manera.az
manera.az

Özünü məğlub edən şair

📅 07.09.2018 14:04

Özünü məğlub edən şair
(və ya poeziyada istedad və texnologiyalar amili)

XX yüzillik ədəbiyyatımız üçün daha çox üslublarla, cərəyanlarla, həm də bir çox yeniliklərlə yadda qaldı. Bir də həmin ədəbi prosesləri yönləndirən soz sahiblərinin adları tarixə düsdü. Bədii fikrin inkişaf tarixinə nəzər yetirəndə məlum olur ki, təkcə modellərlə, sürbəcür eksperiment və instruksiyalarla ədəbi axınları hər hansı bir məcraya istiqamətləndirmək mümkün olmur. Ədəbiyyatın "əmtəə" dəyəri həmişə onun obraz və dil orijinallığı, fikir və ideya zənginliyi ilə sıx bağlı olubdur. Ötən əsrin sonunda baş verən və milli ədəbiyyatımz üçün əhəmiyyət daşıyan hadisələrdən söz açmasaq da, o dövrdə qələmə alınan ədəbi mətnlərin müəllifləri haqqında mütləq nəsə deyilməlidir. Ona görə ki 2000-ci illərin ədəbi şöhrəti və uğursuzluqları daha çox həmin müəlliflərin adı ilə bağlıdır. 21-ci əsrin ikinci onilliyində yeni imzalar nə qədər cəlbedici görünsə də, ədəbiyyat karvanımız əsas etibarilə tanınmışlarıın, ötən ədəbi yüzilliyin "icazəsi ilə" söz-sənət müsafirliyində davam edənlərin sayəsində öz yükünü, söz yükünü daşımaq əzmindədir. Belə ədəbiyyat danişməndlərindən biri poeziya camesinin iç və dış siyasətindən yaxşı xəbərdar olan Saday Şəkərlidir.

Nüfuzlu qələm sahibi olan S. Şəkərli son bir neçə ildə virtual ədəbi mühitdə, xüsusilə "Facebook" sosial şəbəkəsində paylaşdığı şeirləri ilə oxucu marağını və rəğbətini daha çox cəlb etməyi bacardı. Ən fəal oxucularından biri kimi onun adamın fikir və duyğularında "inqilabi şərait" yaradan şeirlərindən tez-tez söz açmaq ehtiyacı duymuşam. İnternet məkanında get-gedə daha sürətlə qloballaşmaqda olan ədəbi prosesin içindən şair kimi görünə bilmək indi hər oğulun işi deyil. Ənənəvi formalarda tozanaq qoparanların sıxlığı, postmodernist şüurun qələmin nüfuz edə biləcəyi bütün sahələrə transformasiyası, informasiya burulğanlarında itib-batan çoxlu sayda mətn və üslubların yayımı aranı elə qatıb ki, ağı qaradan, safı qəlpdən, doğrunu yalandan bəzən ayırmaq çətin olur. Bu baxımdan, Saday müasir poeziyamızda ən çox bəxti gətirən şairlərimizdəndir. Özü də bu bu qarışıq mənzərəni yaxşı müşahidə edir və yazır: "Mən Sabirin ayranıyam, dur çalxala yağa çıxım". Həyatın bütün sferalarında texnologiyalarla işləməyin adi normaya çevrildiyi bir vaxtda Sadayın dildə və ağıl "sektorunda" sınaqdan keçirdiyi sonsuz sayda ədəbi-texnoloji priyomlarının mahiyyətindən bəhs etmək üçün onun bir şeirini bütöv şəkildə təqdim etməklə mətləbə keçmək istəyirəm:

Yüküm daşdandı, ilahi,
günüm başdandı, ilahi,
gözüm yaşlandı, ilahi,
yalanların içindəyəm.

Gözüm yox pul-parasında,
nə ağında, qarasında,
dərdi qapı arasında,
qalanların içindəyəm.

Dünyaya qədimdən yadam,
baxtıma dözürəm, qadam,
birdən-birə dönüb adam,
olanların içindəyəm.

