manera.az
manera.az

Tale elə gətirdi ki.. | MANERA.AZ

Tale elə gətirdi ki.. | MANERA.AZ
Rəşid Bərgüşadlı

"Yarımçıq qalan gündəlik"
II Hissə


(Əvvəli burada)

Özüm Yevlaxdanam, Xaldanda yaşayırdım. İnşaat mate­riallarının istehsalı üzrə mühəndis-texnoloqam. Xırnazda mərmər karxanası qurmaq üçün buraya ezam olunanda mənə də bu cənnət yeri görmək nəsib olmuşdu. Ta, o vaxtdan xırnazlıların mehribanlığı, Xırnazın havası, gözəl təbiəti xəyalımdan çıxmırdı.

Tale elə gətirdi ki, oğlum və arvadımla birlikdə avtomobil qəzasına düşdüm. Hər ikisini itirdim. Peşimançılıq, xəcalət, kədər əhədimi üzmüşdü, dünyaya gəldiyimə görə özümə lənət oxuyurdum. Doğmalarının qatili olmaq çox ağır dərddir - Allah düşmənimə də qismət eləməsin. Dərddən şəkərə tutulanda qırx iki yaşım vardı. Xəstəlik içimi çürüdür, canımı alırdı. Əlimdə olub-qalanı çarəsiz dərdimin müalicəsinə xərcləyirdim. Həkimim, - “Şəkər həyat tərzidir, bunu qəbul etməlisən. Dərdi unutmalısan, həyatını yenidən başlamalısan” - deyirdi. Məni için-için sökən dərd, unudulan dərdiydimi...

Xırnaz ağlımdan çıxmırdı və cazibəsi eyzan məni özünə dartırdı. Xaldanda cırcıramaların cövlan elədiyi bir vaxtda Xırnaza baş çəkməyə gəldim. Avqust ayı idi. Adamlar hələ də pencəkdə gəzirdilər. Havanin temperaturu 18-22 dərəcədən yuxarı qalxmırdı. Kəndin ağsaqqalları növbəylə məni öz evlərinə qonaq aparırdı. Gündə bir evdə qalırdım. Qaldığım hər ev mənim üçün doğma evim qədər əziz idi. On gün necə gəlib keçdi, xəbərim olmadı. Ayrılmaq vaxtı yetişəndə Qəniş ağa məni daldaya çəkdi:

- Dostəli, oğlum, camaatımızın hamısı səni namuslu adam kimi tanıyır. Yığış gəl bizim kəndə. Onsuz da tək-tənhasan. Heç olmazsa, xəstəliyinin şəfasını bu dağlarda tapmış olarsan.

- Ağa, ürəyim istəyir, amma qərar verə bilmirəm. Buralar çox ürəyimcədir. Hər birinizə o qədər isinişmişəm ki, elə bil, mənə çoxdan doğmasınız - deyəndə, sevincək, - Onda vaxt itirmədən tez qayıt. Ev tikməyə kömək edərik. Həyatını burda yenidən qurarsan - dedi.

- Ağa, bilirəm ki, dincliyimi ancaq burda tapa bilərəm. Ancaq, ata yurdumdan ayrılmağın...

- Ata yurdunda nəyin qalıb ki. Hamını itirmisən. Məzarlara keşik çəkməklə ömrünü yelə verirsən, oğul. Gəl məsləhətimə qulaq as, yığış gəl...

Xaldana qayıtdım. Gümrahlaşmışdım. Bir gün ayağım həkimə düşdü. Şəkərimi yoxlatdıranda həkimdən eşitdiyim özümü mat qoydu, - “Səndə şəkərdən əsər-əlamət də yoxdur”. Demək, Xırnaz mənə düşmüşdü. Xaldanda heç bir ay qalmadım. Bakıya - əvvəllər işlədiyim baş idarəyə yollandım. Köhnə heyətdən idarədə kimsə qalmamışdı. Xırnazdakı taxta radiostansiya binasının mənə verilməsini xahiş etdim. Razılaşdılar. Barakın sənədlərini öz adıma keçirib evə qayıtdım. Ev-eşiyimi, bağımı, mebelimi, mal-qaramı - hər şeyimi satılığa qoyub, əzizlərimin məzarlarını son dəfə ziyarət edib biryolluq Xırnaza doğru üz tutdum.

