“Eşqi-Nigar”ın ssenaristi: “Koroğlu”nu təhrif etmədik
“Dastanlarımıza marağım və sevgim lap uşaq yaşlarımdan olub. “Koroğlu” dastanı ilə də 13 yaşımdan tanışam. “Koroğlu” dastanının motivləri əsasında tamaşanın ssenarisini yazmaq təklifi Bakı Yunus Emrə İnstitutundan gəldi. Tamaşada Nigarın Koroğluya sevgisi ön plana çıxarılmalı idi. Tamaşanın adını da bu səbəbdən “ Eşqi-Nigar” qoyduq.” –bunu Manera.az açıqlamasında “Eşqi –Nigar”ın ssenari müəllifi Amaliya Ömərova MANERA.AZ-a açıqlamasında deyib.
Ssenarist qeyd edib ki, tamaşanın ssenarisini iki həftəyə yazıb: Araşdırma etdim dastanla bağlı. Müəyyən təhriflərə də rast gəldim. Alimlər Koroğlunu 3 aspektdən təhlil edirlər. Dastan qəhrəmanı, şair, quldur. Amma bütün bunlara baxmayaraq Koroğlu insandır və mən də ssenarimdə daha çoxonu insani münasibətləri ön plana çəkmişəm.
Yunus Əmrə İnstitutu olaraq Gənc Tamaşaçılar Teatrı ilə anlaşma imzalanmışdı. Biz teatrın Baş rejissoru Bəhram Osmanova təqdim etdik ssenarini. O bəzi dəyişikliklər etdi mətnə. Biz Bəhram Osmanovla razılaşdıq ki, tamaşada ancaq gənc aktyorlar çıxış etsin. Quruluşçu rejissoru Ayla Həşimova olan bu tamaşanı gənclərin dastana baxışı kimi təqdim etdik.
Tamaşa 3 dəfə göstərildi: Premyera, gənclər üçün və Qala günü.
Tamaşanın musiqisı haqqda tənqidi fikirlər söyləyənlər oldu. Tamaşaya seçdiyimiz musiqilər təsadüfi deyildi. Koroğlunun İstanbul səfərində biz Osmanlı musiqisinə, Türkmənistan səfərində Türkmən musiqisinə, Çenlibeldə olanda milli musiqimizə , Tüfəngin kəşfi ilə dünyada olan savaş görüntülərini göstərilərkən Amerikanın kəşfinə dair musiqisi verdik. Bildiyimiz kimi, “Koroğlu” türk dünyasının ortaq qəhrəmanıdır. Biz bacardığımız qədər bu nüansı qorumağa çalışdıq. Tamaşanın sonunda isə Üzeyir Hacıbeyovun "Koroğlu" üverturasını səsləndirdik.
A. Ömərova etiraf edibm ki, “Koroğlu”nun ssenarisini yazmaq asan olmayıb: - Çox məsuliyyətli işin altına girdiyimin fərqində idim. Ona görə də, təriflərə də, tənqidlərə da hazır idim. "Eşq-i Nigar" tamaşasının ssenarisi “Koroğlu” dastanının fraqmentləri əsasında yazıldı, dastanı təhrif etmədik.
Stalin o zaman deyib ki, (?) əgər “Koroğlu”nu səhnələşdirmək istəsəz onu şair, aşıq kimi göstərin və musiqili edin. Əslində, Koroğluya real insan kimi baxanda Koroğlu ədalətsizliyə zülmə qarşı üsyan edən bir başçıdır. Hər insanın içində bir Koroğlu var; sən Koroğlunu necə görmək istəsən Koroğlu odur. Quldur, aşıq, dastan qəhrəmanı və s. 
Bir tamaşanı hər kəsin bəyənməsi mümkün deyil. Nitşenin yaxşı bir sözü var: “Zövqlər haqqında mübahisə etməzlər” . Amma bəzi teatrşünasların, sənət adamlarının münasibəti müsbət oldu. Tamaşada Koroğlu rolunu oynayan aktyor Manaf Dadaşov peşəkar çıxışına görə “İlin ən yaxşı aktyoru” diplomuna layiq görüldü.
Sonda Amalya Ömərova tamaşanı izləyənlərə təşəkkür edib: Mən Yunus Əmrə İnstitutunun, Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə, o cümlədən vaxtını ayırıb tamaşanı izləyən bütün tamaşaçılara təşəkkür edirəm. Ümid edirəm ki, tamaşa davamlı şəkildə nümayiş olunacaq.
Şəhla,
Manera.az