manera.az
manera.az

Poeziya ilə nəsr arasında uçurum | MANERA.AZ

Poeziya ilə nəsr arasında uçurum | MANERA.AZ
manera.az

Yeqzar Cəfərli yazır...

PUŞKİNİN “KAPİTAN QIZI”...


Rus ədəbiyyatının dünya şöhrətli şairi A.S.Puşkin böyük bir ədəbi irsə sahibdir. Rusdilli poeziyanın ölməz nümunələrini ərsəyə gətirən dahi şair öz qələmini nəsr sahəsində də sınamış, gözəl bədii nümunələr meydana gətirmişdir. Bu nümunələr içərisində müəyyən (qısa) bir tarixi dövrü əhatə edən “Kapitan qızı” povesti xüsusi yer tutur.


Əsərin əsas süjet xətti mayor rütbəsi ilə istefaya çıxmış Andrey Petroviç Qrinyovun 17 yaşına çatmış oğlu Pyotr Andreyeviçi Orenburq qalasına hərbi xidmətə göndərməsi ilə başlayır. Əsərdə cərəyan edən bütün digər hadisələr bu əsas hadisənin üstündə qurulur. Bu dövrdə hər bir zadəgan uşaqlarının hərbi xidməti zəruri idi. Doğrudur, 1762-ci ildə II Yekaterina “Zadəganların sərbəstliyi haqqında” fərman verib onları hərbi xidmətdən azad etmişdirsə də, elə bu fərmandaca hərbi xidməti zadəganların şərəf işi elan etmişdi.

Əsərdəki hadisələrin mərkəzində duran Pyotr Andreyeviç Qrinyov mərd, cəsur, xidməti işinə sədaqətli bir gəncdir. Hərbi qulluğun onun qarşısında qoyduğu məsuliyyəti dərindən dərk edir. Kapitan Mironovun qızı Marinaya ilk baxışdan vurulur, onun özəlliklərini qiymətləndirməyi bacarır. Petruşa sevgisi yolunda heç bir fədakarlıqdan çəkinmir. Rəqibi Şvabrinin duel təklifini məmnuniyyətlə qəbul edir, ağır yaralanır.

Gənc zabit sevgilisini təhlükədən qurtarmaq üçün bir neçə dəfə həyatını təhlükəyə atır, “quldurlar”a əsir düşür. Puqaçov Pyotra onu hökmdar kimi tanımaqda israr etdikdə o, açıq-aydın boyun qaçırır. “...Mən əsil-nəsəbi olan bir zadəganam, imperatriçaya xidmət etməyə and içmişəm; sənə qulluq edə bilmərəm”, - deyir. Puqaçov vaxtilə ona yaxşılıq etmiş bu gənc zabitə hörmət edir. Pyotr Qrinyov isə öz sinfinin oğlu kimi Puqaçovu “mənfur quldur” adlandırır, kəndli hərəkatına nifrət edir.

Nəhayət, Puqaçovla gizli əlaqələrindən şübhələnib hökumət onu həbs edir. Lakin nə məhkəmənin uzun çəkməsi, nə də həbsxana həyatı onu heç də qorxutmur. Onu Maşa ilə “şirin vüsal dəqiqələrinin bir neçə ay təxirə düşə biləcəyi” narahat edir. Həmçinin onu da qeyd etmək lazımdır ki, Pyotrun Maşa ilə tanışlığı, bu tanışlıqdan dərhal sonra onların arasında sevgi ilə nəticələnən isti münasibətin yaranması əsərin tənqidi tərəflərindəndir. Yazıçı hadisələrin düyününü tez açır, oxucu bir hadisənin təsirindən ayrılmamış digər hadisə başlanır və əlaqəsiz şəkildə sona çatır. Düşünürəm, iki gəncin tanışlığı və sevgiyə doğru gedən yollarını yazıçı dəqiqliyi ilə romantik təsvir etmək olardı. Eyni sözləri əsərin digər səhnələrinə də aid etmək olar.

Əsər “Kapitan qızı” adlansa da, kapitan qızı Marina ikinci planda verilir. O, Pyotra eyni dərəcədə sədaqətli, ismətli, demək olar, bütün insani keyfiyyətləri özündə birləşdirən bir obraz kimi canlandırılır. Sevmədiyi Şvabrinə ərə getməyə məcbur edildikdə Maşa intihar etməyə hazırlaşır. Ürəkdən sevib-bağlandığı Pyotra isə onun atası xeyir-dua verməyincə ərə getməyəcəyini bildirir.

