manera.az
manera.az

Əlimi ürəyimin üstünə qoyub and içə bilərəm ki... | MANERA.AZ

📅 15.07.2015 11:15

Əlimi ürəyimin üstünə qoyub and içə bilərəm ki... | MANERA.AZ
Əbülfət MƏDƏTOĞLU


Yaxşı günlərə olan ümid


İndi göydən «od ələnir»… Belə havada yazı yazmaq, xüsusilə bilgisayar arxasında əyləşmək əsl cəhənnəm əzabıdı. Mən bunu diqtə etdiyim yazını kompüterin yaddaşına köçürən Gülər xanımın çöhrəsindən də hiss edirəm. Onun sifətində turş alçanın yaratdığı bir fon əməlli-başlı özünü büruzə verir. Yaşıma hörmət edib səsini çıxarmadan (amma hiss edirəm ki, ürəyində nə isə deyir – Ə.M.) dediklərimi səbrlə yazır. Əslinə qalanda mənim dediklərim qeyri-adi heç nə deyil. Hamının bildiyi, hamının düşündüyü və çoxlarının da öz-özünə təkrar etdiyi bəlli gerçəklikdi. O gerçəklik ki…

İndi təbiətin oda büründüyü vaxtı hər kəs gücünə, imkanına görə özünü bir kölgəliyə təpib. Kimi dəniz qırağındadı, kimi dağda, bağda, kimi ölkədən kənarda, kimi Biləcəridə, kimi də «Azərbaycan» nəşriyyatında. Biləcəridən o tərəfə getmək imkanı olmayanlar özlərini, zamanı qınaya-qınaya qıçlarını qatlayıb oturublar evin bir küncündə. Ona görə küncdə əyləşiblər ki, onların fərsizliyindən evin, ailənin üzvləri də Biləcəridən bir addım o yana keçə bilməyiblər. Yox, deyəsən bir az hissə qapıldım. Amma dəqiq bilirəm ki, Xırdalana gedənlər olub. baxma, Xırdalan da şəhərdi. Yayı orda keçirmək hər adama nəsib olan iş deyil…

Tam səmimiyyətlə, əlimi ürəyimin üstünə qoyub and içə bilərəm ki, Xırdalanı şəhər kimi xüsusi vurğu ilə təqdim etməyim bilgisayar yazarımızın ürəyindən oldu, çöhrəsinə bir təbəssüm gəldi. Və bununla mən bayaqdan ürəyində ünvanıma səslənən qınaqlardan bir az xilas oldum. Bu da mənə rahatlıq gətirdi və bir daha anladım ki, hər məqamı tutmaq, hər məqamdan yararlanmaq insanın öz əlindədi. Çünki artıq xoş ovqat yaranıb və indi isti heç bizim vecimizə də deyil. Hətta temperatur 50 dərəcə olsa belə. Səbəbi də ortada səmimyyətin, mehribançılığın olmasıdı. Yaxşı ki, insanlar bir-birini anlaya bilir. Həmin anlayış da ömrün kritik məqamlarında, hətta adi bir narahatçılığın baş verdiyi anda bir-birimizin köməyinə çatmağa, bir-birimizin əlindən tutmağa, bir-birimizin işinə yaramağa imkan verir…

Bəli, yazının ilk cümləsində də vurğuladığım kimi göydən od tökülür. Bakı əsl yay məşəqqətini yaşayır. Bizlərin kondisioner, türk qardaşlarımızın klima dediyi cihaz da işimizə tam yaramır, köməyimizə tam çata bilmir. Çünki bir yandan da elektrikin lazımi voltda, amperdə olmaması öz sözünü deyir.

Mən bütün bunları özümdə, yəni öz evimin içində də, çalışdığım «Ədalət» qəzetindəki iş otağımda da hiss edirəm, daha doğrusu, canlı şahidiyəm. Ona görə də yazdıqlarım bir xəyalın, bir yazı adamının obrazlı, bədii təqdimatı yox, gerçəkliyin özüdü. Deməli, temperaturun yüksəlməsi bizim iş əmsalımızı da aşağı salır. Və bu da üzrlü səbəbdən olduğuna görə, heç kim heç kimin üzərinə getmir. Yəni burada da insan anlayışı təkcə məfhum kimi yox, həm də gerçəklik kimi özünü sübut edir. Mən də sübutlardan çıxış edərək vurğulamaq istəyirəm ki, havanı nəzərə almaq yazarlar kimi oxucuların da borcdu. Əgər hansısa bir yazı hansısa bir oxucunun ürəyincə olmayacaqsa, onda müəlliflə yanaşı, hava şəraitini də günahkar saysın…