Kimdi bu ər-arvad olan,
Şirin olan, Fərhad olan,
ruhum kimi bərbad olan,
talanların içindəyəm.

Kökdən düşmüşəm saz kimi,
qəribəm yad avaz kimi,
hər gün şeiri namaz kimi,
qılanların içindəyəm.

Min şükürlər allahıma,
çəkmir məni pənahına,
yolunu haqq dərgahına,
salanların içindəyəm.

Güllər becərdim bağımda,
eşq cücərdi qucağımda,
günəştək qürub çağında,
solanların içindəyəm.


Yüzlərlə bu cür şeirlərindən bir-neçəsinə istinadən görmək olur ki, "üst-başından" gəraylıya bənzəyən bu şeirin mayası modernist təfəkkürlə bağlıdır. Sosial şəbəkədə yazdığım şərhlərdə bir neçə dəfə qeyd etmişəm ki, ədəbiyyatşünaslıqda sənət və sənətkarlıq problemlərini çözmək istiqamətində Saday Şəkərlinin poeziyası ən etibarlı ədəbi resurslarımızdandır.Saday bəyin misal gətirdiyim yuxarıdakı şeirinin mövzusu haqqında müxtəlif cür fikirlər söyləmək olar. Adətən, bu tipli əsərləri ictimai-fəlsəfi adlandırsaq da, Sadayın bu yazısını, bütövlükdə onun yaradıcı dünyagörüşündəki əsas məqamları M. Füzulinin qitələri, Hötenin "Faust"u, Mirzə Cəlilin publisistikasının aparıcı ideyaları ilə də.., ən yeni avanqardçı təmayüllərlə də müqayisə etmək olar. Hər bir halda Sadaytək şairlər üçün başlıca sayılan bircə mövzu var. Bu mövzunun əsasında fərd və dünya və ya fərd və zaman münasibətlərinin tənzimlənməsində fərdin rolu, səyi və təşəbbüskarlığı əsas götürülür. Bu cür şeirlərdə Sadayın lirik qəhrəmanı mənəviyyatca çox zəngin, yüksək ağıl və müdriklik səviyyəsi ilə seçilən bir insandır. Digər şeirlərində olduğu kimi burada da fərdin mənafeyi ilə qrupun, sistemin, çağın dəyər(əslində, dəyərsizlik) və ölçüləri arasındakı konflikt qabardılır. Əsər haqqın "qələbəsi" ilə başa çatır. S. Şəkərlinin şeirləri qeyri-adi şəkildə başlanır, o cür də bitir. Onun hər bəndini şeirin əvvəlində də, ortasında da, sonunda da, oxumaq mümkündür. Yolunu hansı səmtdən salmağından asılı olmayaraq, bütün "yollar" adamı gətirib "haqqın dərgahına" çıxarmalıdır. Şeirin ilk bəndindəki misralar bir neçə mənada anlaşıla bilir.

Yüküm daşdandı, ilahi,
günüm başdandı, ilahi,
gözüm yaşlandı, ilahi,
yalanların içindəyəm.


