manera.az
manera.az

"Şair ulaya-ulaya qaldı..." - Sabir Rüstəmxanlı yazır...| MANERA.AZ


"Şair ulaya-ulaya qaldı..." - Sabir Rüstəmxanlı yazır...| MANERA.AZ
Manera.az
Manera.az xalq şairi Sabir Rüstəmxanlının şair Məhəmməd Hadinin faciəli həyatına həsr olunmuş "Şair və şər" kitabından "Zəlzələ" hekayəsini təqdim edir:


İnsan Şəri tanımaq üçün onun meyvəsini dadmalıdır.
Lev Tolstoy


Bu şəhərdə yaşayanlar ömürlərinin sonuna kimi öküzün buynuzunda yellənir, silkələnə-silkələnə yaşayırlar, səbəbini bilmədən.

Birdən-birə zirvələr yıxılır, göy yerə dəyir, yolların yoxuşu-enişi dəyişik düşür, torpağın altı üstünə çevrilir, ağaclar adam kimi yürüyür… Şahə qalxmış torpaq at kimi kişnəyir.

Hər altmış-yetmiş ildən bir yaralarını sağaldaraq ətə-qana dolan kimi, torpaq udur bu şəhəri. Təbiətlə qeyri-bərabər, elan olunmamış savaş yüz illərdir dayanmaq bilmir. Bu fikir, o dağıdır; bu, dağılmış yurdlarının yerində yenidən ocaqlar yandırır; o, ocağı da, ocaq yandıranı da külə çevirir. İnadkarlıqdır. Şirvanşahların adı bütün dünyaya yayılmış paytaxtını necə boş qoymaq olar? Kimsə bilmir ki, şəhəri izləyən faciələrin mənbəyi yerin altında yox, üstündədir…

Ürəklər partlamalıykən yer partladı. Şəhərin on illərlə içinə çəkdiyi dərdlər gurultusundan qulaq tutulan bir ah kimi fışqırıb buludlara dirəndi, dağlar yıxıldı, göy paralandı, torpaq çökdü, ağaclar yerə baş qoydu. Hər tərəfdən püskürən alov qaranlığı daha da qatılaşdırdı, əl əldən üzüldü. “Vay, oğul!”, “Vay, ana!”, “Allah, özün rəhm elə!”, “Ya Hüseyn!” səsləri bir-birinə qarışdı və doğma şəhərdən heç nə qalmadı.

Qırğın, fəlakət, faciə… sözləri çox solğun və mənasızdır. Bu dəhşətli görüntünü ifadə edə birləcək kəlmə yoxdur. Bəlkə, qiyamət sözü də bu yükü çəkə bilməz. Çünki qiyaməti ancaq təsəvvür edirlər: Qıl körpüsü, qaynar qazan, aqibət… Orda olacaqlara çarə yoxdur. Kimsə olacaqdan qaça bilməz. Ancaq bu qiyamət ayrıdır… Xəstəlik, ölüm xəbərdarlığı yoxkən qəfildən yerin üstünü çəkir içinə, quduz əjdaha hamını alır alov püskürən ağzına!.. Uşaq, cavan, yaşlı… heç kimə aman vermir.

Bundan sonra anlayırsan ki, əslində cənnətdəymişsən, qədrini bilməmisən. Gərək saysız istəklərin yerinə, Allaha yalvarıb tək bir şey arzulayasan: yuvama qıyma! Verdiyin can, sağlamlıq, ev-eşik, uşaqlarım, qohumlarım, yolum-izim, yurdum Yerin altındakı Şər vulkanlarının qəzəbinə gəlməsin! Əlində olanın minnətini eləməliydin! Amma indi onların heç biri qalmayıb və qalmadığına görə də qiymətini başa düşür, əvvəlki həyatın üçün yanırsan!
İllər uzunu qurduqlarının beş-on dəqiqəyə yanıb külə dönməsinə necə dözmək olar?

