünü saxlaya bilmədi. Qız İsmilin biləyindən tutub ehmalca özünə doğru çəkdi. İsmil yatağın kənarında oturdu. Fərqanə də yerində dikəldi. Qızın köynəyinin bir bağı çiynindən düşmüş və döşü açıqda qalmışdı. Onun boynuna sarılıb yatağa uzatdı, yorğanla üstlərini örtdü. Yanaqlarını, boynunu İsmilin dodaqlarına sürtdü. Fərqanəni qarşısıalınmaz bir hiss bürümüşdü. İsmil onu itələməkdən özünü güclə saxlayırdı. Oğlanın sütül bədəni, gül-çiçək qoxuyan dodaqları ona qarşı çox soyuq idi. Ancaq Fərqanə bu qoxunu acgözlüklə içinə çəkirdi. İsmil bir-iki dəfə mənasız, könülsüz və müəmmalı dirəniş göstərdi. Amma gec idi, artıq o, Fərqanənin tilsiminə düşmüşdü. Fərqanə başa düşürdü ki, qızlıq təravətini çoxdan itirib və artıq 39 yaşlı qadındır. O, İsmildəki soyuqluqdan özündə ani ürəkbulanması hiss elədi, lakin, öz yanğısına qalib gələ bilmədi, yorğanla başını örtüb ancaq irəliləməyi qərara aldı. İstədiyi bircə o idi ki, öz yanğısını tez söndürüb rahatlansın, bu qoxudan doysun və o biri yanı-üstə uzanıb yuxuya getsin. Fərqanə çaşqınlıq içində idi. Ürəyi sıxılırdı, bilirdi ki, bu döğma hissi ona baha başa otura bilər və sevdiyini biryolluq itirə bilər. Bilirdi ki, İsmil onun istədiyi hissdən bixəbərdir. Özünə yazığı gəldi, ağlamaq istədi, ancaq özündən qisas almaq üçün lap dərinə irəlilədi. Hər cür təhqir və rəzalətə hazır idi. İndi yorğanın altında İsmilin açıq sinəsində qıvrılır, onun buz kimi əllərini öz sinəsində, çiyinlərində gəzdirirdi. İsmil əlini onun kürəyinə, çiyninə qoyub gəriləndə Fərqanənin gözündəki ümid çırağı bir anda gur tonqala döndü. Bütün qadınlıq şücaətini səfərbər edib İsmilin ruhunu işğal etməyə girişdi. İndi həsrətində olduğu o sütül cavan, Fərqanənin altında inildəyirdi. İsmil artıq öz üzərindəki hakimiyyəti könüllü olaraq Fərqanəyə vermişdi. Fərqanə, yorğanın qaranlığında onunla öz arasında qaratikan kimi bitmiş ismət pərdəsini götürməyi bacarmışdı. İndi hər ikisi bir yaşda, tumançaq və bir yataqdaydılar. Ayaqları ilə İsmilə sarılıb gərnəşdi, – “Aman Allah, nə yaxşı şeymiş insanın özünə sahib olmağı...” – qızın içi fərəhdən, üzü ayıbdan köz kimi yanırdı...

Rəşid Bərgüşadlı
Manera.az


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031