“Əksər tənqidçilər ədəbi həqiqətləri deməyə çəkinir…” – Müsahibə | MANERA.AZ
![]()
manera.az
Ramiz Qusarçaylının manera.az-a müsahibəsini təqdim edirik:
Salam Ramiz müəllim! Necə varsınız?
-Əleykümsalam. Olduğum kimi varam.
Səmimiyyət ya..?
-Səmimiyyət...
Həyat başdan, ölüm ayaqdan başlayır. Bəs yaşamaq?
- Yaşamaq da başdan başlayır. Ümumiyyətlə, həyatda gözəl nə varsa başdan başlayır. Baş sözündə papaq ucalığı, papaq əzəməti var, ayaq sözündə isə corab iyi... Baş ucalıq rəmzidir, ayaq adında bir aşağılıq, aşağılamaq rəngi var. Ayaqdan çəkmək, ayağı sürüşmək, ayağa düşmək, ayaq altı...
Ayaqdan başlayan nə varsa ölümə aparır...
Baş ayaqdan nəm çəkər,-deyiblər...
Düşmən də elə ayağa baxar....
Son dövrlərdə ayaq adamları yaman çoxalıb,
çörəyi dizimin üstündə olanlar at olynadır...
Dizimin üstünə gələnlər artır,
Dizlər gözdən salır düz adamları.
Dizimdən aşağı ölənlər artır,
Artır bu dünyanın diz adamları.
Bir çöp havasına uçulu damlar,
Payız əməllərin sarı tənliyi.
Yığılıb hər səhər sərçə adamlar
Dizimin üstündə günah dənləyir.
Vətəni dizimin üstündə olanlar satmadımı Şuşanı...
Şuşada bayrağım dizimin üstə,
Qubada papağım dizimin üstə...
Başı ayağa vermək olmaz.
Taleyiniz qədər əziz, həyatınız qədər şirin olan nədir?
-Azərbaycan bayrağı!
Məncə gecələrin ölüm ilə qohumluğu var. Pis iş görmüş adam kimi üzü qaradır gecələr. Bəs sizcə?
-Gecələr mənim gündüzümdür.Yaradıcı adamın gecələri gündüzündən qiymətlidir.Mənim gecələrimin qarasında bir işıq var...Mən hər gecə o işıqdan keçirəm. Duyğularımı o işıqla yuyuram. Gecə işığında yuyunan duyğuların rəngi solmur... Mənim ən uzun gecəm Donbasdakı kömür mədənlərində işlədiyim zaman olub. Torpağın 950-1000 metr dərinliyindəki qaranlıqlardan boylanırdım gündüzlərin üzünə... Torpağın ağlı-qaralı tozu içində misra-misra süzülüb göyərirdim, kipriklərimdə torpaq daşıyırdım, torpaq dolu gözlərim çiçəkləyirdi...
Bir ovuc torpağa dönüb yerində,
Üstünə düşəni göyərdir ürək.
Torpaq daşıyıram kipriklərimdə,
Bir gün gözlərim də çiçəkləyəcək...
Günəş işığında itən günləri torpağın altında fənər işığıyla axtarırdım...İşıqda ölən duyğuların qaranlıqda yuyunub dirilməsi sehrdir, bu sehrin içində torpaq qoxusu var, torpaq dadı var.Torpaq dadı olmayan söz həşəmdir.
Məni fikir-fikir geyən qayğılar,
Məni misra-misra soyunur indi.
Günəş işığında ölən duyğular
Fənər işığında yuyunur indi.
Qaranlıqda adamlar da elə bir boyda olur, bir rəngdə olur.
Torpağın altında mən də özüm boyda idim...
Əyriyə düz qoşub, düzü əymirəm,
Ürəyim boydayam,
sözüm boydayam.
Torpağın üstündə gözə dəymirəm,
Torpağın altında özüm boydayam ...
Özü boyda olmağın ləzzətini yaşamaq hər kişiyə nəsib olmur... Kömürün tozuyla metan qazının reaksiyasından dəhşətli partlayış baş verir, ona görə də kömürün və parodanın qapqara tozunun üstünə elə daş-parodanın üyüdülmüş ağ tozunu səpirdim ki, qəza baş verməsin... Torpağın altını qorumaq asandı,- torpağın altını bir cür qazdan qoruyursan,- metan qazından... Torpağın üstündə isə hər cür qaz var,-yaltaqlıq qazı, riyakarlıq qazı, qorxaqlıq qazı... Torpağın üstünü qorumaq çox çətinləşib. Bu qazları toz yatırmaz, su silməz...
