manera.az
manera.az

Qoy salım başıma daş ürəyini..- Şeirlər

📅 09.02.2018 15:06

Qoy salım başıma daş ürəyini..- Şeirlər

Manera.az gənc şair Elkin Kərimlinin şeirlərini təqdim edir:

***
Bütün darıxmaqların
başında sən durursan,
Hekayələr qurursan,
nağıllar uydurursan.

Güya günahkar mənəm,
güya günah məndədir,
Günah səni sevəndə,
səninçün öləndədir.

Qədrimi-qiymətimi
bilmədin ki, bilmədin,
Yağış yağdı gəlmədin,
yağış kəsdi gəlmədin.

Hər dəfə bir bəhanə,
hər dəfə bir iş çıxır,
Bir gün olur qış girir,
bir gün olur qış çıxır.

Sevgi deyil səninki,
ötəri bir həvəsdi,
Boşa gedən nəfəsdi,
boşa gələn nəfəsdi.

Çox istəsəydin məni,
hər şey atıb gələrdin,
Qalanda da qalardın,
öləndə də ölərdin.


***
Bu gün hamı xəstələnib,
Bu gün hamı xəstə yatır.
Bir ayağı çuxurdadı,
Bir qulağı səsdə yatır.

Aləm dəyib bir-birinə,
Baş çıxartma, gir yerinə,
Səsinin lap gur yerinə
Adam var qəfəsdə yatır.
Hərə bir həvəsdə yatır.

Bu da bir həyatdır, atam,
Nə çoxdur günaha batan,
Dünən söz altında yatan,
Bu gün gəlib üstdə yatır.

Bu gün hamı xəstələnib,
Bu gün hamı xəstə yatır.


***
Nə səni tapıram, nə də özümü,
Yoxluğun içində itmişəm demə.
Mən elə bilirdim düzələr hər şey,
Sənin gedişində bitmişəm demə.

Yollar da ayırır məni yolundan,
Tale yolları var, şəhər yolları.
Rastıma çıxarsan deyə neçə yol
Gəzirəm boşuna, hədər yolları.

Bilmirəm, nə edim, nə yol tapım ki,
Mənim hisslərimi duya biləsən.
Bir qədər düşünüb, mənim yerimə
Bir anlıq özünü qoya biləsən.

Bir yolum qalıbdır, bir də ümidim,
Bəlkə o dünyada qovuşarıq biz.
Bəlkə də, yenidən dünyaya gəlib,
Yenə tanış olub danışarıq biz…

Bu da son sətirlər, şeirin sonu,
Kağızla, qələmlə başımı qatdım.
Sənin ünvanını bilmirəm deyə,
Bağışla, məktubu küləyə atdım.

Dünya

Dünyanın yuxusu gəlir o yanda,
Bu yanda yenicə oyanıb dünya.
O yanda soluxmuş Ay işığına,
Bu yanda Günəşə boyanıb dünya.

Dünyanın gözləri mavi dənizlər,
Göz yaşı çaylardı coşub, çağlayır.
Bəlkə də öləni, bir itəni var,
Hər gecə onunçün qara saxlayır ?!

Dünyanın ağzıdır bu qara torpaq,
Yöndəmsiz dişləri qayadır, daşdır.
Mədəsi dəyirman daşı kimidi,
Aldığı qisasdı, yediyi başdır.

Buludlar dünyanın əyin-başıdır,
Bəzən də, dünyamız "çılpaq" görünür.
Yer üzü bir qazan formasındadır,
Göy üzü "əzilmiş qapaq" görünür.

Dünyanın başıdır səhralıqları,
Biçilmiş zəmitək keçəl qalıbdır.
Min insan ömründən qoca da olsa,
Təbiəti şıltaq, dəcəl qalıbdır.

Dünyanın sevinci, dünyanın qəmi
Bir qozbel insanın kürəyindədir.
Kim bilir, bəlkə də, dünyanın sirri
Ölmüş bir insanın ürəyindədir ?!

İtirdim səni

Mən bu gün ömürlük itirdim səni,
Bəlkə də otuz il, bəlkə də qırx il.
Mənə boş-boşuna təsəlli vermə,
Mənim itirdiyim on manat deyil.

Mən bu gün ömürlük itirdim səni,
Bəlkə sənə görə bu hava xoşdur.
Daha ürəyini buz kimi saxla,
Aramız bu qədər soyumamışdı.

Mən bu gün ömürlük itirdim səni,
Bircə xatirələr sığınacaqdı.
Düşüb qapı-qapı min il də gəzsəm,
Gözlərin sonuncu dayanacaqdı.

Kitab qoxulum

Bura nə qar yağır, nə yağış yağır,
Sən mənə oranın qarından danış.
Sənsiz nə gün çıxır, nə axşam düşür,
Yerimə girirəm səkkiz olmamış.

Nə əlim iş tutur, nə dilim bir söz,
Bilmirəm, özümə yer tapım harda.
Üç gündür ölürəm, üstünə sağlıq,
Darıxmaq pis olur, bu havalarda.

Çölə, bayıra da çıxa bilmirəm,
Küçələr, səkilər gəlir üstümə.
Bir gün eşitsən ki, dəli olmuşam,
"Səni sevdiyimi demə heç kimə..."

Gözü çıxsın həyatın

Həyat imtahanından yenə sinifdə qaldım,
Siniflərə böldülər, sinif-sinif qocaldım.
Gözü çıxsın həyatın, yaşamağa qoymadı,
Gözüylə yedi məni, yenə gözü doymadı.