Xırnazlılar gəlməyimə elə sevindilər ki, elə bil özlərindən birini qarşılayırdılar. Barakı silib-süpürdük, yuyub təmizlədik. Hərə keçinəcək bir şey verdi - biri yorğan-döşək, biri yastıq, qab-qacaq, kerosin, soba - kimin imkanı nəyə çatırdısa, nəyi artıq idisə mənə pay verirdi. Hətta, köhnəni özlərinə saxlayıb təzəsini verirdilər. Min il də zəhmət çəksəm, bu camaatın minnətindən çıxa bilmərəm. Evim hər gün qonaqlarla dolub-boşalırdı, bir ailə gedir, digəri gəlirdi. Çaydanımın qaynağı, dəmi əskik olmurdu. Bəzən yorğunluqdan yuxuya gedirdim. Onda, qonaqlarım öz evlərindəki kimi qazan asıb xörək bişirir, yeyir, qab-qacağı yuyur, mənim payımı isə qazanda saxlayıb, sobanı qalayıb sonra evlərinə gedərdilər. Bu səmimilikdən olmazın həzz alırdım. Əvvəllər kiməsə qonaq getməyə utanardım, ancaq sonra, kəndin hər bir evində məni öz balaları, qardaşları, əmi-dayıları kimi gözləyənlərin gözlərini yolda qoymaqdan utanmağa başladım. Altı aydan sonra deyəsən, öz dərdimi içimdə xeyli əritmişdim. Gümrah və sağlam idim. Tez-tez təzyiqimi ölçmə vərdişimi tərgizdim, gəzdirdiyim dərmanları evin bir küncünə tulladım. İndi mən də meşədən giləmeyvələr, bulaqlardan acıpencər, göy-göyərti yığır, Fəyyazla dəyişir, Allahın verdiyilə başımı dolandırırdım. 46 toyuğum, 12 hinduşkam vardı. Hər səhər 5-6 yumurtanı qayğanaq edirdim. Axşam gələn qonaqlarıma da yumurtam artıqlamasıyla bəs edirdi. Hinduşka yumurtalarını yığıb kürt düşən toyuqların altına qoyurdum. Mənim hinduşka kababım kənddə çox məşhur idi. Rayonda özümə manqal və şiş düzəltdirmişdim. İstəyirdim ki, evim həmişə qonaqlı-qaralı olsun. Soyuq düşən kimi birinci öz hinduşkalarımı kababa çəkdim. Quş azalanda, kəsməyə qoymadılar - “Qalanı da qoy damazlıq qalsın”, - indi hərə özüylə hünduşkasını gətirər, şişə çəkib yeyib-içərdik. İçərdik dedim Qəniş ağa yadıma düşdü. İçkinin qatı düşməniydi. Bilsəydi ki, həmyaşıdlarımla arada tut, zoğal, göyəm arağı gillədirik, inanın ki, hamımızı kənddən köçürərdi. Amma xoşbəxtlikdən araq-çaxırın, sərxoşluğun nə olduğunu görməmişdi deyə heç nə anlamırdı. İçdiyini qaytaran birini görəndə elə bilirdi ki, yazığın soyuqdəyməsi var və qayğı ilə hansı dəmləmələri içməyin lazım olduğunu xatırladardı. Qəniş ağa bölgənin ən ağır seyidlərindən olan Çələbi ağanın oğlu idi. Atasına hörmət əlaməti olaraq onu da “ağa” deyə çağırardılar. Və bu onun çox xoşuna gəlirdi. Orucunu, namazını heç qaçırmazdı. 63 yaşı vardı, ancaq, qıvraqlığını heç itirməmişdi, - 20-25 yaşlı cavan nəyi bacarırdısa, Qəniş ağa ondan geri qalmazdı.
Hər gün səhər saat 4-də, 5-də meşəyə yollanır, saat 10-dək yığdıqlarımızı Fəyyazın “Moskviç”inin gələ biləcəyi yola qədər düşürüb ona təhvil verir, əvəzində lazımı şeyləri ondan alır və yenidən üzüyoxuşa dırmanardıq. Günortadan sonra işsiz-gücsüz qalırdım. Odur ki, ya əkin-biçin, tövlə işlərində həmkəndlilərimə yardım edir, ya da toyuq-cücəylə başımı qatırdım. Boş vaxtlarımda isə ən maraqlı məşğuliyyətim olan gündəliyimə yeni qeydlərimi yazırdım.