Səbəb və nəticə əlaqələri onun şeirlərinin fəlsəfi yükünün çəkisini təyin edən əsas anlayışlardandır. Məsələn, insanlıq dünyagörüşündə şairin "ər-arvad olmaq" şəklində işarələdiyi həm faciə var, həm də xoşbəxtlik var. Şeirdə bu ikili nəticəni doğuran amildən, "adamın kimliyi" deyilən bir səbəbdən söz açılır. Ər-arvad olanların kimliyi şərtdir. Şairin eyham vurduğu birinci sosioloji dəyər sadəcə, "ər-arvad olmaq"dan, digər estetik keyfiyyət isə "Şirin, Fərhad olmaq"dan meydana gəlir. Qapısı insanın üzünə açıq qoyulan bu iki aləmin sakinləri bir göyün altında yaşamağa məhkumdurlar. Şeirdə izlənilən ideya "Şirin və Fərhadla" bağlıdır və sevgiyə işarə edilir. Bu müqayisədə ər-arvadlıq aşağı əyarlı ictimai dəyər sayıla bilər. Bu cür həyat tərzi ruhsal düşüncədən enerji almır. Sonrakı misralarda dartışılan fikir həmin mənəvi enerjinin gərəkliliyini bir daha təsdiqləyir. Ruhun talan edilməsi cəmiyyətin ən qorxulu korrupsiyasıdır. İslami dəyər və inanclara tapınaqçı bir ruh Sadayın bu və digər yazılarında sanki hər şeyə "nəzarət edir".Odur ki, "yolunu haqq dərgahına salanların içində olmağından" şair allahına şükür edir.
Şeirin digər bəndlərində lirik qəhrəmanın öz durumundan narazılığı, əslində mühitdən incikliyi ifadə olunur. Həyatın gizlənpaçları seyr edilərək, axır, belə bir dəyər nəzərə çatdırılır:

Güllər becərdim bağımda,
eşq cücərdi qucağımda,
günəştək qürub çağında,
Solanların içindəyəm.


Burda adı çəkilən eşqin ünvanı da Allaha aparan həqiqətlərdən xəbər verir. Yoxsa şair "eşqə qucaq açmaqdan" bəhs etməzdi. Günəş əbədiyyətin təmsilçisi olan bir materiyadır. Onun qürubu da baqi olmağa xidmət edir. Saday Şəkərli nisbilik fəlsəfəsinə güvənərək tarix üçün köhnə sayılan hər əşyanı təzələyə bilir. "Köhnə saat" da, "dayanmış vaxt", "tənhalıq", "qürbət", "dar ağacı", "qismət, tale" də onun qələminə toxunduqda öz statusunu yeniləyir. Məsələn, "qismət" barədə ən yeni informasiyanı Sadaydan ala bilirik.

Bilmirəm,
sənin gözəlliyin kimlərin nəsibidir,
hər şey nisbidir, qız,
sən məndən bir addımlıqda
allah qədər uzaqsan...
Həmin şeirin son misraları belədir:
Mən sənə baxanda nisbətən bədbəxtəm,
Qonşum xoşbəxtdi sənə nisbətən,
Bir-birimizdən qaçıb yox oluruq yol kimi,
Qaça bilirikmi qismətdən?...


"Qismət" kəlməsində zahirən qovuşma, iki varlığın yaxınlaşması məzmunu vardır. Lakin insanın "qismət" adlanan faciənin qurbanına çevrildiyi də göz qabağındadır. Dar ağacına poeziyada da cürbəcür ad qoyub çoxlu məna arayıblar. Artıq bu əşya sənətdə və həyatda simvolik bir məzmun ifadə etməkdədir. S. Şəkərli bu qədər məşhur bir detalı da özününküləşdirməyi bacara bilmişdir.

Ömür həzin bir macaldır,
ölüm sonda qara xaldır,
boyum qurban, göyə qaldır,
qaldır, dar ağacım, gəldim...


"Dar ağacına boy qurban eləmək" olduqca kövrək və səliqə ilə deyilmiş ifadədir. Dar ağacı üçün hündürlük zəruri əlamətlərdəndir. Onun ucalığında edama layiq bilinmiş "günahkar"ın da "göylərə qaldırılması" informasiyası tamaşaçı mühitə sızdırılmış olur.
Hər bir misrasına yerləşdirilmiş "ötürücü qurğular" şairin informasiya fəzasının etibarlılığını və təhlükəsizliyini təmin etmiş olur. Saday daha nədən yazır?

Bu rəzil dünyanın fitrəti yoxmuş,
qəribin vətəni, qürbəti yoxmuş,
göylərin ağlamaq qüdrəti yoxmuş,
ver gözüm yaşını, ver, çıxım gedim...


