manera.az
manera.az

Haqq yolunun müsafiri - Ağamir Cavad

Haqq yolunun müsafiri - Ağamir Cavad
Odlu ürəklə yanar zəkanın vəhdəti müdriklik yaradır.Qəlbin yanğısı,atəşi,odu müdrik insanın üzündə,əməlində göstərir.Belə nurlu adamlardan biri də el ağsaqqalı,gözəl ziyalı,tanınmış şair,tədqiqatçı-alim Mirhaşım Talışlıdır.

5 oktyabr 1998-ci il tarixində ulu öndər Heydər Əliyev Cənub diyarında olarkən Mirhaşım Talışlının simasında lənkəranlılara ünvanladığı səmimi sözləri xalqımız yaxşı xatırlayır:”Siz Lənkəran xanlarının varislərisiniz.Siz Talışxanovlar,generallar sülaləsinin varislərsiniz.Siz burada - bu Talış dağlarının ətəyində Azərbaycan elmini,mədəniyyətini,təhsilini inkişaf etdirən dəyərli insanlar yetirmisiniz.

Bizim dostumuz,Lənkəranın ən böyük ziyalılarından biri Mirhaşım Talışlının burada oxuduğu şeir məni heyran etdi.Ona xüsusi təşəkkür edirəm.Lənkəranın həmişə böyük,yüksək insanları olubdur.Mən bir dəfə televiziyaya baxırdım.Mirhamış Talışlı Lənkəranın tarixi keşmişi haqqında danışır,söhbət aparırdı.Mən o verlişə başdan-ayağa diqqətlə baxdım.Nə qədər zəkalı bir insandır.Nə qədər Azərbaycana sədaqətli bir insandır.”

Bu sözlər lənkəranlılara və Mirhaşım Talışlıya verilən ən yüksək qiymətdir.

Mirhaşım Talışlının atası Mirmurtuza dövrünün tanınmış ziyalısı olmuş,eyni zamanda sənətkar kimi tanınmışdır.O,əsrin əvvəllərində Lənkəranda Mir Zeynalabdin Tərbrizinin rəhbərliyi ilə çıxan “Lətaif” adlı qəzetə redaktorluq etmişdir.

Belə bir ziyalının tərbiyəsi ilə böyüyən Mirhaşım Talışlı gənc yaşlarından klassikləri dərindən öyrənmiş,onların həyat və yaradıcılıqları haqda elmi məqalələrlə qəzet və jurnalların səhifələrində vaxtaşırı çıxış etmişdir.O,klassikləri əzbər bilən və yüksək dərəcədə tədris edən müəllimlərdəndir.

Təsadüfi deyildir ki,xalq şairi Qabil şeirlərinin birində onu “klassik şeirimizin canlı “kaseti” adlandırıb.Mirhaşım Talışlını yaxından tanıyanların hamısı onu canlı ensiklopediya adlandırırlar.

XIX əsrdə Lənkəranda fəaliyyət göstərən “Fövcül-füsəha” ədəbi məclisinin tədqiqi Mirhaşım Talışlının adı ilə bağlıdır.Akademik Feyzulla Qasımzadə “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” monoqrafiyasını yazarkən Mirhaşım Talışlının məqalələrinə istinad etmiş,onun xidmətlərini yüksək qiymətləndirmişdir.

Mirhaşım Talışlı 1992-ci ildə “Fövcül-füsəha” ədəbi məclisini yenidən bərpa etmiş,məclis Mirhaşım müəllimin rəhbərliyi ilə öz ikinci ömrünü yaşamağa başlamışdır.

Hər şeydən öncə isə Mirhaşım Talışlı yüksək təbli,Füzuli yanğılı şairdir.Şeirlərini əsasən klassik üslubda - əruz vəznində yazır.Eyni zamanda,o,gözəl qoşmaların,gəraylıların,satiraların və müxtəlif ictimai məzmunlu sərbəs şeirlərin müəllifidir.

O,şeirlərini Müsafir təxəllüsü ilə yazır.Bu təxəllüsü ona vaxtilə böyük qəzəlxan Əliağa Vahid vermişdir.Odur ki,bu gün də Mirhaşım Talışlı yüksək təvazökarlıq hissi ilə söz düşəndə Vahidin ruhu qarşısında özünü şagird adlandırır.

Mirhaşım Müsafirin (Talışlı) şeirlərində vətənə,elə məhəbbət,təbiət gözəlliklərinin tsəviri Güney Azərbaycan həsrəti öz əksini tapır.

Onun Cənub mövzusu XX əsrin böyük şairi M.Şəhriyara həsr etdiyi şeirində daha çox diqqəti cəlb edir.1965-ci il martın 10-da Bakıda Şəhriyarsız keçən Şəhriyar gecəsində oxuduğu şeirində o,böyük ustadını doğma Lənkəranda görmək arzusunu kövrək hisslərlə qələmə almışdır:

Lənkərana sən də bir yol salaydın,
Novruz bayramıyla birgə gələydin,
Bacamızdan şal ataydın,güləydin,
Şala limon,portağaldan bağlardıq.
Qucaqlaşıb bu sevincdən ağlardıq.


Şairin qoşmalarında isə saf,təmiz məhəbbət tərənnüm olunmaqla yanaşı,gənclərin bu müqəddəs yolda səhv etməməyə,ismətli,qeyrətli olmağa çağırış motivləri daha güclüdür:

Gözəl gözəl deyil,hörmət gözəldir,
Zinət gözəl deyil,ismət gözəldir,
Müsafir,aləmdə qeyrət gözəldir,
Qeyrətli oğlanda xəta tapılmaz.


Onun lirik qəhrəmanı gözəllərdə ağıla,kamala daha üstünlük verir,zahiri gözəllikdən daha çox mənəvi gözəlliyi yüksək tutur:

Məftunuyam səndə olan kamalın,
Mən kamal şəminin pərvanəsiyəm.
Mənə kifayətdir təmiz ismətin,
Mən ismət gülünün məstanəsiyəm.


Mirhaşım Talışlı klassik poeziya ənənələrinə sadiqlik nümayiş etdirərək öz qəzəllərini Füzuli ruhunda yazır.Sözün müqəddəsliyinə tapınan qələm əhli kimi Mirhaşım Talışlı da Füzulinin getdiyi sevda yolunun,haqq yolunun müsafiridir.Şair böyük ustadına “Füzuli və Rəna” adlı poema,eləcə də qəzəllər ithaf etmiş,bir neçə qəzəlinə isə təxmis və təzmin yazmışdır.O,dahi Füzuliyə ithaf etdiyi şeirlərinin birində deyir:

Mən sənin sevda yolunda bir müsafir olmuşam,
Heç bir insan eyləyə bilməz məni səndən cüda.


Yaxud,digər şeirində həyatda doğru yol getməyi hər şeydən üstün sayan müəllif deyir:

Sənin ətrindi Müsafiri yolundan ayıran,
Doğru yolla gedən insan da gərəkmiş bu bağa..


Poeziya gözəllik və həqiqətlə dolu bir İrəm bağıdır.Yalnız doğru yolu gedən,ürəyi saf,təmiz məhəbbətlə döyünən,ilahi eşq ilə alışan insanlar bu cənnət bağının əbədi sakinləri ola bilərlər.

Şairin lirik qəhrəmanının dili ilə ürəyi birdir.O,haqq kəlmə söyləməkdən,sözün düzünü deməkdən çəkinmir:

Qələm ki sidq ilə öz qəlbinin sözün köçürür,
Həqiqi söz ki dedin,kim deyər xəta eləyib?


Çünki onun qəlbində,”büsati-fikrində”öz yarı – Tanrı əyləşib:

Mən verrəm istəsə ona can ilə başımı,
Var haqqı hökm verməyə,sərdarım əyləşib.


Şairin fikrincə insan da Tanrı kimi məchuldur.Odur ki,həqiqəti hər nəsnədə axtarır.Əsl haqq aşiqləri hər şeydə haqqı görməyi bacarırlar.Hər kəs qəlbində,öz ailəsində,yaşadığı mühitdə həqiqəti tapa bilirsə,haqqı müdafiə edə bilirsə,onda o aşiq dünyada da həqiqəti tapa bilər:

Ey Müsafir nə yarın vardı,nə sən dünyada,
Kim ki aşiqdi yarın burda görüb,orda görüb.


Onun satiralarının hədəfi xalqın malına,sərvətinə həris olan rüşvətxorlar,heç bir faydalı əməklə məşğul olmayan tüfeylilərdir.Qanlı 20 Yanvar faciəsi,Qarabağ müharibəsi,son illərdə xalqımızın başına gətirilən saysız-hesabsız müsibətlər Mirhaşım Talışlının kövrək qəlbini ağrıdır,bu acılar şairin qələmində ağıya,mərsiyəyə dönür.O,şeirlər ilə gəncləri Vətəni qorumağa,xalqı mübarizəyə,mənfur düşmənə qarşı ayıq olmağa çağırır.

Mirhaşım Talışlı təbiətin ən gözəl bir günündə - mart ayının 21-də dünyaya göz açıb.1926-cı ilin Novruz günündə Tanrı könlünün xoş bir çağında Azərbaycana ürəyi məhəbbətlə dolu,qəlbi işıqlı,üzü nurlu,gözəl bir insan bəxş etmişdir.

Müəllimi olduğu neçə-neçə şagird və tələbənin,ünsiyyətdə olduğu neçə-neçə dost və yoldaşın,əsərlərini oxuyan neçə-neçə oxucunun ömür yoluna işıq salıb bu işıqlı insan.

Xalq şairi Qabil sadiq dostu Mirhaşım Talışlıya həsr etdiyi “Gilas yarpağı” şeirində deyir:

Lənkəran tarixi dilində əzbər,
O da bir vərəqi Azərbaycanın.
Var olsun onun tək çıraq kişilər,
Nur olsun çırağı Azərbaycanın.


Ağamir CAVAD
AYB Lənkəran bölməsinin katibi,şair.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930