”Özümüzə tərs yaşayırıq və elə sanırıq ki, övladımıza, dünyaya dərs yaşayırıq”

Manera.az Rəşid Bərgüşadlının Xan Rəsuloğlu isə virtual söhbətinin II Hissəsini təqdim edir:
( I hissə burada )
Hiss edirsən, hər şeyin hüzuru pozulub – arı çiçəkdən nektar çəkməkdənsə, şərbət hörtdətməyə can atır; insan haqqı görməkdən, haqq söyləməkdən qorxur; çaylar çağlamaqdan, insan yaşamaqdan bezib?.. Bir şeydən əminəm ki, insanın hüzuru ibtidailikdədir. İbtidai insana soyuq və istidən qorunmağa daldalanacaq, bir də sağ qalmaq üçün azacıq qida lazım idi. Səncə, təkamül harda tərs getdi ki, bu qədər dəbdəbəli həyat insan hüzurunu alt-üst elədi, nəfs ağıldan daha çox qabağa getdi? Altşüurumuzdakı nəfsaniliyin qida mənbəyi nədir axı?
Doğrusu, sənin bu suallarının çoxunun ən yaxşı cavabı da heç nə demədən, başla təsdiqləmək olardı. Nədən ki, suallarının özü də cavabıyla birgə gəlir. Sanki, min il yaşayıb, dünyanın hər üzünü görüb gəlmisən – gəlmişik... Bitnikləri, xippiləri (Hippilər bugünkü mütləq rəddetmənin təməllərini atanlardandır. Dünyanın bütünlükdə bitki, heyvan və insanlara aid olduğunu qəbul edən apolitik cərəyandır. Özlərinə əsla sərhəd qoymayan, var olan bütün qaydaları rədd edən, azadlığın fərdin öz içində olduğunu müdafiə edən hərəkatdır, həyat tərzidir. Bitniklər isə Amerika ədəbiyyatında 1950-60-cı illərdə yaranan, şəxsiyyətin standartlaşdırılmasına qarşı çıxan, ideya cəhətdən dzen-buddizm fəlsəfəsi və etikasına yaxın, improvizasiyalı müsiqi və poeziyanı təbliğ edən, heç nədən çəkinməyən fərdi sərbəstliyin tərəfdarı olan gənclər cərəyanıdır) xatırlayırsanmı? Ya da, elə zahidləri, rahibləri... Onlar da, müdriklər də, aza qane olanlar deyildimi? İnsanın bioloji, yoxsa sosialoji varlıq olması ona görə bu günəcən tartışılır. Amma: Haqqın qələbəsi bir anlıq olur... Sonrasa, yenə də qaranlıq olur. Yəni, sözlərimiz, ümidimiz, qərarımız da çox vaxt cücərmir. Həyatımızla, işimizlə çox vaxt elə özümüz-özümüzü təkzib eləyirik, özümüzə tərs yaşayırıq və elə də sanırıq ki, övladımıza, dünyaya dərs yaşayırıq... İlahi bir sirdi ki, yaranmışıq və heyrətamiz düzəndi ki, heç kimə də Yaradan, həyat-yaşam üçün ən vacib olan heç nəyi sənə verdiyindən artıq verməyib. Bir gündə hamının cəmi 24 saatı var... Heç bir trilyonçunun yemək üçün ikinci qarnı yoxdu, sevmək üçün ikinci qəlbi yoxdu. Yatdığı yer, elə evsizin evidir. Ağzının dadı, gözünün nuru, yuxusu, xəyalları, övladına məhəbbəti və s... saymaqla bitməz – hamıdakı kimidir. Biz isə ikinci, beşinci, yüzüncü dərəcəli məslələrə görə dünyadan küsürük.
Sən danışdıqca hiss edirəm ki, əslində Allah bizi yox zamanı yaradıb. Bu zaman sonsuzluğunda bizə də dar çərçivədə qısa bir ömür yaşamaq şansı verib. Zaman əbədi, ömür qısa. Tamahımız qalır zamanın sonsuzluğunda, hətta “fani dünya” deyimi də zamana qısqanclığımızdandır.