Şeirdə göz yaşından bəhs edilir. Bu haqda kim yazmayıb ki! Qoşma bəndini xatırladan misralarda tanış bədii material yeni məzmunda və yeni formada təqdim olunur. Şeirdə göz yaşı bu vaxtacan yazılanlardan fərqli statusda idealizə olunur. "Göz yaşı" obrazı kəmiyyət və keyfiyyətcə həm poetikliyin şkalasında ən yüksək nöqtəyə qədər böyüdülür, həm insan taleyi üçün əhəmiyyət kəsb edən vasitə olaraq maddiləşdirilir, həm də mənəvi dəyər və mahiyyət kimi əziz, müqəddəs tutulur. Şair bircə bənddə bədii təzad, metafor və mübaliğədən böyük ustalıqla bəhrələnmişdir. Deyim ki, Füzulidən sonra belə yüksək ölçülü mübaliğənin "registrasiyasına" az-az müəlliflər nail ola bilirlər. Əvvəla, şeirdə belə bir informasiya diqqəti çəkir ki, daha klassik anlamda "qəriblik"dən də danışmağa dəyməz. Çünki qürbətlə vətənin sərhədlərini təyin etmək mümkünsüz olub. Dünya qabaqkı dünya deyil. Onun torpağında dəyərlər dəyişib, əhəmiyyət kəsb etmədiyi kimi, onun göyləri də gözünü yuxarıya dikmiş yerdəki adamlarını yarıtmır. Bilirik ki, ağlamaq insana aid olsa da, poeziyada bu aktın icrasının insandan sonra göylərə həvalə edilməsi daha məqbuldur. Yağışın, buludun bu sahədə "rolu və imkanları" haqqında çox deyilib. "Ağlamaq üçün" göylər hədsiz dərəcədə "göz yaşlarına" malikdir. Şair də indi deyir ki, onun bu göz yaşını heç göylər də ağlayıb qurtara bilməyəcəkdir. Deməli, gözdən süzülən bir damla yaş göylər dediyimiz o möhtəşəm sonsuzluqla qarşı-qarşıya qoyulur və poetik əlamət şişirdilir. Yeri gəlmişkən, deməliyəm ki, "göz yaşı" Saday poeziyasının aparıcı obrazlarından biridir. Klassik şeirimizdə tez-tez müraciət olunan bu obraz da Şəkərli yaradıcılığında yeni təşbehlərlə və yeni məzmunda işlədilir. Poeziya söz sənətinin elə bir formasıdır ki, fikir və əhvalatlar təkrarən deyilsə də, obrazlı deyilməlidir və obrazlar yeni olmalıdır. Alman şairi H. Heyne demişkən, onsuz da, "paltarımızın altında biz hamımız lüt gəzirik". Şair oxucuya təqdim etdiyi bütün əşya və cisimlərin məşşatəsi olmalıdır. Sadayın bu misralarına da diqqət yetirək:

"Bir paramış yar, aynan,
aya bənzər yar, aynan,
məzarım qan götürməz,
ölmərəm bu yaraynan..."