Ölüm də ehtiyacdır, bir gün ürək istəyir,
Ölümdən əvvəl hər kəs, xoş gələcək istəyir.
Yaşamaq arzusuyla ölüb gedir adamlar,
Elə bil, tamaşaya gəlib gedir adamlar.

Ölüm deyil, bəlkə də yaşamaq intihardı,
Bəlkə elə bu dünya özü də bir məzardı.
Onsuz da mümkün deyil, qismətdən artıq yemək,
Hər nə qədər yesən də qismətin imiş demək.

Allah da şahidimdir, mən pis adam olmadım,
Bəlkə də düz yaşadım, bəlkə də düz olmadım.
Həyat acımasızdır, dostu, düşməni saymır,
Mən günləri sayıram, bu günlər məni saymır.

Bax belə ayrılıqlar

Bax belə ayrılıqlar tez-tez olur həyatda,
Vaxt da elə pis ötmür sən aldığın saatda.
Havalar da soyudu, qalın geyin əynini,
Məni tutan xəstəlik sonra tutmasın səni.

Qanım qaradı onsuz, sən də qara geyinmə,
Qırmızı paltar geyin, düş yanıma, deyinmə.
Sevdiyimiz yerləri gedək gəzək son dəfə,
Mən doyunca küsmədim, bir də küsək son dəfə.

Nədənsə son zamanlar hər şey səni andırır,
Səni unutmaq belə məni qürurlandırır.
Bilmədim heç neyniyim, başımı qatmaq üçün,
Bütün günü yatmadım, səni unutmaq üçün.


***
Ömrümdən bir il də beləcə getdi,
Boşuna gözlədim, boşuna səni.
Yüksəklik qorxunu bilsəydim əgər,
Qoymazdım qəlbimin başına səni..

O qədər gözəllər düşdü gözümdən,
Səndən başqasına gözüm düşmədi..
Ya bu il mənimçün uğursuz oldu,
Ya da ki, ayağın mənə düşmədi.

Başıma haranın daşını salım ?
Doldura bilmədim boş ürəyini.
Ay sənin qəlbinin daşına qurban,
Qoy salım başıma daş ürəyini..

SƏNİ DƏ SEVMƏDİM

Özümə başqa dost, tanış taparam,
Üç günə, beş günə unudularsan.
Dünən nə yemişəm yadımdan çıxıb,
Sən mənim yadımda çətin qalarsan.

Gəzib, əylənərəm gündə biriylə,
Özgələr başımı qatar beləcə.
Bu gündən sonra da sənin yerini,
Hər gün bir başqası tutar beləcə…

Başıma çox gəlib olmazın işlər,
Sən də bir iş idin, başıma gəldin.
Sən nə birincisən, nə də sonuncu,
Səni də sevmədim, xoşuma gəldin…

SƏNDƏN XOŞUM GƏLİR

Səndən xoşum gəlir, özü də lap çox,
Birtəhər oluram səni görəndə.
Mən səni görəndə düz dayanıram,
Sənsə düz keçirsən, məni görəndə.

Bir dəfə olsa da, baxmadın mənə,
Ay səni utancaq, səni utancaq..
Sizin qonşular da tanıdı məni,
Sən məni tanıya bilmədin ancaq.

Səndən incimərəm, səndən küsmərəm,
Sən mənim sevincim, səadətimsən.
Kim bilir, bəlkə də mən sənin ilkin,
Sən mənim sonuncu məhəbbətimsən…

Susuram...

Yamaq pərdələrdən baxıram çölə,
Güclü külək əsir, güclü qar yağır.
Kiminin başına sevinc, səadət,
Kiminin başına acılar yağır…

Bunu mənim kimi, kim bilə bilər,
Sobanın hisində oturmaq nədir ?!
Dünənki xörəyi qızdırıb bugün,
Suyuna çörəyi batırmaq nədir ?!

Qırıq pəncərələr, qırıq qapılar,
Nəm qoxan otağı demirəm hələ.
Dizi döşəmədə sürtünüb çıxan,
Ağlayan uşağı demirəm hələ…

Susuram… Tanrının böyüklüyünə…
Daha danışmıram, daha dinmirəm.
Mən də uşaq vaxtı çox sevinərdim,
Indi qar yağanda heç sevinmirəm…


***
Uşaq vaxtı o qədər "ənzəli",
"ortada qaldı" oynadıq ki,
sonra da ortada qaldıq;
gələn mindi, gedən mindi.
Bizi uşaqlıqdan köləliyə öyrədiblər.
Sözün açığı, minilməyə…
… hə, bunu qəbul etmək çətindi.

Götürək, "gizlənpaç" oyununu.
"Gözlərini yum, yüzə qədər say"
Gerisini zatən fələk sayır.
Əslində, bizə saymağı yox, səbr etməyi öyrətdilər.
Yəni, köləliyin təməl qanunu!

Və biz gözlərimizi açanda gec idi.
Dostlarımız da qaçmışdı
hərəsi bir tərəfə.
Gözümüzü yumub açana kimi
iyirmi faiz də elə getdi.
Nəsə…
Bu bir oyundur, demə,
Onsuz da belə olur hər dəfə…

Bir də "yeddi şüşə" oyunu var idi.
Qızların oynadığı.
Bəlkə də ona görə
Atalar üçdən deyib, yeddi
oğul istədi.


Baxış sayı - 2 500 | Yüklənmə tarixi: 09.02.2018 15:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031