Bayaq qeyd elədik ki, insan bioloji və sosioloji varlıqdır. Amma həm də kosmik və psixoloji varlıqdır. Bu sualın ən yaxşı cavabını Nəsimi verib, – “Mən bu cahana sığmazam!”
Bizi ayağımızdan Yerə cidarlayan, fərqli düşünməyə qoymayan bir “sədd” də var – namus, qeyrət. Səncə, “namus” deyib başımıza hördüyümüz vəhşilik xaltasıdırmı yoxsa bizi ali irq edən meyardır? Bizdən olub bizə oxşamayanların namusunu ölənədək çəkmək əndişəsini uslufca yoluna qoymağın bir yol-yolağasını bilirsənmi?
Namus məsələsi fərdidi. Hərə bir yeriylə düşündüyü kimi, hərənin namusu da bir yerindədi. Bizdə səhv eləmirəmsə, "O olmasın, bu olsun" filmində belə bir səhnə var: Qoçu qaçıb girir arvadların hamamına, qadınlardan biri tumanını çəkir başına ki, kişi bunun üzünü görməsin...
“Səhranın bəyaz günəşi” filmində də var bu səhnə...
Yadıma gəlir, əsgərlikdə bizimklərdən biri rusa lağ elədi ki, sizdə namus olmur. Onda, doğrudan da özünə görə çox ləyaqətli olan rusa qahmar çıxıb demişdim ki, namus kiminin qasığında, kiminin də ürəyi, ya da beynində olur. İndi baxıram ki, bu sözlər sərt həqiqətdir. Təbii olan heç nə ayıb deyil... Hətta belə deyərdim, kişi dünyasında qadınların, ağlar dünyasında qaraların, yumrugözlülər dünyasında qıyıqgözlülərin və sair-və ilaxır, qınanılmasında həqiqətin təhrif olunması açıq görünür. Sadəcə, bunlar da bir cür xürafatdır... Ola bilsin ki, bu xürafat da zarafatla başlayıb və özünə yer eləyib.
İnsanın həqiqi xarakteri, mentaliteti 15-16 yaşınacan tam formalaşır. Bəyənmədiyin yox ha, heç qəbul etmədiyin hansısa cəhətinə görə adamı öldürməyə haqqın da yoxdu axı... Məsələn, oğlunu geylərin at oynatdığı Hollandiyaya oxumağa göndərirsən. Xarakteri tam formalaşmış övladının geyləşmə ehtimalı yüzdə 1-2 faiz ola bilər. Amma övladının övladı da orada böyüsə, ehtimal faizi artır. İndiki ağlımla-ovqatımla belə bir söz deyim: Qadınların bu qədər dadlı olduğu dünyada kişinin kişiyə meyl etməsi nekrofillik qədər anormallıqdır. Qadınlara münasibətdə isə (buna da tam əminəm) kişilər öz gücsüzlük və iqtidarsızlıqlarını malalamaq üçün bu qədər qəddardırlar. Hətta qısqanclıq da çox vaxt müqayisədə uduzduğunu dərk eləməkdən qaynaqlanır. Sözsüz ki, ailə dəyərlərinin müqəddəsliyini qorumaq, saxlamaq özünü qorumaqdır və əxlaqımız, mənəviyyatımız da özünüqoruma instinkti, vasitəsidir. Hətta belə deyərdim ki, əxlaq cəmiyyətin tənzimlənməsi üçün ən asan və dəyərli vasitədir. Qanun kimi. Əxlaq olmasa, hətta ata övladının başını kəsər ki, mən qazanacam, bu yeyəcək, nəyimə lazımdır...
Övladlarımın əxlaqi yöndə tərbiyəsindən razıyam, onların fikrinə də sayğım var... Bəlkə, heç yeri deyil, amma deyim. Erməniləri tarixi faciələrimizdə səbəb yox, biz türklərə qarşı vasitə kimi görsəm də, hətta yerli albanlardan törəmişləri özümüzlə qan qohumu saysam da, yeganə millətdir ki, övladlarımın onlarla ailə qurmağına razı olmazdım. Səbəb isə, çox sadədir. Onların beynini elə zəhərləyiblər ki, azı yüz il millətçilik azarından təmizlənməlidir.