Otaqlarımın birini qonaq otağı kimi ayırmışdım. Burada taxta döşəmənin üstünə qədimi, lakin heç işlənməmiş kilim sərmişdim. Bu kilimi mənə Süsənbər xala pay vermişdi. Üstündə onun toxunma tarixi və toxuyanın adı da yazılmışdı - “Dilbər -1936-cı il”. Buralarda divan-kreslo, stol-stul deyilən şeylərə ehtiyac yoxdu. Telefon, radio, televizor, elektrik, qazdan isə söhbət gedə bilməzdi. Qədimdə olduğu kimi odun sobaları, kerosin lampaları, sac çörəyi əvəzsiz keçinəcəkləriydi. İkinci otaqda yerdə salınma yatağım idi. Digər ən iri otağı isə radiostansiya avadanlıqları, cihazlar və kabellərlə təpili doldurub ağzını qıfıllamışdım. Günlərin birində bu otağın havasını dəyişəndə radiostansiyanın və generatorun istismar qaydalarına dair təlimat kitabları əlimə keçdi. Bikarçılıqdan bu kitabları, yalan olmasın, əlli dəfə oxudum. Oxuduqca, radiostansiyanı işə salmaq qərarına gəldim. Özümə bir-iki cavan yardımçı götürüb avadanlıqları və cihazları bayıra çıxardım. Otağı səliqəyə salıb təlimata uyğun olaraq stansiyanı yenidən quraşdırmağa girişdim. Fəyyaz dizel yanacağı gətirdi, generatoru işə saldım, akkumulyatorları dəyişdim. İlk olaraq, ən çox əziyyət çəkənim və köməkçim İsmilgilin evinə kabel çəkdik. Məndən 25 yaş kiçik olmasına baxmayaraq İsmillə əməlli-başlı simsarlaşmışdıq. İndi günün istənilən vaxtı İsmillə sərbəstcə telefonda danışa bilirdik. Xəttin hər iki ucunda dinamik, mikrofon və düymə var idi. Düyməni açaraq danışa və dinləyə bilirdin. Camaat bizim bu ixtiramızdan ildırım sürətilə xəbər tutdu. Hamı bir-biriylə telefonla danışmaq üçün xəttin uclarındakı yerlərini dəyişirdilər. Kabellərin çatdığı qədər 5, sonra 15, daha sonra 25 evə “radio” çəkdik. Yerdə qalan qırıq kabelləri caladıq, rayondan əlavə kabellər aldıq və kəndin bütün 36 evinin kabelləşməsini başa çatdırdıq. “Komutator” pultundakı işığı yanan hər düymənin altında xəttin adını - ünvanı yazmışdım. İşıq yanan kimi bilirdim ki, “zəng” vuran hansı evdəndir, düyməni basıb onunla aydın danışırdım və onun sifarişini asanlıqla başqasına çatdırırdım. Fədail dayı: - “Dostəli, bala, qadanı alım, Aşa oğlu Ələmdara de, sabah oğlu Etibarı mənə versin, qaratikan qırmağa gedək”. Ya da, Çimnaz xala zəng vururdu, - “Başına dönüm, Süsənbərə de, ertədən tez gəlsin, sac asacağam, yuxa salaq”. Bu radio qısa zamanda kəndin qüruruna çevrildi. Amma bir narahatlıq var idi, onu da Qəniş ağa yaman qabardırdı:

- Sizin bu radiodu, telefondu-nədi, bütün kəndi bir-birindən soyudub. İnsanlar tənbəlləşib, daha qonşu qonşunun halını radioyla soruşur! Bax, Əhməd, sən axırıncı dəfə bizə nə vaxt gəlmisən.