Bax, bütün bu söylədiklərim əslində günün mənzərəsini, günün ovqatını sərgiləmək üçün etdiyim manevrlər idi. Bilmirəm necə alındı, amma inanın ki, günün duran vaxtında, yəni təqriban saat 12:00-da bilgisayar arxasına keçmək qəhrəmanlıqdı. Özü də şəraitin qüsurlu olduğu yerdə!.. Nə isə…
Hə, insana bütün hallarda mənəvi dəstək daha çox gərək olur. Xüsusilə darıxanda, tıncıxanda, özünə yer tapa bilməyəndə, hətta danışmağa həvəsi, halı olmayanda belə göstərilən diqqət onu bir az özünə qaytarır. Özünə qayıdan insan kimliyini də anlayır. Deməli, sözümün bu yerində mən də özümə və sənə qayıtmaq istəyirəm. Çünki özümə və sənə qayıdanda biz ən azından hardan hara gəlib hansı istək və arzuları sərgilədiyimizi xatırlayırıq. Xatirələr isə… Onlar barəsində hərənin öz fikri var. Mən isə demək istəyirəm ki:

Kədərinə şükr et
Hamıdan boldu səndə…
Damarına su qaçdı-
O xoşbəxt oldu səndə!..
Yazı, qışı bilmədi
Gözdən yaşı silmədi…
Demə yanlış ilmədi-
Yox, yaşıl yoldu səndə!..
Özünə bax, ona bax
Səsindəki tona bax…
Ay Əbülfət, sona bax-
Gör nələr soldu səndə?!

***

Adətən ilin bu vaxtlarında şəhərdə bir seyrəklik var. Bunun bir səbəbi təhsil ocaqlarındakı tətildi. Digər səbəbi isə şəhər əhlinin bağ evlərinə, şəhərdən kənara üz tutmasıdı. Ona görə də şəhərdə müəyyən bir boşluq özünü büruzə verir. Adam şəhərə çıxanda elə hesab edir ki, yan-yörəsindəki əvvəlki gurluq «buxarlanıb». İsti onları da sərinliyə, kölgəliyə çəkilməyə məcbur edib. Həmin o «buxarlanma» məsələsi məndə nostalji hisslər oyadır. Yadıma bir vaxtlar mənim də üz tutduğum kəndim, dağlarım düşür. Nə qədər nostalji olsa da və bu nostalji hisslər müəyyən bir irad doğursa da, amma həqiqətən temperaturun at oynatdığı belə bir məqamda o kəndin, o dağların yeri görünür. Az qala dəli olmaq həddinə gəlib çatırsan. Çünki barmaqlarım buz kimi bulaqlar üçün, gözlərim yamyaşıl meşələr üçün, ayaqlarım çırmanıb girdiyim dağ çayları üçün təşnə olub. Və özünə də, həyatına da, dözümünə də üsyan etmək istəyirsən. Amma bunun da bir faydası yoxdu. Çünki etdiyin üsyan özünün özünə qarşı olduğundan od yenə səni yandırır, yenə sənin əlin və dizin göynəyir, yenə sənin ürəyin qan ağlayır. Amma…

Bəli, xatirələr ən doğma, ən etibarlı dost kimi öz sözünü deməyə, öz dünənini sənin gözlərin qarşısında canlandırmağa israrlıdı. Həmin israr olunan dünən isə Kirsin, Ərgünəşn ətəklərində yol gözləyir. Ordakı buz bulaqlar, orda bir-birinə sarmaşan dağ çayları axıb Köndələnə, ordan üzüaşağı Quruçay boyunca üz tutub gəlir. Mən isə onu ancaq xatırlayıram, onu ancaq düşünürəm. Nə o bulaqlara əlim çatır, nə də o çaylara. Ən yaxşı halda Haramı düzündən, ya da Horadiz şəhərinin baş yolunda dayanıb əlimi gözümə günlük edib o dağlara tərəf boylanıram. Bax, budur mənim təsəllim… Bir vaxtlar isə təkcə özüm yox, elim-obam yox, həm də Bakıdakı qələm dostlarım, könül sirdaşlarım da o çayların, o bulaqların, o meşələrin sərinliyində, gözəlliyində rahat anlar yaşayıblar. Nə yayın cırhacırından xəbərləri olub, nə də mənim kimi onlar da içərisində olduğumuz gözəlliyin fərqinə vara bilmişik. Görünür, itirəndən sonra qədrini bilmək, qiymətini vermək bizim xarakterik cəhətlərimizdən biridi. Hətta sağlığında qiymət vermədiyimiz insanlara ölümündən sonra heykəl qoyduğumuz kimi, indi itirdiyimiz yerlər kimi, xüsusilə nələri itirdiyimizi anladığım üçün daha çox göynəyirik, daha çox xatirələrə üz tuturuq. Xatirələr isə ən yaxşı halda bir anlıq özünü çəkilmən, özünə təsəllidi. Sonra isə yenə ağrılar, həsrətlər, nisgillər öz işini görür, öz sözünü deyir…