Bir də, mənim üçün "namus" sözü, təkcə cinsiyyət kateqoriyası daşımır, mənlik, ləyaqət, özünəsevginin açıq-gizli şifrələnməsidir ki, bunlarsız da yaşamaq, həyatdan məmnun qalmaq mümkün deyil. Bəli, zaman-zaman duyğularımızdan tutmuş, namusumuza, varlığımıza qarşı görünən-görünməyən, bəzən də söz şəklində və ya qısa desək nisbi, qiyabi təcavüzlər də olur, (real təcavüzlərdən danışmayaq hələ) amma dirəşib, sağ qalıb yaşamağa davam edirik. Vay o insanın halına ki, öz gözündən düşə!.. Amma əsarətdə, əsirlikdə, həbsxanada da olsa, insan imkan tapıb onu pis günə qoyanla haqq-hesabını da çəkə bilər. Ya da, əgər bu durumuna görə özü günahkardırsa, yenidən, başqa bir keyfiyyətdə, başqa forma və biçimdə özünü qura bilər. İnsanların çoxu düşdüyü şəraitdə formalaşır, az adam olur ki, şəraitindən sıyrılıb çıxır... Bizdə ədaləti tələb edənə, bu ayamanı qoşardılar – "Özünə görə deyil". Mən də belə olmuşam. İndi də yazdıqlarımda "özümə görə deyiləm". Gözdən qıraqda, ən adi mübahisələrin belə ölümlə nəticələnə bilmək ehtimalı varsa, mən azı 100 dəfə, təkcə millətimin şərəfini qoruduğuma görə, öldürülə və ya öldürə bilərdim.
İnsanın ən müşkül vəzifəsi insan yetişdirməkdir. Filmlər, incəsənət, ədəbiyyat bu yolda əsrlərdir külüng çalır. Özün də yazırsan. Yaza-yaza gəlib çıxdın o həddə ki, dedin, – “Bu gündən silin məni, adamlar sırasından”... Nasirlik, şairlikdə nə qazanc var, nə də dinclik. Azca ruhu dincəltməyi var, səni dinləmək istəməyənləri yazılarınla baş-başa qoymağı, özünlə söhbət etməyi, bir az da şöhrət gətirməyi var. Necə düşünürsən, bütövlükdə ədəbiyyat adamı İnsan etmək gücündədirmi?
Yazarlıq təkcə şöhrətlənmək və ya qazanmaq iddiası deyil, daha çox missiyadır, məncə. Dünyaya deyiləsi sözü olmayanın nə azarı var meydanda? Başqa sənət sahibinin ədəbiyyata gəlməsinə isə daha təbii baxıram, nədən ki, dözmür, sözə qayıdır. Xobbisi kimi də yox ha, özünü dünyaya ünvanlanmış sualları ilə qazıb-söküb-dağıtması ilə... Ya da sadəcə pıçıltı, heyrət, heyranlıq, pərişanlıq və sair ovqatı ilə. Və məşhurluq, heç də, həmişə dərinlik, sənətkarlıq göstəricisi deyil. Dünya ədəbiyyatında da, bizdə də elə ədəbi simalar olub ki, dahi sandıqlarımızdan daha artıq can qoyub və nəsə yaradıb da. Sadəcə, məşhurluq özü də daha çox kütləyə işləyir. Məsələn, Qədir Rüstəmov, Flora Kərimova, Bülbül, Rəşid Behbudovla müqayisə edin Röya, İlhamə, Faiq Ağayev və Nadir Qafarzadəni... Ədəbiyyatda da bu ikinci kəsimdə adları çəkilənlər səviyyəsində, əslində, həqiqi ədəbiyyata dəxli olmayan saysız hesabsız qələmə qurşanan həvəskarlar var və onlar müqəddəs ədəbi duyğularımıza dəvə tüpürcəyi kimi bir şeydir. Necə deyərlər: Yazan var ki, gendən yazır, yazan da var, candan yazır. İnformasiya texnologiyaları əsri sonsuz imkanlar açıb önümüzdə və bəhanə gətirməyək. Ya ailə sahibi olmaq, vara çatmaq vuruşundayıq, ya da deməli olduğumuzu deyib və ünvanına da çatdırmalıyıq. Bu gün, savadı-bacarığı olub da azacıq "məşqlə" "ədəbi çempion olmaq" istəyən, özündən küssün – gec-tez ayaqaltı olacaq. Özünü aldadanlar isə başqalarını aldatmağa girişənlərdən də çoxdur. Söz meydanına çıxan əgər Füzulini, Nəsimini üstələyə biləcəyinə (buna, həm də mənəvi səlahiyyəti olmalıdır) əmin deyilsə, getsin yatıb yuxusunu görsün. Əlbəttə, bu alınmaya da bilər, amma belə bir iddiası, belə bir ürəyi olmayan yazar, müğənni, rəssam, müəllim, sənətkar dümələnməkdən başqa nəyi bacaracaq ki?