Əhməd:

- Keçən həftə.

- Amma radio çıxmamışdan qabaq hər axşam ya siz bizə gələrdiniz, ya da biz sizə. Bəlkə düz demirəm?

Əhməd:

- Əşşi, indi halını gündə yüz dəfə soruşuram, vallah, belə daha rahatdır.

Mən Qəniş ağayla razılaşırdım. Mənim bu “icadım” kəndin əvvəlki şənliyini pozmaqdaydı. Elə özümdən götürürəm, - evim əvvəlki kimi qonaqlı-qaralı deyildi və radionun tablosu arxasında oturub onu-buna, bunu-ona calamaqdan bezmişdim.

Dayımın oğlu Xaldandakı evimi dəyər-dəyməzinə satıb pulunu göndərdi. Tez-tez rayona düşüb ATS-dən radiostansiyamızı təkmilləşdirməyin yollarını arayırdım. Abonentlərin avtomatik qoşulmasını təmin edəndən sonra canım xeyli rahatladı. İndi hər kəs istədiyi evi yığıb sərbəstcə danışa bilirdi. Amma, generatorun dizel xərcləri kələyimizi kəsmişdi, həm də generatorun səsindən evdə rahat yata bilmirdim. Buna bir əncam çəkməliydim. “Hidayət” bulağının bütün arxlarını birləşdirib qıjnov düzəltdik və üzərində su dəyirmanı quraşdırdıq. İndi burda həm un üyüdürdük, həm də elektrik istehsal edirdik. Kəndin bütün evlərinə işıq çəkdik. Di gəl ki, yanacağa xeyli qənaət etməyimizə baxmayaraq işıq lampası dayanmadan əsirdi və adamın əsəblərini yerindən oynadırdı.

Kəndin cavanları qonşu kəndlərdə Xırnazdan olduqları üçün ədəbazlıq edirdilər - “Hələ bu yaxınlarda qaz, televizor, tam elektrikləşmə də olacaq” - deyib yandıq verirdilər. Xırnaz muzeyə dönmüşdü. Aşağı kəndlərdən, rayondan olan qohum-əqraba, tanış-biliş həvəslə “kommunizm”i görməyə gəlirdilər. Ancaq görəndə ki, bunlar primitiv cihazlar və elektrik lampalarından başqa bir şey deyil, bizi lağa qoyub gedirdilər. İzafa, eyni dərddə olan qonşu kəndlər sözün həqiqi mənasında xırnazlılara qibtə edirdilər.

Mən isə yorulub-ərinmədən kitablar, təlimatlar alırdım, elektrikə dair, peyin və digər tullantıların çürüntüsündən yanacaq qazı almaq üçün baş sındırırdım. Xırnazın gözü-qulağı məndə idi, kəndin sözü-söhbəti mənim araşdırmalarımıydı. Simuzər xala hər dəfə məni görəndə, - “Ay oğul, bircə bu qaz məsələmizi də həll eləsəydin, bu meşələri doğramaqdan, odun daşımaqdan canımız qurtarardı. Səni verənə şükür, gör neyləyə bilirsən...” - deyirdi. Elmə həvəsi olan, məndən heç aralanmayan ən yaxın köməkçim İsmillə birlikdə Faradeyin qanunlarını əzbərləmişdik. Fizikayla əlaqəli elmləri - riyaziyyat və kimyanı da öyrənirdik. Mənim təhsil aldığım, respublikanın ən qabaqcıl Xaldan məktəbində də belə praktik təcrübələr aparılmırdı. İsmil elmə yerikləmişdi. Heyf ki, ətraf kənddəki məktəb uzaqdaydı və yönlü-başlı dərs keçən müəllimi yox idi. Bir gecə İsmilı də götürüb Qəniş ağagilə getdim. Çay-çörəkdən sonra birbaş mətləbə keçdim:

- Ağa, bu boyda kənddə bircə nəfər də olsun təhsilli adam yoxdur. İstəyirəm ki, İsmili oxudaq. Göyarabas məktəbində bilirsən ki, düz-əməlli dərs keçmirlər. İstəyirəm onu rayon mərkəzindəki məktəblərdən birinə göndərək. Rayonda bir ev tutarıq. Ayağımız düşəndə həm də gecələməyə yerimiz olar. Lap, yığdığımız göy-göyərtini də özümüz aparıb İsmilə verərik, dərsdən sonra özü satar. Yoxsa, Fəyyazın qəpik-quruşuna qalsaq, gərək bütün meşəni yolub ona verək ki, bir addım irəli gedək. Nə deyirsən?

Qəniş ağa bir xeyli fikrə getdi: - Vallah, söhbət təhsil almaqdan gedirsə, nəyin bahasına olursa-olsun buna göz yummaq günahdır. Evin kirayəsini ödəmək də asan məsələdir. O ki qaldı, Fəyyazı aradan çıxarıb özümüzün alverə girişməyimizə, bu nəsə ağlıma batmır. Birincisi, illərlə qurulmuş qaydanı pozsaq, qorxuram “Əli aşından da olaq, Vəli aşından da”. Çünki, biz alveri bacarmarıq, alverçilik yaxşı şey deyil, oğul. Adam sırtılır, üzü üzlər görüb həyasızlaşır. Bu camaat alverə qurşansa, kənddə bir nəfər də qalmayacaq. Aşağılardakı dəbdəbələr gözlərini qamaşdıracaq, evlərini atıb gedəcəklər.

Qorxuram İsmil balamız da rayona gedəndən sonra bizi bəyənməsin, ordan da biryolluq Bakıya üz tutsun. İllərdir ki, içimi yeyirəm ki, axı niyə bir oxumuş adamımız yoxdur ki, bizə bir yol göstərsin. Bax, sən oxumuş adamsan, bu kəndə nə qədər can vermisən. Elminlə gətirdiyin hər bir xeyirxahlığında adətlərimizi, dinc həyatımızı pozan xırda qüsurlar olsa da, ziyanı xeyrindən qat-qat az olduğu üçün səsimi çıxara bilmirəm. Elmə qarşı çıxsam Allah mənə qənim olar. İblisin belini qıracaq bir güc varsa, o da elmdir. Mənə iki gün rüsxət ver, bir düşünüm, həm də Fədaillə bir məsləhətləşim. Deyirsən yəni İsmildən adam olar..?

- İsmil elmin dadını görüb, ağa. Artıq onun həvəsinin qarşısını almaq mümkün deyil. Əminəm ki, ümidlərimizin və çəkdiyimiz zəhmətin bəhrəsini görəcəyik. Bu il özünə sitəm edib oxusa, gələn il də məktəbi bitirəcək. Sonra sənədlərini versin Bakıdakı ali məktəblərin birinə. O ki qaldı evin kirayəsinə, bunu mən öz üzərimə götürərəm. Camaatın yığdıqlarını mən özüm rayona aparıb satacağam, İsmil isə dərsdən sonra gəlib mənə kömək edər. Qınamayın məni, biz tərəfdə göy-göyərti alveri dəbdədir. Balacaykən bazarda o qədər ispanaq, kələm-pomidor satmışam ki... Qalır bircə Fədail dayının razılığını almaq, ona da, düşünürəm, siz dedikdən sonra etiraz etməz.

- Əgər belə qərara gəlmisənsə, Fədail qələt eliyir. Sabahdan düş bu işin dalınca. Biz də əlimizdən gələn nə varsa edərik. Hər həftə pay-püşünü göndərərik. Təki, İsmil balamız oxuyub adam olsun və kəndinə elm cığırı açsın, bu cığırla o biri balalarımızı da ağ günə çıxarsın. Allah özü sizə yar olsun, Dostu balam - ağam həmişə mənə “Dostu balam” deyə çağırırdı.

Sağollaşıb bizə gəldik. Gecəyarısınadək İsmilin ali təhsil xəyallarıyla düzəltmədiyimiz planlar qalmadı. Mənim institut illərimdəki xatirələrimə elə diqqətlə qulaq asırdı ki, fərəhdən az qalırdı uçsun.

