manera.az
manera.az

Eşq özü ilahi bir sirdir elə - Baloğlan Cəlilin şeirləri

📅 20.07.2018 14:22

Eşq özü ilahi bir sirdir elə - Baloğlan Cəlilin şeirləri

Manera.az Baloğlan Cəlilin şeirlərini təqdim edir:

KİMSƏYƏ DEMƏ

Səni sevdiyimi kimsəyə demə,
Körpə eşqimizə yenə göz dəyər.
Səni qısqanarlar şeirlərimə,
Üzünə həsrətlə baxar özgələr.

Bizim bu eşqimiz qoy gizli qalsın,
Eşq özü ilahi bir sirdir elə.
Görüşək adicə adamlar kimi,
Bu da mənim üçün bəsimdir elə.

Görüşək adicə adamlar kimi,
Öpüb əzizləyək o son gecəni.
Bir kimsə duymasın, hiss eləməsin,
Bizim qəlbimizdən gəlib-keçəni.

Bir əsim meh kimi sarılsan mənə,
Özünü unudub itirəcəksən.
Kəpənək əllərin qonsa çiynimə,
Yenə çiçək kimi titrəyəcəksən.

Bilirəm sən məni görürsən hər gün,
Baxanda xatirə güzgülərinə.
Arada boylanıb mənə baxırsan,
Darana-darana güzgü yerinə.

Bilirəm, vallahi, bilirəm yenə,
Sən məni hələ də sevirsən indi.
«Amma bu sevgimi kimsəyə demə»
Sən də pıçıltıyla deyirsən indi.

BADƏ YERİNƏ

“Sevgi məktubu”nun çoxunu cırdım,
Qoruyub saxladım yalnız birini.
İndi uşaqlardan ehtiyat edib,
Daha dəyişirəm tez-tez yerini.

Nənəmin sirr dolu boxçası kimi,
Eşqini ovcuna alıb gizləyir.
Səndən etibarlı çıxan məktubun ,
Hələ də oturub məni gözləyir.

Bir vaxt yolladığın o məktubdu da ,
Alanda öpərdim əl izlərini.
Gör necə sınıxıb,saralıb indi,
Baxanda aparır qəm gözlərimi.

“Mə səni sevirəm”deyən məktubun,
Sabah tamam olur iyirmi ili.
Sabah dost-tanışı çağırım gərək,
Gərək qeyd eləyim yubileyini.

Sən də gəl xəlvəti,gəl çıx,əzizim,
Anan evinizi bəhanə elə.
Nə gəlir başıma sevgidən gəlir,
Görən başımıza sabah nə gələ.

Uçub gəl məktubun doğum gününə,
Baxışlar sarılsın biri-birinə.
Süzüb gizli-gizli xatirələrdən,
Çəkək başımıza badə yerinə.

ƏLİMİN DUZU

Daha adamlara inam qalmadı ,
Açıb söyləyəsən kimlərə dərdi .
Nə sözə sığışır , nə saza yatır ,
Çəkib yükləyəsən simlərə dərdi...

Kimə əl uzatdım ,əlimi kəsdi ,
Əriyib yox oldu əlimin duzu .
Sən demə başını sığalladığım ,
O fağır qonşunun varmiş buynuzu .

Daha ağaclardı qan qohumlarım ,
Daha onlar qədər yaxınım yoxdu.
Elə o ağacda tikdiyim evi ,
Mələk paltarında adamlar yıxdı .

Elə o ağacda o yuva kimi ,
Uçub gedəcəyəm günün birində .
Ürəyi didərgin köçəri quşlar ,
Gəlib yuva qurar çiyinlərimdə .

Sənin də buynuzun axır ki , çıxdı ,
Açıldı gözlərim ,Allaha şükür !
Nə səni öldürdüm , nə dara çəkdim ,
Dərin bir ah çəkdim , o aha şükür !

ONUN

Məni səndən soruşsalar, deyərsən,
Hələ də gözləri məndədi onun.
Özü qərib-qərib qürbəti gəzir,
Bənövşə ürəyi kənddədi onun.

Gül əkdi, dərdiyi dərd-kədər oldu,
Ömür boşa getdi, gün hədər oldu.
Dərbədər dolandı, dərbədər oldu,
Başı dumanlarda, çəndədi onun.