Klassik ədəbiyyatımızda məhəbbət şeirlərində məşuqun aşiqi yaralaması caiz hərəkətlərdən sayılır. Bu bəndin birinci iki misrasında qızın üzü aya, daha dəqiq ifadə etsək, paralanmış aya bənzədilir. Dilimizdə gözəlliyi bildirən "ay parçasıdır(parasıdır)" deyimi vardır. Aya tamaşa etmək , əslində, qızın aya bənzər camalına tamaşa etmək hadisəsi - "ayna", daha doğrusu, ayna parçası anlayışı vasitəsi ilə əyaniləşdirilir. Axı ayna da tamaşa obyektidir. Güzgülənmək həm də qadına aid olan bir vərdiş olduğu üçün güzgünün də onu seyr edənin gözəlliyini əks etdirməsi təbiidir. İndiki halda ayna olaraq qızın üzü nəzərdə tutulur. Aynaya baxmağı sevən gözələ aşiqin tamaşa etməsi faktı eyni mənzərəni andıran başqa bir assosiasiya ilə, yəni "aynaya baxmaq" əlaməti ilə tutuşdurulur. Ayna parası bütöv aynanın bir hissəsi olduğndan və onun şüşə materialı olaraq kəsiciliyi də nəzərə çatdırılır. Çünki məhz şüşə parçası kəsmək, yaralamaq xassəsinə malikdir. Ona görə də şairin gözəl üzün təqdimi üçün bədrlənmiş Aydan deyil, onun aypara variantından yararlanması başadüşüləndir. Ayna ilə "ehtiyatsız" davrandığından yaralanan aşiq bunu özü üçün uğur hesab etmiş olur. Çünki "yaralanmaq" sevgiyə işarədir. Ölən adam müsəlman adətincə qanı axmayacaq həddə qədər yuyulub, təmizlənib qəbirə qoyulmalıdır. "Məzarım qan götürməz" islam adətinin bu cəhətini əks etdirir. Bu fakt şairin gəldiyi əsas nəticəyə bir növ haqq qazandırır. Yəni bu dediklərim "problemin reallığının və onun qaçılmazlığının" maddi dəlil-sübutudur. Şeirdə ifadə olunan ruhani gerçəyin təsdiqi "aşiqlik işi"nin (M. Füzuli) baş verməsi ilə əlaqələndirilir. Aşiqin yara alması onun sevməsi kimii başa düşülməlidir. Sevginin mövcudluğu aşiq üçün həyat iksiri sayılmalıdır. Sevirsənsə, deməli, yaşayırsan.

Şeirin ikinci misrasındakı "aynan" sözü "eynilə" kəlməsinin danışıq variantı olan "eynən" və ya güzgü mənasında "aynan" kimi də başa düşülə bilər. İkinci yozum şeirin qafiyə sisteminə ziyan vurduğuna görə özünü doğrultmur. Anadolu türklərində "aynən" və dilimizin şivə xüsusiyyəti olaraq "aynan" deyimlərini nəzərə alsaq, birinci variant düzgün və mükəmməldir.

Ağ balığın qohumuyam,
ey sənəm,
bu dünyanın qurusuna
cavabdeh mənəm,
dənizinə, dəryasına ağ balıq...
İkimizdə şəkərliyik,
ikimiz də tikansızıq,
ikimiz də zəhərliyik,
ümmanlıyıq, ünvansızıq...


Bu şeirə cəmiyyətin, daha doğrusu, insanın ağır durumundan yaranan bir ovqat hakimdir. Ağ balıq qiymətli, yəni defisit olduğu qədər də "istehlak bazarında" özünəməxsus yeri olan ərzaq növünə daxildir. Elitar iştahların təminatçısı olmaq ağ balığın üzərinə düşən "cavabdehlik" olduğu kimi, "quru" aləmdə işləri yola vermək əli qələmlinin, boynuna vətəndaşlıq, patriotluq şələsi yüklənmiş ziyalı zümrəsinin işidir. Ümmanlar sakini balığın, özü də ağ rəngli balığın qara taleyi ilə digər bir "ümmanlı"nın qaranlıq aqibəti yanaşı qoyulur. İndiki məqamda şair statusunda çıxış edən həmin tikansız, təhlükəsiz mənəviyyat əhlinin ümman böyüklüyündə əlçatmaz dünyası, "quru ərazisi" vardır. Fəqət fiziki varlıq olaraq yeri müəyyən olunmayan, ünvanı kimsə tərəfindən sorulmayan, taleyinin gün doğan üfüqlərinə veto qoyulan Azərbaycan ziyalısının (şairinin, yazıçısının...) talesizliyi "adlı-sanlı" ağ balığın adı da işarələnmiş qırmızı kitablarla diqqətə çatdırılır. "Sənəm" də ki hamımızın cah-cəlalına mail olduğumuz həmin bu fani dünyamızdır. Mən bilən, Sadayın eyhamı bu dediklərimlə bağlıdır.

Həmd olsun, həmdi ki, quş dimdiyinin,
harası nəmdi ki, quş dimdiyinin,
qarası qəmdi ki quş dimdiyinin,
sarısı qəm deyil, Saday Şəkərli.