Minlərlə fəlakət, savaş, xəyanət addatmış Şamaxı beləcə göz qabağında sorulub getdi. Daşı daş üstə qalmadı… Kim ölüb, kim qalır? Fəryad, haray, nifrin, hönkürtü… Qonşu qonşudan xəbər tuta bilmir. Çünki hərə daş-torpaq yığınına dönmüş evinin qalıntılarnda nəsə axtarır; biri orda qalmış əzizlərini, biri illərlə yığıb qoruduqlarını.

Sağ qalmış həkimlər evdən evə qoşmaqdan əldən düşüb bəlkə, kömək eləmək, kiminsə yarasını sarımaq olar. Qolunu, ayağını itirənlərin gözü uçqunlardadır sanki bir möcüzə baş verəcək və qopan əl-ayaq axtara-axtara gəlib sahibini tapacaq…

Minlərlə ocaq, minlərlə tüstü… İtlər hürmür, üzü göyə ara vermədən ulayırlar. Çaqqalların səsi itlərin səsinə qarışıb. Qurdların ulartısı uçqunlara yaxınlaşıb. Allah bilir, qış günü aclıq qovur onları bura, yoxsa imdad diləyən itlərin, pişiklərin, heyvan cinsindən olanların səsinə gəlirlər – ya yardıma, ya qisasa!

Paytaxtın burdan köçürülməsinin bir səbəbi də qırx üç il əvvəl belə bir zəlzələ olmuşdu. Ancaq ondan səkkiz il sonra daha bir zəlzələ şəhərin on minlərlə əhalisini, min illik şəcərəsi, kökü olan nəsilləri bütün var-dövlətləriylə birgə yerin altına aparmışdı.

Az-çox bilgisi olanlar daha qədim zamanları yada salır. Biri İslam tarixindən iki yüz il öncə baş vermiş və aradan min beş yüz il keçsə də unudulmamış, o vaxtın böyük şəhərini yer üzündən silsə də yaddaşlardan silinməmiş zəlzələni xatırlayır, digəri səksən min əhalinin həyatına bir gündə son qoymuş 1667-ci il fəlakəti haqqında yazılanlardan misal çəkir… Şəhər camaatı neyləsin? Nə qurub yaradırlarsa, Allah əllərindən alır, yer ağzını açıb udur hamısını… Kimsə o zəlzələlərdən öncə şəhərdə hansı zülmlərin, hansı allahsızlıqların baş verdiyini düşünmür. İnanılası deyil axı, məsələn, Seyid Əzimin Allahın evində, qapı arasında boğdurulması ilə, yaxud balaca Məhəmmədin ömrün başlanğıcında üzləşdiyi haqsızlıqlarla zəlzələ arasında nə əlaqə?.. Ancaq biz əlaqələr haqqında nə bilirik ki! Şirvan şahlarının yurdunda yadellilər at oynadır, quberniya mərkəzi köçüb getsə də, şəhərin xalqa göz dağı olan idarələri, məmur sürüsü, “qlavası”, “nəçərniki”, “pristavı”, “jandarmı”, “sudyası”, “keşişi”, əslində ancaq urus, malakan, erməni uşaqları üçün açılmış realnı məktəbin lovğa “uçitel”ləri hamısı yerindədir. Yazıq müsəlman əzildikcə onlar qol-qanad açırlar. Bəlkə, elə şəhəri quran, yaşadan, bu torpaqların sahibi olan insanların bu boyda zülmə müqavimət göstərməmələri, dözmələri, öz haqlarını qoruya bilməmələri də Allahın səbr kasasını daşdıran səbəblərdən biridir…

Bu da nəticəsi! Deməyə söz tapmırsan. İmkanlılar baş götürüb getdilər. Ürəyinin söz çeşməsi yeni-yeni açılan cavan Şair qaldı şəhərin boş küçələrində. Qaldı gündüz itlərə, gecələr qurdlara qoşulub ulaya-ulaya…

Uçuq evin hər daşı bir güzgüyə dönüb. Hansına baxırsan, ordan ötən həyatının bir parçası boylanır…

Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031