Bir də, sənəti ədəbiyyatdan uzaq olanların ədəbi zövqünə daha çox inanıram. "Ədəbiyyatı açıq və ya gizli də olsa, özünə sevgili yapanlar daha mutludur" düşüncəsindəyəm. Ekstremal vəziyyətlərdə şevişmək kimi bir şey bu. Ədəbiyyatı özünə həyat – həyat yoldaşı edənlərin çoxu erkən həvəsdən – kişilikdən düşür, mənasızlaşır. Bənzətməm kiməsə xoş gəlməyə bilər, amma kişi və qadın psixologiyasında cinsiyyət fenomeni, bəlkə də hər addımımızda, özünün diktəsini yeridir. Flober kimi "Madam Bovari"yə də çevrilə bilərsən, yaratdığın ən mənfur və ya ən müqəddəs obrazların yaşantılarını öz həyatın kimi – bəlkə öz həyatından daha canlı, real, ehtiraslı, unudulmaz hallarla yaşaya bilərsən. Sənət budur da. Sənətin yaratdığı metamorfoza, çevrilmə bu deyilsə, bəs nədir?..
Dünyanı sözsüz də duymaq olur... Əsl şeir-poeziya elə işarədir. Öyüd-nəsihət, məntiq və hikmət də yox. Yapon xokkularında bizdəki hoqqalar yox ki... Bir-iki ştrixlə səni hansısa bir ovqata, hala, duyğu və düşüncəyə kökləyəcək – yönəldəcək mənzərə, pəncərə açılır, qalanı öz işindi, hara istəsən, yoz. Didaktik üslubda isə, sanki barmaqla başımıza döyəcləyirlər ki, bu iş, bu məsələ belə olmalıdır, sən deyən kimi yox. Koreya filmi var e, "Yaz, yay, payız, qış... yenə də yaz" (Kim Ki Duq) "İbtidailikdəki hüzur"a da hökm edən "altşüurumuzdakı nəfsin vəhşət mənbəyi"ndə sadəcə bioloji mahiyyətimiz dayanır ki, onu da, sosioloji-ictimai tərbiyəmizlə ram etməyi bacarmamışıq deməli. Adda-budda, orda-burda altruizm vulkanları püskürsə belə, ideya və ideallar uğrunda şəhidlər canlarını fəda etsələr də, gəlib çıxdığımız "İnsanlıq mənzərəsi" heç də ürəkaçan deyil.
“Xan, saat yeddi tamamdır, axı biz getməliyik! Tələs!..” – bu qəribə, tanış səsin ölüm olduğunu anlayırsan və bilirsən ki, çabalamağın mənası yoxdur. Nə götürmək istərdin özünlə?
