manera.az
manera.az

Atıl içimdəki uçurumlara - YENİ İMZA

Atıl içimdəki uçurumlara - YENİ İMZA
Manera.az "Yeni imza " layihəsində Qəmər Qəmərin şeirlərini təqdim edir:

Ağrımdan şeir düzəlt

Mən tənha deyiləm ki,
biryerdəyik əzəldən,
elə möhkəm tutmuşam,
sevgilimdən-əcəldən!

Üz tutmuşuq bir yola,
hələ gedib gəlirik.
üstəlik dost-tanışa,
yalandan da gülürük!

Gündüzlər gün üzünə,
adam kimi çıxırıq
elə ki,gecə düşür,
canımızı sıxırıq!

Ruhum ağrıyır axı,
deyirlər,"necəyəni?!"
Deyim,çətin dözürəm,
ağlayıram gecəni!

Ağlayıram ağrıma,
ağlayıram özümə.
O bir mahnı da vare,
Fərhad Göçər-"Qızım"a!

Hərdən yazıq anamı,
dərdimə tən edəndə,
ah,bu ağrını ata,
döndərib Sən edəndə,
canı çıxır canımın,
təzə ağrılarıma,
sığdırımmı,özümü,
yalan,doğrularıma?!

Bu yarılmış bağrımın,
dərd qoyuram başına,
buboyda insan ömrün,
yaşayımmı,boşuna?

Yaşayımmı eləcə,
mən bu ömrü dərbədər,
bəlkə də eşidərdiz,
alarsız qara xəbər
Ipim öz əlimdədi,
boynu asıq gedəcəm,
onsuzda bilirəm ki,
gözüaçıq gedəcəm!

Hə,şair,oxudunmu,
yormadım ki,ağlını?
Ölüm qoxan şeirlə,
yarmadım ki,bağrını.

Al əlinə qələmi,
sönən ocağı közərt,
bacarsan əgər,şair,
"Ağrımdan şeir düzəlt!".

Tənhalar kəndi

Daha anlayıram,daha bilirəm,
Kimsənin gördüyü gözü deyiləm.
Bir insan oğlunun xatirəsində,
Danışıb-dindiyi sözü deyiləm.

Qoparıb yaramı hər gün deşəndən,
Buludlar üstünə enib,düşəndən,
Təkliyin toruna mən ilişəndən,
Heç kimin,heç kimin qızı deyiləm.

Bir damın altında narın təbəssüm,
Birinə gülərüz üz olmadım mən.
Bir oldum,on oldum,min də,milyon da,
Amma ki,amma ki,yüz olmadım mən.

Məsələn... dənizin qum sahilində,
Adım yazılmadı,iz olmadım mən.
"Tənhalar kəndi"nin ən gözəl qızı,
Kimsəyə yar olub,"biz"olmadım mən.

Sənsizlik sindromu

Yoxluğun üzərimə,
zəhər tək töküləndə,
canım da məndən çıxır.
Səhərəcən ayığam.
Dan yeri söküləndə,
ruhum bədəndən çıxır.

Otaq dolu boz duman,
sigaret kötükləri,
sərxoşam bu aralar.
Içirəm sağlığına,
neyləyim,kötəkləyir,
adın keçən ağrılar.

Ağrı deyirəm sənə,
elə bil ki,canımda,
ruhumu doğrayırlar.
Say ki,sənin yanında,
çıxarıb ürəyimi,
sinəmi dağlayırlar.

Amma bitər,bilirəm,
bu başıma bəlalı,
"sənsizlik sindromu".
Onda uzaqdan gələn,
kişi xeylaqlarında,
səni də görməyəcəm,
"görəsən gələn o,mu?".

Zərərli vərdişləri-
sigareti tərgidib,
içkini də atacam,
Gündüzü ağlamayıb,
gecəni gecə bilib,
adam kimi yatacam.

Günəş də doğulacaq,
gecə Ay da çıxacaq,
küləklər də əsəcək.
Yağışlar da yağacaq,
Şimşəklər də çaxacaq,
Fəsillər də ötəcək.

Sən də darıxma,adam,
Bütün bunlar keçəcək,
mən də yaxşı olacam.
Ağrılarım kiriyib,
axır səsin kəsəcək,
Qollarında öləcəm.

Onda əl at göylərə,
bir ovuc ulduz gətir,
səpələ saçlarıma.
Bir öpüş ehsan deyib,
bu həsrəti sən bitir,
nəhayət bas bağrına.

Atıl içimdəki uçurumlara

Bəlkə elə sənin öz sükutunda,
Mən qonaq olmuşam "bəlkə"lərinə.
Hardasa mən səni itirməməkçün.
Riyakar olmuşam özgələrinə.

Bəlkə də nə vaxtsa görüşəcəyik,
Tənhalığın imdad,aman yerində.
Dodağdan dodağa körpə təbəssüm
-ummuram,söyləyib uman yerində.

Sən indi dağılmış ümid evimdə,
Bilirsən,iynənin gözü kimisən.
Bütün misraları keçirib səndən,
Axırda ayıldım,anladım,gördüm,
Sən elə şeirin özü kimisən.

Yum iki gözünü,aç qollarını,
Atıl içimdəki uçurumlara.
Bir nəfəs ayrılıq ölüm deyil ki,
Gör səni ayırıb aparar hara.

Aparar zamanın gizli yerində,
Dərd-sərdən usanıb,bezməyən yerə.
Aparar uzaqa,səni uzaqa,
Kimsələr bilməyib,gəzməyən yerə.

Aparar bambaşqa,başqa dünyaya,
Göydəki günəş də düşər ovcuna.
Sehirli nağıllar aləmindəki,
Aparar rəngarəng,sirli ovsuna.