Sinəm ürəiynin, eşqinin yeri,
Yolunu bağladı kəbin-kəndiri.
Bir təndir qaladı, həsrət təndiri,
Misralar əlində kündədi onun.

O idi mənimçün özündən keçdi,
Gözəllər içində bir məni seçdi.
Dünəni heç idi, bu günü heçdi,
Ümidi gələcək gündədi onun.

Əlim əllərinə enib bitmədi,
Baloğlan havası çıxıb getmədi.
O da sevdasına yerdə yetmədi,
Bütün fikri-zikri göydədi onun.

YOLUMUZ BİR İDİ

Soyuduq alovu sönən ocaq tək,
Dalıb xəyallara külümüz indi.
Yanardıq bir odun alovunda biz
Səpilir yollara külümüz indi.

Ağa tək yollarda qoşa bitərdik,
Sevgi dənizində üzüb itərdik.
Quş kimi bir yerdə dil-dil ötərdik,
Tutulub elə bil dilimiz indi.

Bir də birləşərik haçan dünyada?
Ayrılıq könlünü açan dünyada.
Yolumuz bir idi qoca dünyada
Ayrılır nə üçün yolumuz indi?!

MƏN ŞEİR YAZANDA ŞAİR OLURAM

Mən şeir yazanda şair oluram,
Mənə özgə zaman şair deməyin,
Hər gün ürəyimdə edam günüdü,
Sizi aldatmasın şeir deməyim.

Mən şeir yazanda şair oluram,
Şair şeir gələn anda doğulur,
Şeir də zindana bənzəyir bir az,
Şair ömrü boyu zindanda olur.

Mən şeir yazanda şair oluram,
Çernilə çevrilir qanım da mənim.
Şeirlə başlanır şairliyim də
Şeirlə qurtulur canım da mənim.

Yalnız bu qurtuluş bircə an çəkir,
Yenə çəkilirəm dərd qucağına.
Sözlərim insafsız cəllada dönür,
Qələmim çevrilir dar acağına.

Qələmim çevrilir dar ağacına,
Hərdən qərib-qərib dillənirəm mən.
Asılıb qalıram söz-kəndirimdən,
Azadlıq eşqiylə yellənirəm mən.

Mən şeir yazanda şair oluram,
Bunu dostlarımın yadına salın.
Şeir də zindana bənzəyir dedim,
Məni şeir adlı zindana salın..

YELLƏNCƏK

Atamdan anamı soruşan kimi,
İçindən çat verib sınardı atam.
Ağarmış qaşları tüstülənərdi,
Bir kibrit çöpütək sönərdı atam.

Sonra da çıxardı tut ağacına,
Mənə bir yelləncək ordan asardı.
Anamı aparan ilanı sanki
Tutub boğazından dardan asardı.

Mən isə sevincək yelləncəyimdə
Göylərə baş vurub uçub gedərdim.
Qonşumuz Əhmədin gül anasına
Mahnı qoşa-qoşa acıq verərdim.

Yenə o yelləncək, yenə o ilan...
Yenə göy üzünə uçub gedirəm.
Alıb qanadıma dünya dərdimi
İlanın ağzından keçib gedirəm.

Bir qürbət gözümü çəkib aparır,
Qəlbimdə ulayır Vətən yelləri.
Şirin vədələrin yelləncəyində
Bu gün də anasız Vətən yellənir

QADIN DA HARDASA ŞEİR KİMİDİ

Qadın da hardasa şeir kimidi
Gözəl bölgüləri,hecaları var.
Səni xoşbəxt edən şirin günlərin
İçində gizlənən acıları var.

Nədənsə arada tutar tərsliyi,
Günlərlə gəzərsən qafiyəsini.
Könlünün evinə yola düşəndə
Geyinər məleykə qiyafəsini.

Baxar gözlərinin ucuyla qadın,
Görər ürəyindən gəlib keçəni.
Havası qəfildən gəldimi onun
Şeirtək yatmağa qoymaz gecəni.

Tez-tez güzgülənər gözünə baxıb,
Oxşadar bir gümüş güzgüyə səni.
Özünü güzgüdə görməsə qadın,
Dəyişər bir anda özgəyə səni.