Pyotrun Maşa haqqında göstərdiyi eyni fədakarlığı Maşa da Pyotr üçün göstərir. O, Peterburqa gəlir, təsadüfən imperatriça ilə görüşür, ona sevgilisinin günahsız olduğu barədə ərizə təqdim edir. Nəticədə Pyotr Qrinyovun günahsızlığı sübut olunur. Beləliklə də, hər iki gənc bir-biri ilə evlənmək üçün mənəvi haqq qazanır.

Pyotrun şeirlərində gördüyümüz realizm, mübarizliyi “Kapitan qızı”nda görmürük. Maşa Pyotra gərgin bir mübarizədən sonra deyil, uğurlu bir təsadüf nəticəsində bəraət alır. Onun fəaliyyəti yoxlanılmır, yenidən istintaq edilmir. Sadəcə, II Yekaterinanın arzusu ilə azadlığa buraxılır. Bu da böyük şairin növbəti tənqidə açıq ifadələridir.

Puşkin sadə rus həyat tərzinə rəğbət bəsləyir, bu zaman Rusiya mədəniyyətinin bütün sahələrinə dərindən nüfuz etmiş fransız həyat tərzinə qarşı çıxır. Şərab və qadın düşkünü olan fransız Voprenin gəlişini nökər Saveliçin dili ilə belə ifadə edir: “Guya ki, burada adam qəhət idi”. Və “erkək tazının xüsusiyyətləri ilə tanış olmağı” fransız tərbiyəsindən üstün tuturdu. Amma bu zaman mədəni bir aclıq keçirən Rusiya fransız mədəniyyətinə, həqiqətən də, möhtac idi. Zira bütün XVIII və XIX əsrlərdə Rusiyada qadınlar “madam” adlanırdılar.

“Kapitan qızı” kiçikhəcmli əsər olsa da əhatə etdiyi problemlərin aktuallığı baxımından bir nəhəng təsiri bağışlayır. Puşkin nə qədər vətənpərvər bir rus ziyalısı olsa da hər şeydən əvvəl bir realist idi və rus həyat tərzinin (hakim təbəqənin həyat tərzi nəzərdə tutulur) eybəcərliklərini də cəsarətlə göstərirdi. Təsadüfi deyildir ki, onun əsərlərini rus həyatının güzgüsü hesab edirlər. Amma təəssüf ki, yalnız göstərir, amma belə həyat tərzini dəyişməyin yollarını göstərmir.

Özünü Avropaya maarifpərvər çariça kimi tanıdan II Yekaterinanın dövründə insanların vəhşi üsullarla mühakimə olunması, onların bədən əzalarının kəsilməsi Puşkini, qabaqcıl demokratik ziyalıları, hətta hakim sinfə məxsus olanları belə qəzəbləndirir. Müəllif Pyotr Andreyeviçin dili ilə deyir: “Elə zənn edirlər ki, caninin şəxsi etirafı onun tamamilə ifşa edilməsi üçün kifayətdir. Bu fikir həm əsassız, həm də sağlam hüquq elminə tamamilə ziddir. Çünki məhkumun inkarı onun günahsız olduğuna dəlalət etmir”.

Puşkin zamanında Rusiya ictimai həyatında mövcud olan hər hansı zorakılıqlara qarşı çıxırdı. Əsl demokratik bir cəmiyyətin arzusunda olan yazıçı özündən sonrakı cəmiyyətin qurucuları olan gənclərə üz tutub deyir: “Ey gənc! Mənim bu yazılarım sənin əlinə düşərsə, xatirində saxla ki, ən yaxşı və möhkəm dəyişiklik heç bir cəbri sarsıntı olmadan, insan əxlaqının yaxşılaşmasından törəyən dəyişiklikdir”.

“Kapitan qızı” tarixi bir povestdir. Çünki əsərdə Pyotr Andreyeviç Qrinyovun həyatı təsvir olunmaqla yanaşı, bu həyatın mühüm bir hissəsinin bağlı olduğu dövrünün tarixi hadisələrin xronologiyası verilir. Bu hadisələr isə Rusiyanın bütün Sibir və Ural bölgələrini bürüyən Yemelyan Puqaçovun başçılığı ilə kəndli müharibəsi idi. Puşkin bu hərəkata açıq-aydın rəğbət bəsləyir, bu hərəkatı təhlil edir və bu hərəkata uğur və müvəffəqiyyətsizlik gətirən səbəbləri göstərir.