Dolub gözlərimə yatır bu torpaq,
Hələ ürəyimə dolacaq mənim.
Başımı tozuyla qatır bu torpaq,
Öləndə tozumu alacaq mənim.
Ölümlə qohumluğa gəlincə,-bu qohumluq təkcə gecələrə aid deyil. Bu qohumluğun gündüzlərə daha çox yaxınlığı var. Goz görə-görə oldürülən gündüzlərin sayı-hesabı yox. 20 ildən artıqdı ki, hər gün bir gündüz öldürürük, Qarabağı xilas edə bilmirik. Ölü gündüzlərin iyindən adam boğulur...
Yer göyə bənd. Bəs göy nəyə?
-Yer Göyün balası olduğuna görə hər yerdə Göyə bənddir.Yeri Göy doğub, Göy böyüdüb, Göy saxlayır. Yerin hər işi Göyə bağlıdır. Göy Yerin yiyəsi kimi üzərinə düşən hər işin öhdəsindən gəlməyi bacarıb. Yer isə bir övlad kimi Göyə öz borcunu ödəmədi, daha doğrusu göynən getdi...Göysüz göynən gedənlərin sonunu çox görüb Göy. Yerin nankorluğu öz başına bəla gətirəcək, artıq bu nankorluğun acı sonluğu hiss olunmağa başlayıb...Yer özünü Qiyamətə sürükləyir. Sunamilər, zəlzələlər, yanğınlar, daşqınlar, çaşqınlar, müharibələr, Buşlar, Bəşər Əsədlər, İŞİD...Belə getsə Yer hər yerdə Göysüz qalacaq...
Adam-adam aşınır Yer,
Qiyamətə daşınır Yer,
Daha Göydən boşanır Yer
Talağına şükür,
Dünya. Göy isə elə ucalığına, öz Göylüyünə bənddir...
Göy nədir?
-Göy Tanrıdır!
İstinizə üşüyənlər çoxmu olub?
- Qışın sonları biz tərəflərin meşələri qar gülü ilə bol olur. Qarın içindən boylanan gülün gözəlliyindən adam bayıla bilər. Bu gözəlliyin içində bir güllü üşümək, bir də qarlı qızınmaq var. Güllə qarın qovuşmasındakı üşüməyin istisi cana hopur. Əlin yana-yana üşüyürsən, dlin yana-yana üşüyürsən, telin yana-yana üşüyürsən. Eşqlərdəki kimi... Məni üşütməyə tələsmə hələ, Tələsmə göylərdən ulduz dərməyə. Bircə ürəyim var,- onu da elə Çıxmışam sən gələn yola sərməyə... Məni istisində üşüdənlər çox olub, yəqin mənim də istimə üşüyənlər var.
Gənclərdən sevərək oxuduqlarınız?
- Gənclərin arasında maraqla oxuduğum və izlədiyim yazarlar çoxdur,- Emil Rasimoğlu, Elşad Barat, Kəramət Böyükçöl, Sərvər Kamranlı, Alp Ər, Furqan Sadıq, Könül Həsənqulu, Elməddin Nicat, Ruslan Dost Əli, Şahinə Könül, Aqşin Evren, Sevinc Yunuslu, Günay Həsənli, Fərid Hüseyn, Vüsalə Süleyman, Gülnarə İsrafilqızı, Çinarə Ömray və adını çəkmədiyim neçə-neçə istedad ...
Gənclərlə yaşlı nəsil arasında acı bağırsaq kimi uzanıb gedən qarşılıqlı etinasızlığı nə ilə əlaqələndirisiniz?
-Bu məsələyə dəfələrlə münasibətimi bildirmişəm. “Qoca”ların “gənc”lərlə mübarizə xəstəliyi sağalana bənzəmir. Ədəbi xeyirxahlıq unudulub gedir, gənc istedadlara qayğı azalıb. Son illərin “qoca"larıyla gənc nəslin savaşında ədəbiyyata dəyən xeyirdən söhbət belə gedə bilməz. Bəzi hallarda isə “qoca”lar istedadlı gənclərin haqqını yeyib oğluna, qızına, gəlininə, kürəkəninə ev, maşın, bağ, təqaüd və s. almaqla məşğuldur. Dinən gənclərin qanını içməyə, olmayan evlərini yıxmağa hazırdırlar.