Uçub arxasınca dartınar gözün,
Hicran alovunda yanar əllərin.
Küsdümü, geriyə qayıtmaz qadın,
Durna qatarına dönər əllərin.

GECƏLƏR

Sevgisiz bu ömür susuz çay kimi,
Xəyal dənizinə axır gecələr.
Sənsiz ötüb keçən acı günlərin
Tüstüsü başımdan çıxır gecələr.

Hanı o nəğmələr-mənə yazdığın,
Ürək səslərimə qulaq asdığın?!
Sənsiz qəribsəyən ipək yastığın
Məni sinəsinə sıxır gecələr.

Durub aramızda ayrılıq dağı,
Yol çəkən gözümə çəkir göz dağı.
O sevgi şərabı,o vüsal çağı
Könlümü yandırıb yaxır gecələr.

Sən getdin,nəfəsim getdi,gəlmədi.
Yaşamaq həvəsim getdi, gəlmədi.
Eşq adlı qəfəsim getdi,gəlmədi,
Gəldi bir-birindən ağır gecələr.

...Bir vaxt saçlarımda gəzən əllərin,
Sinəmdə çırpınan,əsən əllərin,
Qaynar öpüşlərdə üzən əllərin
Göyləri başıma yıxır gecələr.

Sən getdin,elə bil küsdü pəncərən,
Sönən ocaq kimi susdu pəncərən.
O doğma, o əziz, isti pəncərən
İndi soyuq-soyuq baxır gecələr.

Bu da bir taledi,vüsaldı elə,
Bizim alnımıza yazıldı belə...
Sən məni bir həzin pıçıltı ilə
Cənnət qucağına çağır gecələr.

ŞƏHİDLİYİN UCA ZİRVƏSİ

Bura Çanaqqala! Şükür Allaha,
Bu yurd ”La ilahəillallah“ - deyir.
Ruhum bu yerlərə hələ qonmamış
Salavat çevirib, ”bismillah“ - deyir.

Bura Çanaqqala-ruhlar diyarı,
Mübarək ocaqdı,pirdi burası.
Bura yer üzünün ən pak nöqtəsi,
Şəhidlər yetirən yerdi burası.

Hər gün şəhid olan bəyaz dalğalar
Bəyaz mələklərə dönür arabir.
Gəlib gedənlərə qüsul verərək
Sonra boğazından keçirir bir-bir.

Bura Çanaqqala - şəhidlər yurdu,
Hər daş bulud kimi bir himə bənddi.
Nədən susduğunu soruşa bilsən ,
Nələr çəkdiyini hönkürər indi.

Bura Çanaqqala – canlı bir muzey
Qayası əyilməz əsgər kimidi.
Dərd kimi uzanan dərin dərələr
Savaşdan danışan səngər kimidi.

Bu ulu torpağın hər addımı qan,
Qan verir hələ də hər bir aşırım.
Dəniz sinəsindən çəkilib getmir,
Düşmən gəmisinin açdığı şırım.

Bura Çanaqqala- türkün qeyrəti,
Alınmaz qaladı,keçilməz bərə.
Yad ellər qoynuna girməsin deyə,
Əl-ələ veribdir Egey,Mərmərə.

Bura Çanaqqala – üzü ağ qala.
Bəlkə də ilk adı Çənlibel olub.
Bircə zərbəsindən Misri qılıncın
Açılıb kəmərtək Dardanel yolu.

Burda əfsanəvi Koroğlu kimi
Hər daşın altında bir igid yatır.
Hər gün şəhidlərə gəlib baş çəkir,
Qədim Troyanın qanadlı atı.

Burda daşa dönən tər arzulara
Baxıb ana torpaq daş çiçəkləyir.
Yazda qızılgüllər gəlir səcdəyə,
Qışda göy üzündən qış çiçəkləri.

Sən də asta yeri, gələn yabançı,
Bu torpaq kamantək sıxıla bilər.
Diksinib inciyər yaralı qəlbi,
Küknarlar kükrəyib ox ola bilər.

Kəbə, Mədinətək baş əy bu yurda,
Bu yurd şəhidliyin uca zirvəsi.
Durub ucalardan seyr edir yenə
O mavi gözlünün mavi türbəsi.