Hər gün düşünmək, hər gün xatırlamaq mənim anlamıma görə, yaşatdığı kimi yaşatmaq istəyəni içdən əridir də, qocaldır da, kəsib doğrayır da. Mən hərdən öz-özümə düşünüb qərar verirəm ki, nostalji hisslərdən, duyğulardan uzaq dayanacam, uzaq gəzəcəm. Amma qarşılaşdığım, eşitdiyim sözlər, mənzərələr məni verdiyim qərarı pozmağa məcbur edir. Görürəm ki, onlarsız yaşaya bilmirəm. Həyatım, hətta yazdığım yazılar da onlarsız dadsız-duzsuz olur, elə sənsiz də. Deməli:

Həsrətin gör necə didir içimi
Gəl öldür biryolluq bitir içimi…
Dünyanın üzündən itir içimi-
Çıxmayım qarşına sənin bir daha!..
Bulağın gözündən suyumu qurut
Kəndir salladığım quyumu qurut…
Canımı pöşələ, boyumu qurut-
Çıxmayım qarşına sənin bir daha!..
Gözünü gözümlə yordum bilirəm
Özünü sözümlə yordum bilirəm…
Özünü özümlə yordum bilirəm-
Çıxmayım qarşına sənin bir daha!..
Hardasa günaham, hardasa savab
Qalıb ortalıqda sualsız cavab…
Elə et, nə olar özündən qabaq-
Çıxmayım qarşına sənin bir daha!..

***

Bütün yazı boyu təbiəti, havanın od-alov püskürməsini vurğulaya-vurğulaya xatirələrin ətəyindən əlimi üzmədim. Çalışdım ki, özümü o od-alovdan bir az da xatirələrin hesabına qoruyum. Gözümün önündə bir ilğım yaratdım. Düşündüm ki, indi bu yazını yazdığım otaq elə həmin o kəndimin söykəndiyi dağın kölgəsindədi. Otaqda işləyən kondisioner də o dağın mehini, havasını səpib içəriyə və mən də o dağın kölgəsində özümü hiss edərək bulağa tərəf əyilirəm… Amma az qala bilgisayara toxunanda hiss edirəm ki, bütün bunlar ilğımdı… Gülməyin! Və bunu mənə irad tutmayın ki, hissə qapılıram, xəyal mənə güc gəlir, xatirələr məni əsir götürür! Bütün hallarda mən dəfələrlə etiraf etdiym kimi dünənin adamıyam, dünənlə nəfəs alıram və sabaha da elə o dünəndən boylanıram…

Hər halda, bu yazdıqlarımı, bu düşüncələrimi nə böyük Yaradan, nə də sizlər günaha yazmazsınız. Ən azından ona görə ki, bu yazıdakı hər söz, hər cümlə mənim ürəyimin, yaddaşımın diqtəsidi, onların istəyidi. Mən bu istəyə və diqtəyə qarşı çıxmaq gücümü çoxdan itirmişəm…

Bəli, yayın bu istisində sizinlə həmsöhbət olub fikirlərimi bölüşdüyüm bu anda sizin də istinin təsiri ilə hansı hallara düşdüyünüzü təxmin etməyə çalışdım. Özüm üçün bu barədə də bir nəticə əldə etdim. Yəqin ki, onu da nə vaxtsa bir yazıya çevirəcəm. İndi isə…

İllərin ələyində
Əridi, getdi ömür
Bir ağrı bələyində-
Kiridi, getdi ömür!..
Əli ələ yetməmiş
Üzündən su getməmiş
Uşaqlığı bitməmiş-
Yeridi, getdi ömür!..
Yar dilin öyrənəndə
Özünə öyrədəndə
Sevgisin göyərdəndə-
Çürüdü getdi ömür!..

Hə, çalışın özünüzü və ömrünüzü yaxşı günlər üçün qoruyun. Axı, yaxşı günlərə ümidimiz hələ çoxdu.

Manera.az


Baxış sayı - 2 884 | Yüklənmə tarixi: 15.07.2015 11:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031