manera.az
manera.az

Jurnalistin hekayəsi

📅 26.04.2018 15:29

Jurnalistin hekayəsi



2005-ci ilin yanvar ayı idi. Hər tərəf ağappaq qara bürünmüşdü. Küçədə külək elə əsirdi ki, elə bil bu saat tufan qopacaq. Hətta külək yerdəki qarı havaya qaldırırdı. Hava soyuq olduğundan hamı evinə çəkilmişdi, küçədə heç kim yox idi. Şəfiqə də evində isti peçin qırağında qıvrılıb oturmuşdu. Bir tərəfdən pürəngi çayını içir, digər tərəfdən də, təzə aldığı kitabını oxuyurdu. 60 yaşlarında olan bu qadının uşaqlıqdan bədii ədəbiyyata qarşı olan marağı heç vaxt bitməzdi, mütaliə etmək vərdişindən heç zaman əl çəkməzdi. Bir tərəfdən də, nəvələrinin səs-küyünü eşidib, dərs üstündə mübahisə etməklərindən həzz alırdı. Nəvələri içərisində ən böyüyü olan Ülkər dərsini ucadan oxuyub öyrənirdi. Şəfiqə həmişə nəvələrinə deyirdi ki, heç vaxt səssiz dərs oxumayın, səsli oxusanız nitqiniz də inkişaf edər. Onuncun uşaqlar dərs oxuyanda qoymurdu evdəkilərdən kimsə onlara toxunsun, onların səsi Şəfiqəyə nəğmə kimi gəlirdi. Nəvələri Ülkər 5-ci sinifdə, Solmaz və İlkin isə hələ ibtidai sinifdə oxuyurdular. Ülkər kitabdan Azərbaycan Xalq Cümhuriyyəti haqqındakı mətni oxumağa başladı:
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il 28 may tarixində yaranmışdır.
Bu cümləni eşidəcək Şəfiqə dik atıldı, üzünə şirin bir təbəssüm qondu. Qəflətən işıqlar söndü, deyəsən külək elektrik naqillərini zədələmişdi. Axşam düşmüşdü deyə hər tərəf qaranlıq zülmətə büründü. Uşaqlar qorxub Şəfiqənin yanına qaçdılar. Şəfiqənin gəlini Nübar şamı yandırıb otağa gətirdi, özü də uşaqların yanında əyləşdi. Ülkər fürsətdən istifadə edib nənəsinə dedi:
Nənəcan, bizə hekayə danışarsan?
Şəfiqə bir qədər düşünüb dedi:
Gəlin, bu dəfə sizə başqa bir şey danışım, olmuş bir əhvalatı
Uşaqlar təəccüblə nənələrinə baxıb hamısı birdən soruşdu:
Nədi ki o elə?
Siz heç bilirsinizmi ki, mən nə üçün jurnalistika peşəsini seçmişəm?
Yox! – deyə uşaqlar bir ağızdan qışqırdı.
Nübar da, uşaqlar da Şəfiqəyə gözlərini zillədilər. Şəfiqə çayından bir qurtum alıb əhvalatına başladı:
Hə, indi yaxşıca qulaq asın mənə. Mən hələ 8-9 yaşlarındaydım,
məktəbdə oxuyurdum. Bir gün sinifdə müəllim bizə sual verdi ki, kim adının mənasını, ya hekayəsini bilir. Hamı adı haqqında maraqlı əhvalatlar danışdı, məndən başqa. Kimisi dedi nənəm qoyub adımı, mənası təmizlik deməkdi, kimisi dedi anam qoyub adımı məşhur aktyorun adıdı deyə. Hə, beləcə bütün sinif adının mənasını bilirmiş, bircə mən bilmirmişəm. Müəllim məndən soruşmasın, məni görməsin deyə başımı aşağı salmışdım. Bilmirdim axı mənasını, ya da kimin qoyduğunu, nə üçün qoyduğunu. Nə cavab verəcəkdim ki?
İlkin səbr etməyib nənəsinə sual verdi:
Nənə, bəs soruşmadı müəllim səndən?
Yox, bala yaxşı ki soruşmadı, yəqin başa düşmüşdü cavab verə
bilməyəcəyimi, – deyə İlkinin üzünə baxıb cavab verdi.
Hə, nə oldu bəs sonra? – deyə Solmaz sual verdi bu dəfə də.
Ülkər də dözməyib İlkinlə, Solmaza:
Dayanın da, bir görək, iki dəqiqədən bir sual verirsiniz, imkan verin,
danışsın da.
Şəfiqə ilə Nübarı gülmək tutmuşdu.
Danışıram, səbrli olun! – deyə Şəfiqə uşaqlara baxıb gülümsədi,
uşaqların maraqlı baxışları onun xoşuna gəlmişdi. Sonra sözünə davam etdi:
 Hə, demək belə, mən sinifdə ən yaxşı oxuyan qız idim, bu da mənə pis
təsir etmişdi. Axı müəllimin sualına cavab verə bilməmişdim. Evə gələn kimi anama dedim ki, müəllim belə sual verdi, mən də bilmədim, anamdan soruşdum ki, bu adı kim, niyə qoyub mənə. Anam da dedi ki, bu adı sənə mən qoymuşam, Şəfiqə Əfəndizadənin adı olduğu üçün. Səbəbini soruşanda adın əhvalatını danışdı mənə: “1918-ci ildə hardasa mən 12-13 yaşlarımda olanda müstəqilliyimiz üçün ilk addımlar atılan zaman idi, o vaxt Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski kimi çox sayda maarifpərvər ziyalılarımız mübarizə aparırdı bu uğurda. Azərbaycan Xalq Cümhuriyyətini yaratmaq üçün mübarizədə can qoymuşdular, çox əzab-əziyyət çəkmişdilər. Qadınlar da həmçinin, bu mübarizəyə qoşulmuşdular. Elə Şəfiqə Əfəndizadə də həmin o ziyalı qadınlarımızdan biri olmuşdur. O, çox savadlı qadın idi, sən dünyaya gələndə sənin də adını Şəfiqə qoydum ki, sən də onun kimi xalqına, millətinə layiqlə xidmət edəsən, ziyalılardan nümunə götürəsən”. Sonra anamdan tez-tez o dövr haqqında soruşurdum. O vaxt hardaydı indiki kimi məlumat bolluğu, gərək əməli-başlı araşdıraydın, sorub-soruşduraydın. Mən isə hələ uşaq idim.
 Bəs necə öyrəndin, nənə? – deyə bu dəfə də Ülkər səbr etməyib
nənəsinin sözünü kəsdi.
 Nə oldu? Bayaqdan bizə deyirdin, imkan ver də, nənə danışsın, indi özün
sual verirsən! – deyə Solmaz təkəbbürlə Ülkərə baxdı. Ülkər üzünü turşutdu. Şəfiqə yenə uşaqlara baxıb gülümsəyərək dedi:
 Yaxşı, sakit olun, danışıram. Mən də elə anamdan, o zamanı görmüş
müəllimlərimdən öyrənirdim. Onun haqqında öyrəndikcə onun şəxsiyyətinə hörmətim getdikcə artırdı, pərəstişkarı olmuşdum. Uşaqlar, Şəfiqə Əfəndizadə Cənubi Qafqazın ilk qadın jurnalisti olub, ilk maarifpərvər qadınlarımızdan biri idi, həm də pedaqoq olub, jurnallarda, qəzetlərdə məqalələri çap olunub, çox ziyalı bir qadın olub. Elə o vaxtdan da qərar verdim ki, jurnalist olacam. İnstituta qəbul oldum, başladım qəzetlərdə, jurnallarda işləməyə. Bax, mənim jurnalist olmağımda bu adın sahibi Şəfiqə Əfəndizadənin böyük rolu var, uşaqlar. İndiyə kimi onun haqqında məlumat toplayıram, araşdırıram, bu şərəfli adı daşyıramsa, onun sahibinin şücaətlərini də bilməliyəm, balalarım.
Şəfiqə sözünü bitirən kimi qapı döyüldü, Nübar qapını açmağa getdi ki, Şəfiqənin oğlu Adil içəri daxil oldu. Uşaqların anasının yanında oturduğunu görüb:
 Ana, yenə uşaqlara hekayə danışarsan? – deyə gülümsədi, gəlib anasının,
uşaqların üzündən öpdü.
Elə bu an işıqlar yandı. Uşaqlar nənələrinə təşəkkür edib, yenidən dərslərinə davam etməyə getdilər. Şəfiqə isə hələ də o dövrü xatırlayırdı. Bir qədər sonra oğluna baxıb dedi:
 Mən onlara bu dəfə hekayə yox, tarixi danışdım, oğlum!