Yemelyan Puqaçova ilk vaxtlar uğur gətirən səbəblərin biri kimi müəllif onun XVII yüzilin ortalarında yaranmış Raskol təriqətinin üzvü olması ilə əlaqələndirir. O bu təriqətin varlı təbəqəsi tərəfindən səxavətlə maliyyələşdirilirdi. Raskolçuluqda feodalizmə qarşı güclü mübarizə meyilləri olduğundan güclü şəkildə təqib olunmasına baxmayaraq, hər an sıraları genişlənirdi. Bir tərəfdən də bu dövrdə hakim siniflərə qarşı aparılan istənilən mübarizədə dini ünsürlər var idi. Buna görə də hərəkatda ruhanilər də iştirak edirdilər. Kənd və şəhər keşişlərinin Puqaçova rəğbət bəsləmələri heç də təsadüfi deyildi. Yarandığı dövrdən etibarən baş keşiş Nikon tərəfindən kütləvi qırğınlara məruz qalmaları geniş xalq kütlələri arasında onlara bir əzabkeş imici formalaşdırmışdı. Yeri gəlmişkən, onu da qeyd edək ki, Nikonun raskolçuluq tarixindəki rolu bizə İngiltərə tarixində Kromvelin fəaliyyətini xatırladır. Kromvel əvvəl 1640-cı il İngiltərə burjua inqilabını başlayıb, sonra onu boğduğu kimi, Nikon da ilk əvvəllər raskolçuluğun ilk ideya ilhamverənlərindən biri olduğu halda, sonralar bu təriqəti amansız təqiblərə məruz qoymuşdu.

Puqaçova uğur qazandıran digər amil onun özünü mərhum çar III Pyotr kimi qələmə verməsi idi. Əlbəttə, məsələnin bu tərəfi xalqı çox az düşündürürdü. Lakin çoxları inanırdı ki, mərhum çar sadə xalq üçün nəsə bir iş görmək istəyirdi və II Yekaterina da zadəganlarla əlbir olub onu öldürmüşlər.

Puqaçovun başına toplaşanların heç də hamısı onu keçmiş çar Pyotr Fyodoroviç olduğuna inanmırdı. Əslində rəzalət içində yaşayan, vergilərin çoxluğundan dərisi soyulan, nəhayət, təhkimlikdən azad olmaqdan başqa, bir arzusu olmayan kəndlilər üçün bunun bir o qədər də əhəmiyyəti yox idi. Kim onların həyat şəraitini, qismən də olsa, yaxşılaşdırmağı vəd edirdisə, onun da ardınca gedirdilər.

“Kapitan qızı”nda Puqaçov xalqın qeydinə qalan, ədaləti bərpa etməyə çalışan, zəhmətkeş xalqın müdafiəçisi kimi təsvir olunur. Müəllif bunu Puqaçovun öz dili ilə ifadə edir. “Sən özün görürsən ki, mən sizinkilərin dediyi qədər də qaniçən deyiləm”.

Puqaçov yoxsul adamlara münasibətdə çox mərhəmətlidir. O, “murdar bədəninə bir kürkü qıymayan, onu lütün, əyyaşın birisi” hesab edən gənc zabitin nökəri Saveliçi qətiyyən cəzalandırmır. Onu da qeyd etməyi vacib bilirik ki, vaxtilə əsl azadlıq mübarizəsinin qəhrəmanı kimi təqdim olunan Puqaçov elə rus ədəbiyyatı və ictimai mühitində bu gün bir quldur kimi xatırlanmaqdadır.

Puşkin hakim cəmiyyətə qarşı mübarizədə ardıcıl və davamlı görünmür. Əsəri oxuyarkən Puşkinin bu hərəkata əsl azadlıq mübarizəsi münasibəti aydınlaşır. O yazırdı: “Bu cəmiyyət alçaq intriqalar, paxıllar, qeybətçilər və dürlü yaramazlar yığnağıdır”.

İndi belə bir sual meydana çıxır: A. S. Puşkin dünya poeziyasının gözəl örnəklərini vücuda gətirməsəydi, təkcə nəsr əsərləri ona dünya şöhrəti gətirə bilərdimi? Düşünürəm ki, yox.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031