Bura Çanaqqala !Şükür bu yurda,
Bu yurd “lailahə illallah”-deyir.
Ruhum bu torpağa hələ qonmamış
Salavat çevirib”bismillah”-deyir.

BAŞINA PAPAQ QOY

Bu özün, bu qılınc, bu da ki kəndir,
Dünyada bir gün də bu yurdu ağla.
Yetər dolandığın başı papaqsız,
Başına papaq qoy,başını saxla.

Bu yurdun yaş dolu ovcu içində
Papaqsız yağının atı dayanmır.
Papağı başında millət kef çəkir,
Papağı altında yatıb oyanmır.

Günü qara xalqın,gün gəzən xalqın,
Papağı həmişə günəşə yanıb.
Bu xalqın həmişə papağı olub,
Yağışlar həmişə başına yağıb.

Papağı altına çəkilib hamı,
Hamı öz başının hayına qalıb,
“Torpaqdan pay olmaz” - coşub deyənlər
Bu gün sakitləşib-payını alıb.

Papaq başımızın gizlənən yeri,
Millət yuxusunda minir cin atı.
Çıxıb minbərlərə tez-tez deyirik:
Papaqlar altında oğullar yatır.

MƏN ŞEİR YAZMIRAM,
ŞƏKİL ÇƏKİRƏM


Hər gün dərdlərimin şəklini çəkib,
Sonra üz-gözünə sığal çəkirəm.
Başqa şəkillərə çəkməsin deyə,
Hər şəklin altında mən qol çəkirəm.

Mən şeir yazmıram, şəkil çəkirəm,
İlahi dərdlərin şəkillərini...
Görəndə çəkilməz əzab çəkirəm,
Cənnətdə cəhənnəm sakinlərini.

Nə Adəm, nə Həvva burda görünməz,
Yurdları ruhunu satana qalıb.
Mələklər çəkilib gedərgəlməzə,
Dünyanın cənnəti şeytana qalıb.

Hanı halal-haram, hanı tərəzi,
Bəlkə, günahları çəkən səhv çəkib?
Bəlkə də, Allahın xəbəri yoxdu,
Cənnətdə cəhənnəm əhli kef çəkir...

Bu da bir şeirdi, Göydən asılı,
Cənnətə cəhənnəm gəlib qarışıb.
Nə yaxşı arada dəyir gözümə
Qürbətdən süzülən qərib bir işıq...

Mən kiməm, nəçiyəm, şeir uydurum?
Şeir Allahındı, mən də Allahın.
Mən yalnız şeirin şəklin çəkirəm,
Adını çəkirəm gündə Allahın.

DÜMDÜZ OTURURUQ,
DÜZ DANIŞMIRIQ


Dünyanın öz dərdi özünə bəsdi,
Bəsdi gecə-gündüz deyinməyimiz.
Bizim başımıza bəladı, bəla,
Xəlvətə çəkilib öyünməyimiz.

Töküb ağacların qızıl qanını,
Qırmızı geyinib taxt-taca çıxdıq.
Gözləri tutuldu ürəyimizin,
Uzağı görməyə ağaca çıxdıq.

Ancaq eşidirik uzaq səsləri,
Uzaq xəbərləri tez eşidirik.
Bizim qulağımız sözə alışır,
Hər gün təzə xəbər - söz eşidirik.

Biz elə əzəldən sözə baxanıq,
Ağsaqqal yanında söz danışmırıq.
Dəvənin belitək bu düz dünyada
Dümdüz otururuq, düz danışmırıq.

SƏN CANIM, GÖZÜMÜ YAĞIR ELƏMƏ

Sən canım, gözümü yağır eləmə,
Bir az insafa gəl, düş divarımdan.
Allahı sevirsən, bircə günlüyə,
Əl çək cana doymuş daş divarımdan.

Çəkmə gözəlliyin üzünə pərdə,
Yorğun gözlərimin içindən çəkil.
Bu şirin dünyanı gözümdən salır,
Hər gün bir pozada çəkdiyin şəkil.

Yalan təriflərin ustası kimi,
Eşitdim almısan ödül payını.
İndi də şəklinlə qoşa qoyursan,
Gah şahı, gah da ki, şah sarayını.