Ərafdayam

Ərafdayam,
Nə o yanlığam,
Nə bu yanlığam
İki daş arasındayam.
Nə gülürəm,
Nə ağlayıram
Mən daima ərafdayam.
Göy üzündə dolaşan
Küləklə sovrulan
Ağappaq rəngə boyanan
O pambıq kimi buludam
Həmişə ərafdayam.
Səssiz yaşayan
Bu gününü anlayan
Qaçdıqca ayağı bir-birinə dolanan
O qarışqa kimi
Ərafdayam.
Hər gün çiçəklərini sulayan
Gül açacaq deyə gözləyən
Saatlarca başında nəğmə oxuyan
Gülünü əzizləyən, oxşayan
O uşaq kimi hələ balacayam
Ərafdayam.
İki yol ayrıcında qalan
Seçim etməyi bacarmayan
Səhv yola getməkdən qorxan
O səfər edən insan kimi
Ərafdayam.
İki qaya arasındayam
İki yol astanasındayam
Yolunu tapa bilməyən
Azyaşlı uşaq kimi
Ərafdayam.
Sonsuz bir yoldayam
Ucsuz bir bucaqdayam
Planet kimi kainatda firlanıram
Günəşdən işıq alıram
Sonsuzluqda uçuram.
Mən ərafdayam,
Hər gün,
Hər saat,
Hər an,
Mən ərafdayam
Çıxılmaz ucqardayam
Ərafdayam.

Gülnar Nəzərova
Manera.az




Baxış sayı - 1 905 | Yüklənmə tarixi: 26.04.2018 15:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031