Səhər açılan kimi İsmilin metirkasını götürüb rayona düşdüm. Ən qabaqcıl orta məktəbin direktoruyla görüşdüm və İsmil haqqında, tədqiqatlarımız barədə xeyli söhbətləşdik. İsmili məktəbə qəbul etməyə etiraz etmədi, hətta, Göyarabas məktəbinə rəsmi tələbnamə də yazıb verdi. Tələbnaməni də götürüb dərhal bazara yollandım. Fəyyazı axtardım, amma onu tapa bilmədim. Bizim mərəvzələri, qulançarları qabağına qoyub satan yaşlı bir qadına yaxınlaşdım:

- Allah bazar versin, xalacan. Qulançarın qomunu neçəyə verirsən?

- Bir manata oğul. Qulançar deyil ey, cənnət bağından dərilmiş güldür, gül. Xırnaz qulançarı...

- Neçəyə alırsınız bu qulançarı?

- Qurana and olsun, 80 qəpiyə özümüz alırıq, üstünə 20 qəpik qoyuruq.

- Fəyyaz kişidən alırsınız bu malları?

- Hə... Tanıyırsan onu?

- Bəs Fəyyazın gətirdiklərini mən sizə daha ucuz qiymətə gətirsəm, alarsanmı?

- Alaram, niyə almıram. Amma gərək həmişə gətirəsən. Yoxsa, yenidən o imansız, ilançalmış Fəyyaza möhtac olacağamsa, gətirməsən yaxşıdır...

- Bax sənin bu qulançarlarını mən öz əlimlə yığmışam. Sənə isə qomunu 80 qəpiyə yox 50 qəpiyə satacağam, ilboyu da özüm ertədən gətirəcəyəm, razısan? Fəyyazla məsələni özüm yoluna qoyacağam.

- Elə olsa, onda mən də ucuz sataram. Amma söz verəcəksən ki, malları məndən başqa heç kimə satmayacaqsan. Hər səhər malı gətirəcəksən, dünənki malın pulunu alacaqsan, razılaşdıq?

- Hə. Mən üç gündən sonra malları gətirməyə başlayacağam.

- Olsun, gözləyəcəyəm.

Digər göy-göyərti, giləmeyvələrin də qiymətini ayrı-ayrı razılaşıb qeyd elədik və sağollaşdıq. Günün ikinci yarısı Göyarabas məktəbinə yollandım. Tələbnaməni verib İsmilin şəxsi qovluğunu və göndərişi aldım. Məktəb məsələsinin düzəldiyini eşidəndə İsmilin gözlərindəki sevincdən özüm qəhərləndim. İndi onun xəyalları tam başqa aləmdəydi. Bizim göy-döyərtinin bazardakı qiymətlərini eşidən Qəniş ağa isə, - “Vay səni, zatıqırıq Fəyyaz, gör bizi nə yerinə qoyurmuş! Bizdən 20 qəpiyə al, apar 80 qəpiyə sat, hə..! Mən sənə göstərərəm, haramzada! Allaha yalvar ki, əlimə keçməyəsən, nadürüst!” - onu birinci dəfəydi belə hikkəli görürdüm - “Alverçi olan insanın əlindən nə cür nanəciblik desən gələr. Bax buna görə xırnazlının alverçi olmasını istəmirəm” - bu sözü mənə eşitdirirdi.