Tənəyin sonuncu qorası qəmdi,
orası mücərrəd, burası qəmdi,
mənim dərdlərimin çarası qəmdi,
çarası qəm deyil, Saday Şəkərli?


Yuxarıdakı nümunələrdən də göründüyü kimi, Sadayın bir çox şeirlərini motivasiya edən faktor onun islam dünyagörüşünə, "Quran" və tövhidə istinad edən fikir və düşüncə sistemidir. Dindən və "gözümüzün qabağında"kı həyat həqiqətlərindən əldə etdiyimiz bilgilərin ilahi nemət kimi qavranılmasında, elə bil, poetik mətnlərin yazılması zəruriliyinə inanmalıyıq. Əks təqdirdə qaibdən gələn səsləri eşidə bilməyimiz qeyri-mümkündür. Füzuli yaradıcılığında təkcə məhəbbətin deyil, qəmin, kədərin də ilahi məzmunu dominant səciyyə daşıyır. Kiçik kədər onun tərkib hissəsi kimi dərk olunur və nəzərə çatdırılır. Çağdaş şeirimizdə ilahi kədəri vəsf edən tək-tək şairlərimizdən biri Saday Şəkərlidir.

Nə olsun, dəryada qərq olub gəmin,
sən sərraf oğlusan dərdli Adəmin,
vallah, nəşə kimi çəkdiyin qəmin,
yarısı qəm deyil, Saday Şəkərli.


"Dərdli Adəm" şeirimizdə yeni ifadədir. Söhbət heç də ifadənin yeniliyindən getmir. Adəmin düçar olduğu o böyük kədər "Quran"dan məlumdur. Bu, bəşəri kədərin tarixidir. Gəminin dəryada qərq olması da Nuh Peyğəmbərlə əlaqədardır. İndi xalqda işlənən "gəmin dəryada batıb" ifadəsi, görünür, bu cür dini həqiqətlərlə ilgilidir və dərdli-qəmli adamlara müraciətlə deyilir. Şeirin üçüncü misrasında qəmə aludə olmağın, ona alışmağın qaçılmazlığı ilə yanaşı onun(qəmin) saflığına şübhə edilir, Adəm övladı olub, necə sərraf fəhmi olsa da, seçib götürdüyü qəmin yarısı qəm deyildir. Böyük kədərlə şeirə, ədəbiyyata gəlməyi bacaranlar böyük sənətkar ola bilirlər. Güldən, bülbüldən yazmaqla şair adı qazanmaq mümkün deyildir. Füzuli Məcnunun diliylə "mənəm qəmin hərifi" deyirdi. Bu qəmin uğrunda özlərini fəda edənlər poeziya tariximizdə ən adlı-sanlı adamlar olublar. S. Şəkərli ona görə yazır ki: "mənim dərdlərimin çarası qəmdi".

Sadayın başqa bir şeirində də birbaşa müqəddəs kitabımızda yazılan surə və ayələrə istinad edilir. Yaxşı haldır ki, bu cür şeirlərin də söz və misraları, qafiyə və ahəng yaradan digər elementləri texnogen şüurun nəzarətilə modern qəliblərdə hazırlanaraq, ancaq quraşdırılmış şəkildə yox, improvizə edilmiş halda poetik mətn yaradır. Sadayın şeiriyyətinin bu fərqli cəhətini bir daha qeyd edirəm.

Saday Şəkərli mövzu şairi deyil, onun qələmi ictimai formasiyalarla çevrələnən həyat və əxlaq normalarını deyil, kürəsəl bilgilərin, insan haqlarının bugünkü və sabahkı dünyada yeri, rolu və əhəmiyyətini araşdırmaqla məşğuldur. Şairin ətrafla təmas nöqtələrini düzgün seçməsi onun sözdən istifadə məharətindən asılıdır. Başqalarının, yəni oxucunun da diqqətinin hədəfə yönəldilməsi üçün etibarlı mexanizmlər işlənib hazırlanmalıdır. Saday şeiri elə yazır ki, sanki bu prosesdə o, bu cür mükəmməl bir cihazdan istifadə edir. O "qurğu"nun adı istedaddır. Ana dilimizin incəliklərini yaxşı bilən şair sözdən izolyator kimi istifadə etmir. O, sözü öz yerinə çevirib elə qoyur ki, adi bir ifadə yüksək "keçiricilik" qabiliyyəti qazanır. Ona görə Sadayın misraları enerjilidir.