Nə deyim,özün gör,bu mən,bu təklik,
Könlün əl verərsə gəl sükutuma.
Orda Ayla,Günəş tutub əl-ələ,
Yolunu güdürlər,bir addım atsan,
Şahid olacaqlar Eşq sübutuma!

Allah baba

Daha kimlər qaldı ki,
ürəyimin köçündə.
Bəlkə duyasan Allah,
bu sınağı keçim də!

Hardasan,Allah baba,
ağrıları bitir gəl.
Unutqanam bu günlər,
yaddaşımı gətir gəl.

Unudarame səni,
nə görkəm,biçimdəsən.
Dilimin ucundasan,
Ovcumun içindəsən.

Bəlkə göylərə çatan,
iki quş qanadında?
Görürsən ki,gülləsiz,
bıçaqsız qanadım da!

Günahlarım bağlayıb,
sənə gələn o yolu.
Göz yaşım da buz tutub,
yağır ömrümə dolu.

Çoxmu güvəndin mənə,
Hardasan,Allah baba?
Ağrımın içindəsən?
ordasan,Allah baba?

Bəlkə tutub əlimdən,
çəkəsən məni göyə?
Göylərini bilmirəm,
"Yer"də nə var ki,guya?!

Özüm deyiləm

İtərəm,gedərəm gözündən sənin,
Öyrənib bilərəm anmamağı da.
Mən elə çıxaram özündən sənin,
Vərdişəm heçnəyi ummamağa da!

Şanlı gülüşümün ən saxta yeri,
Çatladıb,qanadar dodaqlarını.
Mən çıxıb gedərsəm Allaha sarı,
Sən şikəst edərsən ayaqlarını!

Qolunun qüvvəti yetməz ki,dahi,
Tək sözün keçməze barmağına da.
Heyifsən,ömrünü ziyan etmə gəl,
Heç zərər dəyməsin dırnağına da!

Beyqafil gedişlər yaxşı deyildir
Ha möhkəm dayanım,dözüm deyirəm.
Bir gün uzaqlara gedəsi olsam,
Gedən ayağımdı,özüm deyiləm!

Həkim əmi

Ah,körpə balamın həkim əmisi,
Iynənin ucunda varmı bir həyat?
Bu saat balamın çığırtısıyla,
Kiriyib,susacaq sonsuz Kainat!

Zaman axarını donduracaqdır,
Küləklər sükuta təslim olacaq.
Əllərim səmana çatmasa,Allah,
Saat əqrəbindən qisas alacaq!

Bozumtul divarlar yeriyib gələr,
Tökülər üstümə bu dar palata.
Söylə,həkim əmi,doğrunu söylə,
Səni and verirəm o ağ xalata!

Başında durduğum dəhlizin yolu,
Bizim evimizə çıxarmı,söylə!
Çəkdiyin bircə ah,dediyin bir söz,
Yoxsa evimizi yıxarmı,söylə!

Söylə,həkim əmi,çəkinmə,söylə,
Indicə damarda donarmı qanım?
Bu doqquz canımın səkkizini al,
Ver körpə quzuma,yaşasın Canım!

Qəfil görüş

Bu qəfil görüşdən nə gözləyirsən,
Nə gördün,üzümə baxanda mənim?!
Bilmirdin,bədəli ağır olacaq,
Göz yaşım yolunda axanda mənim?!

Üzündə illərin qəmli baxışı,
Kədərli qəlbimi ovutmaz mənim.
Sonradan oyanmış saxta vicdanın,
Axan göz yaşımı qurutmaz mənim.

Buz tutmuş o soyuq qəlbində indi,
Bir həsrət ocağı qalanar sənin.
Qara qaş,qara göz bir qız görəndə,
Xəyalım başına dolanar sənin.

Gözlərim üstə

Sən gedən yolların sürgünüyəm mən,
Getdiyin yollarda itib qalmışam.
Yaşanan bu ömrün bir günüyəm mən,
Həminki o gündə bitib qalmışam.

Bir otaq,bir mənəm,bir də dəftərim,
Birdə ki,qələmim,səndən yazıram,
Gecəsə yuxuma gəlirsən mənim,
Səhəri oyanıb xeyrə yozuram.

Qələm də,dəftər də bezikib məndən,
Xatirən dil açıb,dilə gəlibdir.
Saralır dəftərin ağ vərəqləri,
Yazdığım şeirlər ilə gəlibdir.

Yolunu güdürəm,səssiz-səmirsiz,
Endirib başımı dizlərim üstə.
Gəl daha son qoyaq,bitsin bu həsrət,
Hələ də yerin var gözlərim üstə.

Bayram davası

Yerimdə insan yox ha,
lap elə daş da olsa,
öz özündən bezərdi

Inanmam qocalam,
bu dərdlərin axırı,
məncə azar-bezardı.

Hətta uşaqlığımı,
bir uşağa danışsam,
dodağını büzərdi.

Çox olmadı,olmadı,
desələr ki,ay insan,
keçmişinin nə dərdi?!

Amma deyim biləsiz,
o vaxtdan üzü bəri,
bu ömür dərbədərdi.

məsələn bayram günü,
atam anam dalaşıb,
evdə "dava edərdi".

Axırı canı qalıb,
anamın ayaqları,
bizim evdən gedərdi.

Sonra sükut çökdümü,
atamın baxışları,
düz yolları güdərdi

Yenə dönüb ən başa,
ovucunun içində
anam dərd üyüdərdi

"-Sabah işdə olacaq,"
atamın köynəyini
o başdan ütülərdi.

Bax beləcə dərd yeyib
günü,ayı il edib,
ömrünü ötürərdi!

XaçmazБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031