Sabah İsmillə rayona yollandıq. Onun məktəb işlərini həll edib kirayə ev axtardıq. Bizim göy-göyərtini satacaq Qəmər xala burda da dadımıza yetdi - öz qonşuluğunda tənha yaşayan qadının həyətindəki balaca otağı İsmilə düzəltdi. Kirayə haqqını 15 manata danışdıq - kənd üçün sərfəli qiymət idi. Otaqda qaz sobası, işıq, köhnə divan, qabaq stolu və iki stul var idi. Qab-qacaq alıb otağı səhmana saldıq.
Hələ dünəndən yolun kənarında satışa qoyulan, arxası yedəkli “Moskviç İj” markalı maşını gözüm yaman tutmuşdu. Sahibini tapdıq. Qiymətini o ki var öldürdüm. 800 manata razılaşıb yanacaq çənini ağzınacan doldurmağı da satanın boynuna qoydum. Notariusa gedib maşınımızın pulunu ödədik. “İj” İsmilin çox xoşuna gəlmişdi. Maşınla “Mollaburan dərəsi”nədək gəldik. Bura maşın yolunun dirəndiyi son dalan idi. Maşını düzəngahda saxlayıb qalan yolu yenə yoxuşboyu dırmandıq. Kəndə girəndə uşaqlar bizi ötüb maşına baxmağa qaçırdılar - yarğanın burnundan bizi görübmüşlər. İndi kəndin xeyir-şər maşını da var idi...

Elə bil İsmil bu kənddən deyildi - indi hamı onu göydəndüşmə adam kimi süzürdü. İsmilin uçmağa qanadı yox idi. Kəndin işıqlı gələcəyi indi onun əlindəydi. Onunla həmyaşıd qızların gözlərindən aydınca oxunurdu, - “Görəsən bu yaraşıqlı və oxumuş oğlan hansımızın qismətinə düşəcək?”...
Üzərimə düşən işin gündəlik planını özlüyümdə ayırd etmişdim: - “Hər axşam evbə-ev yığdıqlarınızı siyahı ilə mənə təhvil verəcəksiniz. Bir nəfər sübh ertədən at arabasıyla yükü “Mollaburan dərəsi”nədək aparmağa kömək edəcək. Ordan qalanını isə öz boynuma götürürəm”. Məşvərət elədilər. Qərara aldılar ki, maşının yanacaq pulunu da düzəltsinlər və təcili traktor tapıb kəndin qalan üç kilometr yolunu da qaydaya salsınlar ki, maşınla kəndə rahat gələ bilim.

Xırnazlılar İsmilin təhsili və yeni həyat üçün indi qollarını yenidən şövqlə çırmadılar. Malı Qəmər xalaya daşımağa başladım. Yanacaq pulununu artığını isə İsmilə cibxərcliyi verirdim. İlk günlər kirayəyə öyrəşmədiyindən mənimlə səhər ertədən məktəbə gəlir, mənimlə də kəndə qayıdırdı. Lakin özünə sinif yoldaşlarından dost tapdıqdan sonra rayonda yaşamağa uyğunlaşdı. Qısa vaxtda dərslərində uğur qazanmağa başladı. Sinif yoldaşları onun yaxşı oxumağından danışdıqca özüm də fərəhlənirdim. Direktor, xüsusən fizika müəllimi ondan çox razılıq edirdi. İsmilin bircə şikayəti vardı - xətti pis idi.
Xırnazda günün, ayın necə ötdüyünü ayrd etmək çətin idi. Kənd camaatı öz qaynar və sakit həyatını yaşayırdı. İndi radiostansiyamız üçün batareya ilə işləyən səyyar radio almışdım. Hər gecə saat 22.30-da camaata axşam konserti verirdim. Hamı konsertədək mal-heyvan sağınını qurtarıb tövlədən çıxmağa tələsirdi. Konsert, sabahkı kəndarası söhbətin əsas mövzusu olurdu. Oxuyanın adını unudanda isə ərinmədən evimə gəlirdilər:

- Dostu, axşam üçüncü mahnını oxuyan arvadın adı nəydi..?

- Sara Qədimova - deyirdim.

- Ay sağ ol, İrana da mənimlə höcətləşir ki, Mahrub Muradovadır, - Dilbər xala sevincək geri dönürdü.
Səxavət Məmmədov, Fatma Mehrəliyeva, Şövkət Ələkbərova, Əlibaba Məmmədov, Qəndab Quliyeva, Habil Əliyevin dəlisiydi xırnazlılar. Kəndə yeni bir nəfəs verə bildiyim üçün çox xoşbəxtiydim və istəyirdim ki, yeniliklərin sayını durmadan artırım...

ardı var...

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031