Ağlayan gözlərdə yaş mənə sarı,
Kotan mənə sarı, xış mənə sarı...


İkicə misrası misal gətirilən şeirin məzmunu belədir ki, bərkdə əli olmayan insan eləcə xoş günün dostu olmağı bacarır. Dərdliyə, dərd əhlinə yaxın duran olmaz və yaxud adama sarı göz yaşı ilə gələn çox olur. Bu nümunədə "mənə sarı" ifadəsi texnologiyalarla işləyən şairin uğurunu təmin edən elementlərdən biridir. "Kotan", "xış" milli poetik təfəkkürümüz üçün çox işlədilən, həmişə "par-par parıldayan" müqəyyəd ifadələrdir və dərdə işarə edir. "Mənə sarı" təlqini kotanla, xışla daha etibarlı hala salınır. Bu alətin yerin(kədərin) təkinə işləyərək torpağı bir tərəfə (mənə sarı) çevirdiyini hər kəs yaxşı bilir. S. Şəkərli poeziyası başdan-başa bu cür ədəbi sirlərlə ləmələm doludur. Haqlı olaraq deyir ki, "köhnə nırxa, köhnə dilə təzə zərgər qayıtmışam".

S. Şəkərli gözəlliklərin tərənnümçüsüdür. Poetik təfəkkürdən gələn hər obrazlı nitq vahidi insana və onun gözəllik haqqındakı təsəvvürlərinə xidmət edir. Şairin gözəllik fəlsəfəsi haqqında bircə kəlmə ilə fikir söyləməli olsaq, onun aşağıdakı misrası lap yerinə düşür:
"Yer gözəl qadına bənzəyir belə baxanda...

Çoxsaylı insani dəyərlərlə zəngin olan Şəkərli yardıcılığında nitq hissələri içərisində feilə tez-tez müraciət olunur. Bu xüsusda fail olan üçün ruhun və poetik şüurun dinamikliyi daha qabarıq nəzərə çarpır. Kainatın ən birinci fitri istedadı onun daim hərəkətdə olmasıdır. "Sözə mehtər qayıtmışam" yazan S. Şəkərli hər əsərilə hər an şeirə, sənətə qayıtdığını bəyan edir. U. Folkner Amerika yazıçısı T. Vulfu səciyyələndirərkən hər bir əsil yaradıcı insanın və ya şairin hər yeni uğurunu, qələbəsini məğlubiyyət kimi izah etmişdi. Çünki böyük sənətkarlar yeni əsərini daha yaxşı yazmağa çalışır və ya buna nail olur. Yeni güclü şeirlə müqayisədə şairin əvvəl yazdıqları məğlubiyyət kimi mənalandırılır. Sadayın yardıcılığında da bu dinamika açıq-aydın görünür. O, özünü tez-tez məğlub etməyi bacaran şairlərimizdəndir. Ondakı "qayıtmaq" feili həmin tendensiyanı daha yaxşı ifadə edir. Qayıtmaq - hərəkətliliyin, yaradıcı iqtidarın poeziyaya, gücə, inkişafa, nəhayət, ilahi həqiqətə dönüşünü əks etdirir. Saday Şəkərli sözə qayıtmağı da özünün əsas ideyalarından biri sayır. Onun üçün ən böyük ideal şairin sözə etibar etməsidir. Sözə etibar edənlər, əslində, sözün etibarını qazananlardır../adalet.az/

Zakir MƏMMƏD


Baxış sayı - 1 312 | Yüklənmə tarixi: 07.09.2018 14:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031