Heç nə götürməzdim. Fərhad Mete adlı çox sadiq bir şair dostumun qəfil ölümü zamanı ağı deyib-şeir yazdım və qəribə bir nəticəyə qəldim: "Bacarırsan, ölməmişdən öncə öl". Sonralar sufizmin canı olan fikirlərdən birinin də elə bu olduğunu oxudum, qan yaddaşının diqtəsi özümə də ləzzət elədi. Hamımız bu dünyadan köçəsiyiksə, olmazmı ki, dünyəvi arzu və istəklərimizin, yaşamaq ehtirasının işığını ölməmişdən öncə elə özümüz söndürək. Bax bu, ən böyük qəhrəmanlıq olmazmı? Müəyyən mənada, Mübariz İbrahimovun qəhrəmanlığı elə bu dediyim qatdadır. Təkrar eləyirəm ki, mən din adamı deyiləm. Səhv eləmirəmsə, Teslanın sözləridir ki, dini kitabları oxuyub anlayanlar ateist, anlamayanlar dindar olur. Sözün də hərfi və batini mənası olur... Din adamı deyiləm deyib də, ruhaniyyətdən danışmağımın da öz gizlinləri var. Bu gizlinlər təkcə Muğannanın kitablarında açıqlanmır ki...
Səni yormuram?
Qəribədir ki, neçə gündür bu qədər yazışırıq, amma elə bilirəm söhbətə giriş verirəm və hələ heç nə deməmişəm...
Onda gəl bu səfərlik axırıncı sualımı da verim, gerisini saxlayaq həyatda ilk dəfə əl tutuşacağımız görüşə... Ölkənin külli-ixtiyar sahibi Prezidenti olsaydın, ilk atacağın addım hansı olardı?
Karyera hərisi yox, həqiqət əsgəri ola biləcək, xalqını və vətənini sevən ilk 999 insanı dövlətçilik məsələlərində səlahiyyət sahibi edərdim. Gözümü üstlərindən heç çəkməzdim. İlk olaraq ən fədakar, vicdanlı və savadlı adamları səfərbər edib, ilkin anda tam reallaşması üçün 15 il tələb edən təhsil strategiyamı (bütün dünyadan ən vacib və dəyərli olanları da götürməklə) həyata keçirərdim. Xüsusi statuslu, missiyalı müəllimlər ordusu hazırlayardım, onların da özlərini realizə edə bilmələri üçün orta və ali məktəblərdə dərs demələrinə şərait yaradardım. Ən yüksək balla ən istedadlı və müəllimliyə meylli adamları yığardım, ilk öncə şəhər və rayonların hərəsində bir məktəb açıb, sonra şəbəkəni genişləndirərdim. Nümunəsi də var – qısnadığımız FETÖçuların ləğv olunan məktəbləri. Onlardakı intizam hara, o biri məktəblər hara? Qafqaz Universitetinin imici BDU dan artıq deyildimi? Onların intizamını örnək gətirdim, amma ondan 50-100 qat artığını yaradardım. Kitabçıyam deyə, demək olar ki, ziyalı potensialı güclü olanların çoxu dükanımdan gəlib-keçib. Kadr siyasətini də mükəmməl qura bilərdim və dünya təhsil sistemində ən güclü biz olardıq... Bizə 15 il bəs edərdi ki, hər sahədə inkişaf üçün və dünyanın özünü super peşəkarlarla təmin etmək üçün sistem quraq. Amma etiraf edirəm, qloballaşmaya meylli adamam, nə dinçiyəm, nə də millətçi. Bununla belə, islamın da, türklüyün də normal fəaliyyətinə şərait yaradar, amma hər cür fanatizmi kökündən qazıyıb atardım. Dünyanı birləşdirə, bütövləşdirə biləcək insanların, mütəxəssislərin konveyer üsulu ilə istehsalı kimi bir şey düşünərdim. Sonrası, çox asan olacaqdı. Səlahiyyət sahibi olan 999 nəfər özləri kimi insanların yetişməsinə silsilə olaraq, şəbəkə strategiyasıyla artacaqdı. Burada, iqtisadi, ideoloji, psixoloji və s. səbəblərin hamısı nəzərə alınacaqdı...
Təkrar deyirəm, inqilab yox, bizə təkamül gərək. Diplomlu yox, savadlı adam gərəkdi bizə. Heydər Camal, Fuad Abbasov kimi mütəxəssis yetişdirmək üçün xüsusi xidmət orqanları milyonlar xərcləyər, amma güclü müəllimlər perspektivli uşaqları qırımından tanıyar...