Sən ki qız deyilsən, kişisən axı,
Yaşın da... nə deyim, o yaşın deyil.
Baxıram yazdığın cızmaqarana,
Orda da tərpənən öz başın deyil.

Bu gün də mən səni gördüm divarda,
Gördüm dümdüz yolu əyri gedirsən.
Gözlərin o qədər qızışıb sənin,
Hətta Füzulini inkar edirsən.

Səni and verirəm qürbətdə axan,
İmam Nəsiminin şəhid qanına.
"Mən şair deyiləm, atam-qardaşım" -
Hayqıran Məmmədin qərib canına,

Bir az insafa gəl, insafın olsun,
Cıx mənim gözümdən, gözüm ağrıyır.
Sənə söz deməyə üzüm də gəlmir,
Daha dözəmmirəm, üzüm ağrıyır.

Bu əyri dünyanın əyrisi kimi,
Onsuz da düzələn deyilsən daha.
Bircə xahişim var: sözdən uzaq get,
Səni and verirəm böyük Allaha...

SƏNİN PƏNCƏRƏNDƏ GÖYƏRƏN AĞAC

Bu körpə, balaca, inadkar yolun
Kökü gözlərimin yaşını dərib.
Döşənib ayağın altına sənin,
Sənin pəncərəndə gəlib göyərib.

Sənin pəncərəndə göyərən ağac
Hər gecə dəhşətli yuxular görür.
Yastığın üstünə dağılmış saça,
Yorulmuş qoluna baxıb hönkürür...

Gecə köynəyinin yaxası açıq,
Bəyaz göyərçinlər az qala uça.
Sanki qəfəsindən çıxmaq istəyir,
Qoşa qanadları gərilib azca.

Pəncərən önündə bitən ağacın
Hər səhər quruyur qol-budaqları.
Həsrətin çəkməkdən çəkilib suyu,
Dur götür baltanı, qır budaqları.

SEVGİDƏN DANIŞMA

Nə olar, sevgidən danışma mənə,
Nə olar, bir qədər susaq bu gecə.
"Sevirəm" sözünü nəfəsimizlə
Suda balıqlar tək yazaq bu gecə.

Yenə əvvəlki tək duraq üz üzə,
Üz üzə söykənib alışsın bir az.
Əllərin əlimlə, gözün gözümlə,
Dilin də dilimlə danışsın bir az.

Uçub bu yerlərdən gedək bi yolluq,
Qərib quşlar kimi qanad qanada.
Saç saça qarışsın, baş başa gəlsin
Dodaq da dodağı əzib qanada.

Bax belə... adicə quşlar sayağı
Quraq bir güşədə öz bürcümüzü.
Sevgi borcumuzu qaytaraq orda,
Tanrıya verməyə can borcumuzu.

ŞEİR KEFDƏN YARANMIR

Şeir kefdən yaranmır ki,
Bir az eşqdi, bir az kədər.
Şair yüz jür dərddən keçir
Gəlib çıxır şeirə qədər.

Şeir yolu-şair yolu,
Dağ əridən ahla dolu.
Əsil şair Allah olub-
Yazib göydən yerə qədər.

Ondan sonra Nəsimidi,
Füzuli tək tilsimidi.
Baloğlan da bir simidi
Sizin kimi gəldi-gedər.

GƏL

Məni məndən alıb getdin,
Məni məndən alanım gəl.
Qaytar məni el-obama,
Yad ellərdə solanım gəl.

Sinəm üstə əriyir şam,
Pərvanələr dönur axşam.
Mən səninçün doğulmuşam,
Gözlərində qalanım gəl.

Gül üstündə şehim mənim,
Dağda bitən ahım mənim.
Ay sevgi Allahım mənim,
Mən başına dolanım gəl.

Soyuq qürbət bükür məni,
Vətən dərdi çəkir məni.
Ağla məni, hönkür məni,
Həzin layla çalanım gəl.

Söz deyirəm aram ilə,
Bu dünyanı quran ilə.
Aram yoxdu haram ilə,
Ömrüm, günüm, halalım gəl…

Başqırdıstan


Baxış sayı - 2 313 | Yüklənmə tarixi: 20.07.2018 14:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031