Dünyaya çıxarılacaq, yəni dünya ədəbiyyatına iddialı gənclərimiz varmı?
- İstedadlı gənclərin hər birinin buna haqqı var, yəni dünya ədəbiyyatına iddialı olmağa layiq gənclərimiz az deyil. Sadəcə çox çalışmaq gərəkdir.
Ədəbiyyat və tənqid?
- Ədəbi tənqidin mənzərəsi göz qabağındadır. Ədəbi tənqidin ruhu zədələndiyindən başı özünə qarışıb. Bir-iki nəfərdən başqa əksər tənqidçilər ədəbi həqiqətləri deməyə çəkinir, biri sifarişlə susur, biri şeir yazmağı öyrənir, biri “öz region”undan başqa heç kəsi oxumadığını söyləyir, biri “məhsuldar” tənbəlliklə məşğuldur...Ədəbi diskussiyalar məhəlli xarakter daşıyır, polemikalar şəxsi münasibət və qərəz üzərində qurulur, maddiyyat və şöhrət hərisliyi bəzi hallarda mənəvi mövqeyi üstələyir...Tənqidin gənc yazarların tanıdılmasındakı rolu da zəifdir.
Neçə kitablıq ağrımısınız?
-Yeddinci kitabın üzərində ağrıyıram...
Onu hələ də sevirsiniz?
- Sənin ölmüşünə məktub yazıram,
Ölüb gətirəcəm yanına sənin...
Mələyin sözlə rəsmini necə çəkərdiniz?
- Sığışmırdım yerə-göyə,
Bəlkə quru səsdim sənə.
Şerim-sözüm azdı deyə
Ürəyimi kəsdim sənə...
Günlərin birində bağınızın başındakı o qoz ağacının budağında uşaqlığınızın oturub ayaqlarını yellədərək sizə baxdığını görsəniz nə edərdiniz və ya nə deyərdiniz ona?
- “Atamın xatirəsinə” adlı şerimdəki qoz ağacı mənnən yaşıddır. Kölgəsi alma ağaclarının üstünə düşdüyündən atam o qoz ağacını kəsmək istəsə də mən qoymamışdım...Atam xəstələnib yatağa düşəndə bağımızda iki ağac qurudu, biri “evimizin divarını cırmaqlayan” gilas ağacı, biri də “qarğanın ayaqlarından asılan” həmin o qoz ağacı... Mən köklü-köməcli kənd adamıyam. İməkləyəndə ilk dəfə dodağıma toxunan torpağın ətri iliyimə, qanıma hopub. Indi də bir ayağım kənddədir. Hər dəfə kəndə gedəndə elə bilirəm ki, bağın başındakı o qoz ağacının quruyan budaqlarında atamın ruhu yellənir, o qarğanın yellənən yuvasından isə uşaqlıq xatirələrim boylanır... Yeri gəlmişkən bildirim ki, bağımızdakı ağacların çoxu qaratoyuğun, bülbülün, sarıköynəyin, şanapipiyin, cincitin, sağsağanın da ayaqlarından asılır və hər səhər sübh namazından sonra quşların xoru bağı başına götürür... Burda həm atayam, burda həm uşaq, Yaxından yaxınam, uzaqdan uzaq, Atamın yasını özümdən qabaq Bir bülbül saxladı, bir qaratoyuq.
Yazdan sonra gələn payızlar sizi üşütmür ki?
- Payızı şumlayıb yaz göyərdirəm,
Yazın yaşılında söz göyərdirəm...
Sondan əvvələ boylanmaq gözəldi ya əvvəldən sona?
- Sondan əvvələ boylanmaq asandı. Çətini əvvəldən sona boylanmaqdı.
Bilmirəm, nə qədər əvvəldən qaçıb,
Nə qədər axırdan başlamaq olar,
Uyuyub qeyrətin fil qulağında
Bilmirəm nə qədər qışlamaq olar.
Yüz şeytan bəsləyib içində, ancaq
Gedib bir şeytanı daşlamaq olar ...
Göyləri nə qədər şumlamaq olar,
Göyləri nə qədər xışlamaq olar...
Sondan əvvələ boylananlardan fərqli olaraq əvvəldən sona boylananların uğuru əbədi olur.
Çox sağ olun səmimiyyət üçün.
-Siz də sağ olun.
Söhbətləşdi: Çinarə Ömray
Manera.az