manera.az
manera.az

Tənha bir küçə unutdunuz əllərimdə - YENİ İMZA

📅 04.04.2018 16:37

Tənha bir küçə unutdunuz əllərimdə - YENİ İMZA
Manera.az "Yeni imza" layihəsində gənc şair Firudin Həmidlinin şeirlərini təqdim edir:

Yoxsunuz

Əllərimdə çırpınan bir günəş unutdunuz,
Əllərimdə qəhərli bir qapı unutdunuz,
Tənha bir küçə unutdunuz əllərimdə...

Halbuki, baxışlarınızda
Səma görmüşdüm,
Açar görmüşdüm,
Şəhər görmşdüm...

Qışqıran günəşdən qaçıram
İzdihamlı küçə boyunca
Və bağlı qapıya çıxıram hər dəfəsində...
Siz hardasınız?...

Bəlkə

Küçələrin tozunu alın, yenidən sərin,
Təzə çərçivə taxın səmaya,
Təqvimi, bacara bildiyinizcə,
Geriyə çəkin.
Gözəl sözlər öyrədin küçələrdən keçəcəklərə.
Sabaha açılacaq hər qapını
Rəngarəng boyayın.
Hazır edin dan yerini
Və yeni oyanan şəhər səslərini...
Sabah - bəlkə, o gəldi...

Ağır

Əfsus, siz
Kağız yırtılışı nalələrində,
Telefon zəngi ehtimallarında
Və ən çox da
Küçədəki şən izdiham səslərində
Qalmısınız yalnız.
Hər şeydən xəbərsiz yaşayırsınız...

Və mənə inanın ki,
Bir sərçəsiniz,
Qonduğunuz yerə tez-tez baxıb
Pır deyə uçub gedirsiniz...

Pıçıltı

Dünyaya köks ötürüb
Desəm ki, namizədsən həqiqətimə
Aynanın əksləri arasında.
Pıçıltıyla cavab ver mənə,
"Yalan olsam da, burdayam..."

Tutsam əllərini və günəşi göstərsəm,
Desəm ki, bax,
Təqlid edir hər şöləsində səni...
Səmaya göz qırpıb söylə onda,
"Görürsən, əllərimi tutmusan,
Ulduzlar axıb keçir,
Ay doğur əllərimizdə..."

Ah, bilsən...
Bir məktub zərfi xışıldayır gözlərində,
Daima sevinc xəbərləri pıçıldanır,
Bitmiş rəsm tablosuna fərəhlə baxılır.
Ruhunda - dan yerinin havası...
Gülüm, desəm ki,
Doğma sükutumsan
Bu uçqun səsləri içində...
Tut qulaqlarımı daha yaxın bu səslərə,
De ki, qal daima mənimlə...

Təlaş

Dünya məni əsir etmişkən özündə
Və əkslər ilə aldatmaqdaykən qəlbimi
Gəldiniz səmanın izniylə,
Gözlərimi büsbütün
Ruhunuzun rəngiylə bürüdünüz,
Əlçim-əlçim işıq səpdiniz qarşıma,
Bir işıq topuna çevrilən dünya
Uduzdu sizə.
Nə əsrlərcə torpağına can qatmış buludlar,
Nə də, kökü əslində səmada olan güllər,
Yardım etməzdi o nankora, etmədi də.
Etiraf etdi əczini dünya,
Xəfif bir zəlzələylə titrədi qəhərindən
Və sonra çıxdım qəfəsindən
Xilasınızla...

Sonra heç nə əvvəlki kimi qaranlıq və səs-küylü olmadı.
Doğrudur,
Dünya üzərindəydik hələ,
Amma dünyada olduğumuzu fərq etmişdim artıq -
Sizin kimi.

Aldatmaqdan əl çəkən dünya
Göstərməyə başladı bizə ancaq həqiqətlərini:
Eşqi
Və əzəldən dünyəvi olmayan ucalıqları...
Başladıq birlikdə
Qarşımızda, fəqət bizə xitab etmədən
Dönən dünyanı seyr etməyə
Və gözləməyə.
Necə gözəl zamanlar yaşadıq bu birlikdə gözləyişdə...

İndi, əfsus,
Mən ayrı gözləyirəm,
Siz ayrı...
Dünya dirçələrək məğlubiyyətindən,
Unudurmu sizi?
Səma, ruhunuzun rəngi,
İşıqlarınız, buludlar və güllər -
Hamısı yerində.
Axı siz hardasınız?...

Ümid ayəsi

Bu qaranlıq, səs-küylü,
Maddiyyatla aldanmış əsrdə
Tənha qoydunuz məni...
Ümiddiniz, yasda boğuldunuz,
Xəyaldınız, həqiqətlə örtüldünüz,
Eşq idiniz, dünyaya uduzdunuz.
Məni tənha qoydunuz...

Kim küləyə sovurdu sizi?
Kim qapatdı ruhunuzu
Cisminizin zirzəmisinə?
Siz ki əsrin izdihamında
Təcəssümü idiniz
Bir ümid ayəsinin,
Gözləri nurla dolu...
Gülə-gülə,
Ümidlə
Sizə tərəf gəlirdim,
Ruhunuza gəlirdim!...
(Ruhunuz ki -
Üfürülmüş ən əziz ruh idi...)

Birdən-birə nə oldu?! -
Əsrin izdihamında
Yox oldunuz,
Yox oldunuz!
Yox oldunuz...
Məni tənha qoydunuz.

Təcəssümü idiniz
Bir ümid ayəsinin.
Təhrif etdi sizi qaranlıq,
Təhrif etdi sizi səs-küy,
Təhrif etdi dünya!...
"Qoruyacağıq", deyir O -
Təsəllim budur ancaq,
Səbr edirəm,
Səbr edirəm,
Səbr edirəm...


Baxış sayı - 1 788 | Yüklənmə tarixi: 04.